Məhkəmə qərarları › İş №e-2(066)-1381/2024

Göygöl Rayon Məhkəməsi Qətnamə — İş №e-2(066)-1381/2024

07.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № e-2(066)-1381/2024 07.11.2024 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlu, iddiaçı "xxxx"Məhdud Məsuliyyətli Cəmiyyətinin (bundan sonra-"xxxx" MMC) cavabdeh X2 qarşı “pul” tələbi ilə bağlı kiçik mübahisələrə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, sadələşdirilmiş icraat qaydasında məhkəmə iclasından kənar baxaraq, müəyyən etdim: İddiaçı "xxxx" MMC cavabdeh X2 qarşı “pul tələbi”nə dair kiçik mübahisələr üzrə iddia ilə bağlı ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən LG LED TV üçün 327.04 (üç yüz iyirmi yeddi manat dörd qəpik) manat ödənilməmiş hissə, 32.96 (otuz iki manat doxsan altı qəpik) manat cərimə olmaqla, ümumilikdə 360 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun cavabdeh X1 alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, LG LED TV alınmış və nəticədə 360 (üç yüz altmış) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə alqı-satqı qiyməti 2015.54 (iki min on beş manat əlli dörd qəpik) manat (yəni 18 ay x 109.03 manat + 53 manat ilkin ödəniş şərti ilə) LG LED TV üçün ümumilikdə 360 (üç yüz altmış) manat olmaqla ondan 327.04 (üç yüz iyirmi yeddi manat dörd qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 32.96 (otuz iki manat doxsan altı qəpik) manat cərimə borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 1688.5 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödənir. Cavabdehlə aralarında bağlanmış xx.xx.2023-cü il tarixli Müqavilənin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin iddiaçı tərəfindən göndərilən xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubunda mübahisənin Məhkəmədən kənar həll olunması, cavabdehin üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsə də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəliklərini icra etməmişdir. İddiaçı tələbinin əsaslılığını və əmlakın dəyərini sübut edən sənədlər kimi: tərəflər arasında bağlanılmış müqaviləni, ona edilmiş əlavəni, bildirişi, əşyaların təhvil-təslim aktını və ödəniş cədvəlini göstərmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5-ci maddəsinə uyğun olaraq cavabdehə bildiriş və iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə göndərilməklə, ona iddia tələbinə dair əsaslandırılmış etirazını, dəlillərini və sübutlarını təqdim etmək təklif olunmuş, lakin cavabdeh tərəfindən iddiaya dair etiraz daxil olmamışdır. Məhkəmə iş üzrə sənədləri araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işin materiallarına əlavə edilmiş: "xxxx" MMC ilə alıcı X3 arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 11222724 nömrəli müqavilədən, təhvil-təslim aktından və əlavədən görünür ki, "xxxx" MMC alıcıya dəyəri 2015.54 (iki min on beş manat əlli dörd qəpik) manat olan LG LED TV-nin dəyərini hissə-hissə ödəmək şərti ilə satmışdır. Alıcı aldığı malın dəyərini müqavilədə göstərilən ödəmə tarixində şərtsiz və ödəmənin hər gecikdiyi gün üçün müddəti keçmiş məbləğin 1%-i miqdarında cərimə ödəməyi barədə üzərinə öhdəlik götürmüşdür. X3 həmin müqavilə üzrə LG LED TV üçün ilkin ödəniş 53 manat olmaqla hər ay 109.03 (bir yüz doqquz manat üç qəpik) manat ödəniş etmək öhdəliyini üzərinə götürmüşdür. "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, X3 xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən "xxxx" MMC-dən LG LED TV üçün 53 manat ilkin ödəniş olmaqla 18 ay müddətinə ödəmək şərti ilə dəyəri 2015.54 (iki min on beş manat əlli dörd qəpik) manat olan mal almış, lakin borcunu hissə-hissə ödəməli olduğu halda öhdəliklərini tam yerinə yetirməmiş, əsas borc məbləğindən 327.04 (üç yüz iyirmi yeddi manat dörd qəpik) manat borcunu ödəməmiş və həmin məbləğə 32.96 (otuz iki manat doxsan altı qəpik) manat cərimə hesablanmışdır. xx.xx.2024-cü il tarixli xəbərdarlıqdan görünür ki, cavabdeh borcun ödənilməyəcəyi təqdirdə məhkəmədə ona qarşı iddia qaldırılacağı barədə xəbərdar edilmişdir. AZE seriyalı, 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X3 xx.xx.1955-ci ildə doğulmuşdur. İddia tələbinin qanuni əsası kimi məhkəmə aşağıdakı maddi hüquq normalarına istinad etməyi əsaslı hesab edir. Belə ki, öhdəlik hüququndan bəhs edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsində qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 567-ci maddəsində qeyd olunur ki, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsində göstərilir ki, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.2-ci maddəsinə görə, əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. 600.4-cü maddəsində əsasən, əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Məhkəmə tədqiq olunmuş sübutlara tam, hərtərəfli, obyektiv və məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli, "xxxx" MMCnin xeyrinə cavabdeh X1 xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən LG LED TV üçün 327.04 (üç yüz iyirmi yeddi manat dörd qəpik) manat ödənilməmiş hissə, 32.96 (otuz iki manat doxsan altı qəpik) manat cərimə borcu olmaqla, ümumilikdə 360 (üç yüz altmış) manat pul tutularaq iddiaçıya verilməlidir. Bununla yanaşı, MPM-in 107-ci və 119.1-ci maddələrinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də, məhkəmə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun da cavabdehdən iddiaçının xeyrinə tutulmasını əsaslı hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-273-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh X1 327.04 (üç yüz iyirmi yeddi manat dörd qəpik) manat ödənilməmiş hissə, 32.96 (otuz iki manat doxsan altı qəpik) manat cərimə borcu olmaqla, ümumilikdə 360 (üç yüz altmış) manat borc məbləği və məhkəmə xərci olaraq 30 (otuz) manat dövlət rüsumu alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilsin. Qətnаmənin surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) аy müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirməklə Göygöl Rаyоn Məhkəməsi vаsitəsilə Gəncə Аpellyаsiyа Məhkəməsinə аpellyаsiyа şikаyəti verilə bilər. Həmin müddətdə şikayət verilməzsə qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Rəşad Mustafayev İş № 2(066)-1381/2024 Birinci instansiya məhkəməsində məhkəmə iclasından kənar ayrıca prosessual hərəkətin aparılması barədə PROTOKOL xx.xx.2024-cü il Göygöl şəhəri GöygölRayon Məhkəməsinin hakimi Mustafayev Rəşad Mustafa oğlu tərəfindən iddiaçı "xxxx" MMC-nin cavabdeh X2 qarşı “pul tələbi” ilə bağlı kiçik mübahisələrə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, iş üzrə tərəflərin iştirakı olmadan məhkəmə iclasından kənar baxılır, Prosessual hərəkət saat 10:25-də başladım. İşə baxan hakim olaraq iddia ərizəsini və ona əlavə olunmuş sənədləri yoxlayaraq iddia ərizənin təmin edilməsi barədə qətnamə qəbul etdim. Prosessual hərəkət saat 10:35-də başa çatdırdım. Hakim:Rəşad Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar