Məhkəmə qərarları › İş №e-2(064)-509/2024

Füzuli Rayon Məhkəməsi Qətnamə — İş №e-2(064)-509/2024

14.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Füzuli rayonu İş № e-2(064)-509/2024 14.05.2024 FÜZULİ RAYON MƏHKƏMƏSİ Füzuli Rayon Məhkəməsinin hakimi Musayev Aqil Əlisa oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1 iştirakı ilə, iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair mülki işə Füzuli Rayon Məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı "xxxx" MMC (bundan sonra - iddiaçı) Cavabdeh (bundan sonra - cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən aralarında bağlanmış 23 may 2022-ci il tarixli nisyə alğı-satqı müqaviləsi üzrə yaranmış 242,85 manat əsas və 24,15 manat cərimə borcu, 27 may 2022-ci il tarixli nisyə alğı-satqı müqaviləsi üzrə yaranmış 574,81 manat əsas və 57,19 manat cərimə borcu, 25 sentyabr 2022-ci il tarixli nisyə alğı-satqı müqaviləsi üzrə yaranmış 448,59 manat əsas və 44,41 manat cərimə borcu, ödənilmiş dövlət rüsumuna görə 33,92 manat olmaqla, cəmi 1425,92 manat məbləğində pulun tutulub ona ödənilməsi barədə məhkəmə qətnaməsinin qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsində tələbini onunla əsaslandırmışdır ki, cavabdeh ona aralarında bağlanmış 23 may 2022-ci il tarixli nisyə alğı-satqı müqaviləsinə əsasən təhvil aldığı “Apple İMAC” markalı kompyuter üçün ödəniş cədvəli üzrə 6 ay müddətində hər ay 247,77 manat, 1906,37 manat ilkin ödəniş olmaqla, cəmi 3392,99 manat, 27 may 2022-ci il tarixli nisyə alğı-satqı müqaviləsinə əsasən təhvil aldığı “Apple watch 7 41mm” markalı saat üçün ödəniş cədvəli üzrə 12 ay müddətində hər ay 95,88 manat, 26,4 manat ilkin ödəniş olmaqla, cəmi 1176,96 manat və 25 sentyabr 2022-ci il tarixli nisyə alğı-satqı müqaviləsinə əsasən təhvil aldığı “Samsung Galaxy A32” markalı telefon üçün ödəniş cədvəli üzrə 18 ay müddətində hər ay 40,67 manat olmaqla, cəmi 732,06 manat məbləğində pul ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh həmin müqavilələr üzrə iddiaçıya cəmi 4035,76 manat məbləğində ödəniş etmiş, iddiaçının poçt vasitəsilə yazılı qaydada xəbərdarlıq göndərməsinə baxmayaraq, qalıq qalmış 1266,25 manat məbləğində borcu qaytarmamaqla müqavilə öhdəlklərini yerinə yetirməmişdir. Buna görə də iddiaçı cavabdehə həmin müqavilələrin əlavəsinə əsasən gecikdirilmiş borc məbləğlərinə görə cəmi 125,75 manat məbləğində cərimə hesablamışdır. Beləliklə, cavabdehin iddiaçıya olan borcu 23 may 2022-ci il tarixli nisyə alğı-satqı müqaviləsi üzrə 242,85 manat əsas və 24,15 manat cərimə borcu, 27 may 2022-ci il tarixli nisyə alğı-satqı müqaviləsi üzrə 574,81 manat əsas və 57,19 manat cərimə borcu və 25 sentyabr 2022-ci il tarixli nisyə alğı-satqı müqaviləsi üzrə 448,59 manat əsas və 44.41 manat cərimə borcu olmaqla, cəmi 1392 manat təşkil edir. Bundan əlavə, iddiaçı iş üzrə dövlət büdcəsinə dövlət rüsumu kimi 33,92 manat məbləğində pul ödəmişdir. İddiaçı iddia ərizəsini kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında vermiş, cavabdeh iddia tələbinə yazılı qaydada etiraz verməklə, işə iddia icraatı qaydasında baxılmasını xahiş etdiyinə görə məhkəmənin 11 mart 2024-cü il tarixli qərardadı ilə işə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. İddiaçı məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılsa da, nümayəndəsi məhkəmə iclaslarına gəlməmiş, məhkəməyə ünvanladığı ərizəsində iş üzrə məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılsa da, məhkəmə iclasına gəlməmiş, məhkəməyə göndərdiyi 13 may 2024-cü il tarixli ərizəsində iddia tələbini iddiaçı ilə bağladığı hər üç müqavilə üzrə əsas borclara dair hissələrdə qəbul etdiyini, faiz və cərimə borclarına dair hissələrdə isə qəbul etmədiyini göstərmişdir. Məhkəmə göstərilənlərə əsasən Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-in: - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. - 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə iddiaçının iddia ərizəsinə əlavə etdiyi 23 may 2022, 27 may 2022 və 25 sentyabr 2022-ci il tarixli nisyə alğı-satqı müqavilələri, onlara edilmiş əlavələr və təhviltəslim aktları, maliyyə və ödəniş cədvəli, iddiaçının cavabdehə göndərdiyi xəbərdarlıq və dövlət rüsumunu ödəməsi barədə olan mədaxil qəbzi, eləcə də cavabdehin iddia tələbini iddiaçı ilə bağladığı hər üç müqavilə üzrə əsas borclara dair hissələrdə etiraf etməsi əsasında işin faktiki hallarının iddiaçının iddia ərizəsində göstərdikləri ilə eyni məzmunda olduğunu müəyyən edir. Məhkəmə buna görə də işin müəyyən edilmiş faktiki hallarının məzmununu təkrarlamağa zərurət görmür. Cavabdeh iddianı iddiaçı ilə arasında bağlanmış 23 may 2022-ci, 27 may 2022-ci və 25 sentyabr 2022-ci il tarixli nisyə alğı-satqı müqavilələri üzrə faiz və cərimə borclarına dair hissələrdə qəbul etmədiyini göstərsə də, Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsində təsbit edilmiş sübutetmə vəzifəsinə uyğun olaraq, etirazına dair hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Buna görə də məhkəmə cavabdehin iddia tələbinə verdiyi etirazı əsassız hesab edir. Məhkəmə işin müəyyən edilmiş faktiki hallarına tətbiq edilməli olan qanunvericilik normaları ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. - 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə həyata keçirməlidir. - 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. - 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. - 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onun dəyərini alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə, satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. - 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. - 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Məhkəmə göstərilən qanunvericilik normaları və işin iddiaçının ərizəsində qeyd etdikləri ilə eyni məzmunda müəyyən etdiyi faktiki hallarına əsaslanaraq belə nəticəyə gəlir ki, cavabdeh 23 may 2022-ci, 27 may 2022-ci və 25 sentyabr 2022-ci il tarixli nisyə alğısatqı müqavilələri üzrə iddiaçı qarşısında yaranmış öhdəliklərini lazımınca icra etmədiyinə, o cümlədən icranı gecikdirdiyinə, beləliklə də iddia əsaslı olduğuna görə təmin edilməlidir. Məhkəmə şərh olunanlara və Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 88, 216- 220, 222, 227, 233, 234, 360-cı maddələrini rəhbər tutaraq, Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh 23 may 2022-ci il tarixli nisyə alğı-satqı müqaviləsi üzrə yaranmış 242,85 manat əsas və 24,15 manat cərimə borcu, 27 may 2022-ci il tarixli nisyə alğı-satqı müqaviləsi üzrə yaranmış 574,81 manat əsas və 57,19 manat cərimə borcu, 25 sentyabr 2022-ci il tarixli nisyə alğı-satqı müqaviləsi üzrə yaranmış 448,59 manat əsas və 44,41 manat cərimə borcu, ödənilmiş dövlət rüsumuna görə 33,92 manat olmaqla, cəmi 1425,92 manat məbləğində pul tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirilməklə Füzuli Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilmədiyi təqdirdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar