Məhkəmə qərarları › İş №e-2(066)-1111/2025

Göygöl Rayon Məhkəməsi Qətnamə — İş №e-2(066)-1111/2025

23.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № e-2(066)-1111/2025 23.10.2025 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Hüseynzadə Leyla Vəliyyəddin qızının sədrliyi, X1 iclas katibliyi ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İşin halları

1. xx.xx.2023-cü il, saat 01:00-da Gəncə şəhəri, Nizami prospektində Cavabdeh1 məxsus “Vaz-21214 minik" markalı, **-SB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi Cavabdeh2 tərəfindən idarə edilərkən yol nəqliyyat hadisəsi törədilmiş, nəticə olaraq "Meqa Sığorta” ASC-də avtonəqliyyət vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü sığortalanmış “Volkswagen minik" markalı, **-DJ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə maddi zərər dəymişdir. “Volkswagen minik" markalı, **-DJ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş zərərə görə zərər vuran tərəf Vaz-21214 minik" markalı, **-SB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin icbari qaydada sığortaçısı "xxxx" ASC tərəfindən 3113,00 manat məbləğində sığorta ödənişi ödənilmişdir.

Məhkəmədə icraat:

2. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə Göygöl Rayon Məhkəməsinə müraciət edərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 3113,00 manat məbləğində pul vəsaitinin və işə baxılması ilə əlaqədar məhkəmənin hesabına ödənilən 51,00 manat dövlət rüsumunun "xxxx" ASC-nin xeyrinə tutulması və məhkəmə iclasına onların iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etmişdir. 3.İddia tələbi bununla əsaslandırılmışdır ki, xx.xx.2023-cü il, saat 01:00-da Gəncə şəhəri, Nizami prospektində Cavabdeh1 məxsus, şirkətləri tərəfindən avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin sığortası növü üzrə РХA ********** nömrəli sığorta şəhadətnaməsi əsasında icbari qaydada sığortalanmış “Vaz-21214 minik" markalı, **-SB- *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi Cavabdeh2 tərəfindən idarə edilərkən yol nəqliyyat hadisəsi törədilmiş və nəticədə "Meqa Sığorta” ASC-də avtonəqliyyət vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü sığortalanmış “Volkswagen minik" markalı, **-DJ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə maddi zərər dəymişdir. DYPİ əməkdaşı tərəfindən tərtib edilmiş X3 protokola əsasən Cavabdeh2 Azərbaycan Respublikasının İnzibati Xətabr Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulmuş əməli törətmiş lakin inzibati tənbeh vermə müddəti keçdiyindən sonuncu barəsində inzibati işin başlanması rədd edilmişdir.Tərtib edilmiş qüsur aktında göstərilmişdir ki, “Volkswagen minik" markalı, **-DJ-*** dövlət nömrə nişanlı avtomobilə vurulmuş maddi zərər 3113,00 manat təşkil edir. Baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində dəymiş zərərə görə Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən təsdiq edilmiş və 2022-ci il 1 noyabr tarixindən sonra baş vermiş sığorta hadisələrinə şamil edilmiş “Yol nəqliyyat hadisəsində zərərçəkənin idarə etdiyi avtonəqliyyat vasitəsinə dəyən zərərin ödənilməsi ilə bağlı sığortaçılar arasında qarşılıqlı ödəmələrin tənzimlənməsinə dair” qaydasına əsasən "xxxx" ASC-dən "xxxx" ASC-nin hesabına lotto sistemi vasitəsilə sığorta ödənişi tutulmuşdur. PXA********** saylı sığorta aktından görünür ki, “Volkswagen minik" markalı, **-DJ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş zərərə görə 3113,00 manat məbləğində sığorta ödənişi ödənilmişdir. 4.İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti məhkəməyə ərizə ünvanlayaraq, onların iştirakı olmadan məhkəmə iclasının keçirilməsi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 5.Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq tərəflər məhkəmə baxış iclasında iştirak etməmişlər. Məhkəmə AR MPM-nin 185.5-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılması mümkün hesab edilir.

Tətbiq edilən hüquq:

6. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 922.1-ci maddəsinə əsasən sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. 936.2-ci maddəsinə əsasən isə faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. 1108.1-ci maddəsinə əsasən zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur.

7.“İcbari sığorta haqqında” Azərbaycan Respublikası Qanunun: 63.1-ci maddəsinə görə qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla, avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır.

Məhkəmənin mövqeyi və gəldiyi nəticə:

8. Məhkəmə işin faktiki hallarını araşdıraraq və məhkəmə iclasında tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir.

9. Belə ki, Gəncə Şəhər Məhkəməsinin 3(125)-1016/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərarına əsasən Cavabdeh2 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə təqsirli bilinib 400 (dörd yüz) manat məbləğində inzibati cərimə edilmişdir.

10. PXA********** nömrəli sığorta şəhadətnaməsindən çıxarışdan görünür ki, “VAZ 21214” markalı, ** SB *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi "xxxx" ASC-də xx.xx.2022-ci ildən xx.xx.2023-cü ilə qədər sığorta dəyəri 50000 AZN olmaqla icbari sığorta müqaviləsi ilə sığortalanmışdır.

11. xx.xx.2023-cü il tarixli İXP ******* nömrəli X3 protokoldan görünür ki, Cavabdeh2 xx.xx.2023-cü il tarixdə “VAZ21214” minik markalı **-DJ-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən AXM-nin 327.1, 332.2, 332.4-cü maddələrinə əsasən inzibati xəta hadisəsi törətmişdir.

12. Azərbaycan Respublikası Avtoservis və Ticarət Gəncə Müəssisəsi tərəfindən verilmiş Qüsur aktından görünür ki, “Volkswagen minik" markalı, **-DJ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə 3400 manat məbləğində maddi zərər dəymişdir.

13. xx.xx.2023-cü il tarixli ZBT 1680 saylı ödəniş tapşırığından görünür ki, sığortalanmış “VOLKSWAGEN” markalı, **-DJ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş maddi ziyana görə 3113,0 manat sığorta ödənişini sığortalı zərərçəkən "xxxx" ASC-nin bank hesabına köçürülmüşdür.

14. 24 oktyabr 2024-cü il tarixli “Xalq Sıorta” tərəfindən Cavabdeh2 ünvanlanmış məktubda bildirilir ki, baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində dəymiş zərərə görə Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən təsdiq edilmiş və 2022-ci il 1 noyabr tarixindən sonra baş vermiş sığorta hadisələrinə şamil edilmiş "Yol-nəqliyyat hadisəsində zərərçəkənin idarə etdiyi avtonəqliyyat vasitəsinə dəyən zərərin ödənilməsi ilə bağlı sığortaçılar arasında qarşılıqlı ödəmələrin tənzimlənməsinə dair" qaydasına və Mərkəzi Bankın xx.xx.2024-cü il tarixli qərarına və sığorta aktına əsasən zərərçəkmişə 3113 (üç min bir yüz on üç) manat məbləğində pul vəsaiti ödənilmişdir.

15. Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayışa əsasən, “Vaz 21214” minik markalı, 99SB908 dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi qismində Cavabdeh1 qeyd edilmişdir. Avtonəqliyyat vasitəsinin mülkiyyətçisi hüququnu təsdiq edən sənədin nömrəsi BD266500//GÖYGÖL//2022-08-30 qeyd edilmişdir.

16. Göründüyü kimi xx.xx.2023-cü il, saat 01:00-da Gəncə şəhəri, Nizami prospektində yol nəqliyyat hadisəsi olmuş, inzibati xəta tərkibi üzrə “Vaz 21214” minik markalı, 99SB908 dövlət qeydiyyat nişanlı avtomobili həmin vaxt nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxs Cavabdeh2 təqsirli olmuşdur. Bunun əsasında zərər dəymiş “VOLKSWAGEN” markalı, **-DJ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə müvafiq qiymətləndirmə əsasında “Vaz 21214” minik markalı, 99SB908 dövlət qeydiyyat nişanlı avtomobilin sığortaçısı "xxxx" tərəfindən 3113 manat ödəniş edilmişdir. “Vaz 21214” minik markalı, 99SB908 dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi Cavabdeh1 olması iş materiallarında əks olunmuşdur.

17. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 18 aprel 2022-ci il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenum qərarında əks olunan fikrə əsasən Yüksək təhlükə mənbəyinin sahibinin üçüncü şəxslərə dəymiş zərəri qarşılamaq öhdəliyi hüquq nəzəriyyəsində “təhlükə məsuliyyəti” adlandırılır. “Təhlükə məsuliyyəti” anlayışı cəmiyyətdə elm və texnikanın, sənayenin inkişafı nəticəsində insanların qanunla qorunan mənafelərinin pozulma riskinin də artması ilə əlaqədar formalaşmışdır. Obyektiv, fiziki xüsusiyyətlərindən irəli gələrək ətrafdakılara zərər yetirmək təhlükəsi, ehtimalı yüksək olan əşya, habelə fəaliyyət növü sahibləri təqsirsiz olsalar belə, bu fəaliyyətdən, əşyanın istifadəsindən irəli gələn zərərlərə görə məsuliyyət daşıyırlar. Qanunverici ətrafdakılar üçün təhlükəli olan əşyanın sahibinin və ya fəaliyyət növü ilə məşğul olan şəxsin bu təhlükədən məlumatlı olmasına baxmayaraq, riski öz üzərinə götürərək əşyadan istifadə etməsi və ya fəaliyyət növü ilə məşğul olması səbəbindən üçüncü şəxslərə dəymiş zərəri qarşılamaq öhdəliyinin də onun üzərinə qoyulmasını məqsədəmüvafiq hesab etmişdir. Yüksək təhlükə mənbəyi sahibinin məsuliyyətinin əsasını təqsir deyil, sahiblik etdiyi əşyanın və ya fəaliyyətin təhlükəliliyi təşkil edir.

18. Hazırki halda hüquqazidd pozuntuya səbəb olan əməli törədən Cavabdeh2 və yüksək təhlükə mənbəyinin mülkiyyətçisi- Cavabdeh1 birgə olaraq baş vermiş hadisə nəticəsində sığortaçı tərəf "xxxx"ASC-nin qarşısında subroqasiya iddiasından irəli gələn öhdəlik daşıyırlar.

19. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi qanuni və əsaslı olduğundan təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 3113,00 manat pul tutulmalıdır.

20. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq, işdə iştirak edən şəxslərə aid edilməlidir. İddia təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş 51,00 (əlli bir manat sıfır qəpik) manat məbləğində dövlət rüsumu müştərək qaydada cavabdehlərdən 21 iddiaçıya ödənilməlidir.

21. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia tələbi təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 3113.00 (üç min yüz on üç manat sıfır qəpik) manat əsas borc və dövlət rüsumu qismində qismində 51.00 (əlli bir manat sıfır qəpik) manat tutularaq "xxxx" Açıq Səhmdar Cəmiyyəti hesabına ödənilsin. Qətnamənin surəti rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirilməklə Göygöl rayon məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Qətnamədən şikayət verilmədikdə, tərəflərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən: Leyla Hüseynzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar