Məhkəmə qərarları › İş №e-2(065)-42/2025

Xankəndi Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(065)-42/2025

30.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xankəndi Şəhəri İş № e-2(065)-42/2025 30.06.2025 Mən ‒ Xankəndi Şəhər Məhkəməsinin hakimi Abdullayev İlkin Qismət oğlu İddiaçı (bundan sonra – İddiaçı MMC) Cavabdeh qarşı pul tələbi barədə kiçik mübahisələr üzrə iddia ərizəsinə dair mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı borc tələbinə dair kiçik mübahisələr üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 02 avqust 2024-ci il tarixli R0113442 nömrəli nisyə alğı-satqı müqavilə üzrə 2089 manat borcun, 209 manat cərimənin və 43,98 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı MMC iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh arasında bağlanmış 02 avqust 2024-ci il tarixli R0113442 nömrəli nisyə alğı-satqı müqaviləsinə əsasən cavabdeh 3089 manat dəyərində nisyə aldığı malın dəyərini müqaviləyə əlavə olan ödəniş cədvəlinə uyğun olaraq hər ay ödəmək şərtilə 12 ay müddətində icra etməyi öhdəsinə götürmüşdür. Müqaviləyə əsasən cavabdeh müəyyən olunmuş müddətdə aylıq ödənişi icra etmək barədə öhdəlik götürsə də, bu öhdəliyi lazımi qaydada yerinə yetirməmişdir. Nəticədə cavabdehin İddiaçı MMC-yə 2089 manat borcu qalmışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra – Mülki- Prosessual Məcəlləsi) 284-1-ci maddəsinə əsasən «Mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir». Həmin Məcəllənin 284-5.1-ci maddəsinə əsasən «Ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir». Həmin Məcəllənin 284-5.2-ci maddəsinə əsasən «Cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, «Elektron imza və elektron sənəd haqqında» Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər». Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən «Ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır». Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən «İşə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir». Məhkəmə, İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbi barədə kiçik mübahisələr üzrə iddia ərizəsinə dair mülki işə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmiş və buna görə də Mülki Prossesual Qanunvericiliyin tələblərinə uyğun olaraq «bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərmək» hüququnun izah olunması barədə bildiriş müvafiq qaydada cavabdehə göndərilmişdir. Məhkəmə kiçik mübahisələr üzrə iddia ərizəsini və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan satıcı ‒ İddiaçı MMC və alıcı ‒Cavabdeh arasında bağlanmış 02 avqust 2024-ci il tarixli R0113442 nömrəli nisyə alğı-satqı müqaviləsindən və ona əlavə olunmuş ödəniş cədvəlindən görünür ki, satıcı ‒ İddiaçı MMC tərəfindən alıcı ‒ Cavabdeh dəyəri ümumi dəyəri 3089 manat olan mobil telefon aparatını müqaviləyə əlavə olunan ödəniş cədvəlinə uyğun olaraq hər ay 175 manat, sonuncu ay isə 164 manat ödəmək şərtilə 12 ay müddətinə satılmışdır. İş materiallarında olan 02 avqust 2024-ci il tarixli “Malların təhvil-təslim aktı”ndan görünür ki, satıcı – İddiaçı MMC tərəfindən dəyəri 3089 manat manat olan mobil telefon aparatı alıcı ‒ Cavabdeh təhvil verilmişdir. İş materiallarında olan 09 aprel 2025-ci il tarixli maliyyə arayışından görünür ki, 02 avqust 2024-ci il tarixli R0113442 nömrəli nisyə alğı-satqı müqaviləsi üzrə borclu Cavabdeh İddiaçı MMC-yə 2089 manat borcu və 209 manat cəriməsi vardır. İş materiallarında olan 21 aprel 2025-ci il tarixli bildirişdən və 28 aprel 2025-ci il tarixli poçt reyestrindən görünür ki, Cavabdeh İddiaçı MMC-yə olan borcunun ödənilməsinin zəruriliyi barədə xəbərdar edilmişdir. İş materiallarında olan 20 may 2025-ci il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı MMC tərəfindən dövlət rüsumu olaraq 43,98 manat məbləğində pul dövlət nəfinə ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllənin) 600.1-ci maddəsinə əsasən, «Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir». Həmin Məcəllənin 600.2-ci maddəsinə əsasən, «Əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur». Eyni Məcəllənin 600.4-cü maddəsinə əsasən, «Əşyanı təhvil almış alıcı onu alğısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər». Mülki Məcəllənin 601.1-ci maddəsinə əsasən, «Əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun». Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, «Öhdəliyə əsasən, bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır». Eyni Məcəllənin 465.2-ci maddəsinə əsasən, «Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər». Qanunvericiliyin yuxarıda qeyd olunan müddəalarını və işin faktiki hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçı cavabdehdən əsas borcu tələb etməkdə haqlıdır. Mülki Məcəllənin 467-ci maddəsinə əsasən “Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir”. Məhkəmə qanunvericiliyin qeyd olunan müddəasını və dəbbə pulunun çox yüksək məbləğdə olduğunu nəzərə alaraq hesab edir ki, hesablanmış dəbbə pulunun miqdarı 02 avqust 2024-ci il tarixli R0113442 nömrəli müqavilə üzrə 30 manata qədər azaldılmalıdır. İddiaçı məhkəməyə müraciət edərkən 43,98 manat məbləğində dövlət rüsumu ödəmişdir. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Hazırkı iş üzrə iddianın qiyməti məhkəmə xərcinin məbləği istisna olmaqla 2298 manat təşkil edir. İddiaçının hazırkı qətnamə ilə ödənilən tələbi isə 2119 manatdır ki, bu da iddia qiymətinin təqribi 92,2 faizini təşkil edir. Qanunvericiliyi yuxarıda qeyd olunan müddəalarını və işin faktiki hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 43,98 manat məbləğində dövlət rüsumunun 92,2 faizi (40,55 manat) cavabdehə, 7,8 faizi isə (3,43 manat) iddiaçıya aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəlləsinin 216-220, 284-1- 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 2089 manat borc, 30 manat cərimə və 40,55 manat dövlət rüsumu İddiaçı xeyrinə tutulsun. Qeyd olunan dövlət rüsumunun 3,43 manatlıq hissəsi İddiaçı özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Xankəndi Şəhər Məhkəməsi (elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim İlkin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar