Azərbaycan Respublikası adından QƏRARDAD Füzuli rayonu İş № e-2(064)-2097/2023 27.10.2023 FÜZULİ RAYON MƏHKƏMƏSİ Füzuli Rayon Məhkəməsinin hakimi X1, iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı borcun ödənilməsi barədə verdiyi tələbinə dair mülki işə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında Füzuli Rayon Məhkəməsinin binasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı "xxxx" MMC (bundan sonra - iddiaçı) Cavabdeh (bundan sonra - cavabdeh) qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 232 manat əsas borc və 22 manat cərimə borcu, ödənilmiş dövlət rüsumuna görə 30 manat olmaqla, cəmi 284 manat məbləğində pulun tutulub iddiaçıya ödənilməsi barədə məhkəmə qətnaməsinin qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası MPM-in: - 284-3.2.2-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında verilmiş iddia ərizəsində cavabdehin yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı) göstərilməlidir. - 284-3.5-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında verilmiş iddia ərizəsinin bu Məcəllənin 284-3.2-ci maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə, hakim iddia ərizəsini və ona əlavə olunmuş sənədləri geri qaytarır. Ərizənin qaytarılması həmin nöqsanlar aradan qaldırıldıqdan sonra kiçik iddialar üzrə sadələşdirilmiş icraat qaydasında yenidən məhkəməyə müraciət etməyə mane olmur. İş üzrə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərdən görünür ki, iddiaçı iddia ərizəsində cavabdehin rəsmi qeydə alındığı ünvanı göstərsə də, faktiki yaşayış yerini göstərməmiş, eləcə də iddia ərizəsinə bu barədə rəsmi sənəd əlavə etməmişdir. Məhkəmə bu barədə nəticəyə gələrkən, cavabdehin rəsmi qeydə alındığı ünvan olan Füzuli rayonu, Aşağı Rəfədinli kəndinin 22 oktyabr 2020-ci il tarixdə işğaldan azad edildiyinə görə hazırda orada faktiki olaraq yaşayışın olmadığını nəzərə alır. Məhkəmə göstərilən qanunvericilik normaları və iddia ərizəsinin məzmunu ilə bağlı hallara əsaslanaraq hesab edir ki, iddiaçı tərəfindən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında verilmiş ərizə Azərbaycan Respublikası MPM-in 284- 3.2.2-ci maddəsində müəyyən olunmuş tələbə cavab vermədiyinə görə həmin Məcəllənin 284-3.5-ci maddəsinə əsasən ona əlavə olunmuş sənədlərlə birlikdə iddiaçıya geri qaytarılmalı, iddiaçıya göstərilən nöqsanı aradan qaldırıldıqdan sonra yenidən ümumi qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququnun olması izah olunmalıdır. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Repsublikası MPM-in 284-3, 263, 264, 266-269-cu maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı borcun ödənilməsi barədə verdiyi iddia ərizəsi və ona əlavə olunmuş sənədlər iddiaçıya geri qaytarılsın. İddiaçı "xxxx" MMC iddia ərizəsinin qaytarılması üçün göstərilən nöqsanı iddia ərizəsinin giriş hissəsində Cavabdeh faktiki yaşayış yeri barədə məlumatı konkret göstərmək və iddia ərizəsinə bunu təsdiq edən sənədi əlavə etməklə aradan qaldırdıqdan sonra yenidən ümumi qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət edə bilər. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Füzuli Rayon Məhkəməsinə şikayət verilə bilər.
Məhkəmə qərarları › İş №e-2(064)-2097/2023
Füzuli Rayon Məhkəməsi Qərardad — İş №e-2(064)-2097/2023
27.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver