Məhkəmə qərarları › İş №e-2(067)-2000/2022

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №e-2(067)-2000/2022

24.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № e-2(067)-2000/2022 24.10.2022 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, məhkəmə iclas katibi Nəcəfli Fuad Zeynal oğlunun katibliyi ilə, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2012-ci il tarixli, 823-L\12 saylı müqavilə üzrə 29100 əsas borc, 63806,40 manat cərimə və xx.xx.2018-ci il tarixli, 1312-GL\16 saylı müqavilə üzrə 10060 manat əsas borc, 13113.66 manat cərimə borcu, hüquqi yardıma görə ödənilmiş 500 manat pul, cəmi 116580.06 manat pul vəsaitinin Cavabdeh tutularaq alınaraq Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti ("xxxx" ASC) ilə Cavabdeh arasında bağlanmış 2510.2018-ci il tarixli 1312-GL\16 nömrəli müqaviləyə əsasən cavabdeh dəyərinin bir hissəsini əvvəlcədən, qalan hissəsini isə müqavilənin tərkib hissəsi olan ödəniş qrafikinə uyğun olaraq ödəmək şərti ilə kənd təsərrüfatı texnikaları lizinqə götürmüşdür. Cavabdeh üzərinə götürdüyü öhdəliyi tam şəkildə yerinə yetirməmişdir. Nəticədə cavabdehin maliyyə arayışının tərtib edildiyi xx.xx.2022-ci il tarixə xx.xx.2018-ci il tarixli, 1312-GL\16 saylı müqavilə üzrə 10060 manat əsas borc, 13113.66 manat cərimə borcu yaranmışdır. Cavabdehə öhdəliyinin yerinə yetirilməsi barədə dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq borclu tərəfindən ödənişlər yerinə yetirilməmişdir. Cavabdeh öhdəliyi vaxtında icra etməməklə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 427.3-cü və 445.2.1-ci maddələrinin tələblərini pozmuşdur. Belə ki, əgər öhdəliyin icrası günü müəyyənləşdirilibsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Digər tərəfdən cavabdeh öhdəliyi müəyyənləşdirilmiş müddətdə icra etmədikdə iddiaçı qarşısında məsuliyyət daşıyır. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məhkəmə bildirişləri göndərilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmişlər. İddiaçının nümayəndəsi və vəkili ərizə ilə məhkəmə müraciət edərək, iş materiallarında olan sənədlərin iddianın tam təmini üçün kifayət etməsini bildirərək, işə onun iştirakı olmadan baxılaraq, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsinə dair məhkəməyə ərizə göndərmişdir. Məhkəmə iddiaçı Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin və MPM-nin 185.5-ci maddəsinə əsasən Cavabdeh iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, aşağıda qeyd edilənlərə əsasən iddia əsassız olduğundan təmin olunmamalıdır. Belə ki, iddiaçı iddia ərizəsinin təsviri-əsaslandırıcı hissəsində yalnız xx.xx.2018-ci il tarixli, 1312-GL\16 müqaviləyə istinad etməklə, Cavabdeh 10060 manat gecikdirilmiş əsas borc və hesablanmış 15232,9 manat cərimə borcunun olmasını iddia etsə də, iddia tələbində cavabdehdən xx.xx.2012-ci il tarixli, 823-L\12 saylı müqavilə üzrə 29100 əsas borc, 63806,40 manat cərimə borcu və xx.xx.2018-ci il tarixli, 1312-GL\16 saylı müqavilə üzrə 10060 manat əsas borc, 13113.66 manat cərimə borcunu tələb etmişdir. Məhkəmə onu qeyd etməyi zəruri hesab edir ki, iddia ərizəsinə əlavə edilmiş sənədlərin sırasında yalnız xx.xx.2018-ci il tarixli, 1312-GL\16 müqavilənin surəti aşkar edilmişdir. xx.xx.2012ci il tarixli, 823-L\12 saylı müqavilə iddia ərizəsinə əlavə edilmədiyindən və bu müqavilənin cavabdeh tərəfindən pozulmasına dair mötəbər sübutlar məhkəməyə təqdim edilmədiyindən iddia tələbi bu hissədə təmin oluna bilməz. İddia tələbinin ikinci hissəsinə gəldikdə isə, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən təqdim edilmiş sənədlərdə ciddi uyğunsuzluqlar olduğundan, iddia ərizəsinə əlavə edilmiş sənədlər məhkəmə tərəfindən mötəbər sübut kimi qəbul edilə bilməz. Belə ki, iş materiallarında olan xx.xx.2018-ci il tarixli, 1312-GL\16 müqavilənin, surətindən müəyyən olunur ki, ümumi dəyəri 10060,00 manat olan 1 ədəd Belarus -892 markalı traktor, 4 gövdəli asma kotanın ilkin dəyərinin 40%-nə güzəşt tətbiq edilməklə qalıq dəyəri tam ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonra Cavabdeh lizinqə verilmişdir. Lakin, iş materiallarında olan xx.xx.2022-ci il tarixli maliyyə arayışından müəyyən olunur ki, Cavabdeh xx.xx.2015-ci il tarixli 1312-GL\16 müqavilə üzrə 10060.00 manat gecikdirilmiş borc və 15232.90 manat cərimə borcu təşkil edir. Göründüyü kimi, müqavilə üzrə mövcud borcun hesablanmasında əsas önəm daşıyan maliyyə arayışında müqavilənin tarixi “xx.xx.2015” göstərilmişdir. Halbuki, iş materiallarında olan iddiaçı ilə cavabdeh arasında bağlanmış müqavilənin tarixli “xx.xx.2018-ci il” göstərilmişdir. Bundan başqa, xx.xx.2018-ci il tarixli, 1312-GL\16 saylı müqavilənin 4.1-ci bəndində göstərilir ki, Lizinq alan Texnikanın istifadəsinə görə bu müqavilənin tərkib hissəsi olan ödəniş qrafikinə (Əlavə№1) uyğun olaraq ödənişləri həyata keçirir. Ödəniş qrafiki Kənd təsərrüfatı texnikasına güzəşt tətbiq edilməsi məqsədilə yaradılmış Xüsusi Komissiyanın xx.xx.2015-ci il tarixli protokolu nəzərə alınmaqla tərtib edilir. Göründüyü kimi, Lizinq alan, yəni cavabdeh müqavilənin 4.1-ci bəndində göstərildiyi kimi, müqavilənin tərkib hissəsi olan ödəniş qrafikinə (Əlavə№1) uyğun olaraq ödənişləri həyata keçirməli idi. Lakin iş materiallarına əlavə olunan müqavilənin tərkib hissəsi hesab olunan 1 Saylı Əlavədən görünür ki, həmin Əlavə xx.xx.2018-ci il tarixdə imzalansa da, xx.xx.2018-ci il tarixli 1312-GL/16 nömrəli lizinq müqaviləsinə istinad edir. Bundan əlavə, müqavilədə qeyd olunan Xüsusi Komissiyanın xx.xx.2015-ci il tarixli protokolu iddia ərizəsinə əlavə edilmədiydən, məhkəmə tərəfindən tədqiq edilib, ona müvafiq hüquqi qiymət verilməsi mümkün olmamışdır. Bu sənədlər arasında ciddi uyğunsuzluqlar olduğundan, iddiaçının nümayəndəsi isə işə onun iştirakı olmadan baxılmasını xahiş etdiyindən, həmin uyğunsuzluqlara dair hər hansı bir izahat verilməmiş və buna dair hüquqi münasibətin bildirilməsi mümkün olmamışdır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermişdir. Belə olan halda, məhkəmə iddiaçı tərəfindən məhkəməyə təqdim olunan sənədləri iddianın əsasını və mötəbəriyini təşkil edən sübut kimi qəbul edilməsini düzgün hesab etmir. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. MPM sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır (MPM-nin 14.2 və 77.1-ci maddələri). Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələbinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4.-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələb rədd edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən qanunla müəyyən edilmiş qaydada şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Sərxan Səmədzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar