Azərbaycan Respublikası adından QƏTNAMƏ Füzuli rayonu İş № e-2(064)-366/2025 04.02.2025 FÜZULİ RAYON MƏHKƏMƏSİ Füzuli Rayon Məhkəməsinin hakimi Musayev Aqil Əlisa oğlunun sədrliyi ilə, iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında verdiyi “borcun ödənilməsi” barədə iddia tələbinə dair mülki işə Füzuli Rayon Məhkəməsinin inzibati binasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı "xxxx" MMC (bundan sonra - iddiaçı) Cavabdeh (bundan sonra - cavabdeh) qarşı kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında verdiyi iddia ərizəsində cavabdehdən aralarında bağlanmış 08 fevral 2019-cu il tarixli nisyə alğı-satqı müqaviləsi üzrə yaranmış 90 manat əsas və 27 manat cərimə borcu, X1 ödənilmiş rüsuma görə 23,6 manat, 14 may 2019-cu il tarixli nisyə alğı-satqı müqaviləsi üzrə yaranmış 152 manat əsas və 45,6 manat cərimə borcu, ödənilmiş dövlət rüsumuna görə 30 manat olmaqla, cəmi 368,2 manat məbləğində pulun tutulub iddiaçıya ödənilməsi barədə məhkəmə qətnaməsinin qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsində tələbini onunla əsaslandırmışdır ki, cavabdeh ona aralarında bağlanmış 08 fevral 2019-cu il tarixli nisyə alğı-satqı müqaviləsinə əsasən aldığı “X2 6 PRO” markalı mobil telefon üçün ödəniş cədvəli üzrə 12 ay müddətində hər ay 52 manat olmaqla, cəmi 624 manat, 14 may 2019-cu il tarixli nisyə alğı-satqı müqaviləsinə əsasən aldığı “Samsung Galaxy A20” markalı mobil telefon üçün ödəniş cədvəli üzrə 6 ay müddətində hər ay 67 manat olmaqla, cəmi 402 manat məbləğində pul ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh 14 may 2019-cu il tarixli müqavilə üzrə “Samsung Galaxy A20” markalı mobil telefondan 25 oktyabr 2010-cu il tarixdə imtina etmiş, həmin məhsulun dəyəri 250 manat məbləğində qiymətləndirilmiş və borcundan silinərək özünə qaytarılmışdır. Cavabdehin iddiaçıya ödədiyi məbləğ 08 fevral 2019-cu il tarixli müqavilə üzrə 534 manat, 14 may 2019-cu il tarixli müqavilə üzrə 250 manat olmaqla, cəmi 784 manat təşkil edir. Cavabdeh poçt vasitəsilə yazılı qaydada xəbərdarlıq göndərilməsinə baxmayaraq, həmin müqavilələr üzrə qalıq qalmış cəmi 242 manat məbləğində borcu qaytarmamaqla müqavilə öhdəliklərini yerinə yetirməmişdir. Buna görə də iddiaçı cavabdehə həmin müqavilələrə əsasən gecikdirilmiş borc məbləğinə görə müvafiq olaraq 27 manat və 45,6 manat olmaqla, cəmi 72,6 manat məbləğində cərimə hesablamışdır. Eyni zamanda, iddiaçı 08 fevral 2019-cu il tarixli müqaviləyə əsasən “X2 6 PRO” markalı mobil telefona aktiv və deaktiv edilməsi xidmətlərinin tətbiq edilməsinə görə X1 23,6 manat məbləğində pul ödəmişdir. Cavabdeh iddiaçıya müqavilə öhdəliyini yerinə yetirməməklə vurduğu maddi zərərə görə iddiaçının X1 ödədiyi 23,6 manat məbləğində pulu da ödəməlidir. Beləliklə, cavabdehin iddiaçıya olan borcu 08 fevral 2019-cu il tarixli müqavilə üzrə 90 manat əsas və 27 manat cərimə borcu, X1 ödənilmiş rüsuma görə 23,6 manat, 14 may 2019-cu il tarixli müqavilə üzrə 152 manat əsas və 45,6 manat cərimə borcu olmaqla, cəmi 338,2 manat təşkil edir. Bundan əlavə, iddiaçı iş üzrə dövlət büdcəsinə dövlət rüsumu kimi 30 manat məbləğində pul ödəmişdir. Məhkəmə mülki işə iddianın qiymətinin beş min manatdan az olması, prosessual hüquq və vəzifələri izah olunmuş cavabdehin iddia ərizəsinə etiraz verməməklə tələbi mübahisələndirməməsi, beləliklə də icraat dövründə Azərbaycan Respublikası MPM-in 284-5.4-cü maddəsində işə iddia icraatı qaydasında baxılması üçün nəzərdə tutulmuş hər hansı halın yaranmamasına görə həmin Məcəllənin 284-1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Tərəflər arasında bağlanmış 08 fevral 2019-cu il tarixli nisyə alğı-satqı müqaviləsinin: - 3.4-cü bəndinə əsasən müştəri müqavilənin şərt(lər)ini pozduğu, pul öhdəliyini lazımi qaydada icra etmədiyi hal(lar)da "xxxx" MMC malın istifadəsini mümkünsüz edə, o cümlədən cihazın İMEİ kodunu deaktiv olunması üsulu ilə əşyanın Azərbaycan Respublikasının rabitə şəbəkələrində istifadəsinə məhdudiyyət tətbiq edə bilər. - 3.5-ci bəndinə əsasən 3.4-cü bəndinin icrası ilə əlaqədar olaraq "xxxx" MMC əlavə ödənişlər tələb edə bilər. Məhkəmə həm yuxarıda göstərilənlərə, həm də iddia ərizəsinə əlavə edilmiş 08 fevral 2019 və 14 may 2019-cu il tarixli nisyə alğı-satqı müqavilələri, onlara edilmiş əlavələr və təhvil-təslim aktları, maliyyə və ödəniş cədvəli, iddiaçının cavabdehə göndərdiyi xəbərdarlıq, buna dair poçt qəbzi və iddiaçının dövlət rüsumunu ödəməsi barədə olan mədaxil qəbzi əsasında işin faktiki hallarının iddiaçının ərizəsində göstərdikləri ilə eyni məzmunda olduğunu (iddiaçının cavabdehə hesabladığı cərimə borclarının məbləği istisna olmaqla) müəyyən edir. Məhkəmə buna görə də işin müəyyən edilmiş faktiki hallarının məzmununu təkrarlamağa zərurət görmür. Məhkəmə iddia tələbinin düzgün həll edilməsi məqsədilə, işin müəyyən edilmiş faktiki hallarına tətbiq edilməli olan qanunvericilik normaları ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. - 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə həyata keçirməlidir. - 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. - 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. - 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onun dəyərini alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə, satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. - 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. - 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. - 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Məhkəmə tərəflərin mənafelərini nəzərə alaraq hesab edir ki, iddiaçının cavabdehə müvafiq olaraq 08 fevral 2019 və 14 may 2019-cu il tarixli nisyə alğı-satqı müqavilələri üzrə hesabladığı 27 manat və 45,6 manat məbləğində dəbbə pullarının miqdarları cavabdehin iddiaçıya ödəmədiyi 90 manat və 152 manat əsas borc məbləğlərinə münasibətdə tənasübsüz surətdə yüksək olduğuna görə həmin əsas borc məbləğlərinin 10 faizinə qədər azaldılaraq 9 manat və 15,2 manat məbləğində müəyyən edilməlidir. Məhkəmə göstərilən qanunvericilik normaları və işin iddiaçının ərizəsində qeyd etdiyi ilə eyni məzmunda müəyyən etdiyi (iddiaçının cavabdehə hesabladığı cərimə borclarının məbləğləri istisna olmaqla) faktiki hallarına əsaslanaraq belə nəticəyə gəlir ki, cavabdeh 08 fevral 2019 və 14 may 2019-cu il tarixli nisyə alğı-satqı müqavilələri üzrə iddiaçı qarşısında yaranmış öhdəliklərini lazımınca icra etmədiyinə, o cümlədən icranı gecikdirdiyinə, beləliklə də, iddia qismən əsaslı olduğuna görə qismən təmin edilməlidir. Azərbaycan Respublikası MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən belə qənaətə gəlir ki, dövlət rüsumuna görə ödənilmiş 30 manat məbləğində məhkəmə xərcinin tələbin təmin edilmiş məbləğinə mütənasib olan 25,86 manat hissəsi (338,2 manat (iddia tələbi) : 289,8 manat (iddia tələbinin təmin olunmuş hissəsi) = 1,16; 30 manat : 1,16 = 25,86) cavabdehdən iddiaçının xeyrinə tutulmalı, qalan 4,14 manat hissəsi (30 – 25,86= 4,14) isə iddiaçıya aid olunmalıdır. Məhkəmə şərh olunanlara və Azərbaycan Respublikası MPM-in 216-220, 222, 284- 1-284-6-cı maddələrini rəhbər tuturaq, Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh 08 fevral 2019-cu il tarixli nisyə alğı-satqı müqaviləsi üzrə yaranmış 90 manat əsas və 9 manat cərimə borcu, X1 ödənilmiş rüsuma görə 23,6 manat, 14 may 2019-cu il tarixli nisyə alğı-satqı müqaviləsi üzrə yaranmış 152 manat əsas və 15,2 manat cərimə borcu, ödənilmiş dövlət rüsumuna görə 25,86 manat olmaqla, cəmi 315,66 manat məbləğində pul tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirilməklə Füzuli Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilmədiyi təqdirdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №e-2(064)-366/2025
Füzuli Rayon Məhkəməsi Qətnamə — İş №e-2(064)-366/2025
04.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver