Məhkəmə qərarları › İş №e-2(066)-1350/2025

Göygöl Rayon Məhkəməsi Qətnamə — İş №e-2(066)-1350/2025

23.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № e-2(066)-1350/2025 23.10.2025 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Hüseynzadə Leyla Vəliyyəddin qızı, İddiaçı (bundan sonra - İddiaçı MMC) Cavabdeh qarşı “pul” tələbi ilə bağlı kiçik mübahisələrə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, sadələşdirilmiş icraat qaydasında məhkəmə iclasından kənar baxaraq müəyyən etdi: İşin halları:

1. İddiaçı MMC ilə alıcı Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli, R0097295 nömrəli müqavilədən, təhvil-təslim aktından və əlavədən görünür ki, İddiaçı MMC alıcıya dəyəri 5668 (beş min altı yüz altmış səkkiz) manat olan əşyanı ilkin ödənişsiz olmaqla, dəyərini hissə-hissə ödəmək şərti ilə satmışdır. Alıcı aldığı malın dəyərini müqavilədə göstərilən tarixdə ödəmək öhdəliyini üzərinə götürmüşdür.

Məhkəmə icraatı:

2. İddiaçı MMC Cavabdeh qarşı “pul tələbi”nə dair kiçik mübahisələr üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı MMC-nin xeyrinə 944(doqquz yüz qırx dörd) manat məbləğində əsas borc, 94(doxsan dörd) manat məbləğində cərimə, 30,38 (otuz manat, otuz səkkiz qəpik) manat məbləğində dövlət rüsumu, cəmi 1068 (min altmış səkkiz) manat məbləğində pulun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış R0097295 nömrəli, xx.xx.2024-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən satıcı alıcıya 12 ay müddətinə, 5668 manat dəyərində olan əşyanı satmışdır. Cavabdeh aldığı əşyaya görə ilkin ödəniş etməmiş və borclu olduğu qalıq 5668 manat məbləğində pulu ödəniş cədvəlinə əsasən iddiaçıya hissə-hissə ödəməyi öhdəsinə götürsə də, alqı-satqı müqaviləsində nəzərə tutulmuş öhdəlikləri qismən yerinə yetirmiş və 4724 manat ödəniş etmişdir. Borcun ödənilməsi ilə əlaqədar olaraq borcluya dəfələrlə şifahi və yazılı xəbərdarlıq edilmiş, lakin borc ödənilməmişdir. Cavabdeh müqavilə üzrə öhdəliklərini yerinə yetirmədiyindən iddiaçı tərəfindən ona xx.xx.2025-ci il tarixə 94 manat məbləğində cərimə hesablanmışdır. Hesab edirlər ki, cavabdehdən iddiaçının xeyrinə 944 manat məbləğində əsas borc, 94 manat məbləğində cərimə və 30,38 manat məbləğində dövlət rüsumu tutulmalıdır.

4. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5-ci maddəsinə uyğun olaraq cavabdehə bildiriş və iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə göndərilməklə, ona iddia tələbinə dair əsaslandırılmış etirazını, dəlillərini və sübutlarını təqdim etmək təklif olunmuşdur. Göygöl Rayon İƏD nümayəndəliyinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Cavabdeh məhkəmə bildirişinin çatdırılması mümkün olmamışdır.

Tətbiq edilən hüquq:

5. Mülki Prosessual Məcəllə: Maddə 284-1. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat Mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.1. Ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. 284-5.2. Cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. 284-5.3. Ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. 284-6.1. İşə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir.

6. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.2-ci maddəsinə əsasən əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. 600.4-cü maddəsində əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.

Məhkəmənin mövqeyi:

7. Məhkəmə iş üzrə sənədləri araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan qismən təmin edilməlidir.

8. Belə ki, İddiaçı MMC ilə alıcı Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli, R0097295 nömrəli müqavilədən, təhvil-təslim aktından və əlavədən görünür ki, İddiaçı MMC alıcıya dəyəri 5668 (beş min altı yüz altmış səkkiz) manat olan əşyanı dəyərini hissə-hissə ödəmək şərti ilə satmışdır. Alıcı aldığı malın dəyərini müqavilədə göstərilən tarixdə ödəmək öhdəliyini üzərinə götürmüşdür.

9. İddiaçı MMC-nin xx.xx.2025-ci il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh xx.xx.2024-cü il tarixli, R0097295 nömrəli müqaviləyə əsasən İddiaçı MMC-yə 944(doqquz yüz qırx dörd) manat əsas, 94(doxsan dörd) manat cərimə borcu vardır.

10. xx.xx.2025-ci il tarixli pretenziya məktubundan görünür ki, cavabdeh yaranmış borcla bağlı xəbərdar olunmuş, borcun ödənilməyəcəyi təqdirdə məhkəmədə ona qarşı iddia qaldırılacağı bildirilmişdir.

11. Göründüyü kimi tərəflər arasında müqavilə münasibətləri olmuş, satıcı tərəf olaraq İddiaçı MMC üzərinə düşən öhdəlikləri tam icra etsə də, alıcı tərəf hazırki iş üzrə Cavabdeh üzərinə düşən öhdəliyi tam icra etməmişdir.

12. Bununla belə məhkəmə tərəflərin mənafelərini nəzərə alaraq, tənasübsüz surətdə yüksək olan dəbbə pulunun miqdarının azaldılmasını məqsədə müvafiq hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinin tələbinə görə, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.

13. Odur ki, məhkəmə hesab edir ki, iddiaçının xx.xx.2024-cü il tarixli, R0097295 nömrəli müqavilə üzrə tələb etdiyi 94 manat dəbbə (cərimə) pulu tənasübsüz surətdə yüksək olduğu üçün həmin məbləğ azaldılmalı və 47(qırx yeddi) manat məbləğində müəyyən edilməlidir.

14. Məhkəmə tədqiq olunmuş sübutlara tam, hərtərəfli, obyektiv və məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan qismən təmin edilməli, İddiaçı MMC-nin xeyrinə Cavabdeh xx.xx.2024-cü il tarixli, R0097295 nömrəli müqavilə üzrə 944(doqquz yüz qırx dörd) manat əsas, 47(qırx yeddi) manat cərimə məbləği tutularaq iddiaçıya verilməlidir.

15. Bununla yanaşı, AR MPM-in 107-ci və 119.1-ci maddələrinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də, məhkəmə ödənilmiş 30,38(otuz manat, otuz səkkiz qəpik) manat dövlət rüsumunun da cavabdehdən iddiaçının xeyrinə tutulmasını əsaslı hesab edir.

16. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:

17. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;

18. 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir;

19. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yekun nəticə: 20.Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-273-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qətetdi:

İddia qismən təmin edilsin. xx.xx.2024-cü il tarixli, R0097295 nömrəli müqavilə üzrə 944(doqquz yüz qırx dörd) manat əsas borc məbləği , 47(qırx yeddi) manat cərimə olmaqla, ümumilikdə 991(doqquz yüz doxsan bir)manat və məhkəmə xərci olaraq 30,38(otuz manat, otuz səkkiz qəpik) manat dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı xeyrinə ödənilsin. Qətnаmənin surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) аy müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirməklə Göygöl Rаyоn Məhkəməsi vаsitəsilə Gəncə Аpellyаsiyа Məhkəməsinə аpellyаsiyа şikаyəti verilə bilər. Həmin müddətdə şikayət verilməzsə qətnamə tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Leyla Hüseynzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar