Məhkəmə qərarları › İş №e-2(067)-832/2021

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №e-2(067)-832/2021

29.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № e-2(067)-832/2021 29.04.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov İlkin Ələkbər oğlunun sədrliyi ilə, məhkəmə iclas katibi Nəcəfli Fuad Zeynal oğlunun katibliyi ilə, İddiaçı MMC-nin nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair mülki işə Xaçmaz şəhərində açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDI: İddiaçı MMC ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh 411.000 manat məbləğində kredit borcu, gecikdirilmiş vaxt üçün hesablanmış 51.375 manat pulun və 30 manat məbləğində dövlət rüsumunun İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı MMC tələbini onunla əsaslandırmışdır ki, İddiaçı MMC ilə borclu Cavabdeh arasında bağlanmış 18.11.2017-ci il tarixli kredit müqaviləsinə əsasən İddiaçı MMC tərəfindən Cavabdeh 18.02.2018-ci il tarixədək 411.000 manat kredit verilmişdir. Lakin, cavabdeh müqavilə ilə üzərinə götürdüyü öhdəliyi yerinə yetirməyərək, bu günədək borcu qaytarmaqdan boyun qaçırır. Öhdəliyin yerinə yetirilməsi ilə bağlı cavabdehə pretenziya məktubu da göndərilmiş, ancaq nəticəsi olmamışdır. Bu səbəbdən iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında İddiaçı MMC-nin nümayəndəsi və vəkili Nümayəndə iddianı müdafiə edərək iddia ərizəsində göstərilənlərə uyğun izahat vermiş, əlavə olaraq cavabdehə pul məbləğinin İddiaçı MMC-nin direktoru tərəfindən şəxsən verildiyini, həmin vaxt İddiaçı MMC-nin kassasında kifayət qədər pul olduğunu, İddiaçı MMC-nin təkcə 416900 kiloqram alma məhsulunun cavabdehin soyuducusunda olduğunu göstərmiş və iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh və onun nümayəndəsi və vəkili X2 məhkəmə iclasının vaxtı və yeri haqqında məhkəmə bildirişləri göndərilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmişlər, cavabdeh iddia tələbi ilə bağlı notariat ofisinə verilmiş vəkil sorğusuna cavab verilmədiyinə görə işə baxılmasının təxirə salınaraq başqa vaxta təyin edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin fikrini dinləyib, MPM-nin 185.5-ci maddəsinə əsasən Cavabdeh və onun nümayəndəsi və vəkili X1 iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. 29 mart 2021-ci il tarixdə keçrilən məhkmə iclasında Cavabdeh izahatında ona 411000 manat borc pul verilmədiyini, Pərviz Haqverdiyevi 3-4 dəfə gördüyünü, özünün sahibkar sahibkar olmadığını, qardaşının obyektinə nəzarət etdiyini bildirmişdir. Müqavilə bağlanan ərəfədə ailə vəziyyəti ilə əlaqədar stress içində olmuşdur və ona borc müqaviləsinə imza etdirmişlər. Onun borc müqaviləsindən xəbəri olmamışdır. 18.11.2017ci ildə iddiaçı ilə aralarında 416900 kiloqram alma məhsulunun soyuducu anbarında saxlanılması üçün onun işlətdiyi soyuducuya verilməsi barədə razılıq müqaviləsi bağlamışdır, sonradan alma məhsulunu da iddiaçıya qaytarmışdır. Onun qardaşı Pərviz Haqverdiyevi tanıyırdı. Həmin ərəfədə qardaşının borcu var idi, o, banklardan işləri zəif getdiyinə görə 20000 manat, 15000 manat kredit götürmüşdür. X5 400000 manat borc almış, 480000 manat da qaytarmışdır. Həmin vaxr qardaşına görə ona kredit verilməmişdir. Kredit müqaviləsini özü imzalamışdır, müqavilə imzalanan gün o, notariat kontorunda olmuşdur. Alma məhsulunun soyuducu anbarda saxlanılması üçün onun işlətdiyi soyuducuya verilməsi barədə razılıq müqaviləsini bağlayarkən notarius tərəfindən ona hüquq və vəzifələri izah olunmuşdur, amma borc müqaviləsinin bağlanmasından ümumiyyətlə xəbəri olmamışdır. Göstərilənlərə əsasən cavabdeh iddianın təmin edilməməsini xahiş etmişdir. 29 mart 2021-ci il tarixdə keçirilən məhkəmə iclasında Cavabdeh nümayəndəsi və vəkili X3 iddianı qəbul etməyərək, cavabdehə 411000 manat borc pul verilmədiyini, cavabdehin borc müqaviləsindən xəbəri belə olmadığını göstərmişdir. 18.11.2017-ci ildə tərəflər arasında 416900 kiloqram alma məhsulunun soyuducu anbarda saxlanılması üçün cavabdehin işlətdiyi soyuducuya verilməsi barədə razılıq müqaviləsi bağlanılmışdır. Həmin müqavilə saat 12:51-də notariat kontorunda qeydiyyatdan keçmişdir. Həmin gün saat 12:21-də isə kredit müqaviləsi qeydə alınmışdır. Yəni cavabdehə razılaşma müqaviləsini imzaladarkən sənədlərin arasında kredit müqaviləsinə də imza atdırıblar. Bu işdə yəqin ki, notariusun da əli var. Cavabdeh həmin müqavilədən məhkəmə tərəfindən ona bildiriş, iddia ərizəsi və sənədlər göndəriləndə xəbər tutmuşdur. Necə olur ki, 3 aylıq müqavilə bağlanılıb və pul verilmədiyi halda ötən müddət ərzində cavabdehə qarşı iddia qaldırılmamışdır? Bundan başqa borc nağd şəkildə verilməli deyildi, bank vasitəsi ilə ödənilməli idi, lakin bank vasitəsi ilə ödəmə aparılmamışdır. Həmçinin, əgər borc pul verilibsə, pulun kassadan məxaric olunmasına dair kassa-məxaric orderi olmalıdır. Onlarda olan qeyri-rəsmi məlumata görə həmin dövrdə iddiaçının balansında 411000 manat pul olmamışdır və cavabdehə 411000 manat borc pul verilməmişdir. 18.11.2017-ci ildə tərəflər arasında 416900 kiloqram alma məhsulunun soyuducu anbarda saxlanılması üçün cavabdehin işlətdiyi soyuducuya yerləşdirilməsi barədə razılıq müqaviləsini cavabdehə imzaladarkən sənədlərin arasında ona kredit müqaviləsini də bilmədən imzalatdırmışlar. Nüsxə kimi müqavilənin 2-ci səhifəsi qoyulmuş və cavabdehə imzalatdırılmışdır. Amma müqavilə əsasında cavabdehə 411000 manat pul verilməmişdir. Cavabdeh müqavilənin əslini görməmişdir. Göstərilənlərə əsasən nümayəndə iddianın təmin edilməməsini etmişdir. Tərəflərin izahatını dinləyən, təqdim edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. İş materiallarında olan İddiaçı MMC və Cavabdeh arasında bağlanmış 18 noyabr 2017-ci il tarixli kredit müqaviləsindən müəyyən olunur ki, iddiaçı tərəfindən cavabdehə 18.02.2018-ci il tarixədək, faizsiz olaraq 411.000 (dörd yüz on bir) min manat məbləğində borc pul verilmişdir. Məhkəmə iddia tələbinin hüquqi əsası ilə bağlı aşağıdakıları qeyd edir. Mülki Məcəllənin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyin icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə görə əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 389-cu maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Müqavilələrə iki və çoxtərəfli əqdlərə dair qaydalar tətbiq edilir; müqavilədən əmələ gələn öhdəliklərə öhdəliklər haqqında ümumi müddəalar tətbiq edilir. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 397.1-ci maddəsinə əsasən müqaviləyə görə tərəf öz vəzifələrinin icrası müqabilində haqq və ya digər qarşılıqlı əvəz almalıdırsa, həmin müqavilə əvəzli sayılır. Həmin Məcəllənin 398.1-ci maddəsinə əsasən müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir. Qanunda nəzərdə tutulmuş hallarda müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilən və ya tənzimlənən qiymətlər (tariflər, normalar, dərəcələr və s.) tətbiq edilir. Həmin Məcəllənin 399.1, 399.3 və 399.4-cü maddələrinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Müqavilədə nəzərdə tutula bilər ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəflərin müqavilə üzrə öhdəliklərinin xitamına səbəb olur. Belə şərtin olmadığı müqavilə öhdəliyin icrasının qurtarmasının həmin müqavilədə müəyyənləşdirilmiş anına qədər qüvvədə sayılır. Müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəfləri müqavilənin həmin müddət qurtarana qədər yol verilmiş pozulmasına görə məsuliyyətdən azad etmir. Həmin Məcəllənin 405.1-ci maddəsinə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Həmin Məcəllənin 406-cı maddısinə əsasən müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. Əgər tərəflər müqaviləni müəyyən formada bağlamaq barəsində şərtləşiblərsə, həmin müqavilə növü üçün bu Məcəllə ilə belə forma tələb edilməsə də, müqavilə şərtləşdirilmiş formaya salındıqdan sonra bağlanmış sayılır. Yazılı formada müqavilə tərəflərin imzaladığı bir sənədin tərtibi yolu ilə, habelə poçt, teleqraf, teletayp, telefon, elektron rabitəsi və ya sənədin müqavilə üzrə tərəfdən gəldiyini dürüst müəyyənləşdirməyə imkan verən digər rabitə vasitəsilə sənədlər mübadiləsi yolu ilə bağlana bilər. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Məhkəmə hesab edir ki, Mülki Məcəllənin göstərilən müddəaları baxımından iddiaçı ilə cavabdeh arasında müqavilə hüquq münasibətlərindən irəli gələn, öhdəlik münasibətləri yaranmışdır və iddiaçının cavabdehdən kredit borcunun qaytarılması ilə bağlı tələbləri də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. İşdən müəyyən olunur ki, tərəflər arasında 18.11.2017-ci il tarixli kredit müqaviləsi bağlanmışdır və cavabdeh həmin müqavilə üzrə iddiaçıdan faizsiz olaraq 411000 manat məbləğində kredit aldığını müqaviləni imzalamaqla təsdiq etmiş və həmin pul məbləğini 18.02.2018-ci il tarixədək qaytarmağı öz öhdəsinə götürmüşdür. Başqa sözlə, cavabdehin iddiaçı qarşısında öhdəliyini şərtləndirən kredit müqaviləsi mövcuddur və həmin müqavilə mübahisələndirilməmiş və ləğv edilməmişdir. Belə olduğu halda məhkəmə hesab edir ki, Mülki Məcəllənin yuxarıda göstərilən normalarına müvafiq olaraq, cavabdeh iddiaçı qarşısında kredit müqaviləsi üzrə öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməlidir. Sübutların təqdim edilməsinin vacibliyi baxımından, MPM-in 77-ci maddəsi hansı tərəfin sübut təqdim etməli olmasını müəyyən edir. Həmin maddənin mənasına görə tərəflər özü üçün əlverişli olan halları sübut etməlidir. Bu bir qayda olaraq, o deməkdir ki, adətən iddiaçı öz tələbini əsaslandıran, cavabdeh isə etirazının əsasını təşkil edən (icra, borcların əvəzləşdirilməsi, icradan imtina etmək hüququ və ya iddia müddətinin keçməsi) halları sübut etməlidir (bax: Mülki prosesdə tətbiq ediləcək hüququn tapılması Tomas Hermann səh. 199 sübutetmə vəzifəsi başlığı, 1-ci abzas) Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinin tələbləri baxımından cavabdeh iddia tələbinə etiraz edərək, 18.11.2017-ci il tarixli kredit müqaviləsinin formal olaraq başqa əqdi pərdələmək üçün bağlandığını və ümumiyyətlə iddiaçıdan heç bir məbləğdə pul götürmədiyini bildirdiyi üçün, özü üçün əlverişli olan həmin halları sübut etməlidir. Lakin, cavabdeh qeyd edilən halları təsdiq edən heç bir mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Qeyd edilənlərə əsasən məhkəmə iddia tələbini 411000 manat məbləğində pulun tutulmasına dair hissədə əsaslı hesab edir. Məhkəmə iddia tələbinin gecikdirilmiş vaxt üçün hesablanmış 51.375 manat pulun tutulmasına dair hissəsi barədə aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 dekabr 2014-cu il tarixli qərarında qeyd etmişdir ki, borclunun icranı gecikdirməsi hər bir hüquq pozuntusu kimi onun məsuliyyətinə səbəb olur. İcranın borclu tərəfindən gecikdirilməsi ona görə yolverilməzdir ki, bunun nəticəsində kreditora zərər dəyir. Pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin hüquqi nəticələri mülki qanunvericilikdə müəyyən edilmişdir. Həmin Qərarda şərh olunan hüquqi mövqelərə əsasən, “kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi kreditorun hər hansı digər əsaslar üzrə borcludan daha böyük məbləğ tələb etmək hüququnu istisna etmir. Belə nəticə MM-in 445.7, 443.1 və 443.2-ci maddələrinin əlaqəli şəkildə təhlilindən irəli gəlir. Beləliklə, kreditorun kredit müqaviləsi üzrə öhdəliklərin icrasının gecikdirilməsi nəticəsində müqavilə əsasında ödənilməli olan vəsaitin (əsas borcun tam və ya müvafiq hissəsinin, hesablanmış faizlərin) yenidən istifadə oluna bilməməsi ilə bağlı dəymiş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ MM-in 21.2, 443.1 və 443.2-ci maddələrinin tələblərindən irəli gəlir. Kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Konstitusiya Məhkəməsinin qeyd edilən qərarında ifadə edilmiş hüquqi mövqeyə görə kredit borcunu vaxtında ödəməməklə borclu kreditora faktiki olaraq əldən çıxmış fayda şəklində zərər vurmuş olur. Lakin, iddiaçı tərəfindən cavabdehin öhdəliyin icrasını gecikdirməsi nəticəsində ona ziyan vurulmasını təsdiq edən mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir. Göstərilənlərə əsasən məhkəmə iddia tələbini gecikdirilmiş vaxt üçün hesablanmış 51.375 manat pulun tutulmasına dair hissədə əsaslı hesab etmir. Beləliklə, məhkəmə işdə olan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli və Cavabdeh oğlundan 411.000 (dörd yüz on bir min) manat pul və ödənilmiş 30 (otuz) manat dövlət rüsumundan 25 (iyirmi beş) manat məbləğində pul tutularaq İddiaçı MMC –yə ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Şərh olunanlara və Azərbaycan Respublikası MPM-nin 238, 181-182, 252-253-cü maddələrinə əsasən, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh oğlundan 411.000 (dörd yüz on bir min) manat pul və 25 (iyirmi beş) manat dövlət rüsumu tutularaq İddiaçı MMC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Rüsumun cavabdehdən tutulmayan hissəsi iddiaçıya aid edilsin. Qətnamədən 1 ay müddətində Xaçmaz rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlkin Xəlilov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar