Məhkəmə qərarları › İş №e-2(064)-2319/2024

Füzuli Rayon Məhkəməsi Qətnamə — İş №e-2(064)-2319/2024

26.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Füzuli rayonu İş № e-2(064)-2319/2024 26.12.2024 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakimi İsmayılov Elmir Akif oğlunun sədrliyi ilə iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair mülki işə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı "xxxx" MMC (bundan sonra - İddiaçı) Cavabdeh (bundan sonra - Cavabdeh) qarşı iddia ərizəsi ilə Füzuli rayon Məhkəməsinə (bundan sonra – Məhkəmə) müraciət edərək Cavabdehdən aralarında bağlanmış xx.xx.2023-cü il tarixli müqavilə üzrə yaranmış 400 manat əsas və 40 manat cərimə borcu olmaqla, ümumilikdə, 440 manat və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun əvəzinin tutulub ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. İddiaçı iddia ərizəsində tələbini onunla əsaslandırıb ki, Cavabdeh aralarında bağlanmış xx.xx.2023-cü il tarixli nisyə alğı-satqı müqaviləsinə əsasən 696 manat dəyərində əşya satın almış və aldığı məhsulu ödəniş cədvəli üzrə hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh iddiaçının poçt vasitəsilə yazılı qaydada xəbərdarlıq göndərməsinə baxmayaraq qalıq qalmış 400 manat məbləğində borcu qaytarmamaqla müqavilə öhdəliyini yerinə yetirməmişdir. Buna görə də İddiaçı Cavabdehə həmin müqavilənin əlavəsinə əsasən gecikdirilmiş borc məbləğinə görə cəmi 40 manat məbləğində cərimə hesablamışdır. Beləliklə, Cavabdehin iddiaçıya olan borcu 400 manat əsas və 40 manat cərimə borcu olmaqla, cəmi 440 manat təşkil edir. Bundan əlavə, İddiaçı iş üzrə dövlət büdcəsinə dövlət rüsumu kimi 30 manat məbləğində pul ödəmişdir. Məhkəmə mülki işə iddianın qiymətinin beş min manatdan az olması, prosessual hüquq və vəzifələri izah olunmuş cavabdehin iddia ərizəsinə etiraz verməməklə tələbi mübahisələndirməməsi, beləliklə də icraat dövründə Azərbaycan Respublikası MPM-in 284-5.4-cü maddəsində işə iddia icraatı qaydasında baxılması üçün nəzərdə tutulmuş hər hansı halın yaranmamasına görə həmin Məcəllənin 284-1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə göstərilən qanunvericilik normaları və işin iddiaçının ərizəsində qeyd etdikləri ilə eyni məzmunda müəyyən etdiyi faktiki hallarına əsaslanaraq belə nəticəyə gəlir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Məhkəmə iddia ərizəsinə əlavə edilmiş xx.xx.2023-cü il tarixli, R0085016 saylı nisyə alğı-satqı müqaviləsi, ona edilmiş əlavə, xx.xx.2024-cü il tarixli maliyyə, ödəniş cədvəli, İddiaçının Cavabdehə göndərdiyi xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubu və İddiaçının dövlət rüsumunu ödəməsi barədə olan mədaxil qəbzi əsasında işin faktiki hallarının İddiaçının ərizəsində göstərdikləri ilə eyni məzmunda olduğunu müəyyən edir. Məhkəmə buna görə də işin müəyyən edilmiş faktiki hallarının məzmununu təkrarlamağa zərurət görmür. Məhkəmə iddia tələbinin düzgün həll edilməsi məqsədilə, işin müəyyən edilmiş faktiki hallarına tətbiq edilməli olan qanunvericilik normaları ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. - 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə həyata keçirməlidir. - 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onun dəyərini alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə, satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. - 414-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. - 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. - 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. - 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Bununla yanaşı, MPM-in 107-ci və 119.1-ci maddələrinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də Məhkəmə ödənilmiş 30 manat dövlət rüsumunun da Cavabdehdən tutulmasını əsaslı hesab edir. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 246-240, 214, 284-1- 284-6-cı maddələrini rəhbər tuturaq Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh xx.xx.2023-cü il tarixli müqavilə üzrə yaranmış 400 manat əsas və 40 manat cərimə borcu olmaqla, ümumilikdə, 440 manat və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Füzuli Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilmədiyi təqdirdə qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elmir İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar