Məhkəmə qərarları › İş №e-2(064)-2803/2025

Füzuli Rayon Məhkəməsi Qətnamə — İş №e-2(064)-2803/2025

13.01.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Füzuli rayonu İş № e-2(064)-2803/2025 13.01.2026 FÜZULİ RAYON MƏHKƏMƏSİ Füzuli Rayon Məhkəməsinin hakimi Məmmədli Səkinəxanım Naib qızı, İddiaçı MMC-nin Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair mülki işə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında Füzuli Rayon Məhkəməsinin binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC (bundan sonra-iddiaçı) Cavabdeh (bundan sonra-cavabdeh) qarşı kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında verdiyi iddia ərizəsində cavabdehdən aralarında bağlanmış xx.xx.2022-ci və xx.xx.2021-ci il tarixli nisyə alğı-satqı müqavilələr üzrə yaranmış 1022 manat əsas borc və ödənilmiş dövlət rüsumuna görə 31 manat pulun tutulub iddiaçıya ödənilməsi barədə məhkəmə qətnaməsinin çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində tələbini onunla əsaslandırmışdır ki, iş üzrə Cavabdeh İddiaçı MMC ilə müddəti müvafiq olaraq 12-10 ay olmaqla xx.xx.2022-ci və xx.xx.2021-ci il tarixli borc müqavilələri bağlamışdır. Həmin müqavilələrə əsasən cavabdeh iddiaçıdan məişət avadanlığları əldə edib. Cavabdehin müqavilələr üzrə ödənişlər etdikdən sonra iddiaçıya 1022 manat əsas borcu qalmışdır. Yuxarıda göstərilənləri nəzərə alaraq, Cavabdeh xx.xx.2022-ci və xx.xx.2021-ci il tarixli borc müqavilələrinə əsasən 1022 manat əsas borc, 31 manat məbləğində ödənilmiş dövlət rüsumunun cəmi 1053 manat pulun alınaraq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılması zəruridir. Bundan əlavə, iddiaçı iş üzrə dövlət büdcəsinə dövlət rüsumu kimi 31 manat məbləğində pul ödəmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə uyğun olaraq məhkəmə tərəfindən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər cavabdehə rəsmi qaydada göndərilmiş və bildirişi aldığı gündən 10 iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri (elektron qaydada verildikdə “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq) məhkəməyə təqdim etmək təklif edilmişdir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Məhkəmə cavabdehə qanunla müəyyən olunmuş qaydada prosessual hüquq və vəzifələrinin izah olunduğunu, iddiaya qarşı etirazının olmamasını və iddia tələbinin kiçik iddialar kateqoriyasına aid edilməklə yanaşı mübahisə doğurmayan tələb olduğunu nəzərə alaraq hesab edir ki, mülki işin iddia icraatına keçirilməklə iş üzrə əlavə araşdırma aparılmasına, ekspertiza təyin olunmasına və ya tərəflərin məhkəməyə çağırılmaqla dinlənilmələrinə lüzum yoxdur, mülki işin prosessual vəziyyəti işə sadələşdirilmiş icraat qaydasında baxılmasına mane olmur. Məhkəmə iddia ərizəsinə əlavə edilmiş xx.xx.2022-ci və xx.xx.2021-ci il tarixli nisyə alqı-satqı müqavilələri, ona edilmiş əlavə və təhvil-təslim aktı, maliyyə və ödəniş cədvəli, iddiaçının cavabdehə göndərdiyi xəbərdarlıq, buna dair poçt qəbzi, iddiaçının dövlət rüsumunu ödəməsi barədə olan mədaxil qəbzi əsasında işin faktiki hallarını nəzərə alınmaqla,ona uyğun şəkildə iddia ərizəsində göstərdikləri ilə eyni məzmunda olduğunu müəyyən edir. Məhkəmə buna görə də işin müəyyən edilmiş faktiki hallarının məzmununu təkrarlamağa zərurət görmür. Məhkəmə iddia tələbinin düzgün həll edilməsi məqsədilə, işin müəyyən edilmiş faktiki hallarına tətbiq edilməli olan qanunvericilik normaları ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. -567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. -600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə həyata keçirməlidir. -442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. -445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. -448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. -600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onualqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. -462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. -465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Məhkəmə, yuxarıda qeyd olunan qanunvericiliyin tələblərini nəzərə alaraq hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası MPM-in 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə göstərilən qanunvericilik normaları və işin iddiaçının ərizəsində qeyd etdikləri ilə eyni məzmunda müəyyən etdiyi faktiki hallarına əsaslanaraq belə nəticəyə gəlir ki, cavabdeh xx.xx.2022-ci və xx.xx.2021-ci tarixli nisyə alğı-satqı müqavilələri üzrə iddiaçı qarşısında yaranmış öhdəliyini lazımınca icra etmədiyinə, o cümlədən icranı gecikdirdiyinə, beləliklə də iddia əsaslı olduğuna görə təmin edilməlidir. Məhkəmə şərh olunanlara və Azərbaycan Respublikası MPM-in 216-220, 222, 284- 1-284-6-cı maddələrini rəhbər tuturaq, qət etdi: İddia təmin edilsin. Cavabdeh xx.xx.2022-ci və xx.xx.2021-ci il tarixli nisyə alqı-satqı müqavilələri üzrə yaranmış 1022 manat əsas borc və ödənilmiş dövlət rüsumuna görə 31 manat məbləğində pul tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirilməklə Füzuli Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Səkinəxanım Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar