Məhkəmə qərarları › İş №e-2(064)-713/2025

Füzuli Rayon Məhkəməsi Qətnamə — İş №e-2(064)-713/2025

08.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Füzuli rayonu İş № e-2(064)-713/2025 08.05.2025 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim İsmayılov Elmir Akif oğlunun sədrliyi, Hüseynzadə Fərid Səid oğlunun katibliyi ilə iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair mülki işə Füzuli Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı "xxxx" MMC (bundan sonra - İddiaçı) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2024-cü il tarixli müqavilə üzrə 4216,93 manat ödənilməmiş hissə, 2108,47 manat cərimə; xx.xx.2023-cü il tarixli müqavilə üzrə 581,55 manat ödənilməmiş hissə, 290,78 manat cərimə olmaqla ümumilikdə 7197,72 manat və ödənilmiş 91,98 manat məbləğində dövlət rüsumunun əvəzinin Cavabdeh (bundan sonra - Cavabdeh) alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh İddiaçı ilə bağladığı xx.xx.2024cü il tarixli müqaviləyə əsasən Cavabdeh aldığı “İphone 15 Pro max” markalı telefon və adapterə görə 18 ay ödəniş cədvəli üzrə hər ay 242,63 manat olmaqla cəmi 4367,34 manat; xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən aldığı “Bosch” markalı paltaryuyana görə 18 ay ödəniş cədvəli üzrə hər ay 84,63 manat olmaqla cəmi 1523,34 manat ödəməyi öhdəsinə götürmüşdür. Lakin üzərinə götürdüyü öhdəlikləri lazımınca icra etməmiş və ümumilikdə İddiaçıya 7197,72 manat borcu yaranmışdır. Cavabdehin hər iki müqavilə üzrə cəmi ödədiyi məbləğ 1092,2 manat təşkil edir. Cavabdeh xx.xx.2025-ci il tarixli etiraz ərizəsi ilə Məhkəməyə müraciət edərək iddia tələbini qəbul etmədiyini bildirmiş və ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.2024-cü il tarixdə Bakı şəhəri, Sabunçu rayonunda yerləşən İddiaçıya məxsus mağazaya yaxınlaşmış, vitrində qiyməti 3600 manat olan telefonu almaq istədiyini bildirmiş, əməkdaşlar onu mağazanın ikinci mərtəbəsinə yönləndirmişlər və telefonun sənədləşdirilməsi başa çatdıqdan sonra sənədləri imzalamışdır. Gözləri zəif olduğu üçün sənədləri oxuya bilməmiş və şirkətin təqdim etdiyi məlumatlara güvənmişdir. Daha sonra təsadüfən sənədləri araşdırarkən aldığı məhsulun faktiki qiymətinin 3600 manat deyil, 4367,39 manat olduğunu müəyyən etmişdir. Buna görə o, mağazaya yaxınlaşmış və məhsulu geri qaytarmaq istədiyini bildirmişdir, lakin mağaza işçiləri tələbini rədd etmişlər. Buna baxmayaraq Cavabdeh 300 manat ödəniş etmişdir. İddiaçının nümayəndəsi məhkəməyə ərizə verərək iddianı müdafiə etdiyini, məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən mülki işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iddia tələbinin düzgün həll edilməsi məqsədilə, işin müəyyən edilmiş faktiki hallarına tətbiq edilməli olan qanunvericilik normaları ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 567-ci maddəsində qeyd olunur ki, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Məhkəmə göstərilən qanunvericilik normaları və işin İddiaçının ərizəsində qeyd etdikləri ilə eyni məzmunda müəyyən etdiyi (İddiaçının Cavabdehə hesabladığı cərimə borcunun məbləği istisna olmaqla) faktiki hallarına əsaslanaraq belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə həm yuxarıda göstərilənlərə, həm də iddia ərizəsinə əlavə edilmiş xx.xx.2024-cü il tarixli və xx.xx.2023-cü il tarixli nisyə alğı-satqı müqaviləsi, ona edilmiş əlavə və təhvil-təslim aktı, maliyyə və ödəniş cədvəli, İddiaçının Cavabdehə göndərdiyi xəbərdarlıq, buna dair poçt qəbzi və İddiaçının dövlət rüsumunu ödəməsi barədə olan mədaxil qəbzi əsasında işin faktiki hallarının İddiaçının ərizəsində göstərdikləri ilə eyni məzmunda olduğunu (İddiaçının Cavabdehə hesabladığı cərimə borcunun məbləği istisna olmaqla) müəyyən edir. Məhkəmə buna görə də işin müəyyən edilmiş faktiki hallarının məzmununu təkrarlamağa zərurət görmür. Məhkəmə AR MM-nin 467-ci maddəsinin tələbinə uyğun olaraq tərəflərin mənafelərini nəzərə almaqla tənəsübsüz sürətdə yüksək olan dəbbə pulunun miqdarının azaldılmasını məqsədə müvafiq hesab edir. Belə ki, Məhkəmə hesab edir ki, İddiaçının xx.xx.2024-cü il tarixli müqavilə üzrə tələb etdiyi 2108,47 manat dəbbə pulu 4216,93 manat əsas borca münasibətdə tənasübsüz surətdə yüksək olduğu üçün Cavabdehin İddiaçıya ödəmədiyi əsas borc məbləğinin 10 faizinə qədər azaldılaraq 421,7 manat məbləğində müəyyən edilməlidir. Həmçinin İddiaçının xx.xx.2023-cü il tarixli müqavilə üzrə tələb etdiyi 290,78 manat dəbbə pulu 581,55 manat əsas borca münasibətdə tənasübsüz surətdə yüksək olduğu üçün Cavabdehin İddiaçıya ödəmədiyi əsas borc məbləğinin 10 faizinə qədər azaldılaraq 58,15 manat məbləğində müəyyən edilməlidir. Məhkəmə Cavabdehin etiraz ərizəsinə münasibətdə bildirir ki, iş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli və xx.xx.2023-cü il tarixli nisyə alğı-satqı müqavilələri Cavabdeh tərəfindən imzalanmışdır və Cavabdeh özü də bunu etiraf edir. Cavabdeh gözlərinin zəif olduğunu və buna görə də müqaviləni tam araşdırmadan İddiaçıya güvənərək imzaladığını bildirsə də, Məhkəmə hesab edir ki, bu hal Cavabdehi müqavilə üzrə üzərinə götürdüyü öhdəlikdən azad etmir. Həmçinin Cavabdeh vitrində təqdim olunan qiymətlə müqavilədə qeyd olunan qiymətin fəqli olmasını, bunu müəyyən etdikdə mağazaya yaxınlaşaraq məhsulu qaytarmaq istədiyini bildirdikdə mağaza işçilərinin tələbini rədd etdiklərini bildirsə də, bu halı təsdiq edən mötəbər sübutları Məhkəməyə təqdim etməmişdir. Bununla yanaşı, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də Məhkəmə ödənilmiş 91,98 manat dövlət rüsumuna görə müvafiq olaraq müəyyən olunmuş tələblərin məbləğinə mütənasib şəkildə 67,45 manatın da Cavabdehdən tutulmasını əsaslı hesab edir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və AR MPM-in 216-232-ci maddələrini rəhbər tutaraq QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh iddiaçı "xxxx" MMC-nin xeyrinə xx.xx.2024-cü il tarixli müqavilə üzrə 4216,93 manat ödənilməmiş hissə, 421,7 manat cərimə; xx.xx.2023-cü il tarixli müqavilə üzrə 581,55 manat ödənilməmiş hissə, 58,15 manat cərimə olmaqla ümumilikdə 5278,33 manat və ödənilmiş 67,45 manat məbləğində dövlət rüsumunun əvəzi tutulsun. Qətnamədən rəsmi qaydada verildikdən sonra 01 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilmədiyi təqdirdə qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elmir İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar