Azərbaycan Respublikası adından QƏTNAMƏ Xızı rayonu İş № e-2(068)-68/2022 20.04.2022 XIZI RAYON MƏHKƏMƏSİ X1 Ağamusa oğlunun sədrliyi, Mustafayev Mahir Xeyrulla oğlunun katibliyi ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı pul tələbinə dair mülki işə Xızı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: "xxxx" MMC (bundan sonra - iddiaçı) Cavabdeh (bundan sonra - cavabdeh) qarşı kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə Xızı Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən iddiaçının xeyrinə 17.03.2021-ci il tarixli müqaviləyə əsasən “Samsung” markalı paltaryuyan üçün 1308,60 manat ödənilməmiş hissə, 130,40 manat cərimə olmaqla, ümumilikdə 1439 manat borcun və 34,39 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış 17.03.2021-ci il tarixli, 22383120 nömrəli müqaviləyə və ödəniş cədvəlinə əsasən cavabdeh alqı-satqı qiyməti 1308,60 manat dəyərində olan “Samsung” markalı paltaryuyanı ilkin ödəniş etmədən 18 aylıq müddətə, ayda 72,70 manat ödəmək şərti ilə almış və cavabdeh bu günə kimi heç bir ödəniş etməmişdir. Bu müqavilələrə əlavə olunmuş ödəniş cədvəlinin 2ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1% həcmində cavabdeh mübahisəsiz olaraq dəbbə (penya) ödəyir. İddiaçı cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərdikləri 16.02.2022-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsə də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə (bundan sonra - MPM) əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir (284-1). Ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. (284-5.1.). Cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər (284-5.2.). Ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır (284-5.3.). İddia ərizəsi 17 mart 2022-ci il tarixində məhkəməyə daxil olmuşdur. Ərizə məhkəməyə daxil olduqdan sonra icraata qəbul edilmiş, cavabdehə bildiriş göndərilmiş və iddiaya dair yazılı etirazını və əlavə edilmiş sənədləri 10 iş günü müddətində məhkəməyə təqdim etməsi təklif edilmişdir. Cavabdehin iddia tələbi ilə bağlı etiraz ərizəsi məhkəməyə daxil olmamışdır. Məhkəmə iş materiallarını araşdıraraq aşağıdakı nəticəyə gəlir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BPQMİ-nin MAPS şöbəsinin arayışına və cavabdehin şəxsiyyət vəsiqəsinin surətinə əsasən cavabdeh xx.xx.1979-cu il tarixində Abşeron rayonu, ünvan 1 ünvanında qeydiyyatdadır. Tərəflər arasında bağlanmış 17.03.2021-ci il tarixli, 22383120 nömrəli müqaviləyə əsasən iddiaçı cavabdehə “Samsung” markalı paltaryuyan satmış, cavabdeh isə bununla bağlı müvafiq haqqın ödənilməsi barədə öhdəlik götürmüşdür. İş materiallarında olan 17.03.2021-ci il tarixli ödəniş cədvəlinə əsasən cavabdeh 18 ay müddətində hər ay 72,70 manat iddiaçıya ödəməlidir. İş materiallarında olan 07 mart 2022-ci il tarixli maliyyə və ödəniş cədvəlinə əsasən cavabdehin 17.03.2021-ci il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 1308,6 manat dəyərində “Samsung” markalı paltaryuyan üçün hazırda 1308,60 manat ödənilməmiş hissə, 130,40 manat cərimə olmaqla, ümumilikdə 1439 manat borcu qalmışdır. İş materiallarında olan 17.03.2021-ci il tarixli əşyaların təhvil-təslim aktlarına əsasən cavabdeh “Samsung” markalı paltaryuyanı iddiaçıdan tam qüsursuz halda təhvil almışdır. İşdən göründüyü kimi 16.02.2021-ci il tarixində iddiaçı cavabdehə üzərinə götürdüyü öhdəliyi yerinə yetirməsini və əşyanın tam dəyərini və gecikdirilmiş günlərinə müvafiq olaraq hesablanmış penya məbləğini qısa müddət ərzində ödənilməsinə dair bildiriş göndərmişdir. İş materiallarında olan mədaxil qəbzinə əsasən iddiaçı iddia ərizəsinin verilməsi üçün 34,39 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə (bundan sonra Mülki Məcəllə ) əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür (567). Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir (600.1.). Əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur (600.2.). İşdən göründüyü kimi tərəflərin arasında 17.03.2021-ci il tarixli alqı-satqı müqavilə bağlanmışdır. 17.03.2021-ci il tarixli müqavilənin kredit müddəti 18 aylıq kredit müddəti bitməmişdir. Həmin müqavilədə isə cavabdehin müqavilə şərtlərinə əməl etmədiyi təqdirdə iddiaçının bütün müqavilə dövrü üçün hesablanmış borcu tələb edə bilmək hüququ təsbit edilməmişdir. Lakin, iddiaçı cavabdehdən 17.03.2021-ci tarixli müqavilə üzrə əsas borc məbləğini bütövlükdə tələb edir. Belə olan halda iddiaçı müqavilənin ləğv edilməsi tələbini irəli sürmədən bütün müqavilə müddəti üçün nəzərdə tutulmuş əsas borcu tələb edə bilməz. Mülki Məcəllədə göstərilmişdir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (385.1). Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür (442). Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır (445.2.1.). Belə ki, 17.03.2021-ci il tarixli alqı-satqı müqaviləsinin kredit müddəti bitmədiyindən cavabdehin iddiaçıya olan borcu məhkəməyə müraciət etdiyi 17 mart 2022-ci il tarixə kimi hesablanmalıdır. Bu səbəbdən 17.03.2021-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən iddia qismən təmin edilməli, həmin müqavilə üzrə 872,40 manat məbləğində əsas borc cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Tərəflər arasında bağlanmış 17.03.2021-ci il müqavilənin ayrılmaz tərkib hissəsi olan ödəniş cədvəllərinin 2-ci bəndinlərinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1 faiz həcimində müştəri mübahisəsiz penya ödəyir. Dəbbə pulu ilə bağlı qeyd edilməlidir ki, Mülki Məcəlləyə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir (462.1.). Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir (467). Məhkəmə hesab edir ki, 872,40 manat əsas borc məbləğinə 130,40 manat cərimənin hesablanaraq cavabdehdən tələb edilməsi edilməsi zamanı iddiaçı tərəfindən əsas borcla cərimə məbləği arasında tənasüb gözlənməmişdir. Bu səbəbdən məhkəmə cərimə məbləğinin azaldılaraq 80 manat məbləğində müəyyən edilməsini daha ədalətli hesab edir. İddia qismən təmin edildiyi üçün iddia ərizəsinin verilməsi üçün ödənilmiş 34,39 manat dövlət rüsumunun 18 manatı cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən və MPM-in 119, 216-220 və 360-cı, həmçinin 284-1-284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. 17.03.2021-ci il tarixli müqavilə üzrə 872,40 manat ödənilməmiş hissə və 80 manat cərimə olmaqla, cəmi 952 (doqquz yüz əlli iki) manat 40 (qırx) qəpik məbləğində borc və 18 (on səkkiz) manat ödənilmiş dövlət rüsumu Cavabdeh tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Xızı Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev
Məhkəmə qərarları › İş №e-2(068)-68/2022
Xızı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(068)-68/2022
20.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver