Məhkəmə qərarları › İş №e-2(066)-539/2025

Göygöl Rayon Məhkəməsi Qətnamə — İş №e-2(066)-539/2025

11.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № e-2(066)-539/2025 11.04.2025 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlu, İddiaçı (bundan sonra - İddiaçı MMC) Cavabdeh qarşı “pul” tələbi ilə bağlı kiçik mübahisələrə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, sadələşdirilmiş icraat qaydasında məhkəmə iclasından kənar baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı MMC Cavabdeh qarşı sadələşmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh təfərrüatları qeyd edilmiş borc müqaviləsinə (müqavilələrinə) əsasən 1523 (bir min beş yüz iyirmi üç) manat əsas borc, 36 (otuz altı) manat məbləğində ödənilmiş dövlət rüsumunun cəmi olan 1559 (bir min beş yüz əlli doqquz) manat məbləğində pul vəsaitinin alınaraq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli, HAK6122229 saylı müqaviləyə əsasən 22 ay müddətinə ödəmək şərtilə ümumi dəyəri 1469 (min dörd yüz altmış doqquz) manat olan məişət avadanlığı, xx.xx.2022-ci il tarixli, HAK6123808 saylı müqaviləyə əsasən 18 ay müddətinə ödəmək şərtilə ümumi dəyəri 1679 (min altı yüz yetmiş doqquz) manat olan məişət avadanlıqları əldə etmişdir. Cavabdehin müqavilə (müqavilələr) üzrə ödənişlər etdikdən sonra iddiaçıya 1523 (bir min beş yüz iyirmi üç) manat əsas borcu qalmışdır. Yuxarıda göstərilənləri nəzərə alaraq, Cavabdeh müqavilə (müqavilələr) üzrə 1523 (bir min beş yüz iyirmi üç) manat əsas borc, 36 (otuz altı) manat məbləğində ödənilmiş dövlət rüsumunun cəmi olan 1559 (bir min beş yüz əlli doqquz) manat pulun alınaraq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılması zərurəti yaranmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5-ci maddəsinə uyğun olaraq cavabdehə bildiriş və iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə göndərilməklə, ona iddia tələbinə dair əsaslandırılmış etirazını, dəlillərini və sübutlarını təqdim etmək təklif olunmuş, lakin cavabdeh tərəfindən iddiaya dair etiraz daxil olmamışdır. Məhkəmə iş üzrə sənədləri araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli, HAK6122229 nömrəli borc müqaviləsindən görünür ki, satıcı 1469 (min dörd yüz altmış doqquz) manat dəyərindəki məişət avadanlığını 22 ay müddətinə aylıq 66 (otuz bir) manat olmaqla alıcıya verməyi, alıcı isə həmin avadanlığın dəyərini ödəməyi öhdəsinə götürmüşdür. İlkin ödənilən məbləğ 17 manat olmaqla, müqavilənin ümumi məbləği 1452 (min dörd yüz əlli iki) manat təşkil etmiş, xx.xx.2022-ci il tarixli, HAK6123808 nömrəli borc müqaviləsindən görünür ki, satıcı 1679 (min altı yüz yetmiş doqquz) manat dəyərindəki məişət avadanlığını 18 ay müddətinə aylıq 82 (səksən iki) manat olmaqla alıcıya verməyi, alıcı isə həmin avadanlığın dəyərini ödəməyi öhdəsinə götürmüşdür. İlkin ödənilən məbləğ 203 manat olmaqla, müqavilənin ümumi məbləği 1476 (min dörd yüz yetmiş altı) manat təşkil etmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, xx.xx.2021-ci il tarixli, HAK6122229 nömrəli müqavilə üzrə Cavabdeh 457 manat və xx.xx.2022-ci il tarixli, HAK6123808 nömrəli müqavilə üzrə 1066 manat olmaqla hər iki müqavilə üzrə ümumilikdə 1523 (min beş yüz iyirmi üç) manat əsas ödənilməmiş borcu qalmışdır. xx.xx.2021-ci il tarixli, HAK6122229 saylı Təhvil-təslim aktından görünür ki, Cavabdeh TV Samsung markalı malı hissə-hissə ödəmə yolu ilə əldə etmiş, xx.xx.2022-ci il tarixli, HAK6123808 saylı təhvil-təslim aktından görünür ki, Cavabdeh TV LG markalı malı hissə-hissə ödəmə yolu ilə əldə etmişdir. İşdə olan xx.xx.2024-cü il tarixli xəbərdarlıqdan görünür ki, cavabdeh borcun ödənilməyəcəyi təqdirdə məhkəmədə ona qarşı iddia qaldırılacağı barədə xəbərdar edilmişdir. İşdə olan AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh xx.xx.1987-ci ildə anadan olmuşdur, Azərbaycan Respublikası vətəndaşıdır. İş materiallarına əlavə edilmiş xəbərnamədən görünür ki, Göygöl şəhər İƏD-si üzrə Nümayəndəlik Cavabdeh çatdırması üçün məhkəmə bildirişini xx.xx.2025-ci il tarixdə qəbul etmişdir. İddia tələbinin qanuni əsası kimi məhkəmə aşağıdakı maddi hüquq normalarına istinad etməyi əsaslı hesab edir. Belə ki, öhdəlik hüququndan bəhs edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsində qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 567-ci maddəsində qeyd olunur ki, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsində göstərilir ki, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.2-ci maddəsinə görə, əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. 600.4-cü maddəsində əsasən, əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Məhkəmə tədqiq olunmuş sübutlara tam, hərtərəfli, obyektiv və məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli, Cavabdeh xx.xx.2021-ci il tarixli, HAK6122229 nömrəli müqavilə üzrə 457 manat və xx.xx.2022-ci il tarixli, HAK6123808 nömrəli müqavilə üzrə 1066 manat olmaqla ümumilikdə 1523 (min beş yüz iyirmi üç) manat borc məbləği tutularaq iddiaçıya ödənilməlidir. MPM-in 107-ci və 119.1-ci maddələrinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də, məhkəmə ödənilmiş 36 (otuz altı) manat dövlət rüsumunun da cavabdehdən iddiaçının xeyrinə tutulmasını əsaslı hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-273-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh 1523 (min beş yüz iyirmi üç) manat borc və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 1559 (bir min beş yüz əlli doqquz) manat pul alınaraq İddiaçı xeyrinə ödənilsin. Qətnаmənin surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) аy müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirməklə Göygöl Rаyоn Məhkəməsi vаsitəsilə Gəncə Аpellyаsiyа Məhkəməsinə аpellyаsiyа şikаyəti verilə bilər. Həmin müddətdə şikayət verilməzsə qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Rəşad Mustafayev İş № 2(066)-539/2025 Birinci instansiya məhkəməsində məhkəmə iclasından kənar ayrıca prosessual hərəkətin aparılması barədə PROTOKOL xx.xx.2025-ci il Göygöl şəhəri Göygöl Rayon Məhkəməsinin hakimi Mustafayev Rəşad Mustafa oğlu tərəfindən İddiaçı MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair sadələşmiş icraat qaydasında mülki işə məhkəmənin inzibati binasında, iş üzrə tərəflərin iştirakı olmadan məhkəmə iclasından kənar baxılır, Prosessual hərəkət saat 11:10-da başladım. İşə baxan hakim olaraq iddia ərizəsini və ona əlavə olunmuş sənədləri yoxlayaraq iddia ərizənin təmin edilməsi barədə qətnamə qəbul etdim. Prosessual hərəkət saat 11:20-də başa çatdırdım. Hakim: Rəşad Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar