Azərbaycan Respublikası adından QƏTNAMƏ Füzuli rayonu İş № e-2(064)-993/2025 08.05.2025 FÜZULİ RAYON MƏHKƏMƏSİ Füzuli Rayon Məhkəməsinin hakimi Məmmədli Səkinəxanım Naib qızı, İddiaçı QSC-nin Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair mülki işə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında Füzuli Rayon Məhkəməsinin binasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı QSC (bundan sonra - iddiaçı) Cavabdeh (bundan sonra - cavabdeh) qarşı kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında verdiyi iddia ərizəsində cavabdehdən aralarında bağlanmış xx.xx.2024-cü il tarixli nisyə alğı-satqı müqaviləsi üzrə yaranmış 220 manat əsas və 33 manat cərimə borcu olmaqla, cəmi 253 manat və ödənilmiş dövlət rüsumuna görə 30,40 manat pulun tutulub iddiaçıya ödənilməsi barədə məhkəmə qətnaməsinin qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsində tələbini onunla əsaslandırmışdır ki, X1 ilə Cavabdeh arasında bağlanmış TVB000142 saylı xx.xx.2024-ci il tarixli Nisyə Alqı-satqı müqaviləsinə əsasən cavabdeh 220 manat dəyərində nisyə aldığı avtomobil hissəsinin dəyərini müqaviləyə əlavə olan Ödəniş cədvəlinə uyğun olaraq hər ay ödəmək şərtilə 3 aymüddətində ödəməyi öhdəsinə götürüb. İddiaçı QSC ilə X1 arasında imzalanan Faktorinq müqaviləsi və həmin faktorinq müqaviləsinə əlavə olunan Sazişə əsasən X1-nin Cavabdeh qarşı olan 220 manat məbləğindəki tələb hüququ İddiaçı QSC-yə keçmişdir. Eyni zamanda tələb hüququnun İddiaçı QSC-yə keçməsi barədə Nisyə alqı satqı müqaviləsi üzrə Alıcıya müvafiq bildiriş təqdim edilmişdir Tərəflər arasında bağlanmış Nisyə alqı-satqı müqaviləsinin 1.1-ci maddəsinə görə satıcı alıcıya qeyd olunan müqavilənin 1 saylı əlavəsində göstərilən malı satır və alıcı isə həmin malı qəbul edib tərəflər arasında razılaşdırılmış nisyə alqı-satqı müqaviləsi üzrə malın dəyərini satıcıya ödəyir. Həmin müqavilənin 1.2-ci maddəsinə əsasən alıcı tərəflər arasında bağlanan nisyə alqı-satqı müqaviləsinin 1 saylı əlavəsinə əsasən müəyyənləşdirilmiş müddətdə və qaydada pul məbləğini ödəməyi öhdəsinə götürür. Eyni zamanda həmin müqavilənin 2.4.4-cü maddəsinə əsasən mal alan borcu vaxtında ödəmədikdə, satıcının xeyrinə hər gecikdirilən gün üçün ödəməli olduğu məbləğin 0,5 % miqdarında dəbbə pulu ödəməlidir. Lakin cavabdeh müqavilənin bu şərtini pozaraq ödəniş cədvəli üzrə dövri оlaraq ödəməli оlduğu ödənişlərinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra еtmir. Belə ki, cavabdehin bu günə 220 manat əsas borcu, 33 manat cərimə borcu yaranmışdır.Bundan əlavə, iddiaçı iş üzrə dövlət rüsumu ilə əlaqədar 30,40 manat məbləğində pul ödəmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə uyğun olaraq məhkəmə tərəfindən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər cavabdehə rəsmi qaydada göndərilmiş və bildirişi aldığı gündən 10 iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri (elektron qaydada verildikdə “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq) məhkəməyə təqdim etmək təklif edilmişdir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Məhkəmə mülki işə iddianın qiymətinin beş min manatdan az olması, prosessual hüquq və vəzifələri izah olunmuş cavabdehin iddia ərizəsinə etiraz verməməklə tələbi mübahisələndirməməsi, beləliklə də icraat dövründə Azərbaycan Respublikası MPM-in 284- 5.4-cü maddəsində işə iddia icraatı qaydasında baxılması üçün nəzərdə tutulmuş hər hansı halın yaranmamasına görə həmin Məcəllənin 284-1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsinə əlavə edilmiş xx.xx.2024-cü il tarixli nisyə alğı-satqı müqaviləsi, onun əlavəsi və təhvil-təslim aktı, xx.xx.2023-cü il tarixli faktorinq müqaviləsi və ona əlavə olunmuş xx.xx.2025-ci il tarixli maliyyə arayışı, iddiaçının cavabdehə göndərdiyi xəbərdarlıq və iddiaçının dövlət rüsumunu ödəməsi barədə olan mədaxil qəbzi əsasında işin faktiki hallarının iddiaçının ərizəsində göstərdikləri ilə eyni məzmunda olduğunu (iddiaçının cavabdehə hesabladığı cərimə borcunun məbləği istisna olmaqla) müəyyən edir. Məhkəmə buna görə də işin müəyyən edilmiş faktiki hallarının məzmununu təkrarlamağa zərurət görmür. Məhkəmə iddia tələbinin düzgün həll edilməsi məqsədilə, işin müəyyən edilmiş faktiki hallarına tətbiq edilməli olan qanunvericilik normaları ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. -567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. -600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə həyata keçirməlidir. -442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. -445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. -448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. -600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. -462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. -465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Məhkəmə, yuxarıda qeyd olunan qanunvericiliyin tələblərini nəzərə alaraq hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Azərbaycan Respublikası MPM-in 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddianın əsas hissəsi təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinin tələbinə görə, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Odur ki, məhkəmə iddiaçının tələb etdiyi 33 manat cərimə borcunun azaldılaraq əsas borcun 10 %-i, yəni 22 manat məbləğində müəyyən olunmasını məqsədəmüvafiq hesab edir. Məhkəmə göstərilən qanunvericilik normaları və işin iddiaçının iddia ərizəsində qeyd etdikləri ilə eyni məzmunda müəyyən etdiyi (iddiaçının cavabdehə hesabladığı cərimə borcunun məbləği istisna olmaqla) faktiki hallarına əsaslanaraq belə nəticəyə gəlir ki, cavabdeh xx.xx.2024-cü tarixli nisyə alğı-satqı müqaviləsi üzrə iddiaçı qarşısında yaranmış öhdəliyini lazımınca icra etmədiyinə, o cümlədən icranı gecikdirdiyinə, beləliklə də iddia qismən əsaslı olduğuna görə qismən təmin edilməlidir. Məhkəmə şərh olunanlara və Azərbaycan Respublikası MPM-in 216-220, 222, 284-1- 284-6-cı maddələrini rəhbər tuturaq, qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2024-cü il tarixli nisyə alğı-satqı müqaviləsi üzrə yaranmış 220 manat əsas və 22 manat cərimə borcu olmaqla, cəmi 242 manat və ödənilmiş dövlət rüsumuna görə 30,40 manat məbləğində pul tutularaq İddiaçı QSC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirilməklə Füzuli Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Səkinəxanım Məmmədli
Məhkəmə qərarları › İş №e-2(064)-993/2025
Füzuli Rayon Məhkəməsi Qətnamə — İş №e-2(064)-993/2025
08.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver