Azərbaycan Respublikası adından QƏTNAMƏ Füzuli rayonu İş № e-2(064)-213/2025 09.01.2025 FÜZULİ RAYON MƏHKƏMƏSİ Füzuli Rayon Məhkəməsinin hakimi Musayev Aqil Əlisa oğlunun sədrliyi ilə, iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında verdiyi “borcun ödənilməsi” barədə iddia tələbinə dair mülki işə Füzuli Rayon Məhkəməsinin binasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı "xxxx" MMC (bundan sonra - iddiaçı) Cavabdeh (bundan sonra - cavabdeh) qarşı kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında verdiyi iddia ərizəsində cavabdehdən aralarında bağlanmış 05 iyun 2023-cü il tarixli nisyə alğı-satqı müqaviləsi üzrə yaranmış 164,66 manat əsas və 40,34 manat cərimə borcu, 20 iyun 2023-cü il tarixli nisyə alğı-satqı müqaviləsi üzrə yaranmış 98,97 manat əsas və 33,03 manat cərimə borcu, ödənilmiş dövlət rüsumuna görə 30 manat olmaqla, cəmi 367 manat məbləğində pulun tutulub iddiaçıya ödənilməsi barədə məhkəmə qətnaməsinin qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsində tələbini onunla əsaslandırmışdır ki, cavabdeh ona aralarında bağlanmış 05 iyun 2023-cü il tarixli nisyə alğı-satqı müqaviləsinə əsasən aldığı “Samsung Galaxy A14” markalı mobil telefon üçün ödəniş cədvəli üzrə 12 ay müddətində hər ay 44 manat və 40 manat ilkin ödəniş olmaqla, cəmi 568 manat, 20 iyun 2023-cü il tarixli nisyə alğı-satqı müqaviləsinə əsasən aldığı “Samsung Galaxy A14” markalı mobil telefon üçün ödəniş cədvəli üzrə 18 ay müddətində hər ay 30,84 manat və 40 manat ilkin ödəniş olmaqla, cəmi 595,12 manat məbləğində pul ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh iddiaçıya həmin müqavilələr üzrə cəmi 899,49 manat ödəniş etmiş, lakin iddiaçının poçt vasitəsilə yazılı qaydada xəbərdarlıq göndərməsinə baxmayaraq, qalıq qalmış cəmi 263,63 manat məbləğində borcu qaytarmamaqla müqavilə öhdəliyini yerinə yetirməmişdir. Buna görə də iddiaçı cavabdehə həmin müqavilələrə əsasən gecikdirilmiş borc məbləğlərinə görə müvafiq olaraq 40,34 manat və 33,03 manat olmaqla cəmi 73,37 manat məbləğində cərimə hesablamışdır. Beləliklə, cavabdehin iddiaçıya olan borcu 05 iyun 2023-cü il tarixli müqavilə üzrə 164,66 manat əsas və 40,34 manat cərimə borcu, 20 iyun 2023-cü il tarixli müqavilə üzrə 98,97 manat əsas və 33,03 manat cərimə borcu olmaqla, cəmi 337 manat təşkil edir. Bundan əlavə, iddiaçı iş üzrə dövlət büdcəsinə dövlət rüsumu kimi 30 manat məbləğində pul ödəmişdir. Məhkəmə mülki işə iddianın qiymətinin beş min manatdan az olması, prosessual hüquq və vəzifələri izah olunmuş cavabdehin iddia ərizəsinə etiraz verməməklə tələbi mübahisələndirməməsi, beləliklə də icraat dövründə Azərbaycan Respublikası MPM-in 284-5.4-cü maddəsində işə iddia icraatı qaydasında baxılması üçün nəzərdə tutulmuş hər hansı halın yaranmamasına görə həmin Məcəllənin 284-1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsinə əlavə edilmiş 05 iyun 2023-cü və 20 iyun 2023-cü il tarixli nisyə alğı-satqı müqavilələri, onlara edilmiş əlavələr və təhvil-təslim aktları, maliyyə və ödəniş cədvəli, iddiaçının cavabdehə göndərdiyi xəbərdarlıq, buna dair poçt qəbzi və iddiaçının dövlət rüsumunu ödəməsi barədə olan mədaxil qəbzi əsasında işin faktiki hallarının iddiaçının ərizəsində göstərdikləri ilə eyni məzmunda olduğunu (iddiaçının cavabdehə hesabladığı cərimə borclarının məbləği istisna olmaqla) müəyyən edir. Məhkəmə buna görə də işin müəyyən edilmiş faktiki hallarının məzmununu təkrarlamağa zərurət görmür. Məhkəmə iddia tələbinin düzgün həll edilməsi məqsədilə, işin müəyyən edilmiş faktiki hallarına tətbiq edilməli olan qanunvericilik normaları ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. - 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə həyata keçirməlidir. - 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. - 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. - 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onun dəyərini alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə, satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. - 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. - 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Məhkəmə tərəflərin mənafelərini nəzərə alaraq hesab edir ki, müvafiq olaraq iddiaçının cavabdehə 05 iyun 2023 və 20 iyun 2023-cü il tarixli nisyə alğı-satqı müqavilələri üzrə hesabladığı 40,34 və 33,03 manat məbləğində dəbbə pullarının miqdarları cavabdehin iddiaçıya ödəmədiyi 164,66 və 98,97 manat əsas borc məbləğlərinə münasibətdə tənasübsüz surətdə yüksək olduğuna görə həmin əsas borc məbləğlərinin 10 faizinə qədər azaldılaraq 16,46 və 9,89 manat məbləğində müəyyən edilməlidir. Məhkəmə göstərilən qanunvericilik normaları və işin iddiaçının ərizəsində qeyd etdikləri ilə eyni məzmunda müəyyən etdiyi (iddiaçının cavabdehə hesabladığı cərimə borclarının məbləğləri istisna olmaqla) faktiki hallarına əsaslanaraq belə nəticəyə gəlir ki, cavabdeh 05 iyun 2023 və 20 iyun 2023-cü il tarixli nisyə alğı-satqı müqavilələri üzrə iddiaçı qarşısında yaranmış öhdəliklərini lazımınca icra etmədiyinə, o cümlədən icranı gecikdirdiyinə, beləliklə də, iddia qismən əsaslı olduğuna görə qismən təmin edilməlidir. Azərbaycan Respublikası MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən belə qənaətə gəlir ki, dövlət rüsumuna görə ödənilmiş 30 manat məbləğində məhkəmə xərcinin tələbin təmin edilmiş məbləğinə mütənasib olan 25,86 manat hissəsi (337 manat (iddia tələbi) : 289,98 manat (iddia tələbinin təmin olunmuş hissəsi) = 1,16; 30 manat : 1,16 = 25,86) cavabdehdən iddiaçının xeyrinə tutulmalı, qalan 4,14 manat hissəsi (30 – 25,86= 4,14) isə iddiaçıya aid olunmalıdır. Məhkəmə şərh olunanlara və Azərbaycan Respublikası MPM-in 216-220, 222, 284- 1-284-6-cı maddələrini rəhbər tuturaq, Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh 05 iyun 2023-cü il tarixli nisyə alğı-satqı müqaviləsi üzrə yaranmış 164,66 manat əsas və 16,46 manat cərimə borcu, 20 iyun 2023-cü il tarixli nisyə alğısatqı müqaviləsi üzrə yaranmış 98,97 manat əsas və 9,89 manat cərimə borcu, ödənilmiş dövlət rüsumuna görə 25,86 manat olmaqla, cəmi 315,84 manat məbləğində pul tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirilməklə Füzuli Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilmədiyi təqdirdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №e-2(064)-213/2025
Füzuli Rayon Məhkəməsi Qətnamə — İş №e-2(064)-213/2025
09.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver