Məhkəmə qərarları › İş №e-2(066)-908/2025

Göygöl Rayon Məhkəməsi Qətnamə — İş №e-2(066)-908/2025

30.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № e-2(066)-908/2025 30.09.2025 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X1 iclas katibliyi və iddiaçı "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı «pul» tələbinə dаir ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı "xxxx" MMC cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2019-cü il tarixli müqaviləyə əsasən SAMSUNG LED TV üçün 85,4 (səksən beş manat qırx qəpik) manat ödənilməmiş hissə, 8,54 (səkkiz manat əlli dörd qəpik) manat cərimə, ümumilikdə 93,94 (doxsan üç manat doxsan dörd qəpik) manat borc və 30 manat ödənilmiş dövlət rüsumu cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən, SAMSUNG LED TV almış və nəticədə 93,94 (doxsan üç manat doxsan dörd qəpik) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə alqı-satqı qiyməti 3384 (üç min üç yüz səksən dörd) manat (yəni 18 ay x 163 manat + 450 manat ilkin ödəniş) olan SAMSUNG LED TV üçün ümumilikdə, 94,94 (doxsan üç manat doxsan dörd qəpik) manat olmaqla ondan 85,84 (səksən beş manat səksən dörd qəpik) manat ödənilməmiş hissə, 8,54 (səkkiz manat əlli dörd qəpik) manat cərimə borcu yaranmışdır. Cavabdehin son ödəniş tarixi xx.xx.2025-ci il olmaqla cəmi ödədiyi məbləğ 3298.6 manat təşkil edir. Həmçinin müqavilənin təminatı olaraq xx.xx.2019-cu il tarixli zaminlik müqaviləsi bağlanmış, Cavabdeh1 ilə "xxxx" MMC qarşısında alıcı Cavabdeh2 birgə məsuliyyət daşıyır və borcludur. Cavabdehlə aralarında bağlanılmış xx.xx.2019-cu il tarixli müqavilənin ayrılmaz tərkib hissəsi olan əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərdikləri xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirilsədə, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq peniya ödəyir. Tələbin əsaslığını və əmlakın dəyərini sübut edən sənədlər tərəflər arasında bağlanılmış müqavilə, onun əlavəsi, bildirişi, əşyaların təhvil-təslim aktı və ödəniş cədvəlindən ibarətdir. Məhkəmə iclasında iştirak edən "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə2 iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək bildirmişdir ki, Cavabdeh2 "xxxx" MMC-dən SAMSUNG LED TV əldə etmişdir. Cavabdeh müəyyən vaxtlarda ödənişlər etmiş, lakin sonradan ödənişini dayandırmışdır. Nəticədə "xxxx" MMC-yə 85,4 manat ödənilməmiş borcu və 8,54 manat cərimə borcu yaranmışdır. Cavabdeh borcunu ödəməkdən qəsdən yayınmışdır. İddianı məhkəməyə gec vermələrinə səbəb cavabdehin borcunu ödəyəcəyi barədə onlara söz verməsi olmuşdur. Odur ki, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehlər Cavabdeh2 və Cavabdeh2 məhkəmə iclasının yeri və vaxtı barədə lazimi qaydada məlumat verilməsinə baxmayaraq üzürlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5 maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehlərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehlərə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iddia tələbinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb, tədqiq edərək yoxlayıb və iddia tələbinə müfəssəl hüquqi qiymət verib belə qənaətə gəlir ki, iddia qismən təmin edilməlidir. Belə ki, mülki işə əlаvə edilmiş və məhkəmə iclаsındа tədqiq edilmiş: ABC Telecom” MMC ilə alıcı Cavabdeh2 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 00869708 nömrəli müqavilədən, təhvil-təslim aktından və əlavədən görünür ki, "xxxx" MMC alıcıya dəyəri 3384 (üç min üç yüz səksən dörd) manat olan SAMSUNG LED TV-ni hissə-hissə ödəmə şərti ilə satmışdır. Alıcı aldığı malın dəyərini müqavilədə göstərilən ödəmə tarixində şərtsiz və ödəmənin hər gecikdiyi gün üçün ümumi məbləğin 1%-i miqdarında cərimə ödəməyi barədə üzərinə öhdəlik götürmüşdür. Cavabdeh2 həmin müqavilə üzrə sonrakı aylar SAMSUNG LED TV üçün 450 manat ilkin ödəniş olmaqla hər ay 163 manat ödəniş etmək öhdəliyini üzərinə götürmüşdür. 00869708 saylı xx.xx.2019-cu il tarixli zaminlik müqaviləsindən görünür ki, borcun təminatı olaraq Cavabdeh2 SAMSUNG LED TV verilərkən X2 ilə zaminlik müqaviləsi bağlanmışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli "xxxx" MMC-nin maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh2 xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən "xxxx" MMC-dən 18 ay müddətinə ödəmək şərti ilə dəyəri 3384 (üç min üç yüz səksən dörd) manat olan SAMSUNG LED TV almış, borcunu hissə-hissə ödəməli olduğu halda öhdəliklərini tam yerinə yetirməmiş, əsas borc məbləğindən 85.4 (səksən beş manat qırx qəpik) manat borcunu ödəməmiş və həmin məbləğə 8.54 (səkkiz manat əlli dörd qəpik) manat cərimə hesablanmışdır. xx.xx.2025-ci il tarixli xəbərdarlıqdan görünür ki, cavabdeh borcun ödənilməyəcəyi təqdirdə məhkəmədə ona qarşı iddia qaldırılacağı barədə xəbərdar edilmişdir. AZE seriyalı, 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh2 xx.xx.1978-ci ildə Xanlar şəhərində anadan olmuşdur. AZE seriyalı, 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh1 xx.xx.1952-ci ildə Şəki şəhərində anadan olmuşdur. İddia tələbinin qanuni əsası kimi məhkəmə aşağıdakı maddi hüquq normalarına istinad etməyi əsaslı hesab edir. Belə ki, öhdəlik hüququndan bəhs edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsində qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: Həmin Məcəllənin 567-ci maddəsində qeyd olunur ki, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsində göstərilir ki, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.2-ci maddəsinə görə, əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində kreditora vurduğu zərər üçün və gecikdirmə nəticəsində təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 472.1-ci maddəsinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından bəlli olur ki, «ABC TELECOM” MMC ilə Cavabdeh2 arasında 00869708 saylı xx.xx.2019-cu il tarixli alqı-satqı müqaviləsi bağlanmışdır. Müqavilədən irəli gələn öhdəliyin icrasının təmini üsulu kimi "xxxx" MMC ilə Cavabdeh1 arasında 00869708 saylı, xx.xx.2019-cu il tarixli zaminlik müqaviləsi bağlanmış və müqaviləyə əsasən Cavabdeh1 zamin kimi müqavilədən irəli gələn öhdəliyin icra edilməməsinə görə borclu Cavabdeh2 ilə eyni həcmdə məsuliyyəti öz üzərinə götürmüşdür. Borcun son ödəmə müddəti xx.xx.2021-ci il tarixədək müəyyən edilmişdir. İddiaçı müqavilə üzrə öz öhdəliyini icra etmiş, cavabdeh isə alqı-satqı müqaviləsindən irəli gələn öhdəliklərini lazımi qaydada icra etməmişdir. Beləliklə də Cavabdeh2 müqavilənin bu şərtini pozaraq ödənişini dövri olaraq ödəməli olduğu borcun ödənilməsinə dair öhdəliyini vaxtında və lazımi qaydada icra etməmişdir. Cavabdeh2 ilə öhdəliyin icra edilməsi və tərəflər arasında yaranmış məsələnin məhkəmədən kənar qaydada həll edilməsi barədə danışıqlar iddiaçı tərəfindən aparılmışdır, lakin danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir. İddiaçı "xxxx" MMC öz tələbinin məhkəmə qaydasında həll edilməsi üçün məhkəməyə iddia ərizəsi ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir. Bununla yanaşı qeyd edilməlidir ki, Cavabdeh2 ilə alqı-satqı müqaviləsi xx.xx.2019cu il tarixdə 18 ay müddətinə bağlanmış, borcun qaytarılması üçün son tarix xx.xx.2021-ci il müəyyən edilmiş, iddia ərizəsi məhkəmənin icraatına xx.xx.2025-ci il tarixdə verilmişdir. Cavabdeh1 ilə bağlanılmış zaminlik müqaviləsində zaminliyin verilməsi müddəti göstərilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.4-cü maddəsinə əsasən zaminliyə zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Müqavilə üzrə öhdəliyin icrası vaxtı xx.xx.2021-ci il tarixdə başa çatdığından və həmin vaxtdan 1 il ərzində iddiaçı tərəfindən zamin Cavabdeh1 qarşı iddia irəli sürülmədiyindən zaminliyə xitam verilmişdir. Buna görə də Cavabdeh1 qarşı iddia təmin edilə bilməz. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, "xxxx" MMC-nin xeyrinə Cavabdeh2 xx.xx.2019-ci il tarixli, 00869708 saylı müqaviləyə əsasən SAMSUNG LED TV üçün 85,4 (səksən beş manat qırx qəpik) manat ödənilməmiş hissə, 8,54 (səkkiz manat əlli dörd qəpik) manat cərimə olmaqla, ümumilikdə 93,94 (doxsan üç manat doxsan dörd qəpik) manat pul tutularaq iddiaçıya verilməli, iddia tələbi qalan hissədə rədd edilməlidir. Bununla yanaşı, MPM-in 107-ci və 119.1-ci maddələrinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də, məhkəmə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun da cavabdehdən iddiaçının xeyrinə tutulmasını əsaslı hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidi. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 357-360-cı maddələrini rəhbər tutaraq, qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh2 85,4 manat əsas borcdan ödənilməmiş hissə, 8,54 manat cərimə borcu olmaqla ümumilikdə 93,94 (doxsan üç manat, doxsan dörd qəpik) manat borc məbləği və məhkəmə xərci olaraq 30 (otuz) manat dövlət rüsumu alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamənin surəti rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirilməklə Göygöl rayon məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Rəşad Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar