Məhkəmə qərarları › İş №e-2(064)-1495/2024

Füzuli Rayon Məhkəməsi Qətnamə — İş №e-2(064)-1495/2024

10.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Füzuli rayonu İş № e-2(064)-1495/2024 10.09.2024 FÜZULİ RAYON MƏHKƏMƏSİ Füzuli Rayon Məhkəməsinin hakimi Musayev Aqil Əlisa oğlunun sədrliyi ilə, İddiaçı Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair mülki işə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında Füzuli Rayon Məhkəməsinin binasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı (bundan sonra - iddiaçı) Cavabdeh (bundan sonra - cavabdeh) qarşı kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında verdiyi iddia ərizəsində cavabdehdən aralarında bağlanmış 18 yanvar 2020-ci il tarixli nisyə alğı-satqı müqaviləsi üzrə yaranmış 456 manat əsas və 136 manat dəbbə pulu, ödənilmiş dövlət rüsumuna görə 30 manat olmaqla, cəmi 622 manat məbləğində pulun tutulub iddiaçıya ödənilməsi barədə məhkəmə qətnaməsinin qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsində tələbini onunla əsaslandırmışdır ki, cavabdeh aralarında bağlanmış 18 yanvar 2020-ci il tarixli nisyə alğı-satqı müqaviləsinə əsasən ona məxsus olan mağazadan aldığı “Samsung Galaxy A40” markalı telefonun dəyərini təşkil edən 568 manat məbləğində pulu ona ödəniş cədvəli üzrə 12 ay müddətində hər ay 44 manat, 40 manat ilkin ödəniş olmaqla, hər ayın 17-dək ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh ona sonuncu dəfə 18 yanvar 2020-ci il tarixli müqavilə üzrə 27 mart 2021-ci il tarixdə 6 manat, 08 yanvar 2020-ci il tarixli müqavilə üzrə 06 yanvar 2023-cü il tarixdə 10 manat pul ödəsə də, yazılı qaydada xəbərdarlıq etməsinə baxmayaraq, 18 yanvar 2020-ci il tarixli müqavilə üzrə 456 manat əsas, 136 manat cərimə borcu olmaqla, ümumilikdə 592 manat borcunu ödəməmişdir. Bundan əlavə, iddiaçı dövlət rüsumuna görə 30 manat məbləğində pul ödəmişdir. Məhkəmə mülki işə iddianın qiymətinin beş min manatdan az olması, prosessual hüquq və vəzifələri izah olunmuş cavabdehin iddia ərizəsinə etiraz verməməklə tələbi mübahisələndirməməsi, beləliklə də icraat dövründə Azərbaycan Respublikası MPM-in 284-5.4-cü maddəsində işə iddia icraatı qaydasında baxılması üçün nəzərdə tutulmuş hər hansı halın yaranmamasına görə həmin Məcəllənin 284-1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsinə əlavə edilmiş 18 yanvar 2020-ci il tarixli nisyə alğı-satqı müqaviləsi, ona əlavə edilmiş ödəniş cədvəli və qaimə, maliyyə arayışı və iddiaçının dövlət rüsumunu ödəməsi barədə olan mədaxil qəbzi əsasında işin faktiki hallarının iddiaçının ərizəsində göstərdikləri ilə eyni məzmunda olduğunu müəyyən edir. Məhkəmə buna görə də işin müəyyən edilmiş faktiki hallarının məzmununu təkrarlamağa zərurət görmür. Məhkəmə iddia tələbinin düzgün həll edilməsi məqsədilə, işin müəyyən edilmiş faktiki hallarına tətbiq edilməli olan qanunvericilik normaları ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. - 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə həyata keçirməlidir. - 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. - 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. - 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onun dəyərini alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə, satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. - 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. - 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. - 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə göstərilən qanunvericilik normaları və işin iddiaçının ərizəsində qeyd etdikləri ilə eyni məzmunda müəyyən etdiyi (iddiaçının 18 yanvar 2020-ci il tarixli nisyə alğı-satqı müqaviləsi üzrə cavabdehə hesabladığı dəbbə pulu məbləği istisna olmaqla) faktiki hallarına əsaslanaraq belə nəticəyə gəlir ki, 18 yanvar 2020-ci il tarixli nisyə alğısatqı müqaviləsi üzrə iddiaçının cavabdehə hesabladığı 136 manat məbləğində dəbbə pulu miqdarı cavabdehin iddiaçıya ödəmədiyi 456 manat əsas borc məbləğinə münasibətdə tənasübsüz surətdə yüksək olduğuna görə cavabdehin iddiaçıya ödəmədiyi əsas borc məbləğinin 10 faizinə qədər azaldılıb 45,6 manat məbləğində müəyyən edilməli, həmçinin, cavabdehin həmin müqavilə üzrə iddiaçı qarşısında yaranmış öhdəliklərini lazımınca icra etmədiyi, o cümlədən icranı gecikdirdiyi müəyyən edildiyinə, beləliklə də, iddia qismən əsaslı olduğuna görə qismən təmin edilməlidir. Azərbaycan Respublikası MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən belə qənaətə gəlir ki, 30 manat məbləğində məhkəmə xərcinin tələbin təmin edilmiş məbləğinə mütənasib olan 25,42 manat hissəsi (592 manat (iddia tələbi) : 501,6 manat (iddia tələbinin təmin olunmuş hissəsi) = 1,18; 30 manat : 1,18 = 25,42) cavabdehdən iddiaçının xeyrinə tutulmalı, qalan 4,58 manat hissəsi (30 – 25,42= 4,58) isə iddiaçıya aid olunmalıdır. Məhkəmə şərh olunanlara və Azərbaycan Respublikası MPM-in 216-220, 222, 284- 1-284-6-cı maddələrini rəhbər tuturaq, Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh 18 yanvar 2020-ci il tarixli nisyə alğı-satqı müqaviləsi üzrə yaranmış 456 manat əsas və 46,6 manat dəbbə pulu, ödənilmiş dövlət rüsumuna görə 25,42 manat olmaqla, cəmi 528,02 manat məbləğində pul tutulub İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirilməklə Füzuli Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilmədiyi təqdirdə qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar