Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № e-2(067)-27/2025 21.02.2025 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, məhkəmə iclas katibi Nəcəfli Fuad Zeynal oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı MMC məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh xx.xx.2022-ci il tarixli ********* saylı Nisyə alqı-satqı müqaviləsi üzrə xx.xx.2022-ci il tarixinə yaranmış 599,9 manat əsas, 89,9 manat cərimə, cəmi 689,8 manat borcun və 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini onunla əsaslandırmışdır ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, sonuncu aldığı “XİAOMİ” markalı mobil telefona görə 12 ay ödəniş cədvəli üzrə hər ay 50 manat olmaqla cəmi 599,9 manat ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh müqavilələrin şərtlərini pozaraq, ümumiyyətlə heç bir ödəniş etməmiş və qalıq qalmış 599,9 manat borcu qaytarmamışdır. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, borclu borcu ödəməkdən boyun qaçırır. Nisyə alqı-satqı müqaviləsinin №1 saylı əlavəsinin şərtlərinə uyğun olaraq, gecikdirilən borc məbləğinin 1(bir) % dərəcəsi ilə (minimum 50 qəpik) gündəlik dəbbə hesablanır və Alıcı tərəfindən Satıcıya ödənilir. Cavabdehin gecikdirdiyi günlərin faktiki cərimə borcu 899 manat təşkil edir. Cavabdehin müqavilə üzrə hər bir günə görə hesablanmış cərimə məbləğinin miqdarı 899 manat təşkil etdiyi halda, humanizm prinsipinə əsaslanaraq həmin cərimə məbləğinin 90%-i tərəfimizdən güzəşt edilmişdir və cavabdeh tərəfindən cərimə məbləğinin 10%-i, yəni 89,9 manat İddiaçı MMCyə ödənilməlidir. Beləliklə, cavabdeh xx.xx.2022-ci il tarixədək "xxxx" MMC-nə olan borcu 599,9 manat əsas, 89,9 manat cərimə, cəmi 689,8 manat təşkil etmişdir. İddiaçı MMC-nə məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildirişi çatdırılsa da, nümayəndəsi məhkəmə iclasına gəlməmiş, işə onun iştirakı olmadan baxılmasına dair məhkəməyə ərizə göndərjmişdir Məhkəmə iclasında cavabdeh iddianı qəbul etməyərək göstərmişdir ki, İddiaçı MMC-dən telefon almış, 32 manat ilkin ödəniş etmişdir. 1 həftədən sonra telefon qüsurlu olduğuna görə aldığı mağazaya geri qaytarmışdır. Hazırda telefon İddiaçı MMC-dədir. O, telefonda ***-***-**-** və ***-***-**-** nömrələrindən istifadə etmişdir. ********** və ********** saylı nömrələri telefonda işlətmişdir. İddiaçının təqdim etdiyi sənədlər həqiqətə uyğun deyil. İddiaçı "xxxx" MMC qüsurlu telefonu ondan təhvil alsa da, bununla bağlı hər hansı bir qəbz təqdim etməmişdir. Telefonu cəmi 1 həftə işlədib qaytardığına görə, ödəniş etməkdən imtina etmişdir. 02 may 2023-cü il tarixdə keçirilmiş məhkəmə iclasında İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə2 iddianı müdafiə edərək göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə cavabdehlə nisyə alqı-satqı müqaviləsi bağlanılıb. Cavabdeh müqavilə şərtlərinə görə üzərinə götürdüyü öhdəliyi icra etmədiyinə görə məhkəməyə müraciət etmişlər. Məhsul xx.xx.2022-ci ildə alınıb, servisə isə xx.xx.2022-ci il tarixdə daxil olub. Cavabdeh öhdəliyinə əməl etməyərək, krediti ödəmədiyinə görə, telefonun şəbəkəsi məhdudlaşdırılmışdır. Cihazın qəbul olunma tarixi xx.xx.2022-ci ildir. Qüsur barədə akt isə tərtib olunub xx.xx.2023-cü il tarixdə. Təhvil-təslim aktı tərtib olunur, orada məhsulun xarici əmtəə görünüşü barədə məlumatlar qeyd olunur, məhsul təhvil alınır və həmin akt məhsulu təhvil alan şəxs tərəfindən, yəni onların əməkdaşları və cavabdeh tərəfindən imzalanır və o cavabdehə təqdim olunur. Onlarda nüsxəsi saxlanılmır. Onlarda məlumatlar sistemdə əks olunur, amma cavabdehə kağız daşıyıcıda verilir. Şirkət olaraq onlar üçün məlumatlar sistemdə əks olunur, amma cavabdehə isə kağız formasında akt tərtib olunur. Texniki servisə müraciət etməlidirlər, onlara müraciət olunma tarixi barədə və digər məlumatları verməlidirlər. Onları əldə edib növbəti iclasadək elektron məhkəmə informasiya portalına yerləşdirərlər. Qüsur barədə akt ona görə xx.xx.2023-cü il tarixdə tərtib olunub ki, aktın çap tarixi həmin tarixdir. Məhsulu qəbul edəndən sonra 14 iş günü ərzində məlumat verilir ki, əgər təmirə ehtiyacı varsa və zəmanət şərtləri daxilindədirsə, təmir olunur. Məsələn telefonda qüsur var, müştəriyə məlumat verilir, əgər təmirə razıdırsa, təmir olunur, əgər müştəri təmirə etiraz edərsə, yaxud zəmanət şərtlərini ləğv edəcək bir səbəb varsa, onda zəmanət şərtləri ləğv olunur, təmir ödənişlə həyata keçirilir. Vətəndaş özü də etiraf edir ki, bununla bağlı onunla əlaqə saxlanılıb və bildirilib ki, gəl telefonu götür. Cavabdehlə yalnız telefonla əlaqə saxlanılıb, rəsmi heç bir məlumat göndərməmişlər. Müqavilənin bağlandığı tarixdən 90 gün ərzində ödəniş olunmayıbsa telefon deaktiv olunur. İmei kodun deaktiv olunması avtomatlaşdırılmışdır. xx.xx.2022-ci il tarixdə telefonun imei kodu deaktiv olunub, cavabdeh görüb ki, telefonda şəbəkə yoxdur, müraciət edib mağazaya. Həmin qəbul olunma tarixi o tarixdir. Telefonun xx.xx.2022-ci il tarixdə qəbul olunması barədə təhvil-təslim aktı cavabdehdədir. Texniki seviş mərkəzinin tərtib etdiyi sənəd imzalanmış, möhürlü sənəddir. Onun təqdim edəcəyi digər sənəd də bu formada olacaq. Sistemdə də həmin məlumatlar əks olunacaq. Təhvil-təslim aktı da cavabdehdədir. Əgər cavabdehin sübutu varsa, təqdim etsin ki, 16 mayda telefonu təmir üçün İddiaçı MMC-nə verib. İnkar etmir ki, telefon onlarda yoxdur. Cihaza baxışa ona görə ehtiyac duyulmayıb ki, mütəxəssislər baxıblar ki, alış tarixindən 90 gün keçib, iddia olunan qüsur nədir, şəbəkə yoxdur. İlkin olaraq Rabitə Nazirliyinin sistemində yoxlanılır, yazırlar ki, deaktiv olunub. Məhkəmə tərəfin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmamalıdır. Belə ki, iş materiallarından müəyyən olunur ki, İRŞAD-ELECTRONİCS» MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli ********* saylı müddətli (nisyə) alqısatqı müqaviləsinə əsasən, sonuncu aldığı “XİAOMİ” markalı mobil telefona görə 12 ay ödəniş cədvəli üzrə hər ay 50 manat olmaqla cəmi 599,9 manat ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan mədaxil qəbzindən müəyyən olunur ki, iddia ərizəsinin verilməsi ilə əlaqədar İddiaçı MMC tərəfindən 30 manat dövlət rüsumu köçürülmüşdür. İş materiallarında olan xəbərdarlıq məktublarından görünür ki, cavabdehə müqavilənin şərtlərini pozaraq kredit və faiz borcunun ödənilməsini gecikdirdiyinə görə xəbərdarlıq edilmişdir. İş materiallarında olan texniki rəydən görünür ki, “XİAOMİ” REDMİ NOTE 10S markalı telefon diaqnostikadan keçirilmiş, diaqnostikanın nəticələrinə görə iddia edilən qüsur təsdiqlənməmişdir. Cihaz işlək vəziyyətdədir və elan edilmiş texniki xüsusiyyətlərə tam uyğun gəlir. Cihazın istifadəsi məhdudlaşdırılmışdır. İrsad Electronics MMC tərəfindən müvəqqəti istifadəyə verilmiş cihaz təyin olunmuş şərtlərə əməl olunmadığından deaktiv olunmuşdur. Qeyd olunan rəydə göstərilib ki, cıhazın qəbul olunma tarixi xx.xx.2022-ci ildir. İş materiallarında olan məhkəmənin verdiyi sorğuya əsasən alınmış "xxxx" MMCnin xx.xx.2023-cü il tarixli 12099 nömrəli məktubundan müəyyən olunur ki, **********56061 və **********56079 İMEİ kodlu cihazın ümumiyyətlə xx.xx.2023-cü il tarixinədək Azercell şəbəkəsində istifadəsi aşkar edilməmişdir. İş materiallarında olan məhkəmənin verdiyi sorğuya əsasən alınmış "xxxx" MMCnin xx.xx.2023-cü il tarixli AZF/LGL-15184/23 nömrəli məktubundan müəyyən olunur ki, **********56061 İMEİ kodlu mobil telefon sorğulanan müddətdə Azerfon şəbəkəsində istifadə edilməmişdir. İş materiallarında olan məhkəmənin verdiyi sorğuya əsasən alınmış "xxxx" MMC-nin sorğu ilə əlaqədar əldə olunmuş məlumatdan müəyyən olunur ki, GSM nömrəsi ********* olan mobil telefon X2, ********* nömrəli telefon X1 məxsusdur. Qeyd olunan mobil telefon nömrələri sorğulanan cıhazda xx.xx.2022-ci ildən xx.xx.2022-ci ilədək, yəni cəmi 03 gün istifadə edilmişdir. Beləliklə də, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Cavabdeh ifadəsi həqiqətə uyğun olmaqla, onun göstərdikləri xüsusatlar mobil telefon operatorların təqdim etdikləri məlumatlar əsasında öz təsdiqi tapmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş göstərməli və i.a ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımça icra edilməməsi başa düşülür. 445.2.1.-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 445.3.-cü maddəsinə uyğun olaraq, əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o, icranı xatırlatma üzrə gecikdirmiş sayılır. Öhdəliyin icrası barədə iddia irəli sürülməsi, habelə icraya dair yazılı tələbin çatdırılması xatırlatmaya bərabər tutulur. 448.1.-ci maddəsinə müvafiq olaraq, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 449.4.-cü maddəsində nəzərdə tutulduğu kimi, özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 600.5-ci maddəsinə əsasən alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqdagecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. 581.1. Satıcı alıcıya keyfiyyəti alğı-satqı müqaviləsinə uyğun gələn əşya verməyə borcludur. 581.2. Alğı-satqı müqaviləsində əşyanın keyfiyyəti haqqında şərtlər olmadıqda, satıcı alıcıya bu cür malın adətən istifadə edildiyi məqsədlərə yarayan əşya verməyə borcludur. Əgər müqavilə bağlanarkən alıcı əşyanı əldə etməsinin konkret məqsədləri barəsində satıcıya məlumat vermişdirsə, satıcı alıcıya həmin məqsədlər üçün istifadəyə yarayan əşya verməyə borcludur. 582.1. Satıcının alıcıya verməli olduğu əşya alıcıya verildiyi məqamda bu Məcəllənin 581-ci maddəsində nəzərdə tutulan tələblərə uyğun gəlməlidir, bu şərtlə ki, alğı-satqı müqaviləsində əşyanın həmin tələblərə uyğunluğunu müəyyənləşdirməyin ayrı məqamı nəzərdə tutulmasın. Verilən əşya bu cür əşyaların adətən istifadə edildiyi məqsədlər üçün ağlabatan müddət ərzində yararlı olmalıdır. 582.2. Alğı-satqı müqaviləsində satıcının əşyanın keyfiyyəti üçün qarantiya verməsinin nəzərdə tutulduğu halda satıcı alıcıya bu Məcəllənin 581-ci maddəsində nəzərdə tutulan tələblərə müqavilə ilə müəyyənləşdirilmiş vaxt (qarantiya müddəti) ərzində uyğun gəlməli əşya verməlidir. 582.3. Əşyanın keyfiyyəti üçün qarantiya, əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, onun tərkib hissələrinə (komplektləşdirici məmulata) də şamil edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələbinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4.-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə də, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli ********* saylı müddətli (nisyə) alqısatqı müqaviləsinə əsasən, sonuncu aldığı “XİAOMİ” markalı mobil telefona görə 12 ay ödəniş cədvəli üzrə hər ay 50 manat olmaqla cəmi 599,9 manat ödəməyi öhdəsinə götürmüşdür. Telefon qüsurlu olduğuna görə cavabdeh telefonu aldığı mağazaya geri qaytarmışdır. Hazırda telefon İddiaçı MMC-dədir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı MMC iddia tələbi ilə əlaqədar məhkəməyə heç bir mötəbər sübut təqdim etmədiyindən və telefonun cavabdehdə olması iddiaçı tərəfindən sübuta yetirilmədiyindən iddia təmin olunmamalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Xaçmaz rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Sərxan Səmədzadə
Məhkəmə qərarları › İş №e-2(067)-27/2025
Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №e-2(067)-27/2025
21.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver