Məhkəmə qərarları › İş №e-2(064)-561/2024

Füzuli Rayon Məhkəməsi Qətnamə — İş №e-2(064)-561/2024

22.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Füzuli rayonu İş № e-2(064)-561/2024 22.07.2024 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim İsmayılov Elmir Akif oğlunun sədrliyi, Hüseynzadə Fərid Səid oğlunun katibliyi ilə, iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair mülki işə Füzuli Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2022-ci il tarixli, 303107 saylı müqavilə üzrə 150 manat əsas, 197 manat cərimə; xx.xx.2022-ci il tarixli, 303108 saylı müqavilə üzrə 290 manat əsas, 182 manat cərimə olmaqla, ümumilikdə 819 manat və ödənilmiş dövlət rüsumuna görə 30 manat məbləğində pulun Cavabdeh alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh iddiaçı "xxxx" MMC ilə bağladığı xx.xx.2022-ci il tarixli, 303107 saylı müqaviləyə əsasən, cavabdeh aldığı üçlü tava dəstinə görə 11 ay ödəniş cədvəli üzrə hər ay 20 manat (10 manat ilkin ödəniş) olmaqla cəmi 230 manat; xx.xx.2022-ci il tarixli, 303108 saylı müqaviləyə əsasən 40 sm və 32 sm boz keramik tavalara görə 12 ay ödəniş cədvəli üzrə hər ay 25 manat (20 manat ilkin ödəniş) olmaqla cəmi 320 manat ödəməyi öhdəsinə götürmüşdür. Lakin üzərinə götürdüyü öhdəlikləri lazımınca icra etməmiş və ümumilikdə iddiaçıya 819 manat borcu yaranmışdır. Məhkəmə iclasında: İddiaçı "xxxx" MMC-nin nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq işə onların iştirakları olmadan baxılmasını və iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən cavabdehin məhkəmə iclasına gəlməməsini üzrsüz hesab edir və işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edilir ki: - cavabdeh iddiaçıdan dəyərini hissə-hissə ödəmək şərti ilə üçlü tava dəsti almışdır (xx.xx.2022-ci il tarixli, 303107 nömrəli alğı-satqı müqaviləsinin surəti əsasında); - cavabdeh iddiaçıdan dəyərini hissə-hissə ödəmək şərti ilə 40 sm və 32 sm boz keramik tavalar almışdır (xx.xx.2022-ci il tarixli, 303108 nömrəli alğı-satqı müqaviləsinin surəti əsasında); - cavabdehin ümumilikdə iddiaçıya 819 manat borcu yaranmışdır (xx.xx.2024-cü il tarixli maliyyə arayışının surəti əsasında). Belə olan halda iddiaçı haqlı olaraq məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən, bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 567-ci maddəsində qeyd olunur ki, alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsində göstərilir ki, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Məhkəmə iddia ərizəsini nəzərdən keçirərək və iş üzrə sənədləri araşdıraraq hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, məhkəmə tərəflərin mənafelərini nəzərə alaraq, tənəsübsüz sürətdə yüksək olan dəbbə pulunun miqdarının azaldılmasını məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinin tələbinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Odur ki, məhkəmə belə hesab edir ki, iddiaçının xx.xx.2022-ci il tarixli, 303107 saylı müqavilə üzrə tələb etdiyi 197 manat cərimə borcu 150 manat əsas borca münasibətdə tənasübsüz surətdə yüksək olduğu üçün azaldılmalı və 15 manat məbləğində; xx.xx.2022ci il tarixli, 303108 saylı müqavilə üzrə tələb etdiyi 182 manat cərimə borcu 290 manat əsas borca münasibətdə tənasübsüz surətdə yüksək olduğu üçün azaldılmalı və 29 manat məbləğində müəyyən edilməlidir. Odur ki, məhkəmə tədqiq olunmuş sübutlara tam, hərtərəfli, obyektiv və məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Azərbaycan Respublikası MPM-in: - 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. - 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarından görünür ki, hazırki iş üzrə məhkəmə xərci iddiaçının dövlət rüsumuna görə ödədiyi 30 manatdan ibarətdir. İddiaçının tələbi məhkəmə tərəfindən qismən təmin edildiyi üçün, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumunun 12,28 manatı iddiaçıya, 17,72 manatı cavabdehə aid edilməlidir. Odur ki, məhkəmə yuxarıda göstərilənlərə əsasən və AR MPM-in 216-232, 284-1- 284-6-cı maddələrini rəhbər tutaraq QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh iddiaçı "xxxx" MMC-nin xeyrinə xx.xx.2022-ci il tarixli, 303107 saylı müqavilə üzrə 150 manat əsas, 15 manat cərimə; xx.xx.2022-ci il tarixli, 303108 saylı müqavilə üzrə 290 manat əsas, 29 manat cərimə olmaqla, ümumilikdə, 484 manat və ödənilmiş dövlət rüsumuna görə 17,72 manat məbləğində pul tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra 01 (bir) ay müddətində Füzuli Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilmədiyi təqdirdə qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elmir İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar