Məhkəmə qərarları › İş №e-2(066)-1385/2024

Göygöl Rayon Məhkəməsi Qətnamə — İş №e-2(066)-1385/2024

28.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № e-2(066)-1385/2024 28.11.2024 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlu, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair kiçik iddia üzrə sadələşmiş icraat qaydasında ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, məhkəmə iclasından kənar baxaraq, müəyyən etdim: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair kiçik iddia üzrə sadələşmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh ECK5866607 nömrəli, xx.xx.2020-ci il tarixli müqavilə üzrə 339 manat əsas, 102 manat dəbbə pulu və ECK5866611 nömrəli, xx.xx.2020-ci il tarixli müqavilə üzrə 1230 manat əsas, 368 manat dəbbə pulu və 41 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 2080 manat pulun onun xeyrinə tutulması haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2020-ci il və xx.xx.2020-ci il tarixlərində Cavabdeh ilə aralarında ECK5866607 nömrəli və ECK5866611 nömrəli hissəhissə ödənişlə alqı-satqı müqavilələri bağlanmışdır. Müqavilənin 1.1-ci maddəsinə əsasən ECK5866607 nömrəli müqavilə üzrə 435 manat dəyəri olan 1 ədəd “SAMSUNG GALAXY A10S” markalı telefonu alıcıya hissə-hissə ödənişlə satmaq öhdəliyini öz üzərinə götürmüşdür. ECK5866611 nömrəli müqavilə üzrə 1539 manat dəyəri olan 1 ədəd “SAMSUNG” markalı televizoru alıcıya hissə-hissə ödənişlə satmaq öhdəliyini öz üzərinə götürmüşdür. Müqavilənin 2.1 və 2.2-ci maddəsinə əsasən alıcı ECK5866607 nömrəli müqavilə üzrə 3 manat ilkin ödəniş olmaqla, qalan 432 manat pulu müqavilənin ayrılmaz tərkib hissəsi olan ödəniş cədvəlinə uyğun olaraq 12 ay müddətinə, aylıq 36 manat olmaqla, hər ayın 06-dək ödəmək öhdəliyini öz üzərinə götürmüşdür. Alıcı ECK5866611 nömrəli müqavilə üzrə 204 manat ilkin ödəniş olmaqla, qalan 1335 manat pulu müqavilənin ayrılmaz tərkib hissəsi olan ödəniş cədvəlinə uyğun olaraq 15 ay müddətinə, aylıq 89 manat olmaqla, hər ayın 07-dək ödəmək öhdəliyini öz üzərinə götürmüşdür. Müqavilənin 2.4-cü maddəsinə əsasən alıcı ödəniş gecikdirdiyi hər gün üçün məcmu borcun 1%-i həcmində satıcının xeyrinə cərimə (dəbbə pulu) ödəyir. Alıcı tərəfindən müqavilə üzrə öhdəliklər lazımi qaydada icra edilməmiş və nəticədə ECK5866607 nömrəli müqavilə üzrə 339 manat əsas, 102 manat dəbbə pulu olmaqla, 441 manat və ECK5866611 nömrəli müqavilə üzrə 1230 manat əsas, 368 manat dəbbə pulu olmaqla, 1598 manat borcu yaranmışdır. Alıcı tərəfindən ECK5866607 nömrəli, xx.xx.2020-ci il tarixli müqavilə üzrə sonuncu dəfə xx.xx.2024-cü il tarixdə 50 manat ödəniş və ECK5866611 nömrəli, xx.xx.2020-ci il müqavilə üzrə sonuncu dəfə xx.xx.2020-ci il tarixdə 90 manat ödəniş edilmişdir. Tərəflərindən dəfələrlə edilmiş yazılı və şifahi xəbərdarlıqlara baxmayaraq borcun ödənilməsi təmin edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5-ci maddəsinə uyğun olaraq cavabdehə bildiriş və iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə göndərilməklə, ona iddia tələbinə dair əsaslandırılmış etirazını, dəlillərini və sübutlarını təqdim etmək təklif olunsa da cavabdehdən iddiaya dair etiraz daxil olmamışdır. Məhkəmə iş üzrə sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş: İddiaçı ilə alıcı Cavabdeh arasında bağlanmış ECK5866607 nömrəli, xx.xx.2020-ci iltarixli nisyə alqı-satqı müqaviləsindən görünür ki, İddiaçı alıcıya dəyəri 435 (dörd yüz otuz beş) manat olan 1 ədəd “Samsung Galaxy A10S”markalı telefon dəyərini hissə-hissə ödəmə şərti ilə satmışdır. ECK5866611 nömrəli, xx.xx.2020-ci il tarixli nisyə alqı-satqı müqaviləsindən görünür ki, İddiaçı alıcıya dəyəri 1539 (min beş yüz otuz doqquz) manat olan 1 ədəd “Samsung” markalı televizor dəyərini hissə-hissə ödəmə şərti ilə satmışdır. Alıcı aldığı malın dəyərini müqavilədə göstərilən ödəmə tarixində şərtsiz və ödəmənin hər gecikdiyi gün üçün ümumi məbləğin 1%-i miqdarında cərimə ödəməyi barədə üzərinə öhdəlik götürmüşdür. Cavabdeh xx.xx.2020-ci il tarixli müqavilə üzrə sonrakı aylar 1 ədəd “Samsung Galaxy A10S markalı telefon üçün 12 ay müddətində hər ay 36 (otuz altı) manat ödəniş etmək öhdəliyini öz üzərinə götürmüşdür. xx.xx.2020-ci il tarixli müqavilə üzrə sonrakı aylar 1 ədəd “Samsung” markalı televizor üçün 15 ay müddətində hər ay 89 (səksən doqquz) manat ödəniş etmək öhdəliyini öz üzərinə götürmüşdür. Cavabdehə dəfələrlə yazılı və şifahi xəbərdarlıq edilməsinə baxmayaraq borcunu ödəməmişdir. xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh ECK5866607 nömrəli, xx.xx.2020-ci il tarixli nisyə alqı-satqı müqaviləsi xx.xx.2024-cü il tarixə 339 manat əsas, 102 manat dəbbə pulu və ECK5866611 nömrəli, xx.xx.2020-ci il tarixli müqavilə üzrə 1230 manat əsas, 368 manat dəbbə pulu və 41 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 2080 (iki min səksən) manat borcu vardır. xx.xx.2024-cü il tarixli Pretenziya məktubundan görünür ki, cavabdeh borcun ödənilməyəcəyi təqdirdə məhkəmədə ona qarşı iddia qaldırılacağı barədə xəbərdar edilmişdir. AZE seriyalı, ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh xx.xx.1991-ci ildə Xanlar rayonunda doğulmuşdur. İşdə olan poçt xəbərnaməsindən görünür ki, Cavabdeh məhkəmə bildirişini xx.xx.2024-cü il tarixdə almışdır. İddia tələbinin qanuni əsası kimi məhkəmə aşağıdakı maddi hüquq normalarına istinad etməyi əsaslı hesab edir. Belə ki, öhdəlik hüququndan bəhs edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsində qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 567-ci maddəsində qeyd olunur ki, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsində göstərilir ki, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.2-ci maddəsinə görə, əşyaların nisyə satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. 600.4-cü maddəsində əsasən, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi. O cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmunu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. İş materiallarından görünür ki, iddiaçı tərəfindən cavabdehə kredit müqaviləsi üzrə üzərinə düşən öhdəliyi lazımınca icra etmədiyinə görə xx.xx.2020-ci il tarixli müqavilə üzrə 102 manat dəbbə pulu və xx.xx.2020-ci il tarixli müqavilə üzrə 368 manat dəbbə pulu hesablanmışdır. 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə tərəflərin mənafelərini nəzərə alaraq xx.xx.2020-ci il tarixli müqavilə üzrə tətbiq olunmuş 102 manat dəbbə pulunun və xx.xx.2020-ci il tarixli müqavilə üzrə tətbiq olunmuş 368 manat məbləğində dəbbə pulunun miqdarını azaldaraq cavabdehdən xx.xx.2020-ci il tarixli müqavilə üzrə 30 manat dəbbə pulunun və xx.xx.2020-ci il tarixli müqavilə üzrə 120 manat dəbbə pulu tutulmasını məqsədə müvafiq hesab edir. Məhkəmə tədqiq olunmuş sübutlara tam, hərtərəfli, obyektiv və məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, İddiaçı xeyrinə Cavabdeh ECK5866607 nömrəli, xx.xx.2020-ci il tarixli müqavilə üzrə 339 manat əsas, 30 manat dəbbə pulu və ECK5866611 nömrəli, xx.xx.2020-ci il tarixli müqavilə üzrə 1230 manat əsas, 120 manat dəbbə pulu olmaqla cəmi 1719 (bir min yeddi yüz on doqquz) manat pul tutularaq iddiaçıya verilməlidir. Bununla yanaşı, MPM-in 107-ci və 119.1-ci maddələrinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də, məhkəmə ödənilmiş 41 manat dövlət rüsumunun 37,20 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmasını, dövlət rüsumunun 3.80 manat hissəsi iddiaçının özünə aid edilməsini əsaslı hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-273-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh ECK5866607 nömrəli xx.xx.2020-ci il tarixli müqavilə üzrə 339 manat əsas, 30 manat dəbbə pulu və ECK5866611 nömrəli xx.xx.2020-ci il tarixli müqavilə üzrə 1230 manat əsas, 120 manat dəbbə pulu olmaqla ümumilikdə 1719 (bir min yeddi yüz on doqquz) manat borc məbləği və məhkəmə xərci olaraq 37,20 (otuz yeddi manat iyirmi qəpik) manat dövlət rüsumu alınaraq İddiaçı xeyrinə ödənilsin. İddia tələbi digər hissədə təmin edilməsin. Qətnаmənin surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) аy müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirməklə Göygöl Rаyоn Məhkəməsi vаsitəsilə Gəncə Аpellyаsiyа Məhkəməsinə аpellyаsiyа şikаyəti verilə bilər. Həmin müddətdə şikayət verilməzsə qətnamə qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Rəşad Mustafayev İş № 2(066)-1385/2024 Birinci instansiya məhkəməsində məhkəmə iclasından kənar ayrıca prosessual hərəkətin aparılması barədə PROTOKOL xx.xx.2024-cü il Göygöl şəhəri GöygölRayon Məhkəməsinin hakimi Mustafayev Rəşad Mustafa oğlu tərəfindən İddiaçı Cavabdeh qarşı pul tələbinə dair kiçik iddia üzrə sadələşdirilmiş qaydada iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, iş üzrə tərəflərin iştirakı olmadan məhkəmə iclasından kənar baxılır, Prosessual hərəkət saat 12:45-də başladım. İşə baxan hakim olaraq iddia ərizəsini və ona əlavə olunmuş sənədləri yoxlayaraq iddia ərizənin qismən təmin edilməsi barədə qətnamə qəbul etdim. Prosessual hərəkət saat 12:55-də başa çatdırdım. Hakim: Rəşad Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar