Məhkəmə qərarları › İş №e-2(067)-544/2025

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №e-2(067)-544/2025

22.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № e-2(067)-544/2025 22.01.2025 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Abiyeva Nərmin Mirhəsən qızı İddiaçı İrşad Electronics MMC-nin Cavabdeh qarşı alqı-satqı müqaviləsi üzrə mübahisələr tələbinə dair iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ İddiaçı MMC Cavabdeh qarşı “alqı-satqı” müqaviləsi üzrə mübahisələr” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı MMC iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli № ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, cavabdeh sonuncu aldığı İNDESİT markalı soyuducuya görə 18 ay ödəniş cədvəli üzrə hər ay 60,00 manat olmaqla cəmi 1069,99 manat ödəməyi, həmçinin xx.xx.2023-cü il tarixli № ********* saylı Müddətli(Nisyə) alqı-satqı müqaviləsinə əsasən sonuncu aldığı SAMSUNG markalı paltaryuyan maşın və Rowenta markalı elektirikli ülgücə görə18 ay ödəniş cədvəli üzrə hər ay 81,00 manat olmaqla cəmi 1449,98 manat ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh müqavilələrin şərtlərini pozaraq, sonuncu dəfə xx.xx.2023-cü il tarixli № ********* saylı müddətli (nisyə) alqı-satqı müqavilə üzrə xx.xx.2024-cü il tarixdə 58,50 manat ödəniş etmiş, həmçinin sonuncu dəfə xx.xx.2023-cü il tarixli № ********* saylı Müddətli(Nisyə) alqı-satqı müqaviləsi üzrə xx.xx.2024 il tarixdə 81,00 manat ödəniş etmiş qalıq qalmış borcu qaytarmamışdır. Nisyə alqı-satqı müqaviləsinin №1 saylı əlavəsinin şərtlərinə uyğun olaraq, gecikdirilən borc məbləğinin 1(bir) % dərəcəsi ilə (minimum 50 qəpik) gündəlik dəbbə hesablanır və Alıcı tərəfindən Satıcıya ödənilir. Cavabdehin gecikdirdiyi günlərin faktiki cərimə borcu xx.xx.2023-cü il tarixli № ********* saylı müddətli (nisyə) alqı-satqı müqavilə üzrə 524,00 manat, xx.xx.2023-cü il tarixli № ********* saylı Müddətli(Nisyə) alqı-satqı müqaviləsi üzrə 1201,00 manat təşkil edir. Cavabdehin xx.xx.2023-cü il tarixli müqavilə üzrə hər bir günə görə hesablanmış cərimə məbləğinin miqdarı cəmi 52,40 manat, təşkil etdiyi halda, humanizm prinsipinə əsaslanaraq həmin cərimə məbləğinin 90%-i, həmçinin xx.xx.2023-cü il tarixli müqavilə üzrə hər bir günə görə hesablanmış cərimə məbləğinin miqdarı cəmi 120,10 manat, təşkil etdiyi halda, humanizm prinsipinə əsaslanaraq həmin cərimə məbləğinin 90%-i, güzəşt edilmişdir. Belə ki, iş materiallarından müəyyən olunur ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli № ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, cavabdeh sonuncu aldığı İNDESİT markalı soyuducuya görə 18 ay ödəniş cədvəli üzrə hər ay 60,00 manat olmaqla cəmi 1069,99 manat ödəməyi, həmçinin xx.xx.2023-cü il tarixli № ********* saylı Müddətli(Nisyə) alqı-satqı müqaviləsinə əsasən sonuncu aldığı SAMSUNG markalı paltaryuyan maşın və Rowenta markalı elektirikli ülgücə görə 18 ay ödəniş cədvəli üzrə hər ay 81,00 manat olmaqla cəmi 1449,98 manat ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan maliyyə arayışından müəyyən olunur ki, borcalanın xx.xx.2024-cü il tarixinə yaranmış xx.xx.2023-cü il tarixli № ********* saylı Müddətli(Nisyə) alqı-satqı müqaviləsi üzrə 349.9 manat əsas, 52.4 manat cərimə olmaqla, cəmi 402.3 manat borc, xx.xx.2023-cü il tarixli № ********* saylı Müddətli(Nisyə) alqı-satqı müqaviləsi üzrə 801.2 manat əsas, 120.1 manat cərimə borcu olmaqla, cəmi 921.3 manat borc, ümumiliksə iki müqavilə üzrə 1151.1 manat əsas, 172.5 manat cərimə olmaqla cəmi, 1323.6 manat məbləğində borc təşkil edir. İş materiallarında olan bildirişdən müəyyən olunur ki, cavabdehə kredit borcunu ödəməsi barədə öhdəliyini icra etməsi, əks təqdirdə öhdəliyin icra edilməməsi ilə əlaqədar məhkəmədə iddia qaldırılacağı barədə"xxxx"MMC tərəfindən rəsmi xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası MPM-nin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-2-ci maddəsinə əsasən, kiçik iddialara dair işlərdə ərizə bu Məcəllənin 4-cü fəslində müəyyən edilmişümumi aidiyyət qaydalarına əsasən verilir. Ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Həmin Məcəllənin 284-5.2.-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məhkəmə tərəfindən Cavabdeh iddiaçının tələbinə dair bildiriş göndərilmiş, Cavabdeh tələbə qarşı etirazını məhkəməyə təqdim etməmişdir. Məhkəməyə təqdim olunmuş sübutları tədqiq edib, iş üzrə əlavə araşdırmaya zərurətin olmamasını nəzərə alaraq məhkəmə iddia ərizəsinin qismən təmin edilməsi qənaətinə gəlir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. (MM-nin 567-ci mad.) Alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə həyata keçirməlidir. Alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və Mülki Məcəllədə və ya alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. (MM-nin 600.1., 600.5.-ci mad.) Müqaviləyə əlavənin 2-ci bəndindən müəyyən olunur ki, ödəniş cədvəli üzrə ödənişlərdə gecikmələr aşkarlanarsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində müştəri mübahisəsiz olaraq penya ödəməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Azərbaycan Respublikası MPM-nin284-5.3.-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1.-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, cavabdeh iddiaçı ilə bağladığı müqavilədən irəli gələn öhdəliklərini icra etmədiyindən iddiaçıya iki müqavilə üzrə əsas borca görə 1151.1 manat borcu yaranmışdır. Ona görə məhkəmə iddiaçının əsas borc tələbini əsaslı hesab edib təmin edir. Məhkəmə iddiaçı tərəfindən hesablanan cərimənin cavabdehin borcuna görə tənasübsüz surətdə yüksək hesablanması qənaətinə gələrək qeyd edir ki, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməlidirlər. Əgər öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi hər iki tərəfin təqsiri üzündən baş vermişsə, məhkəmə borclunun məsuliyyətinin ölçüsünü müvafiq surətdə azaldır. Kreditor icra etməmək və ya lazımınca icra etməmək nəticəsində dəyən zərərin miqdarının artmasına qəsdən və ya ehtiyatsızlıq üzündən kömək göstərdikdə və ya zərəri azaltmaq üçün ağlabatan tədbirlər görmədikdə də, məhkəmə borclunun məsuliyyətinin ölçüsünü azalda bilər. (MM-nin 458.1-ci mad.) Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçı pozulmuş hüquqlarının müdafiəsinə dair iddia tələbi ilə, yalnız xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət etməklə əslində dəyən zərərin miqdarının, yəni hesablanan cərimənin artmasına rəvac vermişdir. Baxmayaraq ki, iddiaçı bağladığı müqavilənin şərtlərinə və yuxarıda istinad edilən maddi hüquq normalarının tələblərinə əsasən pozulmuş hüquqlarının müdafiəsi üçün vaxtında məhkəməyə müraciət etməklə ona vurula biləcək zərərin qarşısını ala bilərdi. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçının xeyrinə cəriməyə görə cavabdehdən ümumilikdə iki müqavilə üzrə 57 manat tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 284-6.1.-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddia ərizəsi qismən təmin edilsin. Cavabdeh xx.xx.2023-cü il tarixli № ********* saylı Müddətli(Nisyə) alqı-satqı müqaviləsi üzrə 349.9 manat əsas, 17 manat cərimə borcu olmaqla, cəmi 366,9 manat borc, xx.xx.2023-cü il tarixli № ********* saylı Müddətli(Nisyə) alqı-satqı müqaviləsi üzrə 801.2 manat əsas, 40 manat cərimə borcu olmaqla, cəmi 841,2 manat borc, ümumilikdə isə iki müqavilə üzrə 1151.1 manat əsas, 57 manat cərimə borcu olmaqla cəmi, 1208,1 manat pul borcu və 32.8 manat ödənilmiş dövlət rüsumu İrşad Electronics MMC-nin xeyrinə tutulsun. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Xaçmaz Rayon Məhkəməsi vasitəsilə(“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nərmin Abiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar