Azərbaycan Respublikası adından QƏRARDAD Xızı rayonu İş № e-2(068)-236/2024 11.07.2024 XIZI RAYON MƏHKƏMƏSİ X1, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbinə dair kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, məhkəmə müəyyən etdi : İddiaçı "xxxx" ASC Cavabdeh qarşı kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə Xızı Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən 440 manat pul vəsaitinin və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul etməyi xahiş etmişdir. Məhkəmə kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, iddia ərizəsinin qəbulundan imtina edilməlidir. Belə ki, iş materiallarında olan “Elektron Məhkəmə İnformasiya Sistemi”ndən çıxarılmış məlumatdan görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixdə ölmüşdür. İş materiallarından isə görünür ki, iddiaçı mövcud iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət etmişdir. Göründüyü kimi, Cavabdeh iddiaçı məhkəməyə xx.xx.2024-cü il tarixdə müraciət etməmişdən əvvəl, yəni xx.xx.2023-cü il tarixdə vəfat etmişdir. Sadalanan xüsusata əsasən məhkəmə hesab edir ki, iddiaçı mövcud iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman Cavabdeh ölmüş olduğundan, bununla da Cavabdeh hesab edilmədiyindən, iddia tələbinə ona məhkəmə qaydasında baxılmalı deyildir. Buna görə də, iddia ərizəsinin qəbul edilməsindən imtina edilməlidir. Belə ki, Cavabdeh iddia ərizəsinin verilməsindən əvvəl öldüyünə görə prosessual hüquq varisliyinə yol verilmir. Belə ki, ölən şəxs sağlığında prosessual hüquqi statusa (cavabdeh və s.) malik olduğu halda prosessual hüquq varisliyi (prosessual hüquq və vəzifələrin başqa şəxsə keçməsi) mümkündür. Əgər şəxs iddia verilənə qədər ölürsə o, prosessual hüquqi statusa malik olmur, ölmüş şəxsin malik olmadığı status başqasına keçə bilməz. Mülki Məcəllənin 25.1-ci maddəsinə əsasən fiziki şəxsin mülki hüquq qabiliyyəti insanın mülki hüquqlara malik olmaq və mülki hüquq vəzifələri daşımaq qabiliyyətidir. Bütün fiziki şəxslərin mülki hüquq qabiliyyəti eyni dərəcədə tanınır. Həmin Məcəllənin 25.2-ci maddəsinə əsasən fiziki şəxsin hüquq qabiliyyəti onun doğulduğu an əmələ gəlir və ölümü ilə xətm edilir. Beyinin fəaliyyətinin dayanması ölüm anı sayılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 50.1-ci maddəsinə əsasən, prosesdə tərəflər iddiaçı və cavabdeh hesab edilirlər. Fiziki və hüquqi şəxslər, vəzifəli şəxslər, dövlət orqanları və başqa orqanlar iddiaçı və ya cavabdeh qismində çıxış edə bilərlər. Həmin Məcəllənin 50.3-cü maddəsinə əsasən, iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar. Həmin Məcəllənin 153.2.1-ci maddəsinə əsasən, ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-4.1.1-ci maddəsinə əsasən, bu Məcəllənin 153.2-ci maddəsində nəzərdə tutulmuş hallar müəyyən edilmişdirsə, məhkəmə kiçik iddialara dair işlərə sadələşdirilmiş qaydada baxılması ilə əlaqədar ərizənin qəbul olunmasından imtina edir. Həmin Məcəllənin 284-4.2-cü maddəsinə əsasən, bu Məcəllənin 284-4.1-ci maddəsində nəzərdə tutulmuş hallarda məhkəmə ərizənin daxil olduğu gündən 5 (beş) iş günü müddətində onun qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərardad çıxarır. Məhkəmə bu müddət ərzində ərizəni qəbul etməkdən imtina etməyibsə, o, qəbul edilmiş sayılır. Ərizəni qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilməz. Qeyd olunan Məcəllənin 284-4.3-cü maddəsinə əsasən, ərizənin qəbul edilməsindən imtina olunması iddiaçının həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Bu halda iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu ödənilməli olan dövlət rüsumuna hesablanır. Beləliklə, məhkəmə hesab edir ki, yuxarıda göstərilənlərə əsasən kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında iddia ərizəsinin qəbulundan imtina edilməlidir. Həmçinin, iddiaçıya qərardadın təsviri hissəsində göstərilən çatışmazlıqlar aradan qaldırıldıqdan sonra və Cavabdeh vərəsələri olduğu təqdirdə, onun vərəsələrinə qarşı iddia ərizəsi ilə aidiyyəti məhkəməyə müraciət etmək hüququnun olması izah edilməlidir. Azərbaycan Respublikası MPM-nin 114.1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizəni baxılmaq üçün qəbul etməkdən imtina edilərsə ödənilmiş dövlət rüsumu qaytarılır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 284-4 və 263- 264-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbinə dair kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında iddia ərizəsinin qəbulundan imtina olunsun. İddiaçı "xxxx" ASC-nin iddia ərizəsinin verilməsi üçün ********** nömrəli qəbzə əsasən ödədiyi 30 (otuz) manat dövlət rüsumu dövlət büdcəsindən iddiaçıya qaytarılsın. İddiaçıya qərardadın təsviri hissəsində göstərilən çatışmazlıqlar aradan qaldırıldıqdan sonra və Cavabdeh vərəsələri olduğu təqdirdə, onun vərəsələrinə qarşı iddia ərizəsi ilə aidiyyəti məhkəməyə müraciət etmək hüququnun olması izah edilsin. Qərardaddan şikayət verilə bilməz. X4
Məhkəmə qərarları › İş №e-2(068)-236/2024
Xızı Rayon Məhkəməsi Qərardad — İş №e-2(068)-236/2024
11.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver