Azərbaycan Respublikası adından QƏTNAMƏ Füzuli rayonu İş № e-2(064)-741/2024 22.04.2024 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim İsmayılov Elmir Akif oğlunun sədrliyi ilə, iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair mülki işə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında Füzuli Rayon Məhkəməsinin binasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı "xxxx" MMC (bundan sonra - iddiaçı) Cavabdeh (bundan sonra - cavabdeh) qarşı kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında verdiyi iddia ərizəsində cavabdehdən aralarında bağlanmış xx.xx.2021-ci il tarixli “xam-pambığın alğı-satqısına dair” müqavilə üzrə yaranmış 2739,99 manat və ödənilmiş dövlət rüsumuna görə 47,4 manat məbləğində vəsaitin tutulub ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdehlə aralarında bağlanmış xx.xx.2021-ci il tarixli “xam pambığın alğı-satqısına dair” müqaviləyə əsasən cavabdeh Füzuli rayonu, Qarabağ kəndi ərazisində yerləşən 13 hektar torpaq sahəsində pambıq əkməyi və yetişdirdiyi məhsulu iddiaçıya satmağı öhdəsinə götürmüşdür. Bunun üçün cavabdeh sifariş əsasında iddiaçıdan 326,8 manat məbləğində 1-ci şum, 374 manat manat məbləğində mala, 163,5 manat məbləğində çiyid səpini, 392 manat məbləğində kultivasiya, 170 manat məbləğində gübrə ilə kultivasiya, 699,4 manat məbləğində dərman səpini, 1500 manat məbləğində 1-ci üz maşınla pambıq yığımı, 5934,20 manat məbləğində gübrə/dərman, 1280 manat məbləğində çiyid, 4290 manat məbləğində suvarma, becərməyə verilən avans vəsaiti də daxil olmaqla, ümumilikdə, 15129,9 manat dəyərində vəsait, iş və xidməti avans kimi qəbul etmişdir. Müqavilənin şərtlərinə əsasən cavabdeh aldığı avansın dəyərini xam pambıqla ödəməli və avans götürdüyü vəsait (iş və xidmət) üzrə borcunu ödədikdən sonra təhvil verməli olduğu xam-pambığın qalan dəyərini müqavilədə göstərilən müddətdə almalı idi. Cavabdeh mövsümün sonunda 12389,91 manat məbləğində 15531,24 kq xam pambıq təhvil vermiş, 2739,99 manat məbləğində borcu qalmışdır. Bu hal iş və xidmətlərin görülməsi barədə akt, qaimə, ödəmə tapşırıqları, üzləşmə aktı və digər sənədlərlə təsdiq edilir. Bundan əlavə, iddiaçı iş üzrə dövlət büdcəsinə dövlət rüsumu 47,4 manat məbləğində pul ödəmişdir. Məhkəmə mülki işə iddianın qiymətinin beş min manatdan az olması, prosessual hüquq və vəzifələri izah olunmuş cavabdehin iddia ərizəsinə etiraz verməməklə tələbi mübahisələndirməməsi, beləliklə də icraat dövründə Azərbaycan Respublikası MPM-in 284-5.4-cü maddəsində işə iddia icraatı qaydasında baxılması üçün nəzərdə tutulmuş hər hansı halın yaranmamasına görə həmin Məcəllənin 284-1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. - 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə həyata keçirməlidir. - 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onun dəyərini alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə, satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Məhkəmə iddia ərizəsinə əlavə edilmiş xx.xx.2021-ci il tarixli “xam pambığın alğısatqısına dair” müqavilə, bununla əlaqədar tərtib edilmiş aktlar və ödəniş tapşırıqları, xəbərdarlıq, ona dair poçt qəbzi, iş və xidmətlərin yerinə yetirilməsi aktı əsasında işin faktiki hallarının iddiaçının ərizəsində göstərdikləri ilə eyni məzmunda olduğunu müəyyən edir. Məhkəmə buna görə də işin müəyyən edilmiş faktiki hallarının məzmununu təkrarlamağa zərurət görmür. İddia ərizəsinə əlavə edilmiş mədaxil qəbzindən görünür ki, iddiaçı iş üzrə dövlət büdcəsinə 47,4 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə göstərilən qanunvericilik normaları və işin iddiaçının ərizəsində qeyd etdikləri ilə eyni məzmunda müəyyən etdiyi faktiki hallarına əsaslanaraq belə nəticəyə gəlir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə şərh olunanlara və Azərbaycan Respublikası MPM-in 216-220, 222, 284- 1-284-6-cı maddələrini rəhbər tuturaq Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh xx.xx.2021-ci il tarixli “xam pambığın alqı-satqısına dair” müqavilə üzrə yaranmış borca görə 2739,99 manat və ödənilmiş dövlət rüsumuna görə 47,4 manat məbləğində pul tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Füzuli Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilmədiyi təqdirdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elmir İsmayılov
Məhkəmə qərarları › İş №e-2(064)-741/2024
Füzuli Rayon Məhkəməsi Qətnamə — İş №e-2(064)-741/2024
22.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver