Məhkəmə qərarları › İş №e-2(064)-209/2024

Füzuli Rayon Məhkəməsi Qətnamə — İş №e-2(064)-209/2024

15.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Füzuli rayonu İş № e-2(064)-209/2024 15.01.2024 FÜZULİ RAYON MƏHKƏMƏSİ Füzuli Rayon Məhkəməsinin hakimi İsmayılov Elmir Akif oğlunun sədrliyi ilə, iddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1, X2 və Cavabdeh3 qarşı subroqasiya hüququ əsasında vurulmuş zərərin ödənilməsi barədə verdiyi tələbinə dair mülki işə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı "xxxx" ASC (bundan sonra - iddiaçı) cavabdehlər Cavabdeh1, X2 və Cavabdeh3 (bundan sonra – cavabdehlər) qarşı kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında məhkəməyə verdiyi iddia ərizəsində cavabdehlərdən subroqasiya hüququ əsasında vurulmuş zərərə görə müştərək qaydada 225 manat və ödənilmiş dövlət rüsumuna görə 30 manat məbləğində pulun tutulub ona ödənilməsi barədə məhkəmə qətnaməsinin qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsində tələbini onunla əsaslandırmışdır ki, Abışov Cavid Əmrah oğlu ilə aralarında xx.xx.2021-ci il tarixli, AZ/074602 saylı sığorta şəhadətnaməsinin verilməsi yolu ilə könüllü sığorta müqaviləsi bağlanmışdır. Müqavilə şərtlərinə əasən sığortalının mülkliyyətində olan Füzuli rayon, Qayıdış-1 qəsəbəsində yerləşən daşınmaz əmlaka 225 manat məbləğində yanğın və digər risklərdən sığorta təminatı verilmişdir. Belə ki, xx.xx.2022-ci il tarixdə Füzuli rayonu 1-ci Qayıdış qəsəbəsində yerləşən Cavid Abışova məxsus “1001 xırdavat” adlı mağazada oğurluq hadisəsi baş vermiş, nəticədə satış üçün nəzərdə tutulmuş otbiçən və laklı boya malları oğurlanaraq, 600 (altı yüz) manat məbləğində zərər dəymişdir. Baş vermiş oğurluq hadisəsi ilə əlaqədar Cavabdeh1, X2 və Cavabdeh3 Füzuli Rayon Məhəkəməsinin 1(064)-8/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmü ilə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşlar. Məhkəmə mülki işə iddianın qiymətinin beş min manatdan az olması, prosessual hüquq və vəzifələri izah olunmuş cavabdehin iddia ərizəsinə etiraz verməməsi, beləliklə də icraat dövründə Azərbaycan Respublikası MPM-in 284-5.4-cü maddəsində işə iddia icraatı qaydasında baxılması üçün nəzərdə tutulmuş hər hansı halın yaranmamasına görə həmin Məcəllənin 284-1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia tələbinin düzgün həll edilməsi məqsədilə, işin müəyyən edilmiş faktiki hallarına tətbiq edilməli olan qanunvericilik normaları ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. - 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 180.2-ci maddəsinə əsasən şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməmişsə, o, mülki mühakimə icraatı qaydasında mülki iddia verməyə haqlıdır. Məhkəmə hökmü haqqında Ali Məhkəmənin Plenumunun xx.xx.2021-ci il tarixli qərarına əsasən iştirakçılıqla törədilmiş cinayətlər nəticəsində vurulmuş maddi ziyan cinayətin iştirakçılarından Azərbaycan Respublikası Mülki Məcəllənin 1113-cü maddəsinə əsasən müştərək qaydada və yaxud mülki iddiaçının vəsatəti ilə və onun mənafeyi üçün hər bir iştirakçıdan məhkəmə tərəfindən müəyyən edilmiş hissələr (paylar) üzrə tutula bilər. Məhkəmə yuxarıda göstərilən, bir-biri ilə qarşılıqlı əlaqə təşkil edən işin müəyyən edilmiş faktiki hallarına və qanunvericilik normalarına əsaslanaraq belə nəticəyə gəlir ki, cavabdehlər xx.xx.2022-ci il tarixdə Füzuli rayonu 1-ci Qayıdış qəsəbəsində yerləşən Cavid Abışova məxsus “1001 xırdavat” adlı mağazada oğurluq hadisəsi törətmişlər, nəticədə satış üçün nəzərdə tutulmuş otbiçən və laklı boya malları oğurlanaraq, 600 (altı yüz) manat məbləğində sonuncuya zərər vurmuşlar, beləliklə də baş vermiş həmin sığorta hadisəsi ilə cavabdehlərin təqsirli hərəkəti arasında səbəbli əlaqə yarandığına və cavabdehlər iddiaçının Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.1-ci maddəsində nəzərdə tutulmuş subroqasiya hüququnu yaradan hərəkətə yol verdiyinə görə iddiaçının həmin hadisəyə görə zərər dəymiş Abışov Cavid Əmrah oğluna sığorta ödənişi kimi ödədiyi 225 manat məbləğində pulu cavabdehlərdən subroqasiya qaydasında tələb etmək hüququ yaranmışdır. Bu səbəbdən iddia əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 222, 284-1-284-6-cı maddələrini rəhbər tuturaq, Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1, X1 və Cavabdeh3 müştərək qaydada ödənilmiş sığorta ödənişinə görə 225 manat, dövlət rüsumuna görə 30 manat məbləğində pul tutulub iddiaçı "xxxx" ASC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Füzuli Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Şirvan Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilmədiyi təqdirdə qəbul edildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar