Azərbaycan Respublikası adından QƏTNAMƏ Füzuli rayonu İş № e-2(064)-502/2025 27.02.2025 FÜZULİ RAYON MƏHKƏMƏSİ Füzuli Rayon Məhkəməsinin hakimi Musayev Aqil Əlisa oğlunun sədrliyi ilə, iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında verdiyi “borcun ödənilməsi” barədə iddia tələbinə dair mülki işə Füzuli Rayon Məhkəməsinin inzibati binasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı "xxxx" MMC (bundan sonra - iddiaçı) Cavabdeh (bundan sonra - cavabdeh) qarşı kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında verdiyi iddia ərizəsində cavabdehdən aralarında bağlanmış 11 dekabr 2022-ci il tarixli nisyə alğı-satqı müqaviləsi üzrə yaranmış 317,5 manat əsas və 95,25 manat cərimə borcu, X1 ödənilmiş rüsuma görə 23,6 manat, 08 noyabr 2023-cü il tarixli nisyə alğı-satqı müqaviləsi üzrə yaranmış 1023,4 manat əsas və 307,02 manat cərimə borcu, X1 ödənilmiş rüsuma görə 23,6 manat, ödənilmiş dövlət rüsumuna görə 37,91 manat olmaqla, cəmi 1828,28 manat məbləğində pulun tutulub iddiaçıya ödənilməsi barədə məhkəmə qətnaməsinin qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsində tələbini onunla əsaslandırmışdır ki, cavabdeh ona aralarında bağlanmış 11 dekabr 2022-ci il tarixli nisyə alğı-satqı müqaviləsinə əsasən aldığı “X2 11” markalı mobil telefon üçün ödəniş cədvəli üzrə 18 ay müddətində cəmi 714,96 manat, 08 noyabr 2023-cü il tarixli nisyə alğı-satqı müqaviləsinə əsasən aldığı “Xiaomi 13 Lite” markalı mobil telefon üçün ödəniş cədvəli üzrə 18 ay müddətində cəmi 1424 manat məbləğində pul ödəməyi öhdəsinə götürmüşdür. Cavabdehin hər iki müqavilə üzrə iddiaçıya ödədiyi məbləğ 798,06 manat təşkil edir. Cavabdeh poçt vasitəsilə yazılı qaydada xəbərdarlıq göndərilməsinə baxmayaraq, həmin müqavilələr üzrə qalıq qalmış cəmi 1340,9 manat məbləğində borcu qaytarmamaqla müqavilə öhdəliklərini yerinə yetirməmişdir. Buna görə də iddiaçı cavabdehə həmin müqavilələrə əsasən gecikdirilmiş borc məbləğinə görə müvafiq olaraq 307,02 manat və 95,25 manat olmaqla, cəmi 402,27 manat məbləğində cərimə hesablamışdır. Eyni zamanda, iddiaçı 11 dekabr 2022 və 08 noyabr 2023-cü il tarixli müqavilələrə əsasən “X2 11” və “Xiaomi 13 Lite” markalı mobil telefonlara aktiv və deaktiv edilməsi xidmətlərinin tətbiq edilməsinə görə X1 ayrı-ayrılıqda 23,6 manat olmaqla, cəmi 47,2 manat məbləğində pul ödəmişdir. Cavabdeh iddiaçıya müqavilə öhdəliklərini yerinə yetirməməklə vurduğu maddi zərərə görə iddiaçının X1 ödədiyi cəmi 47,2 manat məbləğində pulu da ödəməlidir. Beləliklə, cavabdehin iddiaçıya olan borcu 11 dekabr 2022-ci il tarixli müqavilə üzrə 317,5 manat əsas və 95,25 manat cərimə borcu, X1 ödənilmiş rüsuma görə 23,6 manat, 08 noyabr 2023-cü il tarixli müqavilə üzrə 1023,4 manat əsas və 307,02 manat cərimə borcu, X1 ödənilmiş rüsuma görə 23,6 manat olmaqla, cəmi 1790,37 manat təşkil edir. Bundan əlavə, iddiaçı iş üzrə dövlət büdcəsinə dövlət rüsumu kimi 37,91 manat məbləğində pul ödəmişdir. Məhkəmə mülki işə iddianın qiymətinin beş min manatdan az olması, prosessual hüquq və vəzifələri izah olunmuş cavabdehin iddia ərizəsinə etiraz verməməklə tələbi mübahisələndirməməsi, beləliklə də icraat dövründə Azərbaycan Respublikası MPM-in 284-5.4-cü maddəsində işə iddia icraatı qaydasında baxılması üçün nəzərdə tutulmuş hər hansı halın yaranmamasına görə həmin Məcəllənin 284-1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Tərəflər arasında bağlanmış 11 dekabr 2022 və 08 noyabr 2023-cü il tarixli nisyə alğı-satqı müqavilələrinin: - 3.4-cü bəndinə əsasən müştəri müqavilənin şərt(lər)ini pozduğu, pul öhdəliyini lazımi qaydada icra etmədiyi hal(lar)da "xxxx" MMC malın istifadəsini mümkünsüz edə, o cümlədən cihazın İMEİ kodunu deaktiv olunması üsulu ilə əşyanın Azərbaycan Respublikasının rabitə şəbəkələrində istifadəsinə məhdudiyyət tətbiq edə bilər. - 3.5-ci bəndinə əsasən 3.4-cü bəndinin icrası ilə əlaqədar olaraq "xxxx" MMC əlavə ödənişlər tələb edə bilər. Məhkəmə həm yuxarıda göstərilənlərə, həm də iddia ərizəsinə əlavə edilmiş 11 dekabr 2022 və 08 noyabr 2023-cü il tarixli nisyə alğı-satqı müqavilələri, onlara edilmiş əlavələr və təhvil-təslim aktları, maliyyə və ödəniş cədvəli, iddiaçının cavabdehə göndərdiyi xəbərdarlıq, buna dair poçt qəbzi və iddiaçının dövlət rüsumunu ödəməsi barədə olan mədaxil qəbzi əsasında işin faktiki hallarının iddiaçının ərizəsində göstərdikləri ilə eyni məzmunda olduğunu (iddiaçının cavabdehə hesabladığı cərimə borclarının məbləği istisna olmaqla) müəyyən edir. Məhkəmə buna görə də işin müəyyən edilmiş faktiki hallarının məzmununu təkrarlamağa zərurət görmür. Məhkəmə iddia tələbinin düzgün həll edilməsi məqsədilə, işin müəyyən edilmiş faktiki hallarına tətbiq edilməli olan qanunvericilik normaları ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. - 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə həyata keçirməlidir. - 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. - 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. - 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onun dəyərini alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə, satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. - 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. - 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. - 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Məhkəmə tərəflərin mənafelərini nəzərə alaraq hesab edir ki, iddiaçının cavabdehə müvafiq olaraq 11 dekabr 2022 və 08 noyabr 2023-cü il tarixli nisyə alğı-satqı müqavilələri üzrə hesabladığı 95,25 manat və 307,02 manat məbləğində dəbbə pullarının miqdarları cavabdehin iddiaçıya ödəmədiyi 317,5 manat və 1023,4 manat əsas borc məbləğlərinə münasibətdə tənasübsüz surətdə yüksək olduğuna görə həmin əsas borc məbləğlərinin 10 faizinə qədər azaldılaraq 31,75 manat və 102,34 manat məbləğində müəyyən edilməlidir. Məhkəmə göstərilən qanunvericilik normaları və işin iddiaçının ərizəsində qeyd etdiyi ilə eyni məzmunda müəyyən etdiyi (iddiaçının cavabdehə hesabladığı cərimə borclarının məbləğləri istisna olmaqla) faktiki hallarına əsaslanaraq belə nəticəyə gəlir ki, cavabdeh 11 dekabr 2022 və 08 noyabr 2023-cü il tarixli nisyə alğı-satqı müqavilələri üzrə iddiaçı qarşısında yaranmış öhdəliklərini lazımınca icra etmədiyinə, o cümlədən icranı gecikdirdiyinə, beləliklə də, iddia qismən əsaslı olduğuna görə qismən təmin edilməlidir. Azərbaycan Respublikası MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən belə qənaətə gəlir ki, dövlət rüsumuna görə ödənilmiş 37,91 manat məbləğində məhkəmə xərcinin tələbin təmin edilmiş məbləğinə mütənasib olan 32,40 manat hissəsi (1790,37 manat (iddia tələbi) : 1522,19 manat (iddia tələbinin təmin olunmuş hissəsi) = 1,17; 37,91 manat : 1,17 = 32,40) cavabdehdən iddiaçının xeyrinə tutulmalı, qalan 5,51 manat hissəsi (37,91 – 32,40= 5,51) isə iddiaçıya aid olunmalıdır. Məhkəmə şərh olunanlara və Azərbaycan Respublikası MPM-in 216-220, 222, 284- 1-284-6-cı maddələrini rəhbər tuturaq, Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh 11 dekabr 2022-ci il tarixli nisyə alğı-satqı müqaviləsi üzrə yaranmış 317,5 manat əsas və 31,75 manat cərimə borcu, X1 ödənilmiş rüsuma görə 23,6 manat, 08 noyabr 2023-cü il tarixli nisyə alğı-satqı müqaviləsi üzrə yaranmış 1023,4 manat əsas və 102,34 manat cərimə borcu, X1 ödənilmiş rüsuma görə 23,6 manat, ödənilmiş dövlət rüsumuna görə 32,40 manat olmaqla, cəmi 1554,59 manat məbləğində pul tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirilməklə Füzuli Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilmədiyi təqdirdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Aqil Musayev
Məhkəmə qərarları › İş №e-2(064)-502/2025
Füzuli Rayon Məhkəməsi Qətnamə — İş №e-2(064)-502/2025
27.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver