Azərbaycan Respublikası adından QƏTNAMƏ Füzuli rayonu İş № e-2(064)-599/2024 22.04.2024 FÜZULİ RAYON MƏHKƏMƏSİ Füzuli Rayon Məhkəməsinin hakimi Musayev Aqil Əlisa oğlunun sədrliyi ilə, İddiaçı Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair mülki işə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında Füzuli Rayon Məhkəməsinin binasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı (bundan sonra - iddiaçı) Cavabdeh (bundan sonra - cavabdeh) qarşı kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında verdiyi iddia ərizəsində cavabdehdən aralarında bağlanmış 25 oktyabr 2019-cu il tarixli nisyə alğı-satqı müqaviləsi üzrə yaranmış 466 manat əsas və 140 manat dəbbə pulu, 08 yanvar 2020-ci il tarixli nisyə alğısatqı müqaviləsi üzrə yaranmış 735 manat əsas və 220 manat dəbbə pulu, 11 mart 2020ci il tarixli nisyə alğı-satqı müqaviləsi üzrə yaranmış 306 manat əsas və 92 manat dəbbə pulu, ödənilmiş dövlət rüsumuna görə 40 manat olmaqla, cəmi 1999 manat məbləğində pulun tutulub iddiaçıya ödənilməsi barədə məhkəmə qətnaməsinin qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsində tələbini onunla əsaslandırmışdır ki, cavabdeh aralarında bağlanmış 25 oktyabr 2019-cu il tarixli nisyə alğı-satqı müqaviləsinə əsasən ona məxsus olan mağazadan aldığı “Samsung Galaxy A30S” markalı telefonun dəyərini təşkil edən 748 manat məbləğində pulu ona ödəniş cədvəli üzrə 12 ay müddətində hər ay 59 manat, 40 manat ilkin ödəniş olmaqla, hər ayın 24-dək, 08 yanvar 2020-ci il tarixli nisyə alğı-satqı müqaviləsinə əsasən ona məxsus olan mağazadan aldığı 1 ədəd “Riffel” markalı televizor və 1 ədəd “Evms” markalı çaydannın dəyərini təşkil edən 870 manat məbləğində pulu ona ödəniş cədvəli üzrə 24 ay müddətində hər ay 35 manat, 30 manat ilkin ödəniş olmaqla, hər ayın 7-dək və 11 mart 2020-ci il tarixli nisyə alğı-satqı müqaviləsinə əsasən ona məxsus olan mağazadan aldığı 1 ədəd “Samsung Galaxy A10” markalı telefonun dəyərini təşkil edən 366 manat məbləğində pulu ona ödəniş cədvəli üzrə 12 ay müddətində hər ay 28 manat, 30 manat ilkin ödəniş olmaqla, hər ayın 10-dək ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh ona sonuncu dəfə 25 oktyabr 2019-cu il tarixli müqavilə üzrə 27 mart 2021-ci il tarixdə 6 manat, 08 yanvar 2020-ci il tarixli müqavilə üzrə 17 iyun 2021-ci il tarixdə 10 manat və 11 mart 2020-ci il tarixli müqavilə üzrə 17 iyun 2021-ci il tarixdə 5 manat pul ödəsə də, yazılı qaydada xəbərdarlıq etməsinə baxmayaraq, 25 oktyabr 2019-cu il tarixli müqavilə üzrə 466 manat əsas, 140 manat cərimə borcu, 08 yanvar 2020-ci il tarixli müqaviləsi üzrə 735 manat əsas və 220 manat cərimə borcu və 11 mart 2020-ci il tarixli müqaviləsi üzrə 306 manat əsas və 92 manat cərimə borcu olmaqla, ümumilikdə 1959 manat borcunu ödəməmişdir. Bundan əlavə, iddiaçı dövlət rüsumuna görə 40 manat məbləğində pul ödəmişdir. Məhkəmə mülki işə iddianın qiymətinin beş min manatdan az olması, prosessual hüquq və vəzifələri izah olunmuş cavabdehin iddia ərizəsinə etiraz verməməklə tələbi mübahisələndirməməsi, beləliklə də icraat dövründə Azərbaycan Respublikası MPM-in 284-5.4-cü maddəsində işə iddia icraatı qaydasında baxılması üçün nəzərdə tutulmuş hər hansı halın yaranmamasına görə həmin Məcəllənin 284-1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsinə əlavə edilmiş 25 oktyabr 2019-cu, 08 yanvar 2020-ci və 11 mart 2020-ci il tarixli nisyə alğı-satqı müqavilələri, onlara əlavə edilmiş ödəniş cədvəlləri və qaimələr, maliyyə arayışı və iddiaçının dövlət rüsumunu ödəməsi barədə olan mədaxil qəbzi əsasında işin faktiki hallarının iddiaçının ərizəsində göstərdikləri ilə eyni məzmunda olduğunu müəyyən edir. Məhkəmə buna görə də işin müəyyən edilmiş faktiki hallarının məzmununu təkrarlamağa zərurət görmür. Məhkəmə iddia tələbinin düzgün həll edilməsi məqsədilə, işin müəyyən edilmiş faktiki hallarına tətbiq edilməli olan qanunvericilik normaları ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. - 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə həyata keçirməlidir. - 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. - 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. - 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onun dəyərini alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə, satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. - 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. - 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. - 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə tərəflərin mənafelərini nəzərə alaraq hesab edir ki, müvafiq olaraq 25 oktyabr 2019-cu, 08 yanvar 2020-ci və 11 mart 2020-ci il tarixli nisyə alğı-satqı müqavilələri üzrə iddiaçının cavabdehə hesabladığı 140 manat, 220 manat və 92 manat məbləğində dəbbə pulu miqdarları cavabdehin iddiaçıya ödəmədiyi 466 manat, 735 manat və 306 manat əsas borc məbləğlərinə münasibətdə tənasübsüz surətdə yüksək olduğuna görə cavabdehin iddiaçıya ödəmədiyi əsas borc məbləğlərinin 10 faizinə qədər azaldılıb 46,6 manat, 73,5 manat və 30,6 manat məbləğində müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən belə qənaətə gəlir ki, 40 manat məbləğində məhkəmə xərcinin tələbin təmin edilmiş məbləğinə mütənasib olan 33,89 manat hissəsi (1959 manat (iddia tələbi) : 1657,7 manat (iddia tələbinin təmin olunmuş hissəsi) = 1,18; 40 manat : 1,18 = 33,89) cavabdehdən iddiaçının xeyrinə tutulmalı, qalan 6,11 manat hissəsi (40 – 33,89 = 6,11) isə iddiaçıya aid olunmalıdır. Məhkəmə göstərilən qanunvericilik normaları və işin iddiaçının ərizəsində qeyd etdikləri ilə eyni məzmunda müəyyən etdiyi (iddiaçının 25 oktyabr 2019-cu, 08 yanvar 2020-ci və 11 mart 2020-ci il tarixli nisyə alğı-satqı müqavilələri üzrə cavabdehə hesabladığı cərimə borclarının məbləğləri istisna olmaqla) faktiki hallarına əsaslanaraq belə nəticəyə gəlir ki, cavabdeh həmin müqavilələr üzrə iddiaçı qarşısında yaranmış öhdəliklərini lazımınca icra etmədiyinə, o cümlədən icranı gecikdirdiyinə, beləliklə də iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Məhkəmə şərh olunanlara və Azərbaycan Respublikası MPM-in 216-220, 222, 284- 1-284-6-cı maddələrini rəhbər tuturaq, Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh 25 oktyabr 2019-cu il tarixli nisyə alğı-satqı müqaviləsi üzrə yaranmış 466 manat əsas və 46,6 manat dəbbə pulu, 08 yanvar 2020-ci il tarixli nisyə alğı-satqı müqaviləsi üzrə yaranmış 735 manat əsas və 73,5 manat dəbbə pulu, 11 mart 2020-ci il tarixli nisyə alğı-satqı müqaviləsi üzrə yaranmış 306 manat əsas və 30,6 manat dəbbə pulu, ödənilmiş dövlət rüsumuna görə 33,89 manat olmaqla, cəmi 1691,59 manat məbləğində pul tutulub İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Füzuli Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilmədiyi təqdirdə qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №e-2(064)-599/2024
Füzuli Rayon Məhkəməsi Qətnamə — İş №e-2(064)-599/2024
22.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver