Məhkəmə qərarları › İş №e-2(069)-202/2024

Xocavənd Rayon Məhkəməsi Qətnamə — İş №e-2(069)-202/2024

01.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Beyləqan şəhəri İş № e-2(069)-202/2024 01.11.2024 XOCAVƏND RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlqar Yadulla oğlunun sədrliyi Məhkəmə iclas katibi Məmmədov Rafil Rəfi oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “alqı-satqı müqaviləsi üzrə mübahisələr” tələbinə dair iddiası üzrə mülki işə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : İddiaçı iddia ilə məhkəməyə müraciət edərək, Cavabdeh 13 fevral 2020-ci il tarixli, Y20K5817984 nömrəli müqavilə üzrə 1.229 manat əsas, 368 manat dəbbə pulu və 14 mart 2020-ci il tarixli, Y20K5851253 nömrəli müqavilə üzrə 1.452 manat əsas, 436 manat dəbbə pulu və ödənilmiş 55 manat məbləğində dövlət rüsumunun İddiaçı xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Xocavənd Rayon Məhkəməsinin 23 sentyabr 2024-cü il tarixli, e-2(069)-202/2024 saylı qərardadı ilə İddiaçı Cavabdeh qarşı “alqı-satqı müqaviləsi üzrə mübahisələr” tələbinə dair iddiası üzrə mülki işə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılması qərara alınmış, cavabdehə iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlilləri və onları təsdiq edən sənədləri 10 (on) iş günü müddətində Xocavənd Rayon Məhkəməsinə təqdim edilməsi barədə bildiriş göndərilmiş, lakin onun iddiaçının tələbinə dair əsaslandırılmış etirazı və onları təsdiq edən sənədlər məhkəməyə təqdim olunmamışdır. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, 13 fevral 2020-ci il və 14 mart 2020-ci il tarixlərdə Cavabdeh ilə aralarında Y20K5817984 nömrəli və Y20K5851253 nömrəli hissəhissə ödənişlə alqı-satqı müqavilələri bağlanmışdır. Müqavilənin 1.1-ci maddəsinə əsasən, Y20K5817984 nömrəli müqavilə üzrə 1.500 manat dəyəri olan 1 ədəd “Acer” markalı noutbook alıcıya hissə-hissə ödənişlə satmaq öhdəliyini öz üzərinə götürmüşdür. Y20K5851253 nömrəli müqavilə üzrə 1.734 manat dəyəri 1 ədəd “Samsung” markalı televizor alıcıya hissə-hissə ödənişlə satmaq öhdəliyini öz üzərinə götürmüşdür. Müqavilənin 2.1, 2.2-ci maddəsinə əsasən, alıcı Y20K5817984 nömrəli müqavilə üzrə 108 manat ilkin ödəniş olmaqla, qalan 1.392 manat pulu müqavilənin ayrılmaz tərkib hissəsi olan ödəniş cədvəlinə uyğun olaraq 24 ay müddətinə, aylıq 58 manat olmaqla, hər ayın 11-dək ödəmək öhdəliyini öz üzərinə götürmüşdür. Alıcı Y20K5851253 nömrəli müqavilə üzrə 150 manat ilkin ödəniş olmaqla, qalan 1.584 manat pulu müqavilənin ayrılmaz tərkib hissəsi olan ödəniş cədvəlinə uyğun olaraq 18 ay müddətinə, aylıq 88 manat olmaqla, hər ayın 13-dək ödəmək öhdəliyini öz üzərinə götürmüşdür. Müqavilənin 2.4-cü maddəsinə əsasən, alıcı ödənişi gecikdirdiyi hər gün üçün məcmu borcun 1%-i həcmində satıcının xeyrinə cərimə (dəbbə pulu) ödəyir. Müqavilənin 4.1-ci maddəsinə əsasən, tərəflər arasında yaranmış mübahisələr qarşılıqlı razılıq əsasında həll edilir. Qarşılıqlı razılıq əsasında həll edilməyən mübahisələr Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq müvafiq məhkəmələr tərəfindən həll edilir. Alıcı tərəfindən müavilə üzrə öhdəliklər lazımi qaydada icra edilməmiş və nəticədə onun Y20K5817984 nömrəli müqavilə üzrə 1.229 manat əsas, 368 manat dəbbə pulu olmaqla, 1.597 manat və Y20K5851253 nömrəli müqavilə üzrə 1.452 manat əsas, 436 manat dəbbə pulu olmaqla, 1.888 manat borcu yaranmışdır. Alıcı tərəfindən Y20K5817984 nömrəli, 13 fevral 2020-ci il tarixli müqavilə üzrə sonuncu dəfə xx.xx.2022-ci il tarixdə 15 manat ödəniş və Y20K5851253 nömrəli, 14 mart 2020-ci il müqavilə üzrə sonuncu dəfə xx.xx.2022-ci il tarixdə 20 manat ödəniş edilmişdir. Tərəflərindən dəfələrlə edilmiş yazılı və şifahi xəbərdarlıqlara baxmayaraq, borcun ödənilməsi təmin edilməmişdir. Ona görə də, Cavabdeh 13 fevral 2020-ci il tarixli, Y20K5817984 nömrəli müqavilə üzrə 1.229 manat əsas, 368 manat dəbbə pulu və 14 mart 2020-ci il tarixli, Y20K5851253 nömrəli müqavilə üzrə 1.452 manat əsas, 436 manat dəbbə pulu və ödənilmiş 55 manat məbləğində dövlət rüsumunun İddiaçı xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə, iş materiallarını araşdırıb hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan 13 fevral 2020-ci il tarixli, Y20K5817984 saylı hissəhissə ödənişlə alqı-satqı müqaviləsindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış müqaviləyə əsasən, Cavabdeh ilkin ödəniş 108 manat ödəməklə, 24 ay müddətinə, hər ay 58 manat ödəməklə, ümumi dəyəri 1.500 manat olan 1 ədəd “Acer” markalı noutbook almış və hər ayın 11-dən gec olmayaraq ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2020-ci il tarixli ödəniş cədvəlindən görünür ki, Cavabdeh ilkin ödəniş 108 manat ödəməklə, 24 ay müddətinə hər ay 58 manat məbləğində ödəniş etməlidir. İş materiallarında olan 14 mart 2020-ci il tarixli, Y20K5851253 saylı hissə-hissə ödənişlə alqı-satqı müqaviləsindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış müqaviləyə əsasən, Cavabdeh ilkin ödəniş 150 manat ödəməklə, 18 ay müddətinə, hər ay 88 manat ödəməklə, ümumi dəyəri 1.734 manat dəyəri 1 ədəd “Samsung” markalı televizor almış və hər ayın 13-dək gec olmayaraq ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2020-ci il tarixli ödəniş qrafikindən görünür ki, Cavabdeh ilkin ödəniş 150 manat ödəməklə, 18 ay müddətinə hər ay 88 manat məbləğində ödəniş etməlidir. İş materiallarında olan 14 sentyabr 2024-cü il tarixli maliyyə arayışdan görünür ki, Cavabdeh 13 fevral 2020-ci il tarixli, Y20K5817984 nömrəli və 14 mart 2020-ci il tarixli, Y20K5851253 nömrəli nisiyə alqı-satqı müqavilələrinə əsasən, borclu Cavabdeh həmin müqavilələr üzrə xx.xx.2024-cü il tarixə olan qalıq borcu müvafiq olaraq Y20K5817984 saylı müqavilə üzrə 1.229 manat əsas, 368 manat dəbbə pulu, Y20K5851253 saylı müqavilə üzrə 1.452 manat əsas, 436 manat dəbbə pulu və 55 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 3.540 manat borcu təşkil edir. İş materiallarında olan ASAN1 tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli, AZE seriyalı ******** nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh Xocavənd rayonu, Tuğ kəndində qeydiyyatdadır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli mədaxil qəbzdən görünür ki, İddiaçı tərəfindən Cavabdeh qarşı məhkəmədə iddia qaldırılması üçün 55,40 manat dövlət rüsumu ödənilmişdir. İş materiallarında olan Sumqayıt ŞPİ QŞVŞ tərəfindən verilmiş xx.xx.2010-ci il tarixli, AZE seriyalı 0******* nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı Sumqayıt şəhəri, MİK-12, ev 7A, mənzil 6-da qeydiyyatdadır. Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 218.3-cü maddəsinə görə, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Ona görə də, tələb olunan məbləğ üzrə qətnamə çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.5-ci maddəsinə əsasən, alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. Lakin, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə hesab edir ki, İddiaçı cavabdehdən tələb etdiyi 13 fevral 2020-ci il tarixli, Y20K5817984 nömrəli müqavilə üzrə 368 manat dəbbə pulu və 14 mart 2020-ci il tarixli, Y20K5851253 nömrəli müqavilə üzrə 436 manat dəbbə pulu tənasübsüz surətdə yüksək hesablandığından həmin məbləğ azaldılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə sübutlara məcmu halında qiymət verib hesab edir ki, cavabdeh müqavilə üzrə öz üzərinə götürdüyü öhdəliklərini yerinə yetirmədiyindən iddia qismən təmin edilməli, Cavabdeh 13 fevral 2020-ci il tarixli, Y20K5817984 nömrəli müqavilə üzrə 1.229 manat əsas, 130 manat dəbbə pulu və 14 mart 2020-ci il tarixli, Y20K5851253 nömrəli müqavilə üzrə 1.452 manat əsas, 150 manat dəbbə pulu və ödənilmiş 55 manat məbləğində dövlət rüsumu İddiaçı xeyrinə tutulmalı, iddia qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 213-214, 216-220, 284-6 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 13 fevral 2020-ci il tarixli, Y20K5817984 nömrəli müqavilə üzrə 1.229 manat əsas, 130 manat dəbbə pulu və 14 mart 2020-ci il tarixli, Y20K5851253 nömrəli müqavilə üzrə 1.452 manat əsas, 150 manat dəbbə pulu və ödənilmiş 55 manat məbləğində dövlət rüsumu İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən qəbul edildiyi gündən 1 (bir) ay müddətində Xocavənd Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şirvan Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: İlqar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar