Məhkəmə qərarları › İş №e-2(064)-1528/2025

Füzuli Rayon Məhkəməsi Qətnamə — İş №e-2(064)-1528/2025

31.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Füzuli rayonu İş № e-2(064)-1528/2025 31.07.2025 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Elmir Xoşbəxt oğlu, Tərəflərin iştirakı olmadan, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı borc tələbinə dair iddiası üzrə mülki işə Füzuli Rayon Məhkəməsinin inzibati binasında, kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı kiçik iddialara dair sadələşdirilmiş qaydada ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 1004,04 manat ödənilməmiş hissə, 100,40 manat cərimə və xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 754,02 manat ödənilməmiş hissə, 75,40 manat cərimə olmaqla, ümumilikdə 1933,87 manat borc və ödənilmiş dövlət rüsumunun əvəzi 39,34 manat alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixli müqavilələrə əsasən mini soba Hoffmann, ətçəkən Hoffmann, paltaryuyan Hısense, radiator Hoffmann, mikrodalğalı soba Gorenje, 2 ədəd Hisense TV, tərəzi Hoffmann almış və nəticədə 1933,87 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2021-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 1004,05 manat (18 ay x 55,78 manat + 0,01 manat ilkin ödəniş) olan Mini soba Hoffmann, ətçəkən Hoffmann, paltaryuyan Hısense, radiator Hoffmann, mikrodalğalı soba Gorenje üçün ümumilikdə, 1104,44 manat olmaqla ondan, 1004,04 manat ödənilməmiş hissə, güzəşt olunaraq 100,40 manat cərimə və xx.xx.2024cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 799,02 manat (18 ay x 44.39 manat + 0 manat ilkin ödəniş) olan 2 ədəd Hisense TV, tərəzi Hoffmann üçün ümumilikdə, 829,42 manat olmaqla ondan, 754,02 manat ödənilməmiş hissə, güzəşt olunaraq 75,40 manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 45,01 manat təşkil edir. Cavabdeh ünvanlanmış xəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənar həll olunmasını, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsələr də o, öhdəlikləri icra etməmişdir. Məhkəmə iş materiallarını araşdıraraq və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli müqavilədən görünür ki, Cavabdeh ümumi dəyəri 1004,05 manat olan Mini soba Hoffmann, ətçəkən Hoffmann, paltaryuyan Hısense, radiator Hoffmann, mikrodalğalı soba Gorenje almışdır. - xx.xx.2024-cü il tarixli əşyaların təhvil-təslim aktından görünür ki, İmei kod Mini soba Hoffmann, ətçəkən Hoffmann, paltaryuyan Hısense, radiator Hoffmann, mikrodalğalı soba Gorenjei Cavabdeh təhvil verilmişdir. - ABC Telecom” MMC-nin maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh 18 ay müddətinə, 0,01 manat ilkin ödəniş olmaqla, aylıq ödəniş 55,78 manat olmaqla, İmei kod Mini soba Hoffmann, ətçəkən Hoffmann, paltaryuyan Hısense, radiator Hoffmann, mikrodalğalı soba Gorenjei almış və 0,01 manat ödəniş etmişdir. - "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli müqavilədən görünür ki, Cavabdeh ümumi dəyəri 799,02 manat olan 2 ədəd Hisense TV, tərəzi Hoffmanni almışdır. - xx.xx.2024-cü il tarixli əşyaların təhvil-təslim aktından görünür ki, 2 ədəd Hisense TV, tərəzi Hoffmanni Cavabdeh təhvil verilmişdir. - ABC Telecom” MMC-nin maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh 18 ay müddətinə, ilkin ödənişsiz, aylıq ödəniş 44,39 manat olmaqla, 2 ədəd Hisense TV, tərəzi Hoffmanni almış və 45 manat ödəniş etmişdir. -"xxxx" MMC-nin cavabdehə ünvanlanan xəbərdarlıq məktubunun surətindən görünür ki, cavabdeh borcun qaytarılmasına dair xəbərdar edilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Cavabdeh "xxxx" MMC ilə bağlanmış xx.xx.2024-cü il tarixli və xx.xx.2024-cü il tarixli müqavilələrə əsasən aldığı malın 1803,07 manat olan ümumi dəyərindən 45,01 manat ödəniş etmişdir. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Bu Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş diqər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Sözügedən Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Bu Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi,alıcı isə əşyanı qəbul edib əvəzinə müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər.Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki,alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti,ödənişlərin qaydası,müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək və sadalanan maddi hüquq normalarına əsaslanaraq, həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixli əşyaların alqı-satqısına dair müqavilələr mahiyyət etibarilə nisyə alqı-satqı müqaviləsidir. Borclu götürdüyü əşyaya görə hər ay pul ödəməyinə dair öhdəlik götürmüş, lakin həmin öhdəlik cavabdeh tərəfindən lazımınca icra edilməmiş, malın 1803,07 manat olan ümumi dəyərindən 45,01 manat ödəniş etmiş və nəticədə 1758,06 manat əsas borcu yaranmışdır. Ona görə də iddia tələbi əsas borcun ödənilməsinə dair hissədə əsaslı olduğundan təmin edilməlidir. İddia tələbindən göründüyü kimi cavabdehdən eyni zamanda hesablanmış 100,40 manat və 75,40 manat dəbbə pulunun tutulması tələb olunur. Məhkəmə hesab edir ki, cavabdehdən 100,40 manat və 75,40 manat dəbbə pulunun tutulması tərəflərin maraqlarına uyğun hesab edilməlidir. Ona görə də iddia tələbi bu hissədə də təmin edilməlidir. Məhkəmə iddianın ödənilmiş dövlət rüsumunun tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, iddia tələbi bu hissədə də təmin edilməli, iddianın qiyməti 1000 manatdan 10000 manatadək olduqda məhkəməyə ödənilməli olan dövlət rüsumunun məbləği 30 manat + 1000 manatdan yuxarı iddia qiymətinin 1%-i qədər olmalıdır. (“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsi) Hazırda iddia tələbinin təmin edilən hissəsi 1933,87 manat olduğundan iddiaçı tərəfindən ödənilmiş 39,34 manat dövlət rüsumunun əvəzi cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 77.1.-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2.-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4.-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci, 284- 6-cı və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 1004,04 manat ödənilməmiş hissə, 100,40 manat cərimə və xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 754,02 manat ödənilməmiş hissə, 75,40 manat cərimə olmaqla, ümumilikdə 1933,87 manat borc və ödənilmiş dövlət rüsumunun əvəzi 39,34 manat alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Füzuli Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elmir Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar