Məhkəmə qərarları › İş №e-2(064)-622/2025

Füzuli Rayon Məhkəməsi Qətnamə — İş №e-2(064)-622/2025

10.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Füzuli rayonu İş № e-2(064)-622/2025 10.09.2025 FÜZULİ RAYON MƏHKƏMƏSİ Füzuli Rayon Məhkəməsinin hakimi Məmmədli Səkinəxanım Naib qızının sədrliyi, Məmmədli İqbal Sifayəddin oğlunun katibliyi, İddiaçının nümayəndəsi Vəkil ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “öhdəlik üzrə yaranmış borcun və vurulmuş maddi ziyanın ödənilməsi tələbi”nə dair iddiası üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddia tələbi: İddiaçı MMC Cavabdeh qarşı “öhdəlik üzrə yaranmış borcun və vurulmuş maddi ziyanın ödənilməsi tələbi”nə dair iddia ərizəsi ilə müraciət edərək Cavabdeh onun xeyrinə 4599 manat manat əsas borc, 920 manat cərimə borcu və real zərər olaraq avtomobilin təmir xərci 3796,46 manat, 300 manat vəkil orderinin məbləği olmaqla, cəmi 9615,46 manat pulun və 117 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbinin dəlilləri: İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC (“Satıcı”) və Cavabdeh (“Alıcı”) arasında cavabdehin şəxsi istifadəsi üçün avtomobilin alqı-satqısına dair xx.xx.2024-cü il tarixli, 094 saylı müqavilə imzalanmışdır. Müqaviləyə əsasən satıcı Leap Motor C11 markalı, buraxılış ili 2024 olan (VİN:LFZ63AL44RD137736), yeni və yürüşü 0 km olan avtonəqliyyat vasitəsi satıcı tərəfindən avtomobilin dəyəri tam ödənilənədək alıcının (iş üzrə cavabdeh) sahibliyi və istifadəsinə verilmişdir. Müqavilənin 2.1-ci bəndinə əsasən cavabdeh dəyəri 97970 (doxsan yeddi min doqquz yüz yetmiş) manat müəyyən edilən avtomobil üçün ilkin ödəniş 5990 manat etdikdən sonra qalıq borc sayılacaq 91980 (doxsan bir min doqquz yüz səksən) manat məbləği xx.xx.2024-cü il tarixindən etibarən 60 (altmış) ay müddətinə, ayda 1533 (bir min beş yüz otuz üç) manat olmaqla iddiaçıya ödəməyi öz öhdəsinə götürmüşdür. İddiaçı MMC tərəfindən müqavilə üzrə öhdəliklərinin tam şəkildə icra edilərək nəqliyyat vasitəsinin cavabdehə qüsursuz şəkildə təhvil verilməsinə baxmayaraq, Cavabdeh tərəfindən müqavilə üzrə ödəniş öhdəliklərini icra etməmiş, müqavilə bağlandıqdan və avtomobil ona təhvil verildikdən sonra heç bir ödəniş etməmiş, gecikmələr barədə iddiaçı tərəfindən cavabdehlə şifahi danışıqlar aparılmış, həmçinin cavabdehə öhdəliklərinin icra edilməsi ilə bağlı xx.xx.2024-cü il tarixində xəbərdarlıq məktubu göndərilmiş, lakin cavabdeh gecikdirilmiş öhdəliklərinin icrasından boyun qaçırmışdır. Öhdəliklərini icra etməməməsi səbəbindən cavabdehə Leap Motor C11 markalı, 77YN611 dövlət qeydiyyat nömrəli avtomobilin idarə edilməsinə dair etibarnamə verilməmiş və nəqliyyat vasitəsi xx.xx.2024-cü il tarixində rəsmi servis mərkəzinə gətirilmişdir və cavabdehdən avtomobilin təhvil-təslim alınması mümkün olmamışdır. Bununla bağlı Cavabdeh müqaviləni əhəmiyyətli dərəcədə pozması səbəbindən, yəni avtomobilin qanuni sahibliyinə geri qaytarıldığı tarixlə birlikdə üç aydan çox müddətdə, iddiaçıya ödəməli olduğu məbləği gecikdirdiyinə və ödənişləri etməkdən yayındığına görə iddiaçı tərəfindən xx.xx.2024-cü il tarixli məktubu ilə müqavilənin 3.2.6-cı bəndinə əsasən xx.xx.2024-cü il tarixli 094 saylı müqaviləyə birtərəfli qaydada xitam verilmişdir. Bildirir ki, avtomobil iddiaçıya geri qaytarıldıqdan sonra xx.xx.2024-cü il tarixində İddiaçı MMC-nin servis-təmir mərkəzində avtomobilə baxış keçirilmiş və baxışın nəticəsinə dair akt tərtib olunmuşdur. Həmin baxış əsasında (baxış aktına əsasən) avtomobilin müqavilədən əvvəlki vəziyyətinə qaytarılması və təkrar satışa çıxarılması üçün təmir xərci 3796,46 (üç min yeddi yüz doxsan altı manat qırx altı qəpik) manat müəyyən edilmiş və bununla da cavabdeh tərəfindən müqavilə üzrə öhdəliklərin icra edilməməsi nəticəsində İddiaçı MMCyə real zərər (delikt) dəymişdir. Eyni zamanda tərəflər arasında müqavilə imzalandığı tarixdən xx.xx.2024-cü il tarixindən avtomobilin geri götürüldüyü xx.xx.2024-cü il tarixədək cavabdeh tərəfindən heç bir ödəniş (3 ayın ödənişi - aprel, may, iyun ayları üçün) edilmədiyindən cavabdehin bağlanmış müqavilə üzrə icra edilməmiş öhdəliyi üzrə 4599 (dörd min beş yüz doxsan doqquz) manat məbləğində əsas borcu, həmçinin müqaviləyə əsasən ödənişlərin edilməməsi nəticəsində hesablanmış cərimələr də daxil olmaqla, borcun ödənilməsinin gecikdirildiyi günlər üçün avtomobilin geri qaytarıldığı günə qədər hesablanmış 920 (doqquz yüz iyirmi) manat məbləğində dəbbə pulu yaranmışdır. Beləliklə Cavabdeh tərəfindən müqavilə üzrə öhdəliklərini əhəmiyyəli dərəcədə pozması nəticəsində cavabdehin İddiaçı MMC qarşısında ümumilikdə 9315,46 (doqquz min üç yüz on beş manat qırx altı qəpik) manat miqdarında zərər və borc öhdəliyi yaranmışdır. Mübahisənin başqa həlli mövcud olmadığından hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Tərəflərin izahatları: Məhkəmə iclasında iştirak etmiş İddiaçı MMC-nin nümayəndəsi Vəkil iddianı müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barəsində lazımi qaydada məlumatlandırılmasına baxmayaraq (hazırda saxlanıldığı Bakı İstintaq Təcridxanasına da ona təqdim edilməsi üçün iddia ərizəsi, məhkəmə iclasının bildirişləri və digər sənədlər göndərilmiş, cavabdehin həmin sənədləri alması barədə qəbz məhkəməyə daxil olmuşdur) cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə xatırladır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə görə, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməmənin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. İş materialları: - Nəqliyyat vasitəsinin alqı-satqısına dair xx.xx.2024-cü il tarixli, 094 nömrəli müqavilədən görünür ki, satıcı İddiaçı MMC Leap Motor C11 markalı, gümüşü metallik dam qara rəngli, buraxılış ili 2024-cü il olan (VİN:LFZ63AL44RD137736) avtomobili alıcı Cavabdeh satmağı, alıcı isə həmin avtomobilin razılaşdırılmış dəyəri olan 97970 (doxsan yeddi min doqquz yüz yetmiş) manat pul vəsaitini xx.xx.2024-c il tarixdən etibarən 60 ay müddətində aylıq 1533 manat olmaqla satıcıya ödəməyi öz öhdəsinə götürmüşdür. - İddiaçı arayışından görünür ki, “Nəqliyyat vasitəsinin alqı-satqı” müqaviləsi üzrə Cavabdeh tərəfindən müqavilə dövrü üzrə müəyyən ödənişlər həyata keçirilmişdir. xx.xx.2024-cü il tarixə olan borcu 4599 manat əsas borc və 920 manat cərimə borcu təşkil edir. -xx.xx.2024-cü il tarixli təhvil-təslim aktından görünür ki, iddiaçı tərəfindən Leap Motor C11 markalı, buraxılış ili 2024 olan (VİN:LFZ63AL44RD137736) avtomobil Cavabdeh saz vəziyyətdə təhvil verilmişdir. - İddiaçı tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubundan görünür ki, ümumilikdə 4599 manat mövcud borc məbləğinin 7 gün ərzində ödənilməsi, əks təqdirdə müqaviləyə xitam verilməklə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. - İddiaçı tərəfindən Cavabdeh ünvanlanmış “Müqaviləyə xitam verilməsi” barədə xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubundan görünür ki, onun tərəfindən müqavilə öhdəliyi yerinə yetirilmədiyindən xx.xx.2024-cü il tarixli, 094 nömrəli “Nəqliyyat vasitəsinin alqı-satqı” müqaviləsinə xitam verilmişdir. -İddiaçı MMC tərəfindən verilmiş təmir aktından görünür ki, Leap Motor C11 markalı, buraxılış ili 2024 olan (VİN:LFZ63AL44RD137736) avtomobilin təmir xərci cəmi 3796 manat təşkil edir. -Füzuli Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı əsasında təyin edilmiş "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli, Uni/İ53-383/2025 saylı qiymətləndirmə rəyindən görünür ki, aparılmış hesablamalar və təhlillərə əsasən “Leap Motor C 11 ” minik markalı **-YN-*** dövlət qeydiyyat nişanlı avtomobilin dəyişdirilməli olan və təmir edilməli olan hissələri (detalları) və həmin hissələrə aid görüləcək işlərin (xidmətlərin) dəyəri 3610,00 manat təşkil edir. -xx.xx.2025-ci il tarixli, Uni/İ53-383/2025 saylı qiymətləndiricinin rəyindən görünür ki, xidmət haqqı 300 manat təşkil edir. - ödəniş qəbzindən görünür ki, vəkil tərəfindən hüquqi yadım göstərilməsi ilə əlaqədar xidmətə görə iddiaçı tərəfindən 320 manat məbləğində ödəniş edilmişdir. - xx.xx.2025-ci il tarixli ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəməyə müraciət etmək üçün 117 manat məbləğində dövlət rüsumu ödənilmişdir. İşin faktiki halları: İddiaçı ilə Cavabdeh arasında xx.xx.2024-cü il tarixli, 094 nömrəli “Nəqliyyat vasitəsinin alqı-satqı” müqaviləsinin bağlanması işin mübahisəsiz halıdır. Hazırda iddiaçıcavabdehin öz öhdəliyini lazımi qaydada yerinə yetirmədiyini qeyd edərək hazırki iddia tələbinin təmin edilməsini xahiş edir. Cavabdeh tərəffindən iddia tələbinə etiraz və ya mülahizə daxil olmamışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 385.1 Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 421.1. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Maddə 421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Maddə 422. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 425.1 Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə 443.1 Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Maddə 448.2 Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Maddə 465.2. Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər. Maddə 567 Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Maddə 586.2. Əgər bu Məcəllənin 586.1-ci maddəsinə uyğun olaraq əşyanın keyfiyyətinin yoxlanması qaydası müəyyənləşdirilməyibsə, əşyanın keyfiyyəti işgüzar dövriyyə adətlərinə və ya alğı-satqı müqaviləsi üzrə verilməli əşyanın yoxlanmasının adətən tətbiq edilən digər şərtlərinə müvafiq surətdə yoxlanılır. Maddə 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Maddə 600.4. Əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 115. İşə baxılması ilə əlaqədar məsrəflər Maddə 115.0. İşə baxılması ilə əlaqədar məsrəflərə aşağıdakılar daxildir: 115.0.6. vəkillərə etdikləri kömək üçün ödənilən xərclər; Məhkəmənin mövqeyi: Məhkəmə iddiaçı tərəfi dinləyib, iş materiallarını və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Məhkəmə əvvəla qeyd edir ki, tərəflər arasında etibarlı müqavilə münasibətləri olmuş və həmin müqavilənin etibarsızlığına dəlalət edən hər hansı hal müəyyən edilməmişdir. Məhkəmə qeyd edir ki, hazırki iş üzrə xx.xx.2024-cü il tarixli, 094 saylı “Nəqliyyat vasitəsinin alqı-satqı” müqaviləsi əsasında satıcı İddiaçı MMC Leap Motor C11 markalı, gümüşü metallik dam qara rəngli, buraxılış ili 2024-cü il olan (VİN:LFZ63AL44RD137736) avtomobili alıcı Cavabdeh satmağı, alıcı isə həmin avtomobilin razılaşdırılmış dəyəri olan 97970 (doxsan yeddi min doqquz yüz yetmiş) manat pul vəsaitini xx.xx.2024-c il tarixdən etibarən 60 ay müddətində aylıq 1533 manat olmaqla satıcıya ödəməyi öz öhdəsinə götürmüşdür. Məhkəmə iclasında təqdim edilmiş sübutların tədqiqi nəticəsində müəyyən edilmişdir ki, iddiaçı müqavilə üzrə öz öhdəliyinə lazımi qaydada yerinə yetirməsinə baxmayaraq, cavabdeh öz öhdəliklərini yerinə yetirməmişdir. Belə ki, cavabdeh qeyd olunan müqavilə üzrə ödəniş qrafikinə uyğun yalnız müəyyən dövr üzrə ödənişlər həyata keçirmiş və qalıq məbləği ödəməməklə öhdəliyini tam şəkildə icra etməmişdir. Bu baxımdan məhkəmə hesab edir ki, iddiaçı iddia tələbində qeyd olunan – müqavilə üzrə ödənilməmiş 4599 manat əsas borcu tələb etməkdə haqlıdır. Məhkəmə hesab edir ki, iddia tələbi tələb olunan 920 manat cərimə borcuna münasibətdə isə qismən əsaslıdır. Belə ki, iş materiallarında olan alqı-satqı müqaviləsinin 2.4-cü bəndindən göründüyü kimi, müqavilə üzrə ödənişin gecikdiriləcəyi hər gün üçün alıcının satıcıya Müqavilənin aylıq ödənişinin 1 (bir) faizi həcmində cərimə (dəbbə pulu) ödəməsi nəzərdə tutulmuşdur. Məhkəmə müqavilə öhdəliyinin cavabdeh tərəfindən yerinə yetirilməməsini nəzərə alaraq hesab edir ki, iddiaçı hazırki tələbində cavabdehdən alqısatqı müqaviləsinin şərtlərinə uyğun olaraq cərimə (dəbbə pulu) tələb etməkdə haqlı olsa da, lakin, bununla belə, məhkəmə tələb edilən dəbbə pulunun əsas borca münasibətdə mütənasib olmadığı qənaətinə gəlir və hesab edir ki, dəbbə pulu azaldılmalı və 250 manat həddində müəyyən edilməlidir Məhkəmə eyni zamanda qeyd edir ki, iddia tələbi avtomobilə dəymiş zərər görə tələb edilən 3796,46 manat pul vəsaitinə münasibətdə də qismən əsaslıdır. Belə ki, iş materiallarından göründüyü kimi, avtomobil iddiaçıya təhvil verildikdən sonra təmir xərci ilə bağlı iddiaçı tərəfindən pul vəsaiti sərf edilmişdir. "xxxx" MMC-nin fəaliyyətinin əsas vəzifəsinin zərərin miqdarının müəyyən edilməsi sahəsində xüsusi bilik əsasında sübut əhəmiyyətinə malik faktiki halların müəyyənləşdirilməsi olmasını nəzərə alaraq, "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli, Uni/İ53-383/2025 saylı qiymətləndirmə rəyi ilə müəyyən edilənləri işin hallarına uyğun sayır. Belə olan halda məhkəmə hesab edir ki, qiymətləndirmə rəyi ilə avtomobilin təmiri xərci olaraq müəyyən edilmiş 3610 manat cavabdehdən tutularaq iddiaçıya verilməlidir. Məhkəmə eyni zamanda qeyd edir ki, iddia tələbi həmçinin iş üzrə iddiaçı tərəfindən vəkilə hüquqi yardım göstərilməsi ilə əlaqədar ödənilmiş 300 manatın cavabdehdən tutulması hissəsində də əsaslıdır. Belə ki, məhkəmə hazırki iş üzrə iddia tələbinin mahiyyətini və vəkil tərəfindən hazırki işə sərf olunan vaxt miqdarını nəzərə almaqla 300 manat məbləğində ödənilmiş vəkil xərcini ağlabatan hesab edir və iddia tələbinin qismən təmin edildiyini nəzərə alaraq həmin vəsaitin cavabdehdən iddiaçının xeyrinə tutulması qənaətinə gəlir. Məhkəmə xərcləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbinin əsas hissəsi təmin edildiyindən iddia ərizəsinin verilməsinə görə ödənilmiş 117 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə onu da qeyd edir ki, iddia tələbinin əsas hissəsi təmin edildiyindən qiymətləndiricinin rəyinin alınması üçün 300 manat xidmət haqqı cavabdehdən "xxxx" MMC-nin xeyrinə tutulmalıdır. Məhkəmənin gəldiyi nəticə: Beləliklə, qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 4599 manat əsas borc, 250 manat cərimə, 3610 manat avtomobilin təmiri xərci və vəkillə bağlanmış müqavilə üzrə ödənilmiş 300 manat olmaqla, cəmi 8759 manat pul və ödənilmiş 117 manat dövlət rüsumu tutularaq İddiaçı hesabına ödənilməli və qiymətləndiricinin rəyinin alınması üçün 300 manat xidmət haqqı cavabdehdən "xxxx" MMC-nin xeyrinə tutulmalı, iddia qalan hissədə rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. İddiaçı MMC-nin xeyrinə Cavabdeh 4599 manat əsas borc, 250 manat cərimə borcu, 3610 manat avtomobilin təmiri xərci və vəkillə bağlanmış müqavilə üzrə ödənilmiş 300 manat olmaqla, cəmi 8759 (səkkiz min yeddi yüz əlli doqquz manat) manat pul və ödənilmiş 117 manat dövlət rüsumu tutulsun. İş üzrə qiymətləndiricinin rəyinin alınması üçün xidmət haqqının dəyəri olan 300 manat məbləğində pul Cavabdeh alınaraq "xxxx" MMC-nin hesabına (VÖEN: **********, Hesab № AZN: AZ77AİİB400600C**********218, Bank: KapitalBank ASC Bravo 3 filialı, VÖEN: **********, Müxbir hesab: AZ37NABZ********************, filialın kodu: 201296; SWİFT kod: AİİBAZ2XXXX) ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirilməklə Füzuli Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Səkinəxanım Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar