Məhkəmə qərarları › İş №e-2(068)-229/2023

Xızı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(068)-229/2023

14.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xızı rayonu İş № e-2(068)-229/2023 14.11.2023 XIZI RAYON MƏHKƏMƏSİ X8 Hidayət oğlunun sədrliyi, Mustafayev Mahir Xeyrulla oğlunun katibliyi, Cavabdeh2 iştirakı ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı subroqasiya qaydasında pul tələbinə dair mülki işə Xızı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə Xızı Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlərdən subroqasiya qaydasında müştərək olaraq iddiaçının xeyrinə 3800 manat məbləğində vəsaitin, 58,40 manat dövlət rüsumunun və bank xidməti xərcinin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 məxsus və digər Cavabdeh2 tərəfindən idarə olunan **-GU-*** dövlət qeydiyyat nişanlı “BMW 523İ” markalı avtonəqliyyat vasitəsi xx.xx.2021-ci il tarixində "xxxx" ASC tərəfindən “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə sığortalanmışdır. xx.xx.2022-ci il tarixində yol-nəqliyyat hadisəsi törədilmiş və nəticədə **-OC-*** dövlət qeydiyyat nişanlı “Mercedes Benz 250” markalı avtonəqliyyat vasitəsinə zərər vurulmuşdur. Məlum olmuşdur ki, Cavabdeh2 idarəetmə hüququ (sürücülük vəsiqəsi olmadan) olmadan nəqliyyat vasitəsini idarə etmişdir. Sığorta hadisəsi nəticəsində **-OC- *** dövlət qeydiyyat nişanlı “Mercedes Benz 250” markalı avtonəqliyyat vasitəsinə vurulan zərərin əvəzində sığorta ödənişi verilməsi ilə bağlı zərərçəkən tərəfindən "xxxx" ASC-yə müraciət edilmişdir. "xxxx" ASC tərəfindən tərtib olunmuş “Zərər dəymiş avtonəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair hesabat”a əsasən **-OC-*** dövlət qeydiyyat nişanlı “Mercedes Benz 250” markalı avtonəqliyyat vasitəsinə 3800 manat məbləğində zərərin dəyməsi müəyyən edilmişdir. "xxxx" ASC-nin xx.xx.2022-ci il tarixli “Sığorta aktı”na əsasən ümumilikdə 3800 sığorta ödənişi zərərçəkən şəxsin hesabına köçürülmüşdür. xx.xx.2022ci il tarixində ödənilmiş məbləğin subroqasiya hüququ əsasında geri qaytarılması barədə cavabdehlərə məktub göndərilmiş, lakin cavabdehlər həmin məbləği ödəməmişdir. Buna görə də, "xxxx" ASC-nin “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinin tələbinə görə, cavabdehlərdən həmin məbləğdə pulu geriyə tələb etmək (subroqasiya) hüququ vardır. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasının onların iştirakı olmadan keçirilməklə iddialarının təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh1 məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də, həmin cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 185-ci maddəsinə əsasən işə iddiaçının nümayəndəsinin və Cavabdeh1 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh2 məhkəmə iclasında izahat verərək bildirdi ki, həqiqətən sürücülük vəsiqəsi olmadan oğlu Cavabdeh1 məxsus **-GU-*** dövlət qeydiyyat nişanlı “BMW 523İ” markalı avtonəqliyyat vasitəsini etibarnamə əsasında idarə edərkən yol-nəqliyyat hadisəsi törətmiş və nəticədə **-OC-*** dövlət qeydiyyat nişanlı “Mercedes Benz 250” markalı avtonəqliyyat vasitəsinə zərər vurulmuşdur. Lakin dəymiş zərərin məbləği ilə razı deyil. Qeyd edilənlərin nəzərə alınmasını məhkəmədən xahiş edir. Məhkəmə cavabdehi dinləyib, iş materiallarını araşdıraraq aşağıdakı nəticəyə gəlir. İşdə olan AC seriyalı, 389346 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Mercedes Benz 250” markalı, **-OC-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi X4r. İşdə olan ƏN-Vİİİ seriyalı, 229003 saylı etibarnamənin surətindən görünür ki, “Mercedes Benz 250” markalı, **-OC-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi X5 bu avtomobili xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək idarə etmək üçün X1 etibar etmişdir. İşdə olan BD seriyalı, 117462 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “BMW 523İ” markalı, **-GU-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi Cavabdeh1dur. İşdə olan xx.xx.2021-ci il tarixli nəqliyyat vasitəsinə sərəncam verilməsinə dair etibarnamənin surətindən görünür ki, “BMW 523İ” markalı, **-GU-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi Cavabdeh1 bu avtomobili 1 il müddətinə, yəni xx.xx.2022-ci il tarixədək idarə etmək üçün Cavabdeh2 etibar etmişdir. İşdə olan avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayışdan görünür ki, xx.xx.2022-ci il tarixdə, saat 14:00 radələrində Bakı-Quba yolunun 70-ci km-də baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı mülkiyyətçisi Cavabdeh1 olan və hadisə baş verən anda Cavabdeh2 tərəfindən sürücülük vəsiqəsi olmadan etibarnamə əsasında idarə olunan “BMW 523İ” markalı, **-GU-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi ilə toqquşma nəticəsində mülkiyyətçisi X5 və hadisə baş verən anda sürücüsü X2 olan “Mercedes Benz 250” markalı, **-OC-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə ziyan dəymişdir. İş materialları ilə müəyyən edilir ki, DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin İ Tağım YPX inspektoru, polis baş serjantı X3 tərəfindən Cavabdeh2 barəsində xx.xx.2022-ci il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuş və Xızı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(068)-41/2023 saylı qərarı ilə Cavabdeh2 Azərbaycan Respublikası İXM-nin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmiş və inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyindən barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. İşdə olan xx.xx.2022-ci il tarixli zərər dəymiş avtonəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair hesabata əsasən “Mercedes Benz 250” markalı, **-OC-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə dəymiş ziyanın ümumi miqdarı 3800 manat məbləğində müəyyən edilmişdir. İşdə olan xx.xx.2022-ci il tarixli sığorta aktına və xx.xx.2022-ci il tarixli ödəniş tapşırığına əsasən “Mercedes Benz 250” markalı, **-OC-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə dəymiş zərərə görə iddiaçı tərəfindən X1 3800 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. İşdə olan 20 sentyabr 2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı məhkəməyə müraciət edərkən, 58,40 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinə (bundan sonra – Mülki Məcəllə) əsasən sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır (883.1.). Sığorta obyekti sığortalının, yaxud sığorta olunanın qanunazidd olmayan hər hansı əmlak mənafeyidir (886.1.). Əmlak sığortasının obyektləri sığortalının əmlaka sahibliyi, ondan istifadəsi və (və ya) ona sərəncam verməsi, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi, digər fiziki şəxslərin sağlamlığına xəsarət yetirməsi və ya fiziki şəxslərin əmlakına, həmçinin hüquqi şəxslərə vurduğu zərərin əvəzinin ödənilməsi, istehsalat fəaliyyəti ilə bağlı əmlak mənafeləridir. Əmlak sığortasına əmlakın və mülki məsuliyyətin sığortası aiddir (888.1.). İşin mübahisəsiz hallarından göründüyü kimi iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası qaydasında sığortalanmış avtomobil Cavabdeh2 tərəfindən sürücülük vəsiqəsi olmadan etibarnamə əsasında idarə olunarkən sığorta hadisəsinə uğramışdır. Həmin sığorta hadisəsi nəticəsində “Mercedes Benz 250” markalı, **-OC-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə ziyan dəymişdir. İddiaçı bununla bağlı həmin avtomobilə dəymiş ziyanla bağlı sığorta ödənişi həyata keçirmişdir. Hal-hazırda iddiaçı həmin məbləği cavabdehlərdən tələb edir. Mülki Məcəlləyə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur (936.1.). Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir (936.2.). Sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər (936.5.). Həyat sığortası siniflərinə və fərdi qəza sığortasına aid olan hallarda subroqasiya hüququ tətbiq edilmir (936.6.). Hazırkı işdə iddiaçının cavabdehlərə qarşı subroqasiya hüququnun yaranması üçün ilk öncə ziyanın cavabdehlər tərəfindən vurulması müəyyən edilməlidir. Belə ki, Mülki Məcəllədə göstərilmişdir ki, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur (1108.1.). İşdən göründüyü kimi Cavabdeh2 iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən sığortalanmış avtomobilin sürücüsü olmaqla baş vermiş yol-nəqliyyat hadisəsinin iştirakçısı olmuşdur. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanuna əsasən icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır (25.1.3). Məhkəmə qeyd edilənlərə əsasən hesab edir ki, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı subroqasiya qaydasında pul tələbində Cavabdeh2 aid hissəsi sübuta yetirilsə də, Cavabdeh1 aid hissədə sübut edilmədiyindən əsassızdır və iddia tələbi Cavabdeh1 aid hissədə təmin edilə bilməz. Belə ki, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası qaydasında sığortalanmış avtomobil mülkiyyətçisinin razılığı ilə (etibarnamə əsasında) Cavabdeh2 tərəfindən sürücülük vəsiqəsi olmadan idarə olunarkən sığorta hadisəsinə uğramışdır. Beləlikdə də, işdən göründüyü kimi Cavabdeh2 nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan avtomobil idarə edərkən yol-nəqliyyat hadisəsi törətmiş və məhkəmə qərarı ilə Azərbaycan Respublikası İXM-nin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, iddiaçı tərəfindən “Mercedes Benz 250” markalı, **-OC-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyana görə ödənilmiş məbləğ Cavabdeh2 iddiaçının xeyrinə tutulmalıdır. Həmçinin, iddiaçının iddia ərizəsi verilməsi üçün ödədiyi 58,40 manat dövlət rüsumu Cavabdeh2 iddiaçının xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən və MPM-in 119, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh2 3800 (üç min səkkiz yüz) manat məbləğində pul və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 58,40 (əlli səkkiz manat qırx qəpik) manat dövlət rüsumu tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Xızı Rayon Məhkəməsi vasitəsilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqar Cabbarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar