Məhkəmə qərarları › İş №e-2(064)-2053/2023

Füzuli Rayon Məhkəməsi Qətnamə — İş №e-2(064)-2053/2023

28.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Füzuli rayonu İş № e-2(064)-2053/2023 28.11.2023 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim Həşimov Yaşar Xanoğlan oğlunun sədrliyi, iddiaçı «İcbari Sığorta Bürosu» X2 Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı «İcbari Sığorta Bürosu» X4 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək subroqasiya hüququ ilə əlaqədar pul tələbinin təmin edilməsi məqsədilə Cavabdeh 150 manat və ödənilmiş dövlət rüsumuna görə 30 manat olmaqla, ümumilikdə 180 manat pulun iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, LPO ASC "xxxx" Sığorta Şirkət tərəfindən PST********** nömrəli sığorta şəhadətnaməsi əsasında “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə X1 adına sığortalanmış OPEL ASTRA markalı, 99DJ186 dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi 20 sentyabr 2020-ci il tarixində Bakı şəhəri, Neftçilər prospektində Cavabdeh tərəfindən idarə olunarkən baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində X3 əmlakına zərər vurulmuşdur. Yuxarıda göstərilən hadisə ilə əlaqədar “İcbari Sığorta Bürosu” HŞİ tərəfindən zərərçəkənə dəymiş zərər üzrə 150 manat məbləğində sığorta (kompensasiya) ödənişi həyata keçirilmişdir. İş materiallarından (əlavə olunur) aydın olur ki, Cavabdeh yol-nəqliyyat hadisəsi zamanı nəqliyyat vasitəsini istifadə etməyə, idarə etməyə və ya digər qaydada istismar etməyə hüququ olmamışdır. Belə ki, sözügedən yol nəqliyyat hadisəsi ilə əlaqədar Bakı şəhər DYP-ninTP3956294 nömrəli inzibati tənbeh vermə haqqında qərarından məlum olur ki, yol nəqliyyat hadisəsi baş verərkən Cavabdeh tərəfindən “OPEL ASTRA” markalı, 99DJ186 dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi etibarnamə olmadan istismar edilmişdir. “İcbari sığortalar haqqında” Qanunun 25.1.3-cü maddəsinə əsasən, icbari sığorta şəhadətnaməsində göstərilən əmlak onu istifadə etməyə, idarə etməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilərkən sığorta hadisəsi baş verdikdə Sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxsə qarşı subroqasiya hüququ yaranır. “İcbari sığortalar haqqında” Qanunun 32.4-cü maddəsinə əsasən, büro bu Qanunun 25.4-cü və 63.3-cü maddələrində nəzərdə tutulmuş subroqasiya hüququnun həyata keçirilməsi ilə bağlı sığortaçılara aid bütün hüquqlarından istifadə edir. Nəzərinizə çatdırırıq ki, Azərbaycan Respublikası Mərkəzi Bankının ərizəsi üzrəBakı Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ilə ASC "xxxx" Sığorta Şirkətinin müflis elan edilməsi qət olunmuşdur. “İcbari Sığortalar haqqında” Qanunun 32.1.1-ci maddəsinə əsasən,sığortaçı müvafiq icbari sığorta müqavilələri üzrə sağlamlığa və (və ya) əmlaka dəyən zərərlə bağlı öhdəliklərini ödəmə qabiliyyətinin olmamasına görə yerinə yetirə bilmədikdə Büro tərəfindən kompensasiya ödənişi verilir. “İcbari Sığortalar haqqında” Qanunun 25.4-cü maddəsinə əsasən, Bu Qanunun 32.1.1-ci maddəsində nəzərdə tutulmuş halda kompensasiya ödənişi həyata keçirildikdə, müvafiq icbari sığorta müqaviləsi üzrə faydalanan şəxsin sığortaçı və ya müvafiq hallarda sığortaçının ləğvetmə komissiyası qarşısındakı tələb hüququ verilmiş kompensasiya ödənişi həcmində bu Qanunun 27-ci maddəsində nəzərdə tutulmuş İcbari Sığorta Bürosuna keçir. Odur ki, iddiaçı onun tərəfindən ödənilmiş sığorta ödənişinin subroqasiya qaydasında cavabdehdən tutulmasını xahiş etmişdir. Məhkəmə hazırkı iddianın qiymətinin beş min manatdan az olmasını nəzərə alaraq mülki işə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Məhkəmə iddia ərizəsini nəzərdən keçirərək və iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi rədd edilməlidir. Belə ki, məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən edilir ki, LPO ASC "xxxx" Sığorta Şirkət tərəfindən icbari qaydada sığortalanmış “OPEL ASTRA” markalı, ** DJ *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi 20 sentyabr 2020-ci il tarixdə Cavabdeh tərəfindən idarə olunarkən baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində X3 əmlakına zərər vurulmuşdur. Həmin hadisə ilə əlaqədar “İcbari Sığorta Bürosu” HŞİ tərəfindən zərərçəkənə dəymiş zərər üzrə 150 manat sığorta ödənişi həyata keçirilmişdir. Sözügedən yol nəqliyyat hadisəsi ilə əlaqədar Bakı şəhər BPİ DYP-nin TP3956294 nömrəli inzibati tənbeh vermə haqqında qərarı ilə Cavabdeh tərəfindən “OPEL ASTRA” markalı, ** DJ *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi etibarnamə olmadan idarə edildiyindən inzibati məsuliyyətə alınmışdır. İddiaçı hesab etmişdir ki, belə olan halda onun cavabdehə qarşı subroqasiya hüququ yaranmışdır. Lakin məhkəmə iddiaçının bu mülahizələri ilə razılaşmayaraq bildirir ki, «İcbari sığortalar haqqında» Azərbaycan Respublikası Qanununun 25.1.3-cü maddəsinə görə, icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. İsnad olunan Qanunun 25.1.3-cü maddəsi avtomobillərə münasibətdə tətbiq edilərkən «idarə etməyə və sair hərəkətlərə hüququ olmayan şəxs» dedikdə nəqliyyat vasitəsini idarə etmək hüququ, yəni sürücülük vəsiqəsi olmayan şəxsi nəzərdə tutur. Belə ki, nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxs avtomobilin idarə olunması ilə bağlı istər nəzəri, istərsə də təcrübi biliklərə malik olmur ki, nəticədə bu cür şəxsin avtomobili idarə etməsi sığorta hadisəsinin baş vermə riskini artırmış olur. «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun nəqliyyat vasitələrini idarəetmə hüququndan bəhs edən 33-cü maddəsinin İ hissəsində qeyd edilir ki, bu maddənin ikinci hissəsində nəzərdə tutulan yaş həddinə çatmış, sağlamlıq cəhətdən sürücülüyə yararlı, yol hərəkəti qaydalarını bilən, sürmə vərdişi və sürücülük vəsiqəsi olan hər bir fiziki şəxs Azərbaycan Respublikasının ərazisində nəqliyyat vasitələrini idarəetmə hüququna malikdir. Tədqiq olunmuş sübutlarla, o cümlədən artıq qanuni qüvvəsini almış xx.xx.2022ci il tarixli inzibati tənbeh vermə haqqında qərarla müəyyənləşir ki, cavabdeh K.Hüseynov yol nəqliyyat hadisəsini törədərkən icbari sığortalanmış avtomobili etibarnamə olmadan, lakin sürücülük vəsiqəsi əsasında idarə etmişdir. Bununla yanaşı, məhkəmə həm də onu vurğulayır ki, avtomobilin icbari sığortası ilə bağlı mübahisələr üzrə şəxsin əşyaya sahiblik və istifadəsinin qanuniliyi qiymətləndirilərkən maşını sürmək üçün notarial etibarnamənin olmaması meyar kimi qəbul edilə bilməz. Çünki, belə sənədin yoxluğu, mövcud inzibati qanunvericiliyə görə inzibati məsuliyyətə səbəb olsa da, sığorta münasibətləri baxımından bu hal şəxsin avtomobili istifadə etmək hüququ olmayan sayılmasına əsas vermir. Ona görə ki, “İcbari sığortalar haqqında” Qanunun 25.1.3-cü maddəsi yazılı etibarnamənin deyil, əşyadan istifadə hüququnun olmamasını nəzərdə tutur. Şəxsin əşyaya sahiblik və istifadə hüququnun olub-olmaması isə mülki hüquq normaları ilə müəyyən olunur. Mülki qanunvericilikdə əşyaya sahiblik və ya istifadənin qanunsuz sayılması üçün onun mülkiyyətçinin və ya digər sahibin əlindən iradəsi xaricində çıxması lazımdır. Başqa sözlə, əgər şəxs əşyanı iradəsinə uyğun digərinin sahibliyinə və ya istifadəsinə verirsə, sahiblik qanuni şəkildə verilmiş sayılır və belə olan halda istifadə hüququ da əmələ gəlir. Bu kimi hüquqi məməliyyatların etibarlı şəkildə baş tutması üçün etibarnamə qanunda məcburi şərt kimi nəzərdə tutulmamışdır. Belə ki, Mülki Məcəllənin 163.1-ci maddəsinə görə, sahiblik əşyanın özünün verilməsi ilə verilir. Əvvəlki sahibin iradəsi ilə əldə edən əşyaya faktik sahibliyi həyata keçirməyə qadir olduqda verilmə baş tutur. Eyni qayda avtomobildən əvəzsiz istifadə edən şəxslər arasındakı münasibətlərdə də keçərlidir. Mülki Məcəllənin 732-ci maddəsinə görə, əşyanı kirayəyə verənin onu kirayəçinin istifadəsinə verməsi üçün yazılı bir etibarnamə tərtibləməsi tələb olunmur. Göründüyü kimi, əşya (hazırkı halda avtomobil) sahibinin iradəsinə zidd şəkildə götürülmədikdə, belə sahiblik və istifadə mülki hüquqi baxımdan qanunsuz sayılmır, həmin şəxs əşyadan istifadə etmək hüququ olmayan hesab edilmir. Başqa hüquq münasibətlərinə aid olan tələblər mülki hüquq münasibətləri çərçivəsində şəxsin əşyaya sahibliyinin və ya ondan istifadəsinin qanuniliyinin müəyyənləşdirilməsi üçün meyar ola bilməz. Çünki, həmin qaydanın tənzimləmə məqsədi mülki hüquq münasibətlərinə aid olmayan (məsələn, yol hərəkəti iştirakçısı olan sürücü ilə yol polisi arasındakı) münasibətləri nizama salmaqdır. Təsadüfi deyildir ki, Azərbaycan Respublikası KM Plenumu “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.1-ci maddəsinin “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin İ hissəsinin 1-ci bəndi ilə əlaqəli şəkildə şərh olunmasına dair” 24 iyul 2023-cü il tarixli qərarı ilə nəqliyyat vasitəsinin mülkiyyətçisi olmayan şəxsin nəqliyyat vasitəsini idarə etməsi üçün etibarnamənin zəruriliyi tələbinin müvafiq qanunvericilikdə aradan qaldırılması Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə olunmuşdur. Odur ki, qeyd olunanları yekunlaşdıraraq məhkəmə belə hesab edir ki, “OPEL ASTRA” markalı, ** DJ *** dövlət nömrə nişanlı avtomobilin mülkiyyətçisi Cavabdeh olmasa da onun həmin avtomobilə sahiblik etməklə idarə etməsi qanuni əsaslarla olmuşdur. Belə ki, cavabdehin qeyd olunan avtomobilə qanunsuz sahiblənməsinə dair rəsmi sübutlara iş materiallarında rast gəlinmir. Belə olan halda, məhkəmə hesab edir ki, iddiaçının cavabdehə qarşı subroqasiya hüququ yaranmamışdır və bu səbəbdən də, iddia əsassız sayılaraq rədd edilməlidir. Beləliklə də, məhkəmə göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 213-220, 227, 233.1, 234-ci maddələrini rəhbər tutaraq, Q Ə T E T D İ: İddiaçı «İcbari Sığorta Bürosu» X2 Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbinə dair iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirilməklə Füzuli Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Yaşar Həşimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar