Məhkəmə qərarları › İş №e-2(064)-1518/2024

Füzuli Rayon Məhkəməsi Qətnamə — İş №e-2(064)-1518/2024

12.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Füzuli rayonu İş № e-2(064)-1518/2024 12.12.2024 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim İsmayılov Elmir Akif oğlunun sədrliyi, Hüseynzadə Fərid Səid oğlunun katibliyi, Cavabdeh1 iştirakları ilə İddiaçı MMC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun ödənilməsi” tələbinə dair mülki işə Füzuli Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı MMC (bundan sonra - İddiaçı) iddia ərizəsi ilə Füzuli Rayon Məhkəməsinə (bundan sonra – Məhkəmə) müraciət edərək xx.xx.2022-ci il tarixli müqavilə üzrə 11642 manat ödənilməmiş hissə, 685 manat cərimə olmaqla, ümumilikdə, 12327 manat və ödənilmiş 126,98 manat məbləğində dövlət rüsumunun əvəzinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 alınaraq İddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh1 arasında 17 fevral 2022-ci il tarixdə, 332 №-li alğı-satqı müqaviləsi (bundan sonra – “Müqavilə”) bağlanmışdır. Müqaviləyə əsasən İddiaçı Müqavilənin tərkib hissəsi olan qiymətlərin razılaşdırma protokollarında əks olunmuş texniki avadanlıqları (bundan sonra – “Mallar”) dəyəri nağd və ya hissə-hissə ödənilməklə Cavabdehə satmağı, Cavabdeh isə Malları qəbul edib qaimə-fakturalarda əks olunan qiyməti İddiaçıya ödəməyi öhdəsinə götürmüşdür. Müqavilə üzrə öhdəliklər İddiaçı tərəfindən icra olunmuş və eyni tarixli təhviltəslim aktına əsasən Cavabdeh Müqavilə üzrə nəzərdə tutulmuş Malları İddiaçıdan təhvil almış, yoxlayaraq qəbul etmişdir. Həmin tarixdə Müqaviləyə əlavə olaraq imzalanmış ödəniş cədvəlinə əsasən Cavabdeh İddiaçıya Malların dəyəri olan 2000 (iki min) manat ilkin ödəniş, 18 ay müddətinə hər ay 889 (səkkiz yüz səksən doqquz) manat, sonuncu ay isə 887 (səkkiz yüz səksən yeddi) manat olmaqla, ümumilikdə 18000 (on səkkiz min) manat məbləğində ödəniş etməyi öhdəsinə götürmüşdür. Müqavilənin 2.2.4-cü bəndinə əsasən alıcısatılan malın dəyərinin ilkin ödənişinietdikdən sonra qalıq məbləğini 17 avqust 2023-cü il tarixindən gec olmayaraq bu müqavilənin tərkib hissəsi olan ödəniş qəbzləri əsasında satıcıya ödəməlidir. Buna baxmayaraq Cavabdeh ödənişləri ödəniş cədvəlində nəzərdə tutulduğu məbləğdə və qaydada icra etməmiş, bu günədək Müqavilə üzrə ödənilməli məbləğdən yalnız 6.358 (altı min üç yüz əlli səkkiz) manat ödəmiş, Cavabdehin İddiaçıya 11642 (on bir min altı yüz qırx iki) manat məbləğində borcu qalmışdır. Cavabdeh tərəfindən Müqavilə üzrə son ödəniş xx.xx.2023-cü il tarixdə həyata keçirilmiş, son ödəniş tarixindən indiyədək altı aydan çox müddət keçmiş, tərəfimizdən dəfələrlə xəbərdarlıqlar və bildirişlər edilməsinə baxmayaraq Cavabdeh öhdəliyinin icrasından yayınmış, satın aldığı Malların ödənişini həyata keçirməmişdir. Habelə, Müqavilənin 4.2-ci bəndinə əsasən Alıcı malın dəyərini və qalıq məbləğini müqavilənin 3.2-ci maddəsində göstərilən müddətdə ödəmədikdə hər gecikdirilmiş gün üçün ödənilməyən məbləğin 0,02% həcmində Satıcıya cərimə ödəyir. Belə olan halda, cavabdehin ödənişin icra edilməli olduğu gündən (xx.xx.2023) xx.xx.2024-cü il tarixinədək 685 (yeddi yüz yetmiş beş) manat (11642 x 0,02% x 294 gün) məbləğində cərimə borcu yaranmışdır. Bundan əlavə, İddiaçı ilə Cavabdeh2 (bundan sonra – “Zamin”) arasında 17 fevral 2022-ci il tarixdə Zaminlik Müqaviləsi bağlanmış, Zamin İddiaçı ilə Cavabdeh arasında bağlanmış alğı-satqı müqaviləsinə əsasən Cavabdehin öhdəliklərinin yerinə yetirilməsində Cavabdeh ilə birlikdə İddiaçı qarşısında məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. İddiaçının nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq işə onların iştirakları olmadan baxılmasını və iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 Məhkəmənin yekun qərarını mübahisələndirmədiyini və borcunu etiraf etdiyini bildirmişdir. Cavabdeh2 məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılsa da, iclasa gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat daxil olmamışdır . Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən cavabdehin məhkəmə iclasına gəlməməsini üzrsüz hesab edir və işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, 332 saylı alğı-satqı müqaviləsi və ona əlavə edilmiş ödəniş cədvəli əsasında müəyyən olunur ki, Cavabdeh1 2000 manat ilkin ödəniş edərək İddiaçıdan 18000 manat məbləğində mal almış və borcunu 18 ay müddətinə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, 332 saylı alğı-satqı müqaviləsinə dair təhvil-təslim aktı əsasında müəyyən olunur ki, Cavabdeh1 aktda qeyd olunan malları qüsursuz təhvil almışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli zaminlik müqaviləsi əsasında müəyyən olunur ki, Cavabdeh2 öhdəliklərin yerinə yetirilməsində Cavabdeh1 ilə birlikdə İddiaçı qarşısında məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2024-cü il tarixli pretenziya məktubu və məktubun Cavabdeh1 tərəfindən xx.xx.2024-cü il tarixdə təhvil alınmasına dair qəbzin surəti əsasında müəyyən olunur ki, İddiaçı tərəfindən Cavabdeh borcun 10 gün ərzində ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə məlumatlandırılmışdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli pretenziya məktubu və məktubun Cavabdeh2 tərəfindən xx.xx.2024-cü il tarixdə təhvil alınmasına dair qəbzin surəti əsasında müəyyən olunur ki, İddiaçı tərəfindən Cavabdeh borcun 10 gün ərzində ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə məlumatlandırılmışdır. İş materiallarında olan ********* saylı qəbzin surəti əsasında müəyyən olunur ki, İddiaçı 127 manat dövlət rüsumu ödəmişdir. Belə olan halda İddiaçı haqlı olaraq Məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 567-ci maddəsində qeyd olunur ki, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsində göstərilir ki, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. 477.0.4-ci maddəsinə görə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Məhkəmə iddia ərizəsini nəzərdən keçirərək və iş üzrə sənədləri araşdıraraq hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası MPM-in: - 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. - 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də Məhkəmə ödənilmiş 126,98 manat dövlət rüsumunun əvəzinin də Cavabdehdən tutulmasını əsaslı hesab edir. Odur ki, Məhkəmə yuxarıda göstərilənlərə əsasən və AR MPM-in 216-232, 360-cı maddələrini rəhbər tutaraq QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İddiaçı MMC-nin xeyrinə 11642 manat ödənilməmiş hissə, 685 manat cərimə olmaqla, ümumilikdə, 12327 manat və ödənilmiş 126,98 manat məbləğində dövlət rüsumunun əvəzi tutulsun. Qətnamədən rəsmi qaydada verildikdən sonra 01 (bir) ay müddətində Füzuli Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilmədiyi təqdirdə qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elmir İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar