Məhkəmə qərarları › İş №e-2(067)-1721/2024

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №e-2(067)-1721/2024

03.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № e-2(067)-1721/2024 03.10.2024 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Abiyeva Nərmin Mirhəsən qızının sədrliyi, məhkəmə iclas katibi İsayeva Səbinə Cavanşir qızının katibliyi ilə İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı alğı-satqı müqaviləsi üzrə yaranmış borc məbləğinin ödənilməsi tələbinə dair mülki işə Xaçmaz rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı borc tələbinə dair iddia ərizəsi ilə Xaçmaz rayon Məhkəməsinə müraciət edərək, xx.xx.2022-ci il tarixli müqavilə üzrə olan İmei kod **********31480 XİAOMİ REDMİ NOTE 11 markalı telefon üçün 577.04 (beş yüz yetmiş yedddi manat dörd qəpik) manat ödənilməmiş hissə, 57.96 (əlli yeddi manat doxsan altı qəpik) manat cərimə olmaqla, ümumilikdə 635 manat borc, 30 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh, "xxxx" MMC ilə aralarında bağlanmış xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, İmei kod **********31480 XİAOMİ REDMİ NOTE 11 markalı telefon almış və nəticədə 635 (altı yüz otuz beş) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə alqı-satqı qiyməti 647.04 (altı yüzıqrx yeddi manat dörd qəpik) manat (12 ay x 53.92 manat + 0 manat ilkin ödəniş) olan İmei kod **********31480 XİAOMİ REDMİ NOTE 11 markalı telefon üçün ümumilikdə 635 (altı yüz otuz beş) manat olmaqla, ondan, 577.04 (beş yüz yetmiş yedddi manat dörd qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 57.96 (əlli yeddi manat doxsan altı qəpik) manat cərimə pulu borcu yaranmışdır. Cavabdeh xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, xx.xx.2023-ci il tarixində İmei kod **********31480 XİAOMİ REDMİ NOTE 11 markalı telefondan imtina etmiş və 70 manat borcundan silinmişdir. Cavabdehin xx.xx.2022-ci il tarixli müqavilə üzrə cəmi ödədiyi məbləğ 0 manat, məhsul qaytarıldıqdan sonra qoyulan qiymət 70 manat, ümumilikdə, 70 manat təşkil edir. Cavabdehlə aralarında bağlanılmış xx.xx.2022-ci il Müqavilənin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərdikləri xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubunda mübahisənin Məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsəkdə, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi işə iştirakı olmadan baxılaraq, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsinə dair məhkəməyə ərizə göndərmişdir. Cavabdeh məhkəmənin vaxtı və yeri barədə lazimi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməyi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsinin və MPM-nin 185.5-ci maddəsinə əsasən Cavabdeh iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Cavabdeh 28 avqust 2024-cü il tarixli məhkəmə baxış iclasında iddia tələbini qəbul etməyərək, izahatında göstərmişdir ki, özü müəllim işləyir. Avtomobil almaq üçün kredit götürmək istəmiş və banka müraciət edərkən Kapital bankdan ona bildirmişlər ki, adına kredit borcu vardır. Bundan sonra məsələni araşdırmış və ona məlum olmuşdur ki, telefona görə borc silinməmiş, məhkəməyə iddia ərizəsi ilə müraciət etmişlər. O, məsuliyyətlərini dərk edən bir vətəndaş olaraq borcunu ödəməkdən heç vaxt yayınmamışdır. Lakin ona satıcı tərəfindən təhvil verilmiş mobil telefon qüsurlu olduğundan o, həmin telefonu 1 gün sonra geri qaytarmışdır və hazırki halda onadan həmin mobil telefona görə borc pul tələb olunması absurd bir haldır. Ona görə də iddianın təmin olunmamasını xahiş edir. Məhkəmə cavabdehin izahatını nəzərə alaraq və iddiaçının təqdim etdiyi sənədləri tədqiq edərək toplanmış sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məcmusu halında qiymət verərək hesab edir ki, iddia tələbi rədd olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 30 noyabr 2022-ci il tarixli, 02673532 saylı alqı-satqı müqaviləsindən müəyyən olunur ki, Cavabdeh alqı-satqı qiyməti 647.04 manat məbləğində olan (12 ay x 53.92 manat + 0 manat ilkin ödəniş) İmei kod **********31480 XİAOMİ REDMİ NOTE 11 markalı telefon almışdır. 30 noyabr 2022-ci il tarixli əşyaların təhvil-təslim aktından müəyyən olunur ki, Cavabdeh 02673532 saylı alqı-satqı müqaviləsinə əsasən İmei kod **********31480 XİAOMİ REDMİ NOTE 11 markalı telefonu 30 noyabr 2022-ci il tarixdə təhvil almışdır. Link Servis şirkətinin 01 dekabr 2022-ci il tarixli, 407940 nömrəli sənədindən müəyyən olunur ki, Cavabdeh 30 noyabr 2022-ci il tarixli, 02673532 saylı alqı-satqı müqaviləsinə əsasən iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən aldığı İmei kod **********31480 XİAOMİ REDMİ NOTE 11 markalı telefonu 01 dekabr 2022-ci il tarixdə narazı olduğuna görə məhsulu servisə təhvil vermişdir. İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 18 aprel 2024-cü il tarixli, 9345 saylı məktubundan müəyyən olunur ki, 30 noyabr 2022-ci il tarixində alınmış İmei kod **********31480 XİAOMİ REDMİ NOTE 11 markalı telefon cavabdehin öz razılığı ilə qaytarılmışdır. 12 sentyabr 2023-cü il tarixdə İmei kod **********31480 XİAOMİ REDMİ NOTE 11 markalı telefon 70 manat dəyərində qiymətləndirilmiş və cavabdehin ümumi borcundan silinmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin birinci hissəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 581.1-ci maddəsinə əsasən satıcı alıcıya keyfiyyəti alğı-satqı müqaviləsinə uyğun gələn əşya verməyə borcludur. 581.2-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın keyfiyyəti haqqında şərtlər olmadıqda, satıcı alıcıya bu cür malın adətən istifadə edildiyi məqsədlərə yarayan əşya verməyə borcludur. Əgər müqavilə bağlanarkən alıcı əşyanı əldə etməsinin konkret məqsədləri barəsində satıcıya məlumat vermişdirsə, satıcı alıcıya həmin məqsədlər üçün istifadəyə yarayan əşya verməyə borcludur. 581.3-ci maddəsinə əsasən əşyanı nümunəyə və (və ya) təsvirə əsasən satarkən, satıcı alıcıya nümunəyə və (və ya) təsvirə uyğun gələn əşya verməyə borcludur. 581.4-ci maddəsinə əsasən satılan əşyanın keyfiyyəti barəsində məcburi tələblər olduqda, sahibkarlıq fəaliyyəti ilə məşğul olan satıcı alıcıya həmin məcburi tələblərə uyğun gələn əşya verməyə borcludur. Tərəflər arasında razılaşmaya əsasən satıcı keyfiyyət üçün müəyyənləşdirilmiş məcburi tələblərə nisbətən daha yüksək tələblərə uyğun gələn əşya verə bilər. 587.1-ci maddəsinə əsasən əgər satıcı əşyanın qüsurları barəsində qabaqcadan məlumat verməmişsə, lazımi keyfiyyətli olmayan əşyanın verildiyi alıcının ixtiyarı var ki, satıcının təqsiri olub-olmamasından asılı olmayaraq, satıcıdan öz seçimi ilə aşağıdakıları tələb etsin: 587.1.1 alış qiymətinin mütənasib azaldılması; 587.1.2. əşyanın qüsurlarının ağlabatan müddətdə əvəzsiz aradan qaldırılması; 587.1.3. əşyanın qüsurlarının aradan qaldırılması üçün özünün çəkdiyi xərclərin əvəzinin ödənilməsi. 587.2-ci maddəsinə əsasən əşyanın keyfiyyətinə aid tələblər əhəmiyyətli dərəcədə pozulduqda (aradan qaldırıla bilməyən qüsurlar, tənasübsüz xərclər və ya vaxt sərf etmədən aradan qaldırıla bilməyən qüsurlar aşkar edildikdə və ya dəfələrlə aşkar edilən və ya aradan qaldırıldıqdan sonra yenidən üzə çıxan və digər bu cür qüsurlar olduqda) alıcının ixtiyarı var ki, öz seçimi ilə: 587.2.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinin icrasından imtina etsin və əşya üçün ödədiyi pul məbləğinin qaytarılmasını tələb etsin; 587.2.2-ci maddəsinə əsasən lazımi keyfiyyətli olmayan əşyanın müqaviləyə uyğun əşya ilə əvəz olunmasını tələb etsin. 587.3-ci maddəsinə əsasən bu Məcəllənin 587.1 və 587.2-ci maddələrində göstərilmiş qüsurların aradan qaldırılması və ya əşyanın əvəz edilməsi tələbini alıcı, əgər əşyanın xarakterindən və ya öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, irəli sürə bilər. 587.4-ci maddəsinə əsasən komplektə daxil olan əşya hissələri lazımi keyfiyyətli olmadıqda alıcı əşyanın həmin hissəsi barədə bu Məcəllənin 587.1 və 587.2-ci maddələrində nəzərdə tutulan hüquqları həyata keçirə bilər. 587.5-ci maddəsinə əsasən əgər alıcı əşyanın qüsurları ilə əlaqədar alğı-satqı müqaviləsinin ləğvini və ya alınmış əşyanın müqaviləyə uyğun əşya ilə əvəz edilməsini tələb edərsə, o, qüsurlu əşyanı satıcıya onun hesabına qaytarmağa borcludur. Bu zaman tərəflərin müqavilə üzrə əldə etdiklərinin geri qaytarılması bu Məcəllənin 157-ci maddəsi ilə müəyyən edilmiş qaydada həyata keçirilir. 588.1-ci maddəsinə əsasən əgər alıcı əşyanın qüsurlarının alıcıya verilməzdən əvvəl və ya həmin məqamadək yaranan səbəblərdən əmələ gəldiyini sübuta yetirərsə, əşyanın qüsurları üçün satıcı cavabdehdir. 588.2-ci maddəsinə əsasən satıcı keyfiyyət qarantiyası verdiyi əşyanın qüsurları üçün o halda cavabdehdir ki, əşyanın qüsurlarının əşya alıcıya verildikdən sonra alıcı tərəfindən ondan istifadə və ya onun saxlanması qaydalarının pozulması və ya üçüncü şəxslərin hərəkətləri nəticəsində və ya qarşısıalınmaz qüvvənin təsiri ilə əmələ gəldiyini sübuta yetirməsin. 589.1-ci maddəsinə əsasən əgər alğı-satqı müqaviləsi ilə ayrı qayda müəyyənləşdirilməyibsə, alıcı əşyanın qüsurları ilə bağlı tələbləri bu şərtlə irəli sürə bilər ki, həmin qüsurlar bu maddədə müəyyənləşdirilmiş müddətdə aşkar edilsin. 589.2-ci maddəsinə əsasən əgər əşya üçün qarantiya və ya yararlılıq müddəti müəyyənləşdirilməyibsə, alıcı əşyanın qüsurları ilə bağlı tələbləri həmin əşyanın alıcıya verildiyi gündən iki il ərzində və ya alğı-satqı müqaviləsi ilə nəzərdə tutulmuş daha uzun müddətdə irəli sürə bilər. Daşınmalı və ya poçtla göndərilməli əşyanın qüsurlarının aşkar edilməsi müddəti əşyanın təyinat yerinə çatdırıldığı gündən hesablanır. 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.2-ci maddəsinə əsasən əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. 600.3-ci maddəsinə əsasən satıcı əşyanı vermək vəzifəsini icra etmədikdə bu Məcəllənin 441-ci maddəsində nəzərdə tutulan qaydalar tətbiq edilir. 600.4-ci maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 600.5-ci maddəsinə əsasən alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. 739.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Məhkəmənin gəldiyi nəticə: Məhkəmə təqdim olunmuş sübutları tədqiq edərək və işin hallarını araşdıraraq müəyyən etmişdir ki, tərəflər arasında 30 noyabr 2022-ci il tarixdə 02673532 saylı alqısatqı müqaviləsi bağlanmış, eyni tarixdə Cavabdeh əşyaların təhvil-təslim aktını imzalayaraq, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən İmei kod **********31480 XİAOMİ REDMİ NOTE 11 markalı telefon almışdır. Bundan 1 gun sonra, yəni 01 dekabr 2024-cü il tarixdə Cavabdeh aldığı XİAOMİ REDMİ NOTE 11 markalı mobil telefonu narazı olduğuna görə Link Servis şirkətinə təhvil vermişdir. Bundan sonra iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 18 aprel 2024-cü il tarixdə Cavabdeh məktub göndərərək, 30 noyabr 2022-ci il tarixində alınmış və cavabdeh tərəfindən öz razılığı ilə qaytarılmış İmei kod **********31480 XİAOMİ REDMİ NOTE 11 markalı telefonun 12 sentyabr 2023-cü il tarixdə 70 manat dəyərində qiymətləndirilməsini və cavabdehin ümumi borcundan silindiyini bildirmişdir. Bununla da görünür ki, Cavabdeh 30 noyabr 2022-ci il tarixində aldığı və tərəfindən öz razılığı ilə 01 dekabr 2024-cü ildə Link Servis şirkətinə qaytardığı İmei kod **********31480 XİAOMİ REDMİ NOTE 11 markalı telefon xeyli müddət, yəni 10 ay keçdikdən sonra servis tərəfindən qiymətləndirilmişdir. Bundan əlavə iddiaçı iddia ərizəsində Cavabdeh 30 noyabr 2022-ci il tarixdə 02673532 saylı alqı-satqı müqaviləsinə əsasən aldığı İmei kod **********31480 XİAOMİ REDMİ NOTE 11 markalı mobil telefonu öz razılığı ilə 12 sentyabr 2023-cü il tarixdə geri qaytardığını qeyd etsə, də bu iş materiallarına əlavə olunmuş sənədlərlə öz təsdiqini tapmır. Bununla da müəyyən olunur ki, Cavabdeh iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti qarşısında borc öhdəliyi yoxdur. Belə olan halda iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı alğı-satqı müqaviləsi üzrə yaranmış borc məbləğinin ödənilməsi tələbinə dair iddiası təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77-ci maddəsinin tələblərinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə məhkəmə yuxarıda qeyd olunan normalara əsaslanaraq hesab edir ki, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı alğı-satqı müqaviləsi üzrə yaranmış borc məbləğinin ödənilməsi tələbinə dair iddiası təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilməsin. İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı alğı-satqı müqaviləsi üzrə yaranmış borc məbləğinin ödənilməsi tələbinə dair iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Xaçmaz rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. SƏDRLİK EDƏN: NƏRMİN ABİYEVA

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar