Məhkəmə qərarları › İş №e-2(064)-923/2024

Füzuli Rayon Məhkəməsi Qətnamə — İş №e-2(064)-923/2024

14.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Füzuli rayonu İş № e-2(064)-923/2024 14.06.2024 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim İsmayılov Elmir Akif oğlunun sədrliyi ilə, iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair mülki işə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı məhkəmədə iddia qaldıraraq cavabdehdən iddiaçının xeyrinə xx.xx.2022-ci il tarixli, ********* saylı (nisyə) alğı-satqı müqaviləsi üzrə 130,1 manat əsas, 19,5 manat cərimə borcu olmaqla, cəmi 149,6 manat və ödənilmiş dövlət rüsumuna görə 30 manat məbləğində pulun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli ********* saylı alğı-satqı müqaviləsinə əsasən, cavabdeh aldığı “Taube” markalı televizora görə 18 ay ödəniş cədvəli üzrə hər ay 22 manat olmaqla cəmi 394,99 manat ödəməyi öhdəsinə götürmüşdür. Müqavilə üzrə cavabdeh üzərinə götürdüyü öhdəlikləri lazımınca icra etməmiş və ümumilikdə iddiaçıya 149,6 manat borcu yaranmışdır. Məhkəmə hazırki iddianın qiymətinin beş min manatdan az olmasını nəzərə alaraq mülki işə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinə görə cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məhkəmə cavabdehə qanunla müəyyən olunmuş qaydada prosessual hüquq və vəzifələrinin izah olunduğunu, iddiaya qarşı etirazının olmamasını və iddia tələbinin kiçik iddialar kateqoriyasına aid edilməklə yanaşı mübahisə doğurmayan tələb olduğunu nəzərə alaraq hesab edir ki, mülki işin iddia icraatına keçirilməklə iş üzrə əlavə araşdırma aparılmasına, ekspertiza təyin olunmasına və ya tərəflərin məhkəməyə çağırılmaqla dinlənilmələrinə lüzum yoxdur, mülki işin prosessual vəziyyəti işə sadələşdirilmiş icraat qaydasında baxılmasına mane olmur. Məhkəmə tərəfindən tədqiq edilmiş sübutlarla müəyyən edilir ki: - Cavabdeh iddiaçı "xxxx" MMC-dən dəyərini hissə-hissə ödəmək şərti ilə “Taube” markalı televizor almışdır (xx.xx.2022-ci il tarixli, ********* nömrəli nisyə alğı-satqı müqaviləsinin surəti əsasında); - cavabdeh qeyd olunan məhsulu tam qüsursuz təhvil almışdır (xx.xx.2022-ci il tarixli müqaviləyə edilmiş əlavənin və təhvil-təslim aktının surəti əsasında); - cavabdeh qeyd olunan məhsul üçün 18 ay müddətinə hər ay 22 manat olmaqla, cəmi 394,99 manat ödəməyi öhdəsinə götürmüşdür (xx.xx.2022-ci il tarixli ödəniş cədvəlinin surəti əsasında); - cavabdehin iddiaçıya xx.xx.2024-cü il tarixə 130,1 manat əsas, 19,5 manat cərimə olmaqla, ümumilikdə, 149,6 manat borcu yaranmışdır (xx.xx.2024-cü il tarixli maliyyə arayışının surəti əsasında). Belə olan halda iddiaçı haqlı olaraq məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 567-ci maddəsində qeyd olunur ki, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsində göstərilir ki, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsində əsasən, əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Məhkəmə AR MM-nin 467-ci maddəsinin tələbinə uyğun olaraq tərəflərin mənafelərini nəzərə almaqla tənəsübsüz sürətdə yüksək olan dəbbə pulunun miqdarının azaldılmasını məqsədə müvafiq hesab edir. Belə ki, məhkəmə hesab edir ki, iddiaçının tələb etdiyi 19,5 manat dəbbə pulu 130,1 manat əsas borca münasibətdə tənasübsüz surətdə yüksək olduğu üçün cavabdehin iddiaçıya ödəmədiyi əsas borc məbləğinin 10 faizinə qədər azaldılaraq 13 manat məbləğində müəyyən edilməlidir. Bununla yanaşı, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də, məhkəmə ödənilmiş 30 manat dövlət rüsumuna görə müvafiq olaraq müəyyən olunmuş tələblərin məbləğinə mütənasib şəkildə 1 manat iddiaçıdan, 29 manat da cavabdehdən tutulmasını əsaslı hesab edir. Məhkəmə göstərilən qanunvericilik normaları və işin iddiaçının ərizəsində qeyd etdikləri ilə eyni məzmunda müəyyən etdiyi (iddiaçının cavabdehə hesabladığı cərimə borcunun məbləği istisna olmaqla) faktiki hallarına əsaslanaraq belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Beləliklə də, məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 213-220, 227, 233.1, 234, 284-1-284-6-cı maddələrini rəhbər tutaraq, Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2022-ci il tarixli ********* saylı müddətli (nisyə) alğı-satqı müqaviləsi üzrə 130,1 manat əsas və 13 manat cərimə borcu olmaqla, cəmi 143,1 manat və ödənilmiş dövlət rüsumuna görə 29 manat məbləğində pul iddiaçı "xxxx" MMC-nin xeyrinə tutulsun. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Füzuli Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilmədiyi təqdirdə qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elmir İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar