Məhkəmə qərarları › İş №e-2(068)-61/2022

Xızı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(068)-61/2022

06.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xızı rayonu İş № e-2(068)-61/2022 06.04.2022 XIZI RAYON MƏHKƏMƏSİ X1, İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbinə dair mülki işə Xızı Rayon Məhkəməsinin binasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı MMC (bundan sonra - iddiaçı) Cavabdeh (bundan sonra - cavabdeh) qarşı kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə Xızı Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən iddiaçının xeyrinə 28.09.2020-ci il tarixli müqaviləyə əsasən, İMEİ kodu **********64831 olan Huawei Y8p markalı telefon və Piko full ekran qoruyucu üçün 711 manat ödənilməmiş hissə, 71 manat cərimə, 09.10.2020-ci il tarixli müqaviləyə əsasən Acer Aspire 3 kompüter üçün 1056 manat ödənilməmiş hissə, 105 manat cərimə olmaqla, ümumlikdə 1943 manat məbləğində borcun və 39,43 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış 28.09.2020-ci il və 09.10.2020-ci il tarixli müqavilələrə əsasən cavabdeh İMEİ Kodu **********64831 olan Huawei Y8p markalı telefon, Piko full ekran qoruyucu və Acer Aspire 3 kompüter almış və nəticədə 1943 manat borcu yaranmışdır. Belə ki, cavabdehin 28.09.2020-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 823 manat olan Huawei Y8p markalı telefon və Piko full ekran qoruyucu üçün 711 manat ödənilməmiş hissə, 71 manat cərimə, 09.10.2020-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 1279 manat olan Acer Aspire 3 kompüter üçün 1056 manat ödənilməmiş hissə, 105 manat cərimə borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ isə 335 manat təşkil edir. İddiaçı cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərdikləri 01.02.2022-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsə də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə (bundan sonra - MPM) əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir (284-1). Ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. (284-5.1.). Cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər (284-5.2.). Ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır (284-5.3.). İddia ərizəsi 09 mart 2022-ci il tarixində məhkəməyə daxil olmuşdur. Ərizə məhkəməyə daxil olduqdan sonra icraata qəbul edilmiş, cavabdehə bildiriş göndərilmiş və iddiaya dair yazılı etirazını və əlavə edilmiş sənədləri 10 iş günü müddətində məhkəməyə təqdim etməsi təklif edilmişdir. Cavabdehin iddia tələbi ilə bağlı etiraz ərizəsi məhkəməyə daxil olmamışdır. Məhkəmə iş materiallarını araşdıraraq aşağıdakı nəticəyə gəlir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BPQMİ-nin MAPS şöbəsinin arayışına və cavabdehin şəxsiyyət vəsiqəsinin surətinə əsasən cavabdeh xx.xx.1990-ci il tarixində Türkmənistan Respublikasının Mari şəhərində anadan olmuş, hazırda Xızı rayonu, Sitalçay kəndində qeydiyyatdadır. Tərəflər arasında bağlanmış 28.09.2020-ci il tarixli, 21210720 nömrəli və 09.10.2020ci il tarixli, 21236432 nömrəli müqavilələrə əsasən iddiaçı cavabdehə İMEİ kodu **********64831 olan Huawei Y8p markalı telefon, Piko full ekran qoruyucu, Acer Aspire 3 kompüteri satmış, cavabdeh isə bununla bağlı müvafiq haqqın ödənilməsi barədə öhdəlik götürmüşdür. İş materiallarında olan 28.09.2020-ci il tarixli ödəniş cədvəlinə əsasən cavabdeh 18 ay müddətində hər ay 39,5 manat, 09.10.2020-ci il tarixli ödəniş cədvəlinə əsasən cavabdeh 12 ay müddətinə hər ay 88 manat iddiaçıya ödəməlidir. İş materiallarında olan 21 fevral 2022-ci il tarixli maliyyə və ödəniş cədvəlinə əsasən 28.09.2020-ci il tarixli müqaviləyə əsasən cavabdehin alqı-satqı qiyməti 823 manat olan İMEİ kodu **********64831 olan Huawei Y8p markalı telefon, Piko ekran qoruyucu üçün ümumilikdə 782 manat, 09.10.2020-ci il tarixli müqaviləyə əsasən isə alqı-satqı qiyməti 1279 manat olan Acer Aspire 3 kompüter üçün ümumilikdə 1056 manat ödənilməmiş borcu qalmışdır. İş materiallarında olan 28.09.2020-ci il və 09.10.2020-ci il tarixli əşyaların təhviltəslim aktlarına əsasən cavabdeh İMEİ kodu **********64831 olan Huawei Y8p markalı telefon, Piko ekran qoruyucu, Acer Aspire 3 kompüteri iddiaçıdan tam qüsursuz halda təhvil almışdır. İşdən göründüyü kimi 01.02.2021-ci il tarixində iddiaçı cavabdehə üzərinə götürdüyü öhdəliyi yerinə yetirməsini və əşyanın tam dəyərini və gecikdirilmiş günlərinə müvafiq olarq hesablanmış penya məbləğini qısa müddət ərzində ödənilməsinə dair bildiriş göndərmişdir. İş materiallarında olan mədaxil qəbzinə əsasən iddiaçı iddia ərizəsinin verilməsi üçün 39,43 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə (bundan sonra Mülki Məcəllə) əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür (567). Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 257-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir (600.1.). Əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur (600.2.). İşdən göründüyü kimi tərəflərin arasında alqı-satqı müqavilələri bağlanmış və iddiaçı həmin müqavilələrdə nəzərdə tutulmuş əşyaları cavabdehə vermişdir. Cavabdeh isə müqavilələrə əsasən öz üzərinə götürdüyü vəzifəni yerinə yetirməmiş, nəticədə iddiaçıya cəmi 1767 manat borcu qalmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsində göstərilmişdir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (385.1). Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür (425). Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır (445.2.1.). Məhkəmə hesab edir ki, iddia əsas borcun tutulması hissəsində təmin edilməlidir. Tərəflər arasında bağlanmış 28.09.2020-ci il və 09.10.2020-ci il tarixli müqavilələrin ayrılmaz tərkib hissəsi olan “Əlavə”lərin ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1 faiz həcimində müştəri mübahisəsiz penya ödəyir. Dəbbə pulu ilə bağlı qeyd edilməlidir ki, Mülki Məcəlləyə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir (462.1.). Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir (467). Məhkəmə hesab edir ki, cəmi 1767 manat əsas borc məbləğinə 176 manat cərimənin hesablanaraq cavabdehdən tələb edilməsi məqsədə müvafiqdir. Ona görə də iddia cərimənin ödənilməsi hissəsində də təmin edilməlidir. İddia təmin edildiyi üçün iddiaçının iddia ərizəsinin verilməsi üçün ödədiyi 39,43 manat dövlət rüsumu da cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən və MPM-in 119, 216-220 və 360-cı, həmçinin 284-1-284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. 28.09.2020-ci il tarixli müqavilə üzrə 711 manat əsas borc, 71 manat cərimə, 09.10.2020-ci il tarixli müqavilə üzrə 1056 manat əsas borc, 105 manat cərimə olmaqla, ümumilikdə 1943 (min doqquz yüz qırx üç) manat məbləğində borc və 39 (otuz doqquz) manat, 43 (qırx üç) qəpik ödənilmiş dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Xızı Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar