Məhkəmə qərarları › İş №e-2(064)-806/2025

Füzuli Rayon Məhkəməsi Qətnamə — İş №e-2(064)-806/2025

11.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Füzuli rayonu İş № e-2(064)-806/2025 11.06.2025 FÜZULİ RAYON MƏHKƏMƏSİ Füzuli Rayon Məhkəməsinin hakimi Məmmədli Səkinəxanım Naib qızının sədrliyi, Məmmədli İqbal Sifayəddin oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “borcun ödənilməsi tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə Füzuli Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı MMC (bundan sonra - iddiaçı) Cavabdeh (bundan sonra - cavabdeh) qarşı kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında verdiyi iddia ərizəsində cavabdehdən aralarında bağlanmış xx.xx.2021-ci il tarixli nisyə alğı-satqı müqaviləsi üzrə yaranmış 750 manat əsas və 120 manat dəbbə pulu olmaqla, cəmi 870 manat və ödənilmiş dövlət rüsumuna görə 30,40 manat məbləğində pulun tutulub iddiaçıya ödənilməsi barədə məhkəmə qətnaməsinin çıxarılmasını xahiş etmişdir. Füzuli Rayon Məhkəməsinin 2(064)-806/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə İddiaçı MMC-nin Cavabdeh qarşı “borcun ödənilməsi tələbi”nə dair kiçik iddia qaydasında ərizəsinə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. İddiaçı iddia ərizəsində tələbini onunla əsaslandırmışdır ki, "xxxx" MMC ilə Cavabdeh arasında 24 may 2021-ci il tarixdə Kazımof markalı Su təmizləyici sisteminin alqı-satqısına dair “Nisyə alqı-satqı” müqaviləsi (Müqavilə) bağlanmışdır. Həmin müqaviləyə əsasən İddiaçı MMC, ümumi dəyəri 1690 manat olan həmin malı cavabdehə nisyə satmağı, cavabdeh isə ona satılmış malı qəbul edib razılaşdırılmış formada – ödəniş cədvəlinə uyğun, “malın” dəyərini ödəməsini öhdəsinə götürmüşdür. Bildiririk ki, cavabdeh üzərinə götürdüyü öhdəliklərini lazımınca icra etmir, müqavilənin şərtlərini qəsdən kobud şəkildə pozur. Belə ki, müqavilə ilə nəzərdə tutulmuş ödəniş müddətlərinin keçməsinə və ödəniş barədə dəfələrlə xəbərdar edilməsinə baxmayaraq, borclu öhdəliyində olan borclarını ödəməkdən yayınır. Hazırda onun əsas borc üzrə 750 manat, cərimə üzrə 120 manat borcu vardır. Bundan əlavə, iddiaçı dövlət rüsumuna görə 30,40 manat məbləğində pul ödəmişdir. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş iddiaçının nümayəndəsi Nümayəndə2 iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş Cavabdeh iddia tələbinin qismən qəbul edərək bildirmişdir ki, o, iddiaçı ilə 24 may 2021-ci il tarixdə Kazımof markalı Su təmizləyici sisteminin alqı-satqısına dair “Nisyə alqı-satqı” müqaviləsi bağlamışdır. Ümumi dəyəri 1690 manat olan malın pulundan iddiaçıya ismən ödəniş etsə də, hazırda həmin müqavilə üzrə 750 manat borcu ödənilməmiş qalmışdır. Qeyd edir ki, həmin su təmizləyici qurğunu aldıqdan sonra su filtri 1 ay müddətində işləyib, daha sonra işləməmişdir. İddiaçı tərəfindən həmin qurğu təmir olunsa da, sonradan yenə də qurğuda nasazlıqlar yaranıb. Hazırda həmin su filtri ona məxsus evdədir. Odur ki, nəzərə alınmasını xahiş edir. Məhkəmə iddia ərizəsinə əlavə edilmiş xx.xx.2021-ci il tarixli nisyə alğı-satqı müqaviləsi, ona əlavə edilmiş ödəniş cədvəli, pretenziya məktubu, maliyyə arayışı və iddiaçının dövlət rüsumunu ödəməsi barədə olan mədaxil qəbzi əsasında işin faktiki hallarının iddiaçının ərizəsində göstərdikləri ilə eyni məzmunda olduğunu müəyyən edir. Məhkəmə buna görə də işin müəyyən edilmiş faktiki hallarının məzmununu təkrarlamağa zərurət görmür. Məhkəmə iddia tələbinin düzgün həll edilməsi məqsədilə, işin müəyyən edilmiş faktiki hallarına tətbiq edilməli olan qanunvericilik normaları ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. -600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə həyata keçirməlidir. -442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. -445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. -448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. -600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onun dəyərini alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə, satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. -462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. -465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. -467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə tərəflərin mənafelərini nəzərə alaraq hesab edir ki, iddiaçının cavabdehə hesabladığı 120 manat məbləğində dəbbə pulu miqdarı cavabdehin iddiaçıya ödəmədiyi əsas borca münasibətdə tənasübsüz surətdə yüksək olduğuna görə azaldılıb 20 manat məbləğində müəyyən edilməlidir. Məhkəmə, yuxarıda qeyd olunan qanunvericiliyin tələblərini nəzərə alaraq hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Azərbaycan Respublikası MPM-in 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddianın əsas hissəsi təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə göstərilən qanunvericilik normaları, hüquqi mövqeyi və işin iddiaçının ərizəsində qeyd etdikləri ilə eyni məzmunda müəyyən etdiyi (iddiaçının cavabdehə hesabladığı cərimə borcunun məbləği istisna olmaqla) faktiki hallarına əsaslanaraq belə nəticəyə gəlir ki, cavabdeh xx.xx.2021-ci il tarixli nisyə alğı-satqı müqaviləsi üzrə iddiaçı qarşısında yaranmış öhdəliyini lazımınca icra etmədiyinə, o cümlədən icranı gecikdirdiyinə, beləliklə də iddia qismən əsaslı olduğuna görə iddia qismən təmin edilməlidir. Məhkəmə şərh olunanlara və Azərbaycan Respublikası MPM-in 216-220, 222, 284- 1-284-6-cı maddələrini rəhbər tuturaq, Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2021-ci il tarixli nisyə alğı-satqı müqaviləsi üzrə yaranmış 750 manat əsas və 20 manat dəbbə pulu olmaqla, cəmi 770 manat və ödənilmiş dövlət rüsumuna görə 30,40 manat məbləğində pul tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirilməklə Füzuli Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Səkinəxanım Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar