Məhkəmə qərarları › İş №e-2(068)-49/2022

Xızı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(068)-49/2022

16.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xızı rayonu İş № e-2(068)-49/2022 16.03.2022 XIZI RAYON MƏHKƏMƏSİ X1, iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı pul tələbinə dair mülki işə Xızı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: "xxxx" MMC (bundan sonra - iddiaçı) Cavabdeh (bundan sonra - cavabdeh) kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə Xızı Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən iddiaçının xeyrinə 25.02.2019-cu il tarixli müqaviləyə əsasən “DECT PANASONİC” ev telefonu və “HOFFMAN LED TV” üçün 221 manat ödənilməmiş hissə, 22 manat cərimə və 27.06.2020-cı il tarixli müqaviləyə əsasən “SAMSUNG LED TV” üçün 1226 manat ödənilməmiş hissə, 122 manat cərimə olmaqla, ümumilikdə 1591 manat borcun və 35,91 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış 25.02.2019-cu il və 27.06.2020-ci il tarixli müqavilələrə əsasən cavabdeh iddiaçıdan “SAMSUNG LED TV”, “DECT PANASONİC” ev telefonu, “HOFFMAN LED TV” almış və nəticədə iddiaçıya cəmi 1591 manat borcu yaranmışdır. Belə ki, cavabdeh müqavilələrin şərtini pozmuş və nəticədə 25.02.2019-cu il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 984 manat “DECT PANASONİC” ev telefonu və “HOFFMAN LED TV” üçün 221 manat ödənilməmiş hissə, 22 manat cərimə, 27.06.2020-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 1825,6 manat olan “SAMSUNG LED TV” üçün 1226 manat ödənilməmiş hissə, 122 manat cərimə yaranmışdır. Cavabdehin ödədiyi cəmi məbləğ 1362,6 manat təşkil edir. Bu müqavilələrə əlavə olunmuş ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1% həcmində cavabdeh mübahisəsiz olaraq dəbbə (penya) ödəyir. Cavabdehə dəfələrlə şifahi və yazılı xəbərdarlıq olunsa da, o, iddiaçıya olan borcunu ödəməmişdir. Ona görə də, iddiaçı tərəf iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə (bundan sonra - MPM) əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir (284-1). Ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. (284-5.1.). Cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər (284-5.2.). Ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır (284-5.3.). İddia ərizəsi 15 fevral 2022-ci il tarixində məhkəməyə daxil olmuşdur. Ərizə məhkəməyə daxil olduqdan sonra icraata qəbul edilmiş, cavabdehə bildiriş göndərilmiş və iddiaya dair yazılı etirazını və əlavə edilmiş sənədləri 10 iş günü müddətində məhkəməyə təqdim etməsi təklif edilmişdir. Cavabdehin iddia tələbi ilə bağlı etiraz ərizəsi məhkəməyə daxil olmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BPQMİ-nin MAPS şöbəsinin arayışına və cavabdehin şəxsiyyət vəsiqəsinin surətinə əsasən cavabdeh xx.xx.1976-cı il tarixində Ermənistan Respublikasının Yexeqnadzor rayonunda anadan olmuş, hazırda ünvan 1i ünvanında qeydiyyatdadır. Tərəflər arasında bağlanmış 25.02.2019-cu il tarixli, 00531649 nömrəli müqaviləyə əsasən iddiaçı cavabdehə “DECT PANASONİC” ev telefonu və “HOFFMAN LED TV” satmış, cavabdeh isə bununla bağlı müvafiq haqqın ödənilməsi barədə öhdəlik götürmüşdür. İş materiallarında olan 25.02.2019-cu il tarixli ödəniş cədvəlinə əsasən cavabdeh 24 ay müddətində hər ay 41 manat iddiaçıya ödəməlidir. Tərəflər arasında bağlanmış 27.06.2020-ci il tarixli, 20372634 nömrəli müqaviləyə əsasən iddiaçı cavabdehə “SAMSUNG LED TV” satmış, cavabdeh isə bununla bağlı müvafiq haqqın ödənilməsi barədə öhdəlik götürmüşdür. İş materiallarında olan 27.06.2020-ci il tarixli ödəniş cədvəlinə əsasən cavabdeh 24 ay müddətində hər ay 65,40 manat iddiaçıya ödəməlidir. İş materiallarında olan 07 fevral 2022-ci il tarixli maliyyə və ödəniş cədvəlinə əsasən cavabdehin 25.02.2019-cu il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 984 manat olan “DECT PANASONİC” ev telefonu və “HOFFMAN LED TV” üçün ilkin ödəniş etmədən nisyə əldə etmişdir. Həmçinin, cavabdeh 27.06.2020-ci il tarixli müqaviləyə əsasən alqısatqı qiyməti 1825,6 manat olan “SAMSUNG LED TV” üçün ilkin ödəniş 256 manat edərək nisyə əldə etmişdir. Cavabdehin iki müqavilə üzrə ümumlikdə 1447 manat ödənilməmiş hissə, 144 manat cərimə olmaqla, cəmi 1591 manat borcu qalmışdır. İş materiallarında olan 25.02.2019-cu il və 27.06.2020-ci il tarixli əşyaların təhviltəslim aktlarına əsasən cavabdeh “DECT PANASONİC” ev telefonu, “HOFFMAN LED TV”, “SAMSUNG LED TV”-ni iddiaçıdan tam qüsursuz halda təhvil almışdır. İşdən göründüyü kimi 18.02.2021-ci il tarixində iddiaçı cavabdehə üzərinə götürdüyü öhdəliyi yerinə yetirməsini və əşyanın tam dəyərini və gecikdirilmiş günlərinə müvafiq olarq hesablanmış penya məbləğini qısa müddət ərzində ödənilməsinə dair bildiriş göndərmişdir. İş materiallarında olan mədaxil qəbzinə əsasən iddiaçı iddia ərizəsinin verilməsi üçün 35,91 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə (bundan sonra Mülki Məcəllə ) əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür (567). Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir (600.1.). Əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur (600.2.). İşdən göründüyü kimi tərəflərin arasında 25.02.2019-cu il və 27.06.2020-ci tarixli alqı-satqı müqavilələri bağlanmışdır. 25.02.2019-cu il tarixli müqavilənin kredit müddəti bitsə də, 27.06.2020-ci tarixli müqavilə üzrə 24 aylıq kredit müddəti bitməmişdir. Həmin müqavilədə isə cavabdehin müqavilə şərtlərinə əməl etmədiyi təqdirdə iddiaçının bütün müqavilə dövrü üçün hesablanmış borcu tələb edə bilmək hüququ təsbit edilməmişdir. Lakin, iddiaçı cavabdehdən 27.06.2020-ci tarixli müqavilə üzrə əsas borc məbləğini bütövlükdə tələb edir. Belə olan halda iddiaçı müqavilənin ləğv edilməsi tələbini irəli sürmədən bütün müqavilə müddəti üçün nəzərdə tutulmuş əsas borcu tələb edə bilməz. Mülki Məcəllədə göstərilmişdir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (385.1). Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür (442). Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır (445.2.1.). Belə ki, 27.06.2020-ci il tarixli alqı-satqı müqaviləsinin kredit müddəti bitmədiyindən cavabdehin iddiaçıya olan borcu məhkəməyə müraciət etdiyi 15 fevral 2022-ci il tarixə kimi hesablanmalıdır. Bu səbəbdən 27.06.2020-c il tarixli alqı-satqı müqaviləsinə əsasən iddia qismən təmin edilməli, həmin müqavilə üzrə 899 manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Tərəflər arasında bağlanmış 25.02.2019-cu il və 27.06.2020-ci müqavilələrin ayrılmaz tərkib hissəsi olan ödəniş cədvəllərinin 2-ci bəndinlərinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1 faiz həcimində müştəri mübahisəsiz penya ödəyir. Dəbbə pulu ilə bağlı qeyd edilməlidir ki, Mülki Məcəlləyə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir (462.1.). Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir (467). Məhkəmə hesab edir ki, 1120 manat əsas borc məbləğinə 144 manat cərimənin hesablanaraq cavabdehdən tələb edilməsi məqsədə müvafiqdir. Ona görə də iddia cərimənin ödənilməsi hissəsində də təmin edilməlidir. İddia qismən təmin edildiyi üçün iddia ərizəsinin verilməsi üçün ödənilmiş 35,91 manat dövlət rüsumunun 18 manatı cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən və MPM-in 119, 216-220 və 360-cı, həmçinin 284-1-284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. 25.02.2019-cu il tarixli müqavilə üzrə 221 manat ödənilməmiş hissə, 22 manat cərimə, 27.06.2020-cı il tarixli müqavilə üzrə isə 899 manat ödənilməmiş hissə, 122 manat cərimə olmaqla, ümumlikdə 1264 (min iki yüz altmış dörd) manat məbləğində borc və 18 (on səkkiz) manat ödənilmiş dövlət rüsumu Cavabdeh tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Xızı Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar