Məhkəmə qərarları › İş №e-2(064)-567/2024

Füzuli Rayon Məhkəməsi Qətnamə — İş №e-2(064)-567/2024

12.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Füzuli rayonu İş № e-2(064)-567/2024 12.03.2024 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim İsmayılov Elmir Akif oğlunun sədrliyi ilə, iddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı subroqasiya hüququ əsasında vurulmuş zərərin ödənilməsi barədə verdiyi tələbinə dair mülki işə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı "xxxx" ASC (bundan sonra - iddiaçı) Cavabdeh (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən subroqasiya hüququ əsasında vurulmuş zərərə görə 100 manat və ödənilmiş dövlət rüsumuna görə 30 manat məbləğində pulun tutulub ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, “TOYOTA LAND-CRUİSER PRADO” markalı **-GK-*** dövlət qeydiyyat nişanlı avtomobil iddiaçı tərəfindən xx.xx.2021-ci il tarixli PXA ********** saylı icbari sığorta şəhadətnaməsi ilə sığortalanmışdır. xx.xx.2021-ci il tarixdə Bakı şəhəri, Nərimanov rayonu,V.Əmirsayadov küçəsində Cavabdeh idarə etdiyi “TOYOTA LAND-CRUİSER PRADO” markalı **-GK-*** dövlət qeydiyyat nişanlı avtomobil “OPEL ASTRA” markalı **-OK-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, nəticədə sonuncuya 100 manat məbləğində maddi ziyan dəymişdir. Nərimanov DYPŞ-nin xx.xx.2021-ci il tarixli TP ******* saylı inzibati xəta haqqında protokoldan da görünür ki, Cavabdeh İXM-nin 327.6-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmişdir. İddiaçı xx.xx.2021-ci il tarixli qiymətləndirmə aktına əsasən həmin hadisə zamanı sonuncu avtomobilin zədələnməsi nəticəsində zərərçəkmiş şəxs X1 vurulmuş maddi ziyana görə 100 manat məbləğində pul ödəmişdir. Buna görə də iddiaçının cavabdehə qarşı subroqasiya hüququ yaranmışdır. Məhkəmə hazırki iddianın qiymətinin beş min manatdan az olmasını nəzərə alaraq mülki işə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Məhkəmə cavabdehə qanunla müəyyən olunmuş qaydada prosessual hüquq və vəzifələrinin izah olunduğunu, iddiaya qarşı etirazının olmamasını və iddia tələbinin kiçik iddialar kateqoriyasına aid edilməklə yanaşı mübahisə doğurmayan tələb olduğunu nəzərə alaraq hesab edir ki, mülki işin iddia icraatına keçirilməklə iş üzrə əlavə araşdırma aparılmasına, ekspertiza təyin olunmasına və ya tərəflərin məhkəməyə çağırılmaqla dinlənilmələrinə lüzum yoxdur, mülki işin prosessual vəziyyəti işə sadələşdirilmiş icraat qaydasında baxılmasına mane olmur. Məhkəmə iddia ərizəsinə əlavə edilmiş aşağıda göstərilən sənədlərin surətləri əsasında müəyyən etmişdir ki: - sığortalı Cavabdeh mülkiyyətində olan “TOYOTA LAND-CRUİSER PRADO” markalı **-GK-*** dövlət qeydiyyat nişanlı avtomobil sığortaçı iddiaçı tərəfindən xx.xx.2021-ci il tarixindən xx.xx.2022-ci il tarixədək icbari sığorta növündə sığortalanmışdır (xx.xx.2021-ci il tarixli, PXA ********** nömrəli “İcbari sığorta müqaviləsinə dair məlumat”ın surətinə əsasən); - cavabdeh İXM-nin 327.6-cı maddəsi (Yol hərəkəti qaydalarını pozan nəqliyyat vasitəsi sürücüsünün yol nəqliyyat hadisəsi yerindən yayınması) ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmişdir (Nərimanov DYPŞ-nin xx.xx.2021-ci il tarixli TP ******* nömrəli inzibati xəta haqqında protokolunun surətinə əsasən); - göstərilən inzibati xəta “OPEL ASTRA” markalı **-OK-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir edilməsi ilə bağlı çəkilən xərc cəmi 100 manat təşkil etmişdir ("xxxx" MMC tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 1972 nömrəli qiymətləndirmə aktının surətinə əsasən); - sığortaçı iddiaçı göstərilən inzibati xəta nəticəsində vurulmuş maddi zərərin aradan qaldırılması üçün “OPEL ASTRA” markalı **-OK-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi X1 xx.xx.2021-ci il tarixdə 100 manat məbləğində pul ödəmişdir (PXA 90151 nömrəli sığorta aktı, “Sığorta ödənişinin alınması üçün plastik ödəmə kartının təhvil-təslim aktı” və “Cari hesabdan çıxarış”ın surətlərinə əsasən). Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 63.1-ci maddəsinə əsasən, bu Qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla, avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Bununla yanaşı, AR MPM-in 107-ci və 119.1-ci maddələrinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də, məhkəmə ödənilmiş 30 manat dövlət rüsumunun da cavabdehdən tutulmasını əsaslı hesab edir. Məhkəmə göstərilən sənədlər və qanunvericilik normalarına əsaslanaraq hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 216-220, 222, 227, 233, 284-1-284-6, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh ödənilmiş sığorta ödənişə görə 100 manat və dövlət rüsumuna görə 30 manat məbləğində pul tutulub iddiaçı "xxxx" ASC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Füzuli Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Şirvan Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilmədiyi təqdirdə qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elmir İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar