Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № e-2(066)-1763/2025 27.01.2026 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Göygöl Rayon Məhkəməsinin hakimi Mustafayev Rəşad Mustafa oğlu, iddiaçı “X1” Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “pul” tələbinə dair kiçik iddia ilə bağlı ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, sadələşdirilmiş icraat qaydasında məhkəmə iclasından kənar baxaraq, müəyyən etdi: İddiaçı “X1” MMC Cavabdeh qarşı “pul” tələbinə dair kiçik iddiaya dair ərizə ilə məhkəməyə müraciət edərək, 10 dekabr 2023-cü il tarixli, GRKR040 nömrəli nisyə alqısatqı müqaviləsi üzrə Cavabdeh tərəfindən öz öhdəliklərinin icra edilməməsi nəticəsində yaranmış 770.58 manat məbləğində borcun və 30 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçı “X1” MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, satıcı "xxxx" MMC ilə Cavabdeh arasında 10 dekabr 2023-cü il tarixli GRKR040 nömrəli nisyə alqı-satqı müqaviləsi (bundan sonra “Müqavilə” adlandırılacaq) imzalanmışdır. Müqaviləyə əsasən satıcı cavabdehə müqavilənin əlavəsində göstərilən 01 ədəd “Samsung” markalı ev kinoteatrı avadanlığını satmağı, cavabdeh isə həmin malın dəyərini satıcıya 5 ay ərzində 142 manat, sonuncu ay isə 139,99 manat olmaqla, cəmi 849,99 manat məbləğində pulu ödəmək öhdəliyini üzərinə götürmüşdür. Malın nisyə satış müqaviləsinə 2 saylı əlavədə, təhviltəslim aktında göstərilən 01 ədəd ev kinoteatrı avadanlığı cavabdehə təhvil verilmişdir. Müqavilənin və tərəflər arasında tərtib edilmiş ödəniş qrafikinin şərtlərinə cavabdeh tərəfindən əməl edilməmiş, o, borcun qaytarılmasına dair öhdəliyi vaxtında və lazımı qaydada icra etməmişdir. Cavabdehə dəfələrlə tərəflərindən xəbərdarlıq edilməsinə baxmayaraq, o, öhdəliyi yerinə yetirməmişdir. Belə ki, müqavilənin 6.1-ci bəndi və 6.1.1-ci yarımbəndinə əsasən, cavabdeh müqavilə üzrə üzərinə götürdüyü borc öhdəliklərini yerinə yetirmədiyi (lazımınca yerinə yetirmədiyi) təqdirdə, kreditor nisyə mala görə hesablanmış borcu və dəbbə pulunu dərhal tələb etmək hüququna malikdir. Cavabdehin iddiaçı qarşısında 10 dekabr 2023-cü il tarixli GRKR040 nömrəli nisyə alqı-satqı müqaviləsi üzrə qalıq borcu 557.99 manat təşkil edir. Müqavilənin 5.6-cı bəndinə əsasən borcun ödənişi gecikdirildikdə hər gecikdirilmiş gün üçün borc məbləğinin 0.3% həcmində cərimə (dəbbə pulu) ödəməyi cavabdeh öhdəsinə götürmüşdür. Borculunun kreditor qarşısında müqavilə üzrə cərimə borcu 212,59 manat təşkil edir.Hazırda cavabdehin iddiaçı qarşısında 10 dekabr 2023-cü il tarixli GRKR040 nömrəli nisyə alqı-satqı müqaviləsi üzrə 557,99 manat qalıq borcu, 212,59 manat cərimə borcu olmaqla, cəmi 770,58 manat borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5-ci maddəsinə uyğun olaraq cavabdehə bildiriş və iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə göndərilməklə, ona iddia tələbinə dair əsaslandırılmış etirazını, dəlillərini və sübutlarını təqdim etmək təklif olunsa da cavabdehdən iddiaya dair etiraz daxil olmamışdır. Məhkəmə iş üzrə sənədləri araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş: 01 dekabr 2025-ci il tarixli, 12/25 nömrəli "xxxx" MMC ilə İddiaçı MMC arasında bağlanmış “Kollektor xidmətlərinin göstərilməsi” haqqında müqavilədən görünür ki, borcludan pul vəsaitini tələb etmək hüququ İddiaçı MMC-yə keçmişdir. "xxxx" MMC ilə alıcı Cavabdeh arasında bağlanmış 10 dekabr 2023-cü il tarixli, GRKR040 nömrəli müqavilədən, təhvil-təslim aktından və əlavədən görünür ki, "xxxx" MMC alıcıya dəyəri 849,99 (səkkiz yüz qırx doqquz manat, doxsan doqquz qəpik) manat olan 1 ədəd “Samsung” markalı ev kinoteatrı avadanlığının dəyərini hissə-hissə ödəmə şərti ilə satmışdır. Alıcı Müqavilənin 5.6-cı bəndinə əsasən borcun ödənişi gecikdirildikdə hər gecikdirilmiş gün üçün borc məbləğinin 0.3% həcmində cərimə (dəbbə pulu) ödəməyi barədə üzərinə öhdəlik götürmüşdür. Cavabdeh həmin müqavilə üzrə sonrakı 1 ədəd “Samsung” markalı ev kinoteatrı avadanlığı üçün 5 ay 142 (bir yüz qırx iki manat) manat, sonuncu ay isə 139,99 (bir yüz otuz doqquz manat, doxsan doqquz qəpik) manat ödəniş etmək öhdəliyini üzərinə götürmüşdür. xx.xx.2025-ci il tarixli "xxxx" MMC-nin maliyyə arayışından görünür ki, Cavabdeh 10 dekabr 2023-cü il tarixli müqaviləyə əsasən "xxxx" MMC-dən 6 ay müddətinə ödəmək şərti ilə dəyəri 849,99 (səkkiz yüz qırx doqquz manat, doxsan doqquz qəpik) manat olan 1 ədəd “Samsung” markalı ev kinoteatrı almış, borcunu hissə-hissə ödəməli olduğu halda öhdəliklərini tam yerinə yetirməmiş, nəticədə 557.99 manat əsas borc, 212,59 manat cərimə borcu olmaqla, cəmi 770,58 manat borc yaranmışdır. xx.xx.2025-ci il tarixli bildirişdən görünür ki, cavabdeh borcun ödənilməyəcəyi təqdirdə məhkəmədə ona qarşı iddia qaldırılacağı barədə xəbərdar edilmişdir. İddia tələbinin qanuni əsası kimi məhkəmə aşağıdakı maddi hüquq normalarına istinad etməyi əsaslı hesab edir. Belə ki, öhdəlik hüququndan bəhs edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsində qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 567-ci maddəsində qeyd olunur ki, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsində göstərilir ki, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.2-ci maddəsinə görə, əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. 600.4-cü maddəsində əsasən, əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 655.1-ci maddəsinə əsasən faktorinq pul tələbinin güzəşt edilməsi müqabilində maliyyələşdirmədir. Faktorinq müqaviləsinə görə bir tərəf (faktor) üçüncü şəxs (borclu) barəsində müştərinin (kreditorun) üçüncü şəxsə mal verməsindən, işlər görməsindən və ya xidmətlər göstərməsindən irəli gələn pul tələbinin hesabına digər tərəfə (müştəriyə) pul vəsaiti verir və ya verməyi öhdəsinə götürür, müştəri isə bu pul tələbini faktora güzəşt edir və ya güzəşt etməyi öhdəsinə götürür. 655.2-ci maddəsinə əsasən pul tələblərinin güzəşti barəsində borcluya bildiriş verilməlidir. 657.4-cü maddəsinə əsasən əgər borclu müştəridən və ya müştərinin vəkaləti ilə faktordan güzəşt barəsində yazılı bildiriş almışdırsa, ödənişi faktora həyata keçirməlidir. Bildiriş yalnız o halda etibarlıdır ki, güzəşt edilmiş tələbləri və borclunun ödənişi həyata keçirdiyi və ya hesabına həyata keçirdiyi faktoru kifayət qədər dəqiq göstərsin və bildirişin verildiyi an və ya daha əvvəl bağlanmış müqavilədən irəli gələn tələblərə aid olsun. Məhkəmə tərəflərin mənafelərini nəzərə alaraq, tənasübsüz sürətdə yüksək olan dəbbə pulunun miqdarının azaldılmasını məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinin tələbinə görə, Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Odur ki, məhkəmə hesab edir ki, iddiaçının tələb etdiyi 212,59 (iki yüz on iki manat, əlli doqquz qəpik) manat dəbbə (cərimə) pulu tənasübsüz surətdə yüksək olduğu üçün həmin məbləğ azaldılmalı və 58 (əlli səkkiz) manat məbləğində müəyyən edilməlidir. Məhkəmə tədqiq olunmuş sübutlara tam, hərtərəfli, obyektiv və məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, “X1” MMC-nin xeyrinə Cavabdeh 10 dekabr 2023-cü il tarixli, GRKR040 nömrəli müqaviləyə əsasən 1 ədəd “Samsung” markalı ev kinoteatrı avadanlığı üçün 557,99 (beş yüz əlli yeddi manat, doxsan doqquz qəpik) manat qalıq borc, 58 (əlli səkkiz) manat cərimə borcu olmaqla cəmi 615.99 (altı yüz on beş manat, doxsan doqquz qəpik) manat pul tutularaq iddiaçıya verilməlidir. Bununla yanaşı, MPM-in 107-ci və 119.1-ci maddələrinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. İddia tələbi qismən təmin edildiyindən məhkəmə ödənilmiş 30 manat dövlət rüsumunun 30 (otuz) manat hissəsinin cavabdehdən iddiaçının xeyrinə tutulmasını əsaslı hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-273-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 10 dekabr 2023-cü il tarixli, GRKR040 nömrəli müqavilə üzrə 557,99 (beş yüz əlli yeddi manat, doxsan doqquz qəpik) manat qalıq borc, 58 (əlli səkkiz) manat cərimə borcu olmaqla ümumilikdə 615.99 (altı yüz on beş manat, doxsan doqquz qəpik) manat borc məbləği və 30 (otuz) manat dövlət rüsumu alınaraq “X1” Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnаmənin surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) аy müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirməklə Göygöl Rаyоn Məhkəməsi vаsitəsilə Gəncə Аpellyаsiyа Məhkəməsinə аpellyаsiyа şikаyəti verilə bilər. Həmin müddətdə şikayət verilməzsə qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Rəşad Mustafayev İş № 2(066)-1763/2025 Birinci instansiya məhkəməsində məhkəmə iclasından kənar ayrıca prosessual hərəkətin aparılması barədə PROTOKOL xx.xx.2026-cı il Göygöl şəhəri Göygöl Rayon Məhkəməsinin hakimi Mustafayev Rəşad Mustafa oğlu tərəfindən iddiaçı “X1” MMC-nin Cavabdeh qarşı pul tələbinə dair kiçik iddia ilə bağlı ərizəsi üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında məhkəmənin inzibati binasında, məhkəmə iclasından kənar baxılır, Prosessual hərəkət saat 10:10-da başladım. İşə baxan hakim olaraq iddia ərizəsini və ona əlavə olunmuş sənədləri yoxlayaraq iddia ərizəsinin qismən təmin edilməsi barədə qətnamə qəbul etdim. Prosessual hərəkət saat 10:20-də başa çatdırdım. Hakim: Rəşad Mustafayev
Məhkəmə qərarları › İş №e-2(066)-1763/2025
Göygöl Rayon Məhkəməsi Qətnamə — İş №e-2(066)-1763/2025
27.01.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver