Azərbaycan Respublikası adından QƏTNAMƏ Füzuli rayonu İş № e-2(064)-1535/2024 05.11.2024 FÜZULİ RAYON MƏHKƏMƏSİ Füzuli Rayon Məhkəməsinin hakimi Musayev Aqil Əlisa oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1 iştirakı ilə, iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair mülki işə Füzuli Rayon Məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı "xxxx" MMC (bundan sonra - iddiaçı) Cavabdeh (bundan sonra - cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən aralarında bağlanmış 16 aprel 2023-cü il tarixli nisyə alğı-satqı müqaviləsi üzrə yaranmış 186,17 manat əsas və 18,83 manat cərimə borcu və ödənilmiş dövlət rüsumuna görə 30 manat olmaqla, cəmi 235 manat məbləğində pulun tutulub ona ödənilməsi barədə məhkəmə qətnaməsinin qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsində tələbini onunla əsaslandırmışdır ki, cavabdeh ona aralarında bağlanmış 16 aprel 2023-cü il tarixli nisyə alğı-satqı müqaviləsinə əsasən təhvil aldığı “Samsung Galaxy A14” markalı mobil telefon, Samsung Charger, vinil şəffaf, vinil mat üçün ödəniş cədvəli üzrə 12 ay müddətində hər ay 46,74 manat və ilkin ödəniş 44 manat olmaqla, cəmi 604,88 manat məbləğində pul ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh iddiaçıya həmin müqavilə üzrə cəmi 418,71 manat məbləğində ödəniş etmiş, iddiaçının poçt vasitəsilə yazılı qaydada xəbərdarlıq göndərməsinə baxmayaraq, 16 aprel 2023-cü il tarixli müqavilə üzrə qalıq qalmış cəmi 186,17 manat məbləğində borcu qaytarmamaqla müqavilə öhdəliklərini yerinə yetirməmişdir. Buna görə də iddiaçı cavabdehə həmin müqaviləyə əsasən gecikdirilmiş borc məbləğinə görə cəmi 18,83 manat məbləğində cərimə hesablamışdır. Beləliklə, cavabdehin iddiaçıya olan borcu 16 aprel 2023-cü il tarixli müqavilə üzrə 186,17 manat əsas və 18,83 manat cərimə borcu olmaqla, cəmi 205 manat təşkil edir. Bundan əlavə, iddiaçı iş üzrə dövlət büdcəsinə dövlət rüsumu kimi 30 manat məbləğində pul ödəmişdir. İddiaçı iddia ərizəsini kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında vermiş, cavabdeh iddia tələbinə yazılı qaydada etiraz verməklə işə iddia icraatı qaydasında baxılmasını xahiş etdiyinə görə məhkəmənin 02 sentyabr 2024-cü il tarixli qərardadı ilə işə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. İddiaçı məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılsa da, nümayəndəsi məhkəmə iclaslarına gəlməmiş, məhkəməyə ünvanladığı ərizələrində iş üzrə məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclaslarına vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılsa da, gəlməmiş, məhkəməyə göndərdiyi 05 noyabr 2024-cü il tarixli yazılı ərizəsində iddia tələbini qəbul etdiyini göstərmişdir. Məhkəmə buna görə də Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-in: - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. - 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə iddia ərizəsinə əlavə edilmiş 16 aprel 2023-cü il tarixli nisyə alğı-satqı müqaviləsi, ona edilmiş əlavə və təhvil-təslim aktı, maliyyə və ödəniş cədvəli, iddiaçının cavabdehə göndərdiyi xəbərdarlıq və dövlət rüsumunu ödəməsi barədə olan mədaxil qəbzi, eləcə də, cavabdehin iddia tələbini etiraf etməsi əsasında işin faktiki hallarının iddiaçının ərizəsində göstərdikləri ilə eyni məzmunda olduğunu müəyyən edir. Məhkəmə buna görə də işin müəyyən edilmiş faktiki hallarının məzmununu təkrarlamağa zərurət görmür. Məhkəmə işin müəyyən edilmiş faktiki hallarına tətbiq edilməli olan qanunvericilik normaları ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. - 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə həyata keçirməlidir. - 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. - 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. - 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onun dəyərini alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə, satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. - 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. - 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Məhkəmə göstərilən qanunvericilik normaları və işin iddiaçının ərizəsində qeyd etdikləri ilə eyni məzmunda müəyyən etdiyi faktiki hallarına əsaslanaraq belə nəticəyə gəlir ki, cavabdeh 16 aprel 2023-cü il tarixli nisyə alğı-satqı müqaviləsi üzrə iddiaçı qarşısında yaranmış öhdəliklərini lazımınca icra etmədiyinə, o cümlədən icranı gecikdirdiyinə görə iddia təmin edilməlidir. Məhkəmə şərh olunanlara və Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 88, 216- 220, 222, 227, 233, 234, 360-cı maddələrini rəhbər tutaraq, Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh 16 aprel 2023-cü il tarixli nisyə alğı-satqı müqaviləsi üzrə yaranmış 186,17 manat əsas, 18,83 manat cərimə borcu və ödənilmiş dövlət rüsumuna görə 30 manat olmaqla, cəmi 235 manat məbləğində pul tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirilməklə Füzuli Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilmədiyi təqdirdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №e-2(064)-1535/2024
Füzuli Rayon Məhkəməsi Qətnamə — İş №e-2(064)-1535/2024
05.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver