Məhkəmə qərarları › İş №e-2(064)-650/2025

Füzuli Rayon Məhkəməsi Qətnamə — İş №e-2(064)-650/2025

11.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Füzuli rayonu İş № e-2(064)-650/2025 11.06.2025 FÜZULİ RAYON MƏHKƏMƏSİ Füzuli Rayon Məhkəməsinin hakimi Məmmədli Səkinəxanım Naib qızının sədrliyi, Məmmədli İqbal Sifayəddin oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “borcun ödənilməsi tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə Füzuli Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı MMC (bundan sonra - iddiaçı) Cavabdeh (bundan sonra - cavabdeh) qarşı kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında verdiyi iddia ərizəsində cavabdehdən aralarında bağlanmış xx.xx.2023-cü il tarixli nisyə alğı-satqı müqaviləsi üzrə yaranmış 1630 manat əsas və 260,80 manat dəbbə pulu olmaqla, cəmi 1668,91 manat və ödənilmiş dövlət rüsumuna görə 38,91 manat məbləğində pulun tutulub iddiaçıya ödənilməsi barədə məhkəmə qətnaməsinin çıxarılmasını xahiş etmişdir. Füzuli Rayon Məhkəməsinin 2(064)-650/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə İddiaçı MMC-nin Cavabdeh qarşı “borcun ödənilməsi tələbi”nə dair kiçik iddia qaydasında ərizəsinə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. İddiaçı iddia ərizəsində tələbini onunla əsaslandırmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında 17 yanvar 2023-ci il tarixdə İktechmarkalı Su təmizləyici sisteminin alqı-satqısına dair “Nisyə alqı-satqı” müqaviləsi (Müqavilə) bağlanmışdır. Həmin Müqaviləyə əsasən İddiaçı MMC ümumi dəyəri 1690 manat olan həmin malı cavabdehə nisyə satmağı, cavabdeh isə ona satılmış malı qəbul edib razılaşdırılmış formada – ödəniş cədvəlinə uyğun, “malın” dəyərini ödəməsini öhdəsinə götürmüşdür. Bildiririk ki, cavabdeh üzərinə götürdüyü öhdəliklərini lazımınca icra etmir, müqavilənin şərtlərini qəsdən kobud şəkildə pozur. Belə ki, müqavilə ilə nəzərdə tutulmuş ödəniş müddətlərinin keçməsinə və ödəniş barədə dəfələrlə xəbərdar edilməsinə baxmayaraq borclu öhdəliyində olan borclarını ödəməkdən yayınır. Hazırda onun əsas borc üzrə 1630 manat, cərimə üzrə 260,80 manat borcu vardır. Bundan əlavə, iddiaçı dövlət rüsumuna görə 38,91 manat məbləğində pul ödəmişdir. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş iddiaçının nümayəndəsi Nümayəndə2 iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Eyni zamanda bildirmişdir ki, cavabdehin evinin bütün əşyaları ilə birlikdə yanmasını və hazırki maddi vəziyyətinin çətin olmasını nəzərə alaraq bu barədə İddiaçı MMC-nin rəhbərliyinə məlumat verəcəyini bildirmiş, lakin bunun nəticəsi barədə keçən müddət ərzində məhkəməyə heç bir məlumat daxil olmamışdır. Məhkəmə iclasında iştirak etmiş Cavabdeh iddia tələbinin qismən qəbul edərək bildirmişdir ki, o, iddiaçı ilə 17 yanvar 2023-ci il tarixdə İktechmarkalı Su təmizləyici sisteminin alqı-satqısına dair “Nisyə alqı-satqı” müqaviləsi (Müqavilə) bağlamışdır. Həmin müqaviləyə əsasən İddiaçı MMC-dən ümumi dəyəri 1690 manat olan su təmizləyici cihazı, yəni su filtrini almışdır. Həmin su filtri quraşdırıldıqdan sonra səhəri gün işləmədiyindən o, iddiaçıya telefonla zəng edib bu barədə məlumat vermiş, ona su filtrinin düzəldiləcəyi barədə bildirsələr də, su filtri iddiaçı tərəfindən təmir olunmamış, evində yanğın hadisəsi baş verən tarixədək həmin su təmizləyici qurğu onun evində olmuşdur. Onun evi bütün əşyaları ilə birlikdə 09 mart 2025-ci il tarixdə yanaraq yararsız vəziyyətə düşmüşdür. Evi yandığı zaman qeyd olunan su filtri də yanaraq yararsız vəziyyətə düşmüşdür. Çətin olan maddi vəziyyəti bu hadisədən sonra daha da pisləşmiş, ailə üzvləri də yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdirilmişdir. Odur məhkəmədən hazırkı vəziyyətini nəzərə alaraq iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsinə əlavə edilmiş xx.xx.2023-cü il tarixli nisyə alğı-satqı müqaviləsi, ona əlavə edilmiş ödəniş cədvəli, pretenziya məktubu, maliyyə arayışı və iddiaçının dövlət rüsumunu ödəməsi barədə olan mədaxil qəbzi əsasında işin faktiki hallarının iddiaçının ərizəsində göstərdikləri ilə eyni məzmunda olduğunu müəyyən edir. Məhkəmə buna görə də işin müəyyən edilmiş faktiki hallarının məzmununu təkrarlamağa zərurət görmür. - İş materiallarında olan Füzuli Rayon İcra Hakimiyyəti Başçısının Arayatılı kənd İnzibati ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli arayışda qeyd olunur: “Arayatılı kənd İnzibati ərazi Dairəsi üzrə nümayəndəliyi bildirir ki, Füzuli rayon Babı kənd sakini, 2-ci qrup əlil Cavabdeh 09 mart 2025-ci il tarixdə saat 04:00-da Babı kəndində yerləşən fərdi yaşayış evi elektrik naqillərində qısaqapanma nəticəsində sənədlər və əşyalarla birlikdə yanaraq yararsız vəziyyətə düşmüşdür. Məhkəmə iddia tələbinin düzgün həll edilməsi məqsədilə, işin müəyyən edilmiş faktiki hallarına tətbiq edilməli olan qanunvericilik normaları ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. - 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə həyata keçirməlidir. -442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. -445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. -448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. -600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onun dəyərini alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə, satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. -462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. -465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. -467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Cavabdeh iddiaya etirazını onunla əsaslandırmışdır ki, nisyə satın aldığı su filtri qüsurlu və istifadəyə yararsız olmuş və həmin su filtrlərinin dəyişdirilməsini və təmirini iddiaçıdan tələb etsə də, iddiaçı öhdəliklərini yerinə yetirməmişdir. Lakin iddiaya etirazının əsası olaraq istinad etdiyi həmin halların təsdiqi üçün hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Məhkəmə cavabdehin hər hansı sübutu məhkəməyə təqdim etmədiyini nəzərə alaraq cavabdehin həmin dəlillərini işin hallarına uyğun saymır və iddia tələbinin rədd edilməsinə əsas olmadığı nəticəsinə gəlir. Beləliklə, iş üzrə sübutlarla müəyyən edilir ki, cavabdeh iddiaçıdan xx.xx.2023-cü il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən məhsulu almış, 60 manat iddiaçıya ilkin ödəniş etmiş, 1630 manat borcu isə ödənilməmiş qalmışdır. Odur ki, həmin nisyə alğı-satqı müqaviləsi üzrə yaranmış 1630 manat borc pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. İddiaçı cavabdehdən əsas borcla yanaşı, 260,80 manat dəbbə pulunun da onun xeyrinə tutulmasını xahiş etmişdir. Bununla bağlı məhkəmə, mövcud vəziyyətdə baş vermiş yanğın nəticəsində iddiaçı yaşayış sahəsindən məhrum olduğundan cavabdehin ona hesablanmış cəriməni ödəməkdən bütövlüklə azad edilməli olduğunu ədalətli sayır. Məhkəmə, yuxarıda qeyd olunan qanunvericiliyin tələblərini nəzərə alaraq hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Azərbaycan Respublikası MPM-in 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarından görünür ki, hazırki iş üzrə məhkəmə xərci iddiaçının dövlət rüsumuna görə ödədiyi 38,91 manatdan ibarətdir. İddiaçının tələbi məhkəmə tərəfindən qismən təmin edildiyi üçün, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 38,91 manat dövlət rüsumunun 5,37 manatı iddiaçıya, 33,54 manatı cavabdehə aid edilməlidir. Məhkəmə göstərilən qanunvericilik normaları, hüquqi mövqeyi və işin iddiaçının ərizəsində qeyd etdikləri ilə eyni məzmunda müəyyən etdiyi (iddiaçının cavabdehə hesabladığı cərimə borcunun məbləği istisna olmaqla) faktiki hallarına əsaslanaraq belə nəticəyə gəlir ki, cavabdeh xx.xx.2023-cü il tarixli nisyə alğı-satqı müqaviləsi üzrə iddiaçı qarşısında yaranmış öhdəliyini lazımınca icra etmədiyinə, o cümlədən icranı gecikdirdiyinə, beləliklə də iddia qismən əsaslı olduğuna görə iddia qismən təmin edilməlidir. Məhkəmə şərh olunanlara və Azərbaycan Respublikası MPM-in 216-220, 222, 284- 1-284-6-cı maddələrini rəhbər tuturaq, Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2023-cü il tarixli nisyə alğı-satqı müqaviləsi üzrə yaranmış 1630 manat əsas borc və ödənilmiş dövlət rüsumuna görə 33,54 manat məbləğində pul tutularaq İddiaçı MMC-yə ödənilsin. Dövlət rüsumunun 5,37 manatı iddiaçıya aidd edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirilməklə Füzuli Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Səkinəxanım Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar