Məhkəmə qərarları › İş №e-2(067)-2718/2024

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №e-2(067)-2718/2024

12.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № e-2(067)-2718/2024 12.12.2024 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Abiyeva Nərmin Mirhəsən qızının sədrliyi, məhkəmə iclas katibi İsayeva Səbinə Cavanşir qızının katibliyi və Cavabdehn iştirakı ilə İddiaçı Cavabdeh qarşı alqı-satqı müqaviləsi üzrə yaranmış borc məbləğinin ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı alqı-satqı müqaviləsi üzrə yaranmış borc məbləğinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Xaçmaz rayon Məhkəməsinə müraciət edərək, 09 avqust 2024-cü il tarixinə yaranmış, 04 may 2023-cü il tarixli, № ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 403,90 manat əsas, 60,50 manat cərimə olmaqla, ümumilikdə 464,40 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı MMC-nə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 04 may 2023-cü il tarixli, ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən alıcı sonuncu aldığı “İNDESİT” markalı soyuducuya görə 18 ay ödəniş cədvəli üzrə hər ay 42 manat olmaqla, cəmi 739.90 manat ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh müqavilələrin şərtlərini pozaraq, sonuncu dəfə 04 may 2023-cü il tarixli, № ********* saylı müddətli (nisyə) alqı-satqı müqavilə üzrə 04 yanvar 2024-cü il tarixdə 42 manat ödəniş etmiş, qalıq qalmış borcu qaytarmamışdır. Cavabdeh müddətli (nisyə) alqı-satqı müqaviləsinin şərtlərini pozması nəticəsində "xxxx" MMC-nə əsas borc məbləğinə görə 403,90 manat, gecikdirilmiş günlərə görə hesablanan cərimə məbləğinə görə 605 manat təşkil etmişdir. Nisyə alqı-satqı müqaviləsinin 1 saylı əlavəsinin şərtlərinə uyğun olaraq, gecikdirilən borc məbləğinin 1(bir) % dərəcəsi ilə (minimum 50 qəpik) gündəlik dəbbə hesablanır və alıcı tərəfindən satıcıya ödənilir. 90 % cərimə məbləğinə tətbiq edilmiş güzəşt nəzərə alınmaqla, cavabdeh tərəfindən ödənilməli cərimə 60,50 manat, tutulmalı olan cəmi məbləğ 464,40 manat təşkil etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə İddiaçınə məhkəmə bildirişi çatdırılsa da, nümayəndəsi məhkəmə iclasına gəlməmiş, işə onun iştirakı olmadan baxılaraq, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsinə dair məhkəməyə ərizə göndərmişdir. Məhkəmə İddiaçı nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qismən qəbul edərək izahatında göstərmişdir ki, mağazadan televizor və soyuducu almışdır. Soyuducu 2 aydan sonra işləməmiş, bu barədə mağazaya məlumat vermişdir. Mağazadan gəlib soyuducunu aparmışlar. Soyuducunu ona geri qaytaranda yan tərəfləri əzilmişdi. Sonradan onun əzikcızıq olan yerlərini təmir edib gətirmişlər. Soyuducunu evə gətirəndə o, evdə olmamışdır və soyuducunu gətirib küçədə qoyub getmişlər. Soyuducunun yan tərəfləri başqa rəngdə olmuşdur. Onlar soyuducunu səhv rənglədib gətirmişlər. Bununla bağlı mağazaya yazılı olaraq müraciət etməmiş, telefonla danışıqları olmuş, daha sonra elektron şəkildə müraciət etmişdir. O, özü bilmədiyi üçün “İrşad Telekom”-un işçisi onun üçün elektron müraciət yazmışdır. Lakin bu günə qədər ona cavab verilməmişdir. Hazırda soyuducudan məcburən istifadə edir. Əşya düzgün olmayan əşya ilə əvəz edilmişdir. Məhkəmə cavabdehin izahatını dinləyib, iddiaçının təqdim etdiyi sənədləri tədqiq edərək toplanmış sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məcmusu halında qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: İddiaçı ilə Cavabdeh arasında bağlanmış 04 may 2023-cü il tarixli ********* saylı müddətli nisyə alqı-satqı müqaviləsindən müəyyən olunur ki, Cavabdeh aldığı “İNDESİT” markalı soyuducuya görə 18 ay müddətinə hər ay 42 manat ödəmək şərti ilə, cəmi 739.90 manat pul ödəməyi öhdəsinə götürmüşdür. 04 may 2023-cü il tarixli, ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə 1 saylı əlavədən müəyyən olunur ki, Cavabdeh 100 manat ilkin ödəniş etmiş, 09 avqust 2024-cü il tarixli maliyyə arayışından müəyyən olunur ki, Cavabdeh 04 may 2023-cü il tarixli ********* saylı müddətli nisyə alqı-satqı müqaviləsi üzrə İddiaçınə 403,90 manat əsas borcu, 605 manat cərimə borcu, cəmi 1008,90 manat ödənilməmiş borcu qalmışdır. Xəbərdarlıq məktubundan müəyyən olunur ki, Cavabdeh borcunu ödəməsi barədə İddiaçı tərəfindən xəbərdarlıq edilmişdir. 23 avqust 2024-cü il tarixli, ********** nömrəli ödəniş qəbzindən müəyyən olunur ki, iddia ərizəsinin verilməsi ilə əlaqədar İddiaçı tərəfindən 30 manat dövlət rüsumu köçürülmüşdür. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin birinci hissəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 389-cu maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Müqavilələrə iki və çoxtərəfli əqdlərə dair qaydalar tətbiq edilir; müqavilədən əmələ gələn öhdəliklərə öhdəliklər haqqında ümumi müddəalar tətbiq edilir. 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 397.1-ci maddəsinə əsasən müqaviləyə görə tərəf öz vəzifələrinin icrası müqabilində haqq və ya digər qarşılıqlı əvəz almalıdırsa, həmin müqavilə əvəzli sayılır. 398.1-ci maddəsinə əsasən müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir. Qanunda nəzərdə tutulmuş hallarda müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilən və ya tənzimlənən qiymətlər (tariflər, normalar, dərəcələr və s.) tətbiq edilir. 399.1, 399.3 və 399.4-cü maddələrinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Müqavilədə nəzərdə tutula bilər ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəflərin müqavilə üzrə öhdəliklərinin xitamına səbəb olur. Belə şərtin olmadığı müqavilə öhdəliyin icrasının qurtarmasının həmin müqavilədə müəyyənləşdirilmiş anına qədər qüvvədə sayılır. Müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəfləri müqavilənin həmin müddət qurtarana qədər yol verilmiş pozulmasına görə məsuliyyətdən azad etmir. 405.1-ci maddəsinə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. 406-cı maddəsinə əsasən müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. Əgər tərəflər müqaviləni müəyyən formada bağlamaq barəsində şərtləşiblərsə, həmin müqavilə növü üçün bu Məcəllə ilə belə forma tələb edilməsə də, müqavilə şərtləşdirilmiş formaya salındıqdan sonra bağlanmış sayılır. Yazılı formada müqavilə tərəflərin imzaladığı bir sənədin tərtibi yolu ilə, habelə poçt, teleqraf, teletayp, telefon, elektron rabitəsi və ya sənədin müqavilə üzrə tərəfdən gəldiyini dürüst müəyyənləşdirməyə imkan verən digər rabitə vasitəsilə sənədlər mübadiləsi yolu ilə bağlana bilər. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımça icra edilməməsi başa düşülür. 445.7-ci maddəsinə əsasən bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə təmin edə bilər. 449.2-ci maddəsinə əsasən bank uçot dərəcəsini Azərbaycan Respublikasının Mərkəzi Bankı müəyyənləşdirir. 467-ci maddəsində göstərilir ki, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsinə görə, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77-ci maddəsinin tələblərinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Cavabdeh 04 may 2023cü il tarixli ********* saylı müddətli nisyə alqı-satqı müqaviləsi üzrə İddiaçındən satın aldığı “İNDESİT” markalı 1 ədəd soyuducu hazırda onun özünün istifadəsindədir və o, soyuducunun nisyə alışı zamanı ödəməyi öhdəsinə götürdüyü məbləği tam ödəməmiş, yəni 403,90 manat əsas borc və 605 manat dəbbə pulu ödənilməmiş qalmışdır. Cavabdeh İddiaçı ilə bağladığı 04 may 2023-cü il tarixli, ********* saylı müddətli nisyə alqı-satqı müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyə əməl etməyərək soyuducunun pulunu ödəməməklə və kreditorun bununla bağlı tələb etdiyi vəzifəsini icra etməməklə Mülki Məcəllənin 739.1-ci maddəsinin tələblərini pozmuşdur və Cavabdeh öhdəliyini icra etməyən borclu kimi Mülki Məcəllənin 448.1-ci maddəsi ilə müəyyən edilən qaydada iddiaçıya dəymiş zərərin əvəzini ödəməyə borclu olmaqla, qeyd edilən müqavilə üzrə onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Eyni zamanda məhkəmə işin hallarını nəzərə alaraq 403,9 manat əsas borca tənasübsüz surətdə yüksək hesablanmış 605 manat dəbbə pulunun azaldılaraq 20 manat müəyyən eidlməsini məqsədə müvafiq hesab edir. Məhkəmə hesab edir ki, İddiaçı cavabdehdən iş üzrə ödədiyi dövlət rüsumunu tələb etdiyindən və iddia tələbi qismən təmin edildiyindən, yəni iddia tələbinin predmetini təşkil edən məbləğ azaldığından 20 manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı xeyrinə ödənilməlidir. Beləliklə məhkəmə yuxarıda qeyd olunan normalara əsaslanaraq hesab edir ki, iddia qismən təmin edilməli, İddiaçı ilə Cavabdeh arasında bağlanmış 04 may 2023-cü il tarixli, ********* saylı müddətli nisyə alqı-satqı müqaviləsi üzrə “İNDESİT” markalı soyuducu üçün 403,90 manat əsas borc, 20 manat məbləğində dəbbə pulu olmaqla, cəmi 423,90 manat məbləğində borc pul və iddiaçı tərəfindən ödənilmiş 20 manat məbləğində dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı xeyrinə ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında bağlanmış 04 may 2023-cü il tarixli, ********* saylı müddətli nisyə alqı-satqı müqaviləsi üzrə “İNDESİT” markalı soyuducu üçün 403,90 manat əsas borc, 20 manat məbləğində dəbbə pulu olmaqla, cəmi 423,90 manat məbləğində borc pul və iddiaçı tərəfindən ödənilmiş 20 manat məbləğində dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 ay müddətində Xaçmaz rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən qanunla müəyyən edilmiş qaydada şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN: NƏRMİN ABİYEVA

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar