Məhkəmə qərarları › İş №e-2(064)-2512/2025

Füzuli Rayon Məhkəməsi Qətnamə — İş №e-2(064)-2512/2025

11.03.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Füzuli rayonu İş № e-2(064)-2512/2025 11.03.2026 FÜZULİ RAYON MƏHKƏMƏSİ Füzuli Rayon Məhkəməsinin hakimi Məmmədli Səkinəxanım Naib qızının sədrliyi, Məmmədli İqbal Sifayəddin oğlunun katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “borcun ödənilməsi tələbi”nə dair iddia ərizəsi üzrə işə Füzuli Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı MMC (bundan sonra - iddiaçı) Cavabdeh (bundan sonra - cavabdeh) qarşı kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında verdiyi iddia ərizəsində cavabdehdən aralarında bağlanmış xx.xx.2022-ci il tarixli nisyə alğı-satqı müqaviləsi üzrə yaranmış 1590 manat əsas və 254,40 manat dəbbə pulu olmaqla, cəmi 1844,40 manat və ödənilmiş dövlət rüsumuna görə 38,45 manat məbləğində pulun tutulub iddiaçıya ödənilməsi barədə məhkəmə qətnaməsinin çıxarılmasını xahiş etmişdir. Füzuli Rayon Məhkəməsinin 2(064)-2512/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə İddiaçı MMC-nin Cavabdeh qarşı “borcun ödənilməsi tələbi”nə dair kiçik iddia qaydasında ərizəsinə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. İddiaçı iddia ərizəsində tələbini onunla əsaslandırmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında 13 oktyabr 2022-ci il tarixdə “İktech”markalı Su təmizləyici sisteminin alqısatqısına dair “Nisyə alqı-satqı” müqaviləsi (Müqavilə) bağlanmışdır. Həmin Müqaviləyə əsasən İddiaçı MMC, ümumi dəyəri 1690 manat olan həmin malı cavabdehə nisyə satmağı, cavabdeh isə ona satılmış malı qəbul edib razılaşdırılmış formada – ödəniş cədvəlinə uyğun, “Malın” dəyərini ödəməsini öhdəsinə götürmüşdür. Bildirir ki, cavabdeh üzərinə götürdüyü öhdəliklərini lazımınca icra etmir. Müqavilənin şərtlərini qəsdən kobud şəkildə pozur. Belə ki, müqavilə ilə nəzərdə tutulmuş ödəniş müddətlərinin keçməsinə və ödəniş barədə dəfələrlə xəbərdar edilməsinə baxmayaraq borclu öhdəliyində olan borclarını ödəməkdən yayınır. Hazırda onun əsas borc üzrə 1590 manat, cərimə üzrə 254,40 manat borcu vardır. Bundan əlavə, iddiaçı dövlət rüsumuna görə 38,45 manat məbləğində pul ödəmişdir. İddiaçı MMC-nin nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən mülki işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş Cavabdeh iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, o, iddiaçı ilə su təmizləyici sisteminin alqı-satqısına dair 13 oktyabr 2022-ci il il tarixdə “Nisyə alqı-satqı” müqaviləsi bağlamış və qeyd edilən məhsulu təhvil almışdır. Ümumi dəyəri 1690 manat olan malın pulundan iddiaçıya 100 manat ilkin ödəniş etmişdir. Su filtri quraşdırıldıqdan sonra enerji sərfiyyatının çox olması səbəbindən həmin məhsulu geri qaytarmaq istəmiş və bu barədə məhsulu aldıqları iddiaçının həmin nümayəndələri ilə əlaqə saxlamış və məhsulu geri qaytarmaq istədiklərini bildirmişdir. İddiaçının nümayəndələri təxminən 8 aydan sonra, yəni 2023-cü ilin iyun ayında həmin məhsulu geri götürmüş, bu zaman onlar məhsulun qablaşdırılmasından açılıb quraşdırıldığı üçün 100 manat pul tələb etmiş, o, 160 manat pulu onlara vermiş və məhsulu geri qaytarmışdır. Lakin məhsulun geri qaytarılması barədə iddiaçı tərəfindən hər hansı yazılı sənəd təqdim etməmişlər. Bu səbəbdən hesab edir ki, məhsul faktiki olaraq geri qaytarıldığından onun əlavə ödəniş etmək öhdəliyi yoxdur və iddia əsassızdır. Qeyd olunanlara əsasən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddia ərizəsinə əlavə edilmiş xx.xx.2022-ci il tarixli nisyə alğı-satqı müqaviləsi, ona əlavə edilmiş ödəniş cədvəli, pretenziya məktubu, maliyyə arayışı və iddiaçının dövlət rüsumunu ödəməsi barədə olan mədaxil qəbzi əsasında işin faktiki hallarının iddiaçının ərizəsində göstərdikləri ilə eyni məzmunda olduğunu müəyyən edir. Məhkəmə buna görə də işin müəyyən edilmiş faktiki hallarının məzmununu təkrarlamağa zərurət görmür. İş materiallarına əlavə edilmiş iddiaçı tərəfindən məhkəmənin sorğusuna cavab olaraq məhkəməyə ünvanlamış ərizədən görünür ki, 28 yanvar 2023-cü il tarixdə cavabdeh ilə müqavilə bağlanmış, həmin müqaviləyə əsasən cavabdehə İktech markalı Su təmizləyici qurğu satılmışdır. Satılmış qurğu nasazlıq və ya digər səbəblərə görə iddiaçı tərəfindən sökülməmişdir. Məhkəmə iddia tələbinin düzgün həll edilməsi məqsədilə, işin müəyyən edilmiş faktiki hallarına tətbiq edilməli olan qanunvericilik normaları ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. -600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə həyata keçirməlidir. -442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. -445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. -448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. -600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onun dəyərini alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə, satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. -462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. -465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. -467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. İddiaçı məhkəməyə müraciət edərək cavabdehdən tərəflər arasında bağlanmış müqavilə əsasında satılmış su filtrinə görə ödənilməmiş pul vəsaitinin tutulmasını xahiş etmişdir. İddia ərizəsində göstərilmişdir ki, cavabdeh tərəfindən məhsul qəbul edilsə də, müqavilə üzrə öhdəliklər tam şəkildə icra olunmamış, yəni məhsulun dəyəri tam ödənilməmişdir. Bu səbəbdən iddiaçı məhkəmədən cavabdehdən ödənilməmiş borcun tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında iddia tələbi ilə razılaşmadığını bildirmiş, izahatında qeyd etmişdir ki, o, həqiqətən də su təmizləyici qurğunu iddiaçı tərəfdən əldə etmişdir. Su filtri quraşdırıldıqdan sonra enerji sərfiyyatının çox olması səbəbindən həmin məhsulu geri qaytarmaq istəmiş və bu barədə məhsulu aldıqları iddiaçının həmin nümayəndələri ilə əlaqə saxlamış və məhsulu geri qaytarmaq istədiklərini bildirmişdir. Cavabdehin bildirdiyinə görə, məhsul müəyyən müddət onun evində qaldığı üçün o, əlavə olaraq 100 manat məbləğində pul vəsaiti ödəməklə məhsulu geri qaytarmaq barədə razılıq əldə etmişdir. Cavabdeh göstərmişdir ki, iddiaçı tərəfin nümayəndələri məhsulu onun evindən götürüb aparmış, lakin məhsulun geri qaytarılması barədə hər hansı yazılı sənəd təqdim etməmişlər. Bu səbəbdən cavabdeh hesab edir ki, məhsul faktiki olaraq geri qaytarıldığından onun əlavə ödəniş etmək öhdəliyi yoxdur və iddia əsassızdır. Məhkəmə tərəfindən işin halları ilə bağlı iddiaçıya sorğu verilmiş, iddiaçı cavabında məhsulun geri qaytarılması faktını inkar etmiş və bildirmişdir ki, su filtri cavabdeh tərəfindən qaytarılmamışdır. İş materiallarında tərəflər arasında bağlanmış müqavilə, məhsulun təhvil verilməsi ilə bağlı sənədlər, iddiaçının izahatı və digər sübutlar araşdırılmışdır. Məhkəmə iş materiallarını araşdıraraq, iddiaçının izahatını dinləyərək və təqdim edilmiş sübutlara hüquqi qiymət verərək aşağıdakı qənaətə gəlir. Azərbaycan Respublikasının mülki qanunvericiliyinə əsasən, müqavilə tərəflər üçün məcburi hüquqi qüvvəyə malikdir və tərəflər üzərlərinə götürdükləri öhdəlikləri lazımi qaydada və vicdanla icra etməlidirlər. Alqı-satqı müqaviləsinə görə satıcı malı alıcıya verməli, alıcı isə həmin malın müqavilədə nəzərdə tutulmuş qiymətini ödəməlidir. İş üzrə müəyyən edilir ki, cavabdeh su filtrini iddiaçıdan əldə etdiyini etiraf edir. Bu hal tərəflər arasında alqı-satqı münasibətlərinin mövcudluğunu təsdiq edir və mübahisəsiz hal kimi qəbul olunur. Mübahisə isə məhsulun sonradan geri qaytarılıb-qaytarılmaması və bunun nəticəsində cavabdehin ödəniş öhdəliyinin qalması məsələsi ətrafında yaranmışdır. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyin tələblərinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bu baxımdan, cavabdeh məhsulun geri qaytarıldığını iddia etdiyindən, həmin halı təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim etməlidir. Cavabdeh məhsulun iddiaçı tərəfindən geri götürüldüyünü bildirsə də, bu faktı təsdiq edən hər hansı yazılı sənəd, qəbz, akt və ya digər sübutları təqdim etməmişdir. Cavabdehin izahatları yalnız onun öz sözlərinə əsaslanır və obyektiv sübutlarla təsdiqlənmir. Digər tərəfdən, iddiaçı məhsulun geri qaytarılması faktını qəti şəkildə inkar etmişdir. Məhkəmə tərəfindən iddiaçıya ünvanlanmış sorğuya verilən cavabda da bu hal təsdiqini tapmışdır. Məhkəmə hesab edir ki, məhsulun geri qaytarılması kimi hüquqi nəticə doğuran halın baş verməsi, bir qayda olaraq, müvafiq yazılı sənədlərlə rəsmiləşdirilməli və ya digər mötəbər sübutlarla təsdiq olunmalıdır. Belə sübutların olmaması şəraitində cavabdehin bu barədə iddiaları ehtimala əsaslanmış hesab edilir və hüquqi baxımdan yetərli sayılmır. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, cavabdeh məhsulun geri qaytarılması faktını sübut edə bilməmiş, bu səbəbdən də onun iddia tələbinə qarşı etirazları əsassızdır. Nəticə etibarilə, tərəflər arasında bağlanmış müqavilə üzrə cavabdehin öhdəliyi qüvvədə qalır və o, aldığı məhsulun dəyərini ödəməlidir. Məhkəmə tərəflərin mənafelərini nəzərə alaraq hesab edir ki, iddiaçının cavabdehə hesabladığı 254,40 manat məbləğində dəbbə pulu miqdarı cavabdehin iddiaçıya ödəmədiyi əsas borca münasibətdə tənasübsüz surətdə yüksək olduğuna görə azaldılıb 50 manat məbləğində müəyyən edilməlidir. Məhkəmə, yuxarıda qeyd olunan qanunvericiliyin tələblərini nəzərə alaraq hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Azərbaycan Respublikası MPM-in 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddianın əsas hissəsi təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumununun 36,4 manat hissəsi cavabdehdən iddiaçının xeyrinə tutulmalı, qalan 2,45 manat hissəsi isə iddiaçıya aid edilməlidir. Məhkəmə göstərilən qanunvericilik normaları, hüquqi mövqeyi və işin iddiaçının ərizəsində qeyd etdikləri ilə eyni məzmunda müəyyən etdiyi (iddiaçının cavabdehə hesabladığı cərimə borcunun məbləği istisna olmaqla) faktiki hallarına əsaslanaraq belə nəticəyə gəlir ki, cavabdeh xx.xx.2022-ci il tarixli nisyə alğı-satqı müqaviləsi üzrə iddiaçı qarşısında yaranmış öhdəliyini lazımınca icra etmədiyinə, o cümlədən icranı gecikdirdiyinə, beləliklə də iddia qismən əsaslı olduğuna görə iddia qismən təmin edilməlidir. Məhkəmə şərh olunanlara və Azərbaycan Respublikası MPM-in 216-220, 222, 284- 1-284-6-cı maddələrini rəhbər tuturaq, Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2022-ci il tarixli nisyə alğı-satqı müqaviləsi üzrə yaranmış 1590 manat əsas və 50 manat dəbbə pulu olmaqla, cəmi 1640 manat və ödənilmiş dövlət rüsumuna görə 36,4 manat məbləğində pul tutularaq İddiaçı MMC-yə ödənilsin. Ödənilmiş dövlət rüsumunun 2,45 manat hissəsi iddiaçıya aid edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirilməklə Füzuli Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Səkinəxanım Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar