Məhkəmə qərarları › İş №e-2(067)-2290/2022

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №e-2(067)-2290/2022

12.08.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № e-2(067)-2290/2022 12.08.2022 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Xaçmaz Rayon Məhkəməsinin hakimi Qasımova Vüsalə Yadigar qızı, Tərəflərin iştirakı olmadan, İddiaçı MMC-nin Cavabdeh qarşı borc tələbinə dair iddia ərizəsi üzrə mülki işə kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı MMC-nin iddia ərizəsi ilə Xaçmaz Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh ilə xx.xx.2020-ci il tarixdə bağlanmış VİP 18045 saylı nisyə alqı-satqı müqaviləsi üzrə ödənilməmiş 410 ABŞ dolları əsas borcun və ödənişin gecikdirildiyi hər gün üçün, borcun 1%-i həcmində 102 ABŞ dolları cərimə, cəmi 512 ABŞ dolları və 30 manat ödənilmiş dövlət rüsumu pulun İddiaçı Məhdud Məhsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı MMC iddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə xx.xx.2020-ci il tarixdə bağlanmış VİP 18045 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən, iddiaçı cavabdehə satış qiyməti 410 ABŞ dolları olan “Xiomi Note 8 pro 6-64 gb blue” markalı 1 ədəd mobil telefonu ödəniş qrafikinə əsasən nisyə satmışdır. Cavabdeh ilə iddiaçı arasında həmin müqavilə üzrə üzərinə düşən öhdəliklərini yerinə yetirməmişdir. Həmin müqavilənin 3.5-ci bəndinə əsasən alıcı ödəniş gecikdirildiyi məcmu borcun 1% həcmində “satıcı”nın xeyrinə faiz ödəyir. Cavabdehə iddia barədə bildiriş göndərilmiş, lakin onun tərəfindən həmin iddia ilə bağlı nəzərdə tutulmuş müddət ərzində etiraz daxil olmamışdır. Məhkəmə iş materiallarını araşdıraraq və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - İddiaçı MMC ilə Cavabdeh arasında xx.xx.2020-ci il tarixdə bağlanmış VİP 18045 saylı nisyə alqı-satqı müqaviləsindən görünür ki, B Cavabdeh iddiaçıdan dəyəri 410 ABŞ dolları olan “Xiomi Note 8 pro 6-64 gb blue” markalı 1 ədəd mobil telefonu 12 ay müddətinə ödəmək şərti ilə almışdır. - Əşyanın təhvil-təslim aktından görünür ki, “Xiomi Note 8 pro 6-64 gb blue” markalı 1 ədəd mobil telefon cavabdehə təhvil verilmişdir. - Maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2020-ci il tarixdə bağlanmış VİP 18045 saylı nisyə alqı-satqı müqaviləsi üzrə ödənilməmiş 410 ABŞ dolları əsas və ödənişi gecikdirdiyi hər gün üçün məcmu borcun 1%-i həcmində 102 ABŞ dolları cərimə olmaqla, cəmi 512 ABŞ dolları borcu vardır. - Cavabdehə ünvanlanan xəbərdarlıq məktubunun surətindən görünür ki, cavabdeh borcun qaytarılmasına dair xəbərdar edilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında bağlanmış xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən cavabdeh “Xiomi Note 8 pro 6-64 gb blue” markalı 1 ədəd mobil telefon almış, müqavilə şərtlərini pozub ödəniş etmədiyinə görə 410 ABŞ dolları əsas borcu və ödənişin gecikdirildiyi hər gün üçün, borcun 1%-i həcmində 102 ABŞ dolları cərimə, cəmi 512 ABŞ dolları borcu yaranmışdır. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Bu Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş diqər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Sözügedən Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Bu Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi,alıcı isə əşyanı qəbul edib əvəzinə müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti,ödənişlərin qaydası,müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəllənin 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Məhkəmə hesab edir ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020ci il tarixli müqavilə mahiyyət etibarilə nisyə alqı-satqı müqaviləsidir. Borclu aldığı telefona görə hər ay pul ödəməyinə dair öhdəlik götürmüş, lakin həmin öhdəlik cavabdeh tərəfindən lazımınca icra edilməmiş, malın 410 ABŞ dolları ümumi dəyərindən borcu yaranmışdır. Ona görə də iddia tələbi bu hissədə əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. İddiaçı MMC ilə Cavabdeh arasında xx.xx.2020-ci il tarixdə bağlanmış VİP 18045 saylı nisyə alqı-satqı müqaviləsinin 3.5-ci bəndindən görünür ki, “Alıcı” ödənişin gecikdirildiyi hər gün üçün, məcmu borcun 1%-i həcmində “Satıcı”nın xeyrinə cərimə ödəyir. Məhkəmə iddiaçının məhkəməyə ödənişlərin gecikməsinə dair cərimənin 102 ABŞ dolları məbləğində müəyyən olunması ilə razılaşmır, cərimənin 10 ABŞ dolları məbləğində müəyyən olunması qənaətinə gəlir. Belə ki, maliyyə arayışında gecikmə günlərinin sayı göstərilməmiş, hesabdan çıxarış, həmçinin digər hər hansı sübut məhkəməyə təqdim olunmamışdır. Odur ki, məhkəmə hesab edir ki, iddia bu hissədə qismən təmin olunmalıdır. Məhkəmə iddianın ödənilmiş dövlət rüsumunun tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, iddia qismən təmin olunduğundan, tutulmalı məbləğ 1000 manatdan aşağı olduğundan dövlət rüsumu ilə bağlı tələb də təmin edilməli, cavabdehdən ödənilmiş 30 manat dövlət rüsumu tutularaq iddiaçıya ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə eyni zamanda pul tələbinin ödənilməsinin üsulunu araşdıraraq hesab edir ki, tərəflər arasında kreditor-debitor hüquq münasibətləri üzrə hesablaşmalar və ödəmələr ABŞ dolları ilə aparılmış olsa da, Azərbaycan Respublikasının ərazisində manatdan başqa pul vahidlərinin ödəniş vasitəsi kimi işlədilməsi qadağan olunduğundan və pul öhdəliyi manatla ifadə edilməli cavabdeh tərəfindən ödənilməli pul vəsaiti manatla ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 19-cu maddəsinin 3-cü hissəsinə əsasən, Azərbaycan Respublikası ərazisində manatdan başqa pul vahidlərinin ödəniş vasitəsi kimi işlədilməsi qadağandır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1-ci maddəsinə əsasən, pul öhdəliyi manatla ifadə edilməlidir. Məhkəmə qətnaməsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenum qərarına əsasən qətnamədə alınması və yaxud ödənilməsi müəyyən edilən məbləğlər Azərbaycan Respublikasının milli pul vahidi ilə ifadə olunmalıdır. Əgər iddia tələbi xarici valyuta ilə göstərilərsə alınan və ya ödənilən məbləğin qətnamənin icra olduğu günə olan manat məzənnəsi ilə hesablanmalıdır. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək və sadalanan maddi hüquq normalarına əsaslanaraq, həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, tərəflər arasında xx.xx.2020-ci il tarixdə bağlanmış VİP 18045 saylı nisyə alqı-satqı müqaviləsi üzrə ödənilməmiş 410 ABŞ dolları əsas borc, 10 ABŞ dolları cərimə, cəmi 420 ABŞ dolları və 30 manat ödənilmiş dövlət rüsumu pul Cavabdeh alınaraq İddiaçı Məhdud Məhsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. Tərəflər arasında xx.xx.2020-ci il tarixdə bağlanmış VİP 18045 saylı nisyə alqı-satqı müqaviləsi üzrə ödənilməmiş 410 ABŞ dolları əsas borc, 10 ABŞ dolları cərimə, cəmi 420 ABŞ dolları və 30 manat ödənilmiş dövlət rüsumu pul Cavabdeh alınaraq İddiaçı Məhdud Məhsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlər üzrə çıxarılmış məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Vüsalə Qasımova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar