Məhkəmə qərarları › İş №e-2(068)-185/2024

Xızı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(068)-185/2024

01.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xızı rayonu İş № e-2(068)-185/2024 01.07.2024 XIZI RAYON MƏHKƏMƏSİ X1, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı subroqasiya qaydasında pul tələbinə dair mülki işə Xızı Rayon Məhkəməsinin inzibati binasında, kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı "xxxx" ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə Xızı Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlərdən müştərək qaydada 2225 manat sığorta ödənişinin əvəzinin və 42,25 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2021-ci il tarixdə, saat 16:51 radələrində Sumqayıt şəhəri ərazisində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində, Cavabdeh1 idarə etdiyi “Vaz 21070” markalı, **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobil, "xxxx" MMC-yə məxsus “Mercedes Benz GLS450” markalı, **-AG-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, nəticədə sonuncuya maddi ziyan dəymişdir. “Vaz 21070” markalı, **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobil iddiaçı tərəfindən xx.xx.2020-ci il tarixindən xx.xx.2021-ci il tarixinə qədər PXA ********** saylı icbari sığorta şəhadətnaməsi ilə avtonəqliyyat sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığortalanmışdır. xx.xx.2021-ci il tarixli qiymətləndirmə aktına əsasən, “Mercedes Benz GLS450” markalı, **- AG-*** dövlət qeydiyyat nişanlı avtomobilə 4450 manat məbləğində dəymiş zərər müəyyən olunmuşdur. YNH-nin baş verməsində təqsirli şəxs hər iki tərəf olduğundan sığorta ödənişi zərərin 50%-ni, yəni 2225 manat təşkil edir. xx.xx.2021-ci il tarixli ödəniş sənədinə əsasən, 2250 manat iddiaçı tərəfindən etibarnamə üzrə nümayəndəsi X2 bank hesabına ödənilmişdir. xx.xx.2021-ci il tarixli Cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarından göründüyü kimi, Cavabdeh1 İXM-nin 332.4-cü və Cavabdeh2 İXM-nin 335.3cü maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmişlər. Əlavə olaraq, 1 Tağım YPX-nin xx.xx.2021-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarından və bunun əsasında tərtib olunmuş YNH-nin təfərrüatları barədə arayışdan göründüyü kimi, Cavabdeh2 İnzibati Xətalar Məcəlləsinin 335.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmiş, barəsində 180 manat məbləğində cərimə edilmə haqqında inzibati tənbeh növü tətbiq edilmişdir. İnzibati Xətalar Məcəlləsinin 332.2-ci maddəsinə əsasən, nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsinin idarə edilməsinə görə məsuliyyət müəyyən olunmuşdur. İş materiallarından aydın olur ki, Cavabdeh1 yol-nəqliyyat hadisəsi zamanı sürücülük vəsiqəsi olmadan nəqliyyat vasitəsini idarə etmiş və Cavabdeh2 nəqliyyat vasitəsini idarə etmək üçün idarəetmə hüququ olmayan şəxsə vermişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə (bundan sonra - MPM) əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir (284-1). Ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehlərə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehlərin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. (284-5.1.). Cavabdehlər bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər (284-5.2.). Ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır (284-5.3.). İddia ərizəsi 22 may 2024-cü il tarixində məhkəməyə daxil olmuşdur. Ərizə məhkəməyə daxil olduqdan sonra icraata qəbul edilmiş, cavabdehlərə bildiriş göndərilmiş və iddiaya dair yazılı etirazını və əlavə edilmiş sənədləri 10 iş günü müddətində məhkəməyə təqdim etməsi təklif edilmişdir. Cavabdehlərin iddia tələbi ilə bağlı etiraz ərizəsi məhkəməyə daxil olmamışdır. İşdə olan avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayışdan görünür ki, xx.xx.2021-ci il tarixdə, saat 16:51 radələrində Sumqayıt şəhəri ərazisində baş vermiş yolnəqliyyat hadisəsi ilə bağlı hadisə baş verən anda mülkiyyətçisi Cavabdeh2 olan və Cavabdeh1 tərəfindən idarə olunan “Vaz 21070” markalı, **-BA-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi ilə toqquşma nəticəsində mülkiyyətçisi "xxxx" MMC olan və hadisə baş verən anda X6 tərəfindən idarə olunan “Mercedes Benz GLS450” markalı, **-AG-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə ziyan dəymişdir. İşdə olan 24 yanvar 2021-ci il tarixli cinayət işi başlanmasının rədd edilməsi barədə qərardan görünür ki, HK-1/1124 nömrəli materialda cinayət tərkibi olmadığından material üzrə cinayət işinin başlanması rədd edilmiş, Cavabdeh1 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə, Cavabdeh2 barəsində isə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 335.3-cü maddəsi ilə inzibati ptorokol tərtib edilməsi üçün materiallar BDYPİ-nin YPXA-na göndərilmişdir. İşdə olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BDYPİ-nin İ Tağım YPX inspektoru X3 tərəfindən Cavabdeh2 barəsində tərtib olunmuş xx.xx.2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 335.3-cü maddəsi ilə təqsirli bilinərək 180 manat cərimə edilmişdir. İşdə olan xx.xx.2021-ci il tarixli qiymətləndirmə aktına əsasən, “Mercedes Benz GLS450” markalı, **-AG-*** dövlət qeydiyyat nişanlı avtomobilə 4450 manat məbləğində dəymiş zərər müəyyən olunmuşdur. İşdə olan 19 aprel 2021-ci il tarixli sığorta aktına və xx.xx.2021-ci il tarixli ödəniş tapşırığına əsasən “Mercedes Benz GLS450” markalı, **-AG-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə dəymiş zərərə görə 2250 manat iddiaçı tərəfindən "xxxx" MMCnin etibarnamə üzrə nümayəndəsi X2 bank hesabına ödənilmişdir. İşdən göründüyü kimi iddiaçı iddia ərizəsinin verilməsi üçün 42,25 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinə (bundan sonra – Mülki Məcəllə) əsasən sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır (883.1.). Sığorta obyekti sığortalının, yaxud sığorta olunanın qanunazidd olmayan hər hansı əmlak mənafeyidir (886.1.). Əmlak sığortasının obyektləri sığortalının əmlaka sahibliyi, ondan istifadəsi və (və ya) ona sərəncam verməsi, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi, digər fiziki şəxslərin sağlamlığına xəsarət yetirməsi və ya fiziki şəxslərin əmlakına, həmçinin hüquqi şəxslərə vurduğu zərərin əvəzinin ödənilməsi, istehsalat fəaliyyəti ilə bağlı əmlak mənafeləridir. Əmlak sığortasına əmlakın və mülki məsuliyyətin sığortası aiddir (888.1.). İşdən göründüyü kimi Cavabdeh2 tərəfindən avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası qaydasında sığortalanmış avtomobil sığorta hadisəsinə uğramışdır. Həmin sığorta hadisəsi nəticəsində “Mercedes Benz GLS450” markalı, **-AG- *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə 4450 manat ziyan dəymişdir. YNH-nin baş verməsində təqsirli şəxs hər iki tərəf olduğundan iddiaçı bununla bağlı həmin avtomobilə dəymiş ziyana görə sığorta ödənişi zərərin 50%-ni, yəni 2225 manat sığorta ödənişi həyata keçirmişdir. Eyni zamanda, Cavabdeh1 yol-nəqliyyat hadisəsi zamanı sürücülük vəsiqəsi olmadan nəqliyyat vasitəsini idarə etmiş və Cavabdeh2 nəqliyyat vasitəsini idarə etmək üçün idarəetmə hüququ olmayan şəxsə vermişdir. Hal-hazırda iddiaçı həmin məbləği cavabdehlərdən müştərək qaydada tələb edir. Mülki Məcəlləyə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur (936.1.). Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir (936.2.). Sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər (936.5.). Həyat sığortası siniflərinə və fərdi qəza sığortasına aid olan hallarda subroqasiya hüququ tətbiq edilmir (936.6.). Hazırkı işdə iddiaçının cavabdehlərə qarşı subroqasiya hüququnun yaranması üçün ilk öncə ziyanın cavabdehlər tərəfindən vurulması müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Bu Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Mülki Məcəllənin 1108.1-ci maddəsinə əsasən, "ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur". Adı çəkilən Məcəllənin 1108.2-ci maddəsinə görə isə, "yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər". İşdən göründüyü kimi Cavabdeh1 sığortalanmış “Vaz 21070” markalı, **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü olmaqla sürücülük vəsiqəsi olmadan nəqliyyat vasitəsini idarə etmiş və baş vermiş yol-nəqliyyat hadisəsinin iştirakçısı olmuşdur. Lakin avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayışdan və “Elektron Məhkəmə İnformasiya Sistemi”ndən çıxarılmış məlumatdan görünür ki, “Vaz 21070” markalı, **-BA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sahibi Cavabdeh2dur. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanunun 25.1.3-cü maddəsinə əsasən, icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Həmin Qanunun 23.1.6-cı maddəsinə əsasən sığortaçının sığorta ödənişini verdikdən sonra müvafiq şəxslərə qarşı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936-cı maddəsində və bu Qanunun 25-ci maddəsində nəzərdə tutulmuş qaydada subroqasiya hüququndan istifadə etmək hüquqları vardır. İşdən göründüyü kimi Cavabdeh2 nəqliyyat vasitəsini idarə etmək üçün idarəetmə hüququ olmayan şəxsə vermiş, buna görə onun barəsində inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Mülki Məcəlləyə əsasən zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, iddiaçı tərəfindən “Mercedes Benz GLS450” markalı, **- AG-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyana görə ödənilmiş məbləğ Cavabdeh2 iddiaçının xeyrinə tutulmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir. MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 42,25 manat dövlət rüsumu Cavabdeh2 aid edilməlidir. Göstərilənlərə əsasən və MPM-in 119, 216-580 və 360-cı, həmçinin 284-1-284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh2 2225 (iki min iki yüz iyirmi beş) manat məbləğində pul və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 42,25 (qırx iki manat iyirmi beş qəpik) manat dövlət rüsumu tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Tərəflər surəti rəsmi qaydada verildiyi gündən bir ay müddətində qətnamədən Xızı Rayon Məhkəməsi vasitəsilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Hakim: İlqar Cabbarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar