Azərbaycan Respublikası adından QƏTNAMƏ Füzuli rayonu İş № e-2(064)-188/2025 23.01.2025 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim İsmayılov Elmir Akif oğlunun sədrliyi, Hüseynzadə Fərid Səid oğlunun katibliyi ilə İddiaçı MMC-nin Cavabdeh qarşı lizinq müqaviləsi üzrə borcun və lizinq obyektinə dəymiş zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı MMC Cavabdeh qarşı məhkəmədə iddia qaldıraraq Cavabdehdən 04 oktyabr 2022-ci il tarixli ALY-1583 saylı “Daxili lizinq” müqaviləsinə əsasən lizinq obyektindən müvəqqəti sahiblik və istifadə edilməsinə görə 22 oktyabr 2024-cü il tarixə 789.63 manat gecikdirilmiş əsas, 583.98 manat gecikdirilmiş mükafat, 634.61 manat dəbbə pulu, həmçinin lizinq obyekti olan olan “Chevrolet Nexia” minik markalı, 77-AE575 dövlət qeydiyyat nişanlı avtomobilin bərpa olunması üçün tələb olunan 3168 manat, inzibati xəta haqqında protokollara görə ödənilmiş 5184 manat məbləğində pul olmaqla, ümumilikdə 10360.22 manat borcun və ödənilmiş 121.08 manat dövlət rüsumunun əvəzinin İddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış 04 oktyabr 2022-ci il tarixli ALY-1583 saylı “Daxili lizinq” müqaviləsinə əsasən X1 ilə 2022-ci il buraxılışlı, “Chevrolet Nexia” minik markalı, **-AE-*** dövlət qeydiyyat nişanlı, XWBTA69V9NA103878 ban, qara metal rəngli avtomobil 22150 manat məbləğinə İddiaçı MMC-nin mülkiyyətinə alınmış və sifarişçinin müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. “Daxili lizinq” müqaviləsinin ayrılmaz tərkib hissəsi olan Lizinq ödənişləri cədvəlinə (Əlavə №3) əsasən X3 illik 18% hesablanmaqla 60 aylıq müddətə hər ay sabit məbləğ olmaqla 463.43 manat, ümumilikdə isə 31706 manat məbləğində pulu İddiaçı MMC-nin hesabina ödəməyi öhdəsinə götürmüşdür. 23 yanvar 2023-cü il tarixdə X3, X5 və İddiaçı MMC arasında ALY-1583 saylı “Öhdəliklərin ötürürülməsi” müqaviləsi bağlanmış və 04 oktyabr 2022-ci il tarixli ALY-1583 saylı “Daxili lizinq” müqaviləsi üzrə X5 bütün öhdəlikləri öz üzərinə götürmüşdür. 26 yanvar 2023-cü il tarixdə X5, Cavabdeh və İddiaçı MMC arasında ALY1583 saylı “Öhdəliklərin ötürürülməsi” müqaviləsi bağlanmış və 04 oktyabr 2022-ci il tarixli ALY-1583 saylı “Daxili lizinq” müqaviləsi üzrə Cavabdeh bütün öhdəlikləri öz üzərinə götürmüşdür. Cavabdeh müvəqqəti istifadəsinə verilmiş İddiaçı MMC-nin mülkiyyətində olan “Chevrolet Nexia” minik markalı, **-AE-***dövlət qeydiyyat nişanlı avtomobil 22 oktyabr 2024-cü il tarixdə şirkətin müvəqqəti duracağına yerləşdirilmiş və servis mərkəzi tərəfindən tərtib olunmuş qüsur aktına əsasən avtomobilə 3168 manat məbləğində maddi ziyan dəymişdir. Eyni zamanda Cavabdeh 04 oktyabr 2022-ci il tarixli ALY-1583 saylı “Daxili lizinq” müqaviləsi üzrə lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə 22 oktyabr 2024-cü il tarixə 789.63 manat gecikdirilmiş əsas, 583.98 manat gecikdirilmiş mükafat, 634.61 manat dəbbə pulu, ümumilikdə 2008.22 manat gecikmə borcu yaranmışdır. Həmçinin “Daxili lizinq” müqaviləsinin qüvvədə olduğu müddətdə müqavilə üzrə lizinq obyekti olan “Chevrolet Nexia” minik markalı, **-AE-*** dövlət qeydiyyat nişanlı avtomobilin istifadə edildiyi müddət ərzində inzibati xəta ilə əlaqədar sürücü AR X7 tərəfindən inzibati qaydada cərimələnmişdir. Bu faktı DYPİ-nin elektron portaldan alınmış çıxarış təsdiq edir. Həmin protokollar aşağıdakılardan ibarətdir. 1. EQ 22652705 saylı protokola görə 402 manat; 2. EQ 22652709 saylı protokola görə 402 manat; 3. EQ 22264946 saylı protokola görə 459 manat; 4. EQ 22264940 saylı protokola görə 459 manat; 5. EQ 21482879 saylı protokola görə 480 manat; 6. EQ 21482889 saylı protokola görə 480 manat; 7. EQ 21012048 saylı protokola görə 480 manat; 8. EQ 20364054 saylı protokola görə 480 manat; 9. EQ 20209894 saylı protokola görə 480 manat; 10. EQ 19330487 saylı protokola görə 32 manat; 11. EQ 19330489 saylı protokola görə 80 manat; 12. EQ 19107191 saylı protokola görə 64 manat; 13. EQ 19107193 saylı protokola görə 80 manat; 14. EQ 19107188 saylı protokola görə 32 manat; 15. EQ 18379644 saylı protokola görə 80 manat; 16. EQ 18379647 saylı protokola görə 32 manat;
17. EQ 18379642 saylı protokola görə 80 manat; 18. EQ 17641615 saylı protokola görə 18 manat; 19. EQ 17093812 saylı protokola görə 64 manat; 20. EQ 17093810 saylı protokola görə 64 manat; 21. EQ 17093809 saylı protokola görə 32 manat; 22. EQ 16552115 saylı protokola görə 16 manat; 23. EQ 16409476 saylı protokola görə 32 manat;
24. EQ 16409503 saylı protokola görə 16 manat; 25. EQ 16409499 saylı protokola görə 16 manat; 26. İXP ******* saylı protokola görə 64 manat; 27. EQ 15652988 saylı protokola görə 32 manat; 28. EQ 15177228 saylı protokola görə 32 manat; 29. EQ 15177228 saylı protokola görə 32 manat; 30. EQ 15015459 saylı protokola görə 64 manat; 31. EQ 15009536 saylı protokola görə 16 manat; 32. EQ 14985801 saylı protokola görə 32 manat;
33. EQ 14962353 saylı protokola görə 32 manat; 34. EQ 14862304 saylı protokola görə 32 manat; 35. EQ 14263931 saylı protokola görə 16 manat; 36. EQ 13333566 saylı protokola görə 64 manat; Yuxarıda qeyd edilən protokollara görə ümumilikdə 5184 manat məbləğində pul vəsaiti İddiaçı MMC tərəfindən Dövlət büdcəsinə ödənilmişdir. Aşağıda göstərilənləri nəzərə alaraq hesab edirik ki, iddiamız qanuni və əsaslı olduğundan təmin edilməlidir. “Daxili lizinq” müqaviləsinin şərtlərinə cavabdeh tərəfindən lazımı qaydada icra edilməməsinə görə onun iddiaçı qarşısında öhdəliyi yaranmışdır. “Daxili lizinq” müqaviləsinin 1.1-ci bəndinə əsasən lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə lizinq alan bu müqavilə ilə müəyyən edilmiş lizinq ödənişlərini ödəməlidir. Müqavilənin 1.3-cü bəndinə əsasən lizinq ödənişlərinin məbləği, ödənilməsi qaydası və müddətləri müqavilənin ayrılmaz tərkib hissəsi olan lizinq ödənişlərinin cədvəlində (Əlavə №3) müəyyən edilir. Lizinq ödənişlərinin cədvəlində göstərilən ödəniş aparılmalı gün ödəniş edilmədikdə, müqavilənin 7.2-ci bəndinə əsasən lizinq alan gecikdirilən hər təqvim gününə lizinq ödənişi məbləğinə gündəlik 0.3 % hesablanmaqla cərimə ödəyir. “Daxili lizinq” müqaviləsinin 4.4.1-ci bəndinə əsasən lizinq alan müvafik standartlara, texniki şərtlərə, texniki istismar qaydalarına və istehsalçının təlimatlarına riayət etməklə lizinq obyektini yalnız onun təyinatı üzrə istifadə etməlidir. “Daxili lizinq” müqaviləsinin 4.4.2-ci bəndinə əsasən lizinq Alan lizinq obyektini saz vəziyyətdə saxlamalı, lizinq obyektinin təmiri ilə bağlı bütün xərcləri ödəməlidir. “Daxili lizinq” müqaviləsinin 5.1-ci bəndinə əsasən təhvil-təslim aktı imzalandığı andan müqaviənin bütün müddəti ərzində Lizinq Obyektinin zərərin bütün növlərindən qorunması, həmçinin onun təsadüfən məhv edilməsi və zədələnməsi riski Lizinq alana keçir. “Daxili lizinq” müqaviləsinin 9.1-ci bəndinə əsasən lizinq alan lizinq obtektindən bu müqavilənin şərtlərini pozmaqla, yaxud onun təyinatına uyğun olmamaqla istifadə etdikdə, lizinq obyektini işlək halda saxlamadıqda və bu da onun istehlak keyfiyyətlərini pisləşdirdikdə, lizinq ödənişlərini müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmədikdə müqavilə lizinq verənin təşəbbüsü ilə, Lizinq alana hər hansı bir zərərin əvəzini ödəmədən ləğv edə bilər. Daxili lizinq müqaviləsinin 10.5-ci bəndinə əsasən lizinq obyektinin qaytarılması və ya geri tələb edilməsi lizinq alanın bu müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsindən, lizinq ödənişlərini həyata keçirməkdən, cərimələri, dəbbə pulunu ödəməkdən, lizinq obyekinin geri qaytarıldığı tarixədək olan lizinq obyektinə və ya lizinq verənə dəymiş ziyanın tam həcmdə ödəməkdən azad etmir. İddiaçı MMC-nin nümayəndəsi məhkəməyə müraciət edərək məhkəmə iclasının onların iştirakları olmadan keçirilməsini və iddianın təmin olunmasını xahiş etdi. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən cavabdehin məhkəmə iclasına gəlməməsini üzrsüz hesab edir və işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 747.1-ci maddəsinin tələbinə görə lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla və müəyyən müddətə və digər şərtlərlə lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. 748-1.8-ci maddəsinin tələbinə görə lizinq müqaviləsinə xitam verildikdən sonra lizinq alan lizinq obyektini normal köhnəlmə (amortizasiya) və ya lizinq müqaviləsi ilə şərtlənən köhnəlmə nəzərə alınmaqla, lizinq verənə ondan aldığı vəziyyətdə (halda) qaytarmalıdır. 748-1.12-ci maddəsinə əsasən lizinq alanın lizinq obyektindən istifadə şəraiti lizinq müqaviləsinin şərtinə və ya lizinq obyektinin təyinatına uyğun deyilsə, lizinq alan lizinq obyektini işlək halda saxlamırsa və bu da onun istehlak keyfiyyətlərini pisləşdirirsə, lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə, lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. 1115-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 748-7.1-ci maddəsinə görə lizinq obyekti olan əmlakın zərərin bütün növlərindən qorunması, həmçinin onun məhv edilməsi, itirilməsi, korlanması, talanması, vaxtından əvvəl sıradan çıxması, quraşdırılması və ya istifadəsi zamanı buraxılan səhvlərdən və istismarı zamanı yol verilən risklərdən qorunması ilə bağlı məsuliyyəti, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq obyektinin faktiki qəbulu anından lizinq alan daşıyır. Məhkəmə göstərilən qanunvericilik normaları və işin İddiaçının ərizəsində qeyd etdikləri ilə eyni məzmunda müəyyən etdiyi (İddiaçının Cavabdehə hesabladığı cərimə borcunun məbləği istisna olmaqla) faktiki hallarına əsaslanaraq belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Məhkəmə iddia ərizəsinə əlavə edilmiş 04 oktyabr 2022-ci il tarixli ALY-1583 saylı “Daxili lizinq” müqaviləsi, “Daxili lizinq” müqaviləsinin ayrılmaz tərkib hissəsi olan Lizinq ödənişləri cədvəli (Əlavə №3), 23 yanvar 2023-cü il tarixli, ALY-1583 saylı “Öhdəliklərin ötürürülməsi” müqaviləsi, 26 yanvar 2023-cü il tarixli, ALY1583 saylı “Öhdəliklərin ötürürülməsi” müqaviləsi, servis mərkəzi tərəfindən tərtib olunmuş qüsur aktı, Bakı şəhəri BPİ-nin DYPİ tərəfindən verilmiş 05914 arayış ,Cavabdehə göndərilmiş bildirişin surəti və poçt qəbzi, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surəti, avtomobilin üzərində olan cərimələrlə bağlı portaldan çıxarışın surəti, cərimələrin ödənilməsi ilə bağlı qəbzlərinin surətləri, maliyyə arayışı və hesabdan çıxarış və dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əsasında işin faktiki hallarının İddiaçının ərizəsində göstərdikləri ilə eyni məzmunda olduğunu (İddiaçının Cavabdehə hesabladığı cərimə borcunun məbləği istisna olmaqla) müəyyən edir. Məhkəmə buna görə də işin müəyyən edilmiş faktiki hallarının məzmununu təkrarlamağa zərurət görmür. Bununla yanaşı, Məhkəmə AR MM-nin 467-ci maddəsinin tələbinə uyğun olaraq tərəflərin mənafelərini nəzərə almaqla tənəsübsüz sürətdə yüksək olan dəbbə pulunun miqdarının azaldılmasını məqsədə müvafiq hesab edir. Belə ki, Məhkəmə hesab edir ki, İddiaçının tələb etdiyi 634,61 manat dəbbə pulu 789,63 manat əsas borca münasibətdə tənasübsüz surətdə yüksək olduğu üçün Cavabdehin İddiaçıya ödəmədiyi əsas borc məbləğinin 10 faizinə qədər azaldılaraq 79 manat məbləğində müəyyən edilməlidir. Bununla yanaşı, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də Məhkəmə ödənilmiş 121,08 manat dövlət rüsumuna görə müvafiq olaraq müəyyən olunmuş tələblərin məbləğinə mütənasib şəkildə 114,5 manatın da Cavabdehdən tutulmasını əsaslı hesab edir. Məhkəmə göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 213-220, 227, 233.1, 234-ci maddələrini rəhbər tutaraq
Q Ə T E T D İ:
İddia təmin edilsin. İddiaçı MMC-nin xeyrinə Cavabdeh 04 oktyabr 2022-ci il tarixli ALY-1583 saylı “Daxili lizinq” müqaviləsinə əsasən lizinq obyektindən müvəqqəti sahiblik və istifadə edilməsinə görə 22 oktyabr 2024-cü il tarixə 789.63 manat gecikdirilmiş əsas, 583.98 manat gecikdirilmiş mükafat, 79 manat dəbbə pulu, həmçinin lizinq obyekti olan olan “Chevrolet Nexia” minik markalı, 77-AE575 dövlət qeydiyyat nişanlı avtomobilin bərpa olunması üçün tələb olunan 3168 manat, inzibati xəta haqqında protokollara görə ödənilmiş 5184 manat məbləğində pul olmaqla, ümumilikdə 9804,61 manat borcun və ödənilmiş 114,5 manat dövlət rüsumunun əvəzi tutulsun. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Elmir İsmayılov