Məhkəmə qərarları › İş №e-2(068)-107/2025

Xızı Rayon Məhkəməsi Qərardad — İş №e-2(068)-107/2025

14.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xızı rayonu İş № e-2(068)-107/2025 14.03.2025 XIZI RAYON MƏHKƏMƏSİ X1, İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbinə dair kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, məhkəmə müəyyən etdi: İddiaçı MMC (bundan sonra - iddiaçı) Cavabdeh (bundan sonra - cavabdeh) qarşı kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə Xızı Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən iddiaçının xeyrinə 312 manat əsas borcun və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, iddia ərizəsinin qəbulundan imtina edilməlidir. Belə ki, iş materiallarından görünür ki, iddiaçı 11 mart 2025-ci il tarixdə cavabdehə pretenziya məktubu göndərərək 3 iş günü müddətində borcun ödənilməsi ilə bağlı xəbərdarlıq etmiş, lakin bu müddət başa çatmamış və cavabdehin xəbərdarlıq məktubunu alması barədə qəbz olmadan iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bununla da, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.6-cı maddəsinə əsasən, müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 284-3.5-ci maddəsinə əsasən, ərizənin bu Məcəllənin 284-3.1-ci və 284-3.2-ci maddələri ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə, yaxud bu Məcəllənin 152.1.2-152.1.9-cu maddələrində müəyyən edilmiş əsaslar olduqda hakim iddia ərizəsini və ona əlavə olunmuş sənədləri geri qaytarır. Ərizənin qaytarılması həmin nöqsanlar aradan qaldırıldıqdan sonra kiçik iddialar üzrə sadələşdirilmiş icraat qaydasında yenidən məhkəməyə müraciət etməyə mane olmur. Həmin Məcəllənin 284-4.2-cü maddəsinə əsasən, bu Məcəllənin 284-4.1-ci maddəsində nəzərdə tutulmuş hallarda məhkəmə ərizənin daxil olduğu gündən 5 (beş) iş günü müddətində onun qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərardad çıxarır. Məhkəmə bu müddət ərzində ərizəni qəbul etməkdən imtina etməyibsə, o, qəbul edilmiş sayılır. Ərizəni qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilməz. Qeyd olunan Məcəllənin 284-4.3-cü maddəsinə əsasən, ərizənin qəbul edilməsindən imtina olunması iddiaçının həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Bu halda iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu ödənilməli olan dövlət rüsumuna hesablanır. Beləliklə, məhkəmə hesab edir ki, yuxarıda göstərilənlərə əsasən kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. İddiaçıya izah edilsin ki, ərizənin qaytarılması həmin nöqsanlar aradan qaldırıldıqdan sonra kiçik iddialar üzrə sadələşdirilmiş icraat qaydasında yenidən məhkəməyə müraciət etməyə mane olmur. Azərbaycan Respublikası MPM-nin 114.1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizəni baxılmaq üçün qəbul etməkdən imtina edilərsə ödənilmiş dövlət rüsumu qaytarılır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 284-4 və 263- 264-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbinə dair kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçı MMC-nin iddia ərizəsinin verilməsi üçün ********** nömrəli qəbzə əsasən ödədiyi 30 (otuz) manat dövlət rüsumu dövlət büdcəsindən iddiaçıya qaytarılsın. İddiaçıya həmin nöqsanlar aradan qaldırıldıqdan sonra kiçik iddialar üzrə sadələşdirilmiş icraat qaydasında yenidən məhkəməyə müraciət etmək hüququnun olması izah edilsin. Qərardaddan şikayət verilə bilməz. X4

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar