Məhkəmə qərarları › İş №e-2(064)-1899/2024

Füzuli Rayon Məhkəməsi Qərardad — İş №e-2(064)-1899/2024

04.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Füzuli rayonu İş № e-2(064)-1899/2024 04.10.2024 FÜZULİ RAYON MƏHKƏMƏSİ Füzuli Rayon Məhkəməsinin hakimi Məmmədli Səkinəxanım Naib qızı, İddiaçı Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında “borcun ödənilməsi tələbi”nə dair ərizəsinə və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, müəyyən etdim: İddiaçı Cavabdeh qarşı “borcun tutulması tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 143 manat borcun və 14 manat cərimə borcunun özünün xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsini nəzərdən keçirib müəyyən etdim ki, ərizə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) tələblərinə riayət edilmədən verilmişdir. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.1-ci maddəsinə əsasən məhkəməyə verilən iddia ərizələri üzrə iddia qiyməti 1.000 manatadək olduqda dövlət rüsumunun qiyməti 30 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası MPM-in 150.1.2-ci maddəsinə əsasən dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd iddia ərizəsinə əlavə edilir. İddiaçı məhkəməyə iddia ərizəsinin verilməsinə görə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədləri təqdim etməmişdir. İddiaçı məcburi köçkün statusunda olan şəxs olmasına istinad etmiş, bununla bağlı məcburi köçkün vəsiqəsinin surətini təqdim etmişdir. İş materialları ilə müəyyən olunur ki, İddiaçı Füzuli rayonu Bala Bəhmənli kəndində qeydiyyatdadır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 28 iyun 2024-cü il tarixli, 1-8-10/2- 1204/2024 nömrəli məktubunda göstərilmişdir ki, Azərbaycan Respublikası Qaçqınların və X1 üzrə Dövlət Komitəsinin Azərbaycan Respublikasının Ali Məhkəməsinə daxil olmuş 2024-cü il 31 may tarixli, 3-36/2-187/2024 nömrəli məktubunda digər ərazilərlə yanaşı, Füzuli rayonunun Bala Bəhmənli kəndindən və olan məcburi köçkünlər artıq 1994-cü ildə və ondan sonrakı illərdə yaşadıqları yerlərə qayıtdıqlarına, eləcə də kənd sakinlərinin faktiki olaraq orada yaşadıqları və onların daimi yaşayış yerlərini tərk edərək məcburi köçkün düşmə faktı baş vermədiyinə görə, 2024-cü ilin 1 may tarixindən Azərbaycan Respublikasının “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Qanununun 14-cü maddəsinə və “Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında” Qanununun 3-cü maddəsinə əsasən onların məcburi köçkün statusunun ləğv edildiyi və sosial müdafiə tədbirlərinin verilməsinin dayandırıldığı bildirilir. Göründüyü kimi, Füzuli rayonunun Bala Bəhmənli kəndindən olan İddiaçı məcburi köçkün statusu ləğv edilmişdir və bu səbəbdən də o, iddia ərizəsinin verilməsinə görə qanunla müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumu ödəməlidir. Azərbaycan Respublikası MPM-in 152.1.5-ci maddəsinə əsasən müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Qeyd olunanlara əsasən hesab edirəm ki, iddia ərizəsi, ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Azərbaycan Respublikasının MPM-nin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152, 263-264 və 268-ci maddələrini rəhbər tutaraq, qərara aldım: İddiaçı Cavabdeh qarşı “borcun ödənilməsi tələbi”nə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Füzuli Rayon Məhkəməsinə (elektron kabinet vasitəsilə) şikayət verilə bilər. Hakim: Səkinəxanım Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar