Azərbaycan Respublikası adından QƏTNAMƏ Füzuli rayonu İş № e-2(064)-1654/2024 27.12.2024 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim İsmayılov Elmir Akif oğlunun sədrliyi, Hüseynzadə Fərid Səid oğlunun katibliyi ilə İddiaçı MMC-nin Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair mülki işə Füzuli Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı MMC (bundan sonra - İddiaçı) iddia ərizəsi ilə Füzuli Rayon Məhkəməsinə (bundan sonra – Məhkəmə) müraciət edərək 3712 manat əsas, 1671 manat cərimə borcu, 2365,8 manat vurulmuş maddi zərərin və ödənilmiş 98,49 manat dövlət rüsumunun əvəzinin Cavabdeh (bundan sonra - Cavabdeh) alınaraq İddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İddia tələbi onunla əsaslandırılıb ki, İddiaçı ilə Cavabdeh arasında avtomobilin alğısatqısına dair B-010-SA-24 nömrəli, xx.xx.2024-cü il tarixli müqavilə bağlanıb, müqaviləyə əsasən (hazırkı iş üzrə İddiaçı) “Skoda Superb 2.0 TSİ” markalı (VİN: TMBAM8NP2P7031605) avtomobili dəyəri tam ödənilənədək alıcının (iş üzrə Cavabdeh) sahibliyi və istifadəsinə verməyi, alıcı isə müqavilənin qiymətini həmin müqavilə ilə razılaşdırılmış qaydada satıcıya ödəməyi öhdəsinə götürüb. Müqavilənin qiyməti 111.360 manat məbləğində müəyyən edilib, həmin məbləğin xx.xx.2024-cü il tarixindən başlayaraq 60 ay müddətinə, ayda 1856 manat olmaqla satıcıya ödənilməsi razılaşdırılıb. Lakin alıcı müqavilə bağlandıqdan sonra müqavilə ilə nəzərdə tutulmuş ilk icra günü çatanadək ödəniş etməyib, bu səbəbdən alıcıya əlavə bir ay vaxt verilərək ödənişin verilməsi tələb olunub, lakin alıcı bu müddətdə də heç bir ödəniş etməyib, beləliklə, müqavilə üzrə öhdəliyini, ümumiyyətlə, icra etməyib. Bu səbəbdən, avtomobil xx.xx.2024-cü il tarixində Cavabdehin sahibliyindən geri götürülüb, həmçinin xx.xx.2024-cü il tarixindən müqaviləyə birtərəfli qaydada xitam verilməsinə dair Cavabdehə xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubu göndərilib. Avtomobil İddiaçıya məxsus servis-təmir müəssisəsinə gətirilib, avtomobilə baxış keçirilib və baxışın nəticəsinə dair akt tərtib olunub. Həmin akta əsasən Cavabdehin istifadəsinə verilmiş “Skoda Superb 2.0 TSİ” markalı (VİN: TMBAM8NP2P7031605) avtomobilin müqavilənin bağlanmasından əvvəlki vəziyyətə gətirilməsi üçün çəkilməli olan xərclərin ümumi dəyəri 2365.8 müəyyən edilib. Alğı-satqı müqaviləsinin xx.xx.2024-cü il tarixində bağlandığı vaxtdan avtomobilin geri götürüldüyü xx.xx.2024-ci il tarixinədək Cavabdeh tərəfindən heç bir ödəniş edilmədiyindən Cavabdehin bağlanmış müqavilə üzrə 3712 manat məbləğində əsas borcu, həmçinin müqaviləyə əsasən borcun ödənilməsinin gecikdirildiyi günlər üçün hesablanmış 1671 manat məbləğində dəbbə pulu yaranıb. Müqavilə üzrə öhdəliklərin icra edilməsinə dair İddiaçı tərəfindən xx.xx.2024-cü il tarixində Cavabdehə pretenziya məktubu göndərilməsinə baxmayaraq iş üzrə hər hansı ödəniş daxil olmayıb. İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-ci il tarixli, B-010-SA-24 nömrəli müqavilənin 3.2.2, 3.2.5, 3.2.6 və 3.2.7-ci bəndlərinə əsasən müqavilə bağlandığı tarixdən etibarən Alıcı Müqavilə üzrə öhdəlikləri, o cümlədən müqavilənin qiymətini razılaşdırılmış qaydada Satıcıya tam və vaxtında ödəməzsə, yaxud Satıcıya Müqavilənin tam məbləğini ödəmək üçün maliyyə qabiliyyəti haqqında mötəbər sübut təqdim etməzsə, Satıcı müqaviləyə birtərəfli qaydada xitam vermək hüququna malikdir. Alıcı bundan imtina etdiyi təqdirdə Satıcı məhkəmə yolu ilə bu məbləği tələb edəcəkdir. İddiaçının nümayəndəsi Məhkəməyə ərizə ünvanlayaraq işə onların iştirakları olmadan baxılmasını və iddianın təmin olunmasını xahiş etdi. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə Məhkəməyə məlumat daxil olmayıb. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən Cavabdehin məhkəmə iclasına gəlməməsini üzrsüz hesab edir və işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.2-ci maddəsinə əsasən zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 399.4-cü maddəsinə əsasən müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəfləri müqavilənin həmin müddət qurtarana qədər yol verilmiş pozulmasına görə məsuliyyətdən azad etmir. 421.2-ci maddəsinə görə tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 567-ci maddəsində qeyd olunur ki, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsində göstərilir ki, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə göstərilən qanunvericilik normaları və işin İddiaçının ərizəsində qeyd etdikləri ilə eyni məzmunda müəyyən etdiyi (İddiaçının Cavabdehə hesabladığı cərimə borcunun məbləği istisna olmaqla) faktiki hallarına əsaslanaraq belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Məhkəmə iddia ərizəsinə əlavə edilmiş B-010-SA-24 saylı, xx.xx.2024-cü il tarixli alğı-satqı müqaviləsi, müqaviləyə edilmiş 01 nömrəli əlavə, xx.xx.2024-cü il tarixli təhvil-təslim aktı, xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubunun surəti və göndərilməsinə dair qəbz, nəqliyyat vasitəsinə baxış keçirilməsi haqqında akt, maliyyə arayışı və dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əsasında işin faktiki hallarının İddiaçının ərizəsində göstərdikləri ilə eyni məzmunda olduğunu (İddiaçının Cavabdehə hesabladığı cərimə borcunun məbləği istisna olmaqla) müəyyən edir. Məhkəmə buna görə də işin müəyyən edilmiş faktiki hallarının məzmununu təkrarlamağa zərurət görmür. Bununla yanaşı, Məhkəmə AR MM-nin 467-ci maddəsinin tələbinə uyğun olaraq tərəflərin mənafelərini nəzərə almaqla tənəsübsüz sürətdə yüksək olan dəbbə pulunun miqdarının azaldılmasını məqsədə müvafiq hesab edir. Belə ki, Məhkəmə hesab edir ki, İddiaçının tələb etdiyi 1671 manat dəbbə pulu 3712 manat əsas borca münasibətdə tənasübsüz surətdə yüksək olduğu üçün Cavabdehin İddiaçıya ödəmədiyi əsas borc məbləğinin 10 faizinə qədər azaldılaraq 371 manat məbləğində müəyyən edilməlidir. Bununla yanaşı, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də Məhkəmə ödənilmiş 98,49 manat dövlət rüsumuna görə müvafiq olaraq müəyyən olunmuş tələblərin məbləğinə mütənasib şəkildə 82 manatın da Cavabdehdən tutulmasını əsaslı hesab edir. Odur ki, Məhkəmə yuxarıda göstərilənlərə əsasən və AR MPM-in 216-232, 284-1- 284-6-cı maddələrini rəhbər tutaraq QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh İddiaçı MMC-nin xeyrinə 3712 manat əsas, 371 manat cərimə borcu, 2365,8 manat vurulmuş maddi zərər olmaqla cəmi 6448,8 manat və ödənilmiş 82 manat dövlət rüsumunun əvəzi tutulsun. Qətnamədən rəsmi qaydada verildikdən sonra 01 (bir) ay müddətində Füzuli Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilmədiyi təqdirdə qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elmir İsmayılov
Məhkəmə qərarları › İş №e-2(064)-1654/2024
Füzuli Rayon Məhkəməsi Qətnamə — İş №e-2(064)-1654/2024
27.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver